Məhkəmə qərarları › İş №2(005)-1173/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1173/2023

31.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1173/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “intizam tənbehinin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində verdiyi xx.xx.2022-ci il tarixli intizam tənbehinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixdən cavabdeh şirkətin Baş ofisinin İnsan Resursları Departamentində çalışmış, xx.xx.2021-ci il tarixdə həmin departamentin Testləşdirmənin Təşkili şöbəsində kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirməsi əsası ilə ona töhmət verilmişdir. Həmin əmrə görə rəhbərlik onu proqram təminatının müvafiq hissəsində “40” əvəzinə “0” olaraq saxlanılmasında və buna görə də keçiriləcək test imtahanının gecikməsində məsuliyyətli hesab edərək, proqram təminatında yalnız bir rəqəmin yazılmamasını onun əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirməsi kimi qiymətləndirmişdir. Həmçinin onun tərəfindən yazılmış izahatda test imtahanlarının keçirilmə prosedurunda “nəzarətin olması zəruridir” təklifi şöbə rəisinə tövsiyə kimi xarakterizə edilmiş, bundan başqa, “gələcəkdə təkrarlamayacağına söz vermək” kimi ifadənin yazılmaması “ünsiyyətdə neqativ meyllər yaratmaq” kimi qiymətləndirilmişdir. İntizam tənbehinin ləğv edilməsi ilə bağlı onun tərəfindən xx.xx.2022-ci il tarixdə müraciət edilsə də, əmr ləğv edilməmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz və iddia müddətinin tətbiqi barədə ərizə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, təhvil-qəbul edilən test tapşırıqlarının strukturunun daxili normativ sənədlərə uyğun olub-olmamasının yoxlanılması, müxtəlif iş alətləri üzrə hazırlanmış test mövzularının və test tapşırıqlarının qruplaşdırılması, zəruri hallarda aidiyyəti strukturlara göndərilməsi, cavabdehin rəsmi internet səhifəsində yerləşdirilməsi üçün hazırlanması, bunlara dair bildirilmiş rəylərin araşdırılması, test imtahan proqramlarında müxtəlif imtahan qruplarının yaradılması, test imtahanlarının təşkili və keçirilməsi iddiaçının əmək funksiyaları olaraq təsbit edilmişdir. Lakin iddiaçı əmək funksiyalarının icrası zamanı QRTM-də keçirilən “Azəriqaz” İB-nin “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” (Tərtər RQİİ üzrə təbii qazın qəbulu və satışı xidməti) vakansiyası ilə bağlı test imtahanının proqram təminatında icra olunan əməliyyatı düzgün icra etməyərək, imtahanın davam etmə müddətini “0” dəqiqə qeyd etmiş, bu səbəbdən də namizədlərin heç biri əvvəlcədən dəvət olunduqları vaxtda imtahan verə bilməmiş, iddiaçının səhvini aradan qaldırmaq üçün namizədlərə təkrar giriş verilmiş, yaranmış problemin aradan qaldırılması üçün aidiyyəti struktur bölmə ilə danışılmış, əlavə resurs və iş yükü sərf olunmaqla saat 10:30-da başlamalı imtahanı yalnız 12:00-da başlamaq mümkün olmuşdur. Bununla da iddiaçı əmək funksiyasını (test imtahanlarının təşkili və keçirilməsini) pozmuşdur. Bundan başqa, iddiaçı ilk dövrlərdə əmək funksiyalarını normal icra etsə də, bir müddət sonra onun işində və davranış səriştəsində müəyyən problemlər yaranmış, bir dəfə yorğunluğunu əsas gətirərək, ona tapşırılmış işdən kənarlaşdırılmasını xahiş etmiş, bu xahişi yerinə yetirilmiş, başqa dəfə isə şöbə rəhbərliyinə tabesizlik göstərərək, yazılı olaraq təyin edilmiş iclasda iştirak etməkdən imtina etmiş, bununla bağlı ona yazılı xəbərdarlıq olunmuşdur. Göstərilənlərə əsasən əmrin qanuni və əsaslı olduğu bildirilərək, iddianın rədd edilməsi xahiş olunmuşdur. Etiraza iddiaçının əmək müqavilələri, onlara əlavələr, iddiaçının rəhbərliyə yazdığı emaillərdən çıxarışlar, cavabdehin vəzifə standartı əlavə edilmişdir. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı özü də məhkəmədə əmrin ona xx.xx.2022-ci il tarixdə verildiyini etiraf etsə də, bundan 25 gün sonra Mediasiya təşkilatına müraciət etmiş, mediasiya arayışı ona xx.xx.2023-cü il tarixdə verilsə də, həmin arayışdan 11 gün sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, bununla da əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Buna görə də iddia müddətini tətbiq edərək iddiadan imtina barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı verdikləri etirazı müdafiə edərək və onun məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, əmək müqaviləsi ilə təsbit olunmuş əmək funksiyalarının icrasında və işgüzar davranışında pozuntuya yol verməsi, bununla da əmək qanunvericiliyinin tələblərini pozması əsası ilə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə töhmət verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqavilələri, onlara əlavələr və vəzifə standartından görünür ki, təhvil-qəbul edilən test tapşırıqlarının strukturunun daxili normativ sənədlərə uyğun olubolmamasının yoxlanılması, müxtəlif iş alətləri üzrə hazırlanmış test mövzularının və test tapşırıqlarının qruplaşdırılması, zəruri hallarda aidiyyəti strukturlara göndərilməsi, cavabdehin rəsmi internet səhifəsində yerləşdirilməsi üçün hazırlanması, bunlara dair bildirilmiş rəylərin araşdırılması, test imtahan proqramlarında müxtəlif imtahan qruplarının yaradılması, test imtahanlarının təşkili və keçirilməsi iddiaçının əmək funksiyalarına aiddir. Mediasiya prosesinin tətbiqi barədə təklif və müvafiq poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə təklif xx.xx.2022-ci il tarixdə ünvanlanmışdır. ünvan 1lməməsi barədə” arayışından görünür ki, həmin arayış iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İddia ərizəsinin məhkəməyə göndərilməsinə dair müvafiq poçt zərfindən və məhkəmənin “daxil olma” ştampından görünür ki, iddia ərizəsi və sənədlər iddiaçı tərəfindən poçta xx.xx.2023cü il tarixdə təqdim edilmiş, məhkəməyə isə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı tərəfindən barəsində verilmiş intizam tənbehi barədə əmrdə göstərildiyi kimi test imtahanlarının təşkili və keçirilməsi ilə bağlı əmək müqaviləsi ilə təsbit olunmuş əmək funksiyalarının icrasında pozuntuya yol verilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmək müqaviləsi ilə təsbit olunmuş əmək funksiyalarının icrasında iddiaçı tərəfindən pozuntuya yol verilməsinə görə cavabdeh tərəfindən müvafiq intizam tənbehinin verilməsi zamanı əmək qanunverciliyinin tələbləri pozulmamışdır. İddiaçı cavabdeh tərəfin ona qarşı qərəzli olmasını iddia etsə də, buna dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı isə aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisələndirilən əmr məhz elə verilən xx.xx.2022-ci il tarixdə də iddiaçıya təqdim edilmişdir. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi iddiaçı cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifi əmr ona təqdim edildiyi gündən 25 gün sonra-xx.xx.2022-ci il tarixdə göndərmiş, müvafiq mediator tərəfindən isə arayışın ona xx.xx.2023-cü il tarixdə verilməsinə baxmayaraq, məhkəməyə 08 gün sonra-xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 7-ci hissəsinə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1 və 35.2-ci maddələrinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur və mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən (arayışın, protokolun tərəflərə təqdim edildiyi gündən) bərpa olunmuş hesab olunur. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən həqiqətən də hazırkı iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. İddiaçı cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə cavab olaraq ərizə ilə müraciət edərək göstərmişdir ki, iddia ərizəsinin tərtibi zamanı sənədlər yığılarkən onun tərəfindən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin surətinin istənilməsi ilə bağlı müraciət edilmiş, müraciətinin cavabdehin məsul şəxsləri tərəfindən vaxtında təmin edilməməsi iddia müddətinin uzanmasına gətirib çıxarmışdır. Məhkəmə iddiaçının bu mövqeyini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı mübahisələndirilən əmri xx.xx.2022-ci il tarixdə almışdır və müvafiq müraciətləri də həmin tarixdən sonrakı tarixlərdən başlayaraq paralel şəkildə etmək imkanı olduğu halda etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarında deyir ki: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia həm də iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “intizam tənbehinin götürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar