Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1171/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işə bərpa və s.tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işə bərpa və s.tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə onunla müddətsiz bağlanılmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi, xx.xx.2024-cü il tarixli 3-29-69/3-137K əmrlə işçi ilə əmək müqaviləsi bağlamadığına görə həmin əmr də hüquqi qüvvəsi olmayan əmr hesab edilməsi, həmin müqavilənin xitamına dair xx.xx.2024-cü il tarixli 3-29/3-164K nömrəli əmr ləğv edilməsinə və 2024-cü ilin sentyabrın 3-dən işə bərpa olunduğu günədək məcburi işəburaxmaya görə işəgötürən tərəfdən əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29- 69/3-137 “K”/2024 saylı xx.xx.2024-cü il tarixli Əmrinin 1.3 hissəsi ilə ünvan 5əbinə direktor vəzifəsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “F” bəndi ilə təyin edilmişdir. Sözügedən Əmrdən aydın olur ki, onunla müddətli Əmək müqaviləsi bağlanılmış və müqavilənin müddəti də 31 avqust 2024-cü il tarixədək olmuşdur. Bununla da,xx.xx.2024-cü il tarixdə də Dövlət Agentliyi müqaviləyə xitam vermişdir.Hesab edir ki, Agentlik Əmək müqaviləsinə xitam verərkən,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməmişdir. Cavabdehin etiraz ərizəsi və onun dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmuşdur. Eyni zamanda iddia müddətinin tətbiqi barədə də ərizə təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edir: 1. İddiaçı iddia müddətini ötürməklə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmrin surəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ona verilmişdir. Həmçinin “Əmək və məşğulluq” alt sistemində (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş qeydiyyata alınmış və işçiyə bu barədə məlumat göndərilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iş üzrə iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uuyğun izahat verərək təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, işəgötürən tərəfindən müraciəti olmadan onunla müddətsiz bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə (xitama səbəb 65 yaş həddinə çatmağına əsas götürülmədən) ƏM-nin 68.2.a (tərəflərin birinin təşəbbüsü) bəndi ilə xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada xitam verilməsi etibarsız hesab edilməsini, işəgötürən tərəfindən ƏM-nin 47.f bənd ilə 04.03 2024 - xx.xx.2024 dövrü üzrə mənimlə guya müddətli əmək müqaviləsinin bağlanıldığına dair 3-29-69/3-137k/24 saylı, xx.xx.2024-cü il tarixli əmr imzalanıb ona göndərilsə də qeyd olunan dövr üzrə onunla əmək müqaviləsi bağlanılmayıb. Bunun üçün hüquqi əsası olmayan qeyd olunan əmr ləğv edilməsini və əmək müqaviləsi bağlamadan onu işə cəlb etdiyinə görə keçirdiyi mənəvi sarsıntılar nəzərə alınaraq və ona cavabdeh işəgötürəndən 6000 manat məbləğində təzminat ödənilməsi təmin edilməsini, işəgötürənin onunla bağladığı 19.12 2023-cü il tarixli müddətsiz əmək müqaviləsinin xitama verilməsi yuxarıda qeyd olunan səbəblərdən etibarsız hesab edildiyi və xx.xx.2024 - xx.xx.2024 dövrü üzrə əmək müqaviləsinin mövcud olmadığı halında o, əmək fəaliyyətimi xx.xx.2023-cü il tarixli müddətsiz əmək müqaviləsi ilə davam etdirdiyi nəzərə alınmalı olduğunu qeyd etdi. Həmçinin bildirdi ki, müddətsiz müqavilənin hələ də qüvvədə olduğu müəyyən edilməklə öz işinə bərpa olunmağı təmin edilməsini və xx.xx.2024-cü ildən işinə bərpa olunduğu dövrədək olan müddət ərzində məcburi buraxılmış dövr üzrə orta aylıq əmək haqqının işəgötürən tərəfindən ödənilməsi təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini, iddiaçı iddia müddətini ötürməklə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyi üçün 1 aylıq iddia müddəti keçmişdir. İddia ərizəsində qeyd olunur ki, Agentlik AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə məhəl qoymadan xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-6654/2024 saylı əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. Bildiririk ki, Agentlik tərəfindən iddiaçıya əmək müqaviləsinin müddətinin bitməsi barədə xx.xx.2024-cü il tarixdə “Əmək və məşğulluq” altsistemində (ƏMAS) şəxsi kabinet vasitəsilə rəsmi xəbərdarlıq edilmiş və müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin materialları - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-137 “K”/2024 saylı xx.xx.2024-cü il tarixli Əmrinin 1.3 hissəsi ilə İddiaçı ünvan 5əbinə direktor vəzifəsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “F” bəndi ilə təyin edilmişdir. - xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-6654 saylı vəzifədən azad edilmə haqqında Əmrin surətindən görünür ki, İddiaçı ünvan 5əbinə direktor vəzifəsinə təyin olunma ilə bağlı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. - Gəncə 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞG/1/MT007/2024- 02394 nömrəli ilkin mediasiya sessiyasında iştirak etmə ilə bağlı arayışa əsasən,ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 50 manat İSM xərci.10 manat kargüzarlıq xərci ödəmişdir.İlkin mediasiya sessiyasında “Gəncə-Daşkəsən” Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi iştirak etməmişdir. - Xidmət üçün müraciətlə bağlı bildirişin surətindən görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti 31 avqust tarixində bitməsi və bununla əlaqədar olaraq İddiaçı əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat İddiaçı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ünvan 5əbinə direktor vəzifəsinə təyin edilməsi ilə bağlı müddətsiz əmək müqaviləsi bağlanmışdır. - xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a, tərəflərdən birinin təşəbbüsü ilə maddəsinə əsasən xitam verilmişdir. - xx.xx.2019-cu tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki,Daşkəsən Rayon Təhsil Şöbəsi tərəfindən İddiaçı xx.xx.2003-cü il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a.tərəflərdən birinin təşəbbüsü ilə maddəsi əsasında xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 3-29/3-1- 1519K/2023/1 saylı Əmrin surətindən göünür ki, ünvan 5əb bölməsində “məktəb direktoru” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə,”AR ƏM-nin 68.2.”a”-tərəflərdən birinin təşəbbüsü “ maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş,işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyiə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. - xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 3-29/3-1- 1519K/2023/1 saylı Əmrin surətindən görünür ki, ünvan 5əb bölməsində “Direktor” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə,”AR ƏM-nin 68.2.”a”-tərəflərdən birinin təşəbbüsü“ maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş,işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyiə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində çalışmanın yaş həddinə çatdığına görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır.Əmək müqaviləsinin müddətin bitməsi ilə əlaqədar olaraq Əmək Məcəlləsinin tələbləri gözlənilməklə yəni müddətli əmək müqaviləsinin müddətinə bitməyinə azı bir həftə qalmış müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə elektron informasiya sistemi vasitəsi ilə xəbərdar edilərək əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırmaya təqdim edilmiş 3-17-5/1-15208/2025 nömrəli xx.xx.2025-ci il tarixli cavab məktubu və sənədlərdən, eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən Sizinlə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin ikinci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Ləkin tələb olunan sənədlər tam təqdim olunmadığından əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun xitam verilib-verilməməsinə münasibət bildirmək mümkün olmamışdır.Həmçinn araşdırma zamanı təqdim olunmuş sənədlərdən (əmək haqqı hesab cədvəlləri, məcburi dövlət sosial sığorta ödənişləri, əmək haqqı bank hesabından çıxarış, Agentliyin elektron işə qəbul və xitam əmri və s.) xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin vəzifəli şəxsi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “direktor" vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmişdir. Bu səbəbdən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzaibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X5 Məcəlləsinin 18.5-ci bəndinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi barəsində inzibati tənbeh verilməsi hakim tərəfindən tətbiq edildiyindən iş üzrə materiallar 3-17-5/2-25971/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsinə ünvanladığı ərizənin mətnindən görünür ki, İddiaçı 20 fevral 2024-cü il tarixdə çalışmanın yaş həddinə (65 yaş) çatdığı üçün sağlamlıq imkanlarını və işləmək istəyini nəzərə alaraq, məktəb direktoru kimi onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmasına və ya müddətli əmək müqaviləsinin bağlanmasına köməklik gösətrilməsini xahiş etmişdir. - Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri X9-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri cənab Anar Qədiməliyeva ünvanladığı məktubdan görünür ki, ünvan 5əbin direktoru İddiaçı xx.xx.2024-cü il tarixdə çalışmanın yaş həddinə (65 yaş) çatdığı üçün əmək müqaviləsinin cari tədris ilinin sonunadək uzadılmasına münasibət bildirilməsi xahiş edilmişdir. - İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayeva ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ünvan 5əbin direktoru vəzifəsindən xx.xx.2024-cü il tarixdindən azad edilməsini xahiş etmişdir. - Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Vüsal Cəfərov tərəfndən İddiaçı ünvanladığı məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində çalışmanın yaş həddinə çatması və əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixindən xx.xx.2024- cü il tarixinədək uzadılmışdır.Həmçinin ,hal-hazırda Daşkəsən rayonunda fəaliyyət göstərən bir neçə ümumi təhsil müəssisəsinin bağlanması və tipinin dəyişdirilməsi nəzərdə tutulduğundan həmin ümumi təhsil müəssisələrində vəzifəsi ixtisara düşəcək məktəb direktorlarının yerləşdirilməsi nəzərdə tutulmuşdur. Odur ki, bağlanılmış müddətli əmək müqaviləsinin növbəti müddətə uzadılması məqsədəuyğun hesab edilmir. Mülki işə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 43-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşin araşdırılan hallarından görünür ki, iddiaçl İddiaçı 13 noyabr 2003-cü il tarixdən Daşkəsən rayon Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. 2023-cü ildə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi yaradılmış, iddiaçı ilə 19 dekabr 2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmıəşdır. Daha sonra 2024-cü ilin fevral ayında iddiaçı 65 yaşına çatmışdır. 04 mart 202-cü il tarixdə özünün razılığı ilə əmək müqaviləsinə xitam verilmişdir. Lakin sentyabr ayına qədər müqavilə bağlanmadan vəzifələrinin icrasına davam etdirmişdir. Hazırda xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsini xahiş edir. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iddia müddətinin tətbiqiqə etirazla bağlı cavabdehin ərizəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin ərizəsi əsasladırılmamışdır. Cavabdeh iddia müdddətinin ötürülülməsini hər hansı üzrlü halla əlaqələndirə bilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçünsəlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülüb ötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır. Hazırki iş üzrə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsinə baxmayaraq, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən hallar mövcud olmuşdurmu? İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 3-29/3-1-1519K/2023/1 saylı Əmrə ünvan 5əb bölməsində “ Direktor” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə,”AR ƏM-nin 68.2.”a”-tərəflərdən birinin təşəbbüsü“ maddəsinə əsasən xitam verilmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı artıq uzun müddətdir ki, hazırda bərpa olunmasını xahiş etdiyi vəzifədə çalışmır və şəxsin bu qədər uzun müddətdə bunun səbəbini bilməməsi mümkünsüzdür. Bu isə o deməkdir ki, iddiaçının nəinki 1 ay, çox uzun müddət öncə Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət olunma ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən və bunun üzrlü hesab olunmasına dair hər hansı əsas mövcud olmadığından iddia tələbi onun mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikasinin Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işə bərpa və s. tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1171/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1171/2025
22.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver