Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1175/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X3, Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “OR-AY" MTK-nın müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllə, ev 15, mənzil 13, 1 (bir) otaqlı ümumi beton səthinin sahəsi 65.8 kvadrat metr adı ilə iddiaçıya satdığı əslində (2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrindən aldığı Çıxarışına əsasən) mənzilin ümumi sahəsi 52.8 kvadrat metr olduğunu nəzərə alaraq 13 kvadrat metrə görə OR-AY" Mənzil Tikinti Kooperativin hesabına artıq ödənilmiş 9100 (doqquz min yüz) manat və 111 (yüz on bir) manat dövlət rüsumu olmaqla, cəmi 9211 (doqquz min iki yüz on bir) manat pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativinin sədr müavini İddiaçı Əliş oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 9 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllə, ev 15, mənzil 13, 1 (bir) otaqlı, ümumi beton səthinin sahəsi 65.8 kv.m. ümumi dəyəri 46 060 (qırx altı min altmış) manat (ƏDV daxil) olan mənzilin ümumi dəyərinin 69.5%-ni, yəni 32000 (otuz iki min) manat pul nağd olaraq ödəmişdir. Onu da qeyd edir ki, müqavilənin 2.2-ci bəndinə əsasən 1 (bir) kv.m görə qiyməti 700 manat təşkil edir. Yerdə qalan məbləği 17 dekabr 2017-ci ildən 2020-ci ilə qədər 30 ay ərzində göstərilmiş ödəniş qrafik əsasında hər ay 468.66 (dörd yuz altmış səkkiz manat 66 qəpik) ödəyərək tam bağlamışdır. (Müqavilə, 32 000 min manat kassa mədaxil orderinin qəbzi və ödəniş qrafiki Qoşmaya əlavə olunur). 2020-ci ildə sözügedən (Abşeron rayonu. Xırdalan şəhəri 21-ci məhəllə, ev 15. mənzil 13) mənzilə çıxarışı almaq üçün Maliyyə arayışı lazım idi. Bununla bağlı “OR-AY“ MTK-ya müraciət etmiş və “OR-AY" MTK iddiaçıya maliyyə arayışının sənədini təqdim etdi və həmin xx.xx.2020-ci il tarixli, MA-20/20 nömrəli maliyyə arayışında qeyd olunub ki, Xırdalan şəhəri, 21-ci məhəllə ərazisində "xxxx" MTK tərəfindən inşa edilmiş 2 girişli, 16 mərtəbəli, 15 №-li yaşayış binasında 1 -ci giriş 4-cü mərtəbə, ümumi sahəsi 59 m2, yaşayış sahəsi 19.5 m2 olan 1 otaqlı 13 saylı mənzilin dəyəri İddiaçı (Ş/V AZEN 16777714, Sumqayıt şəh., MİK-4, ev.20A/29, m.33) tərəfindən tam ödənilmişdir və onun "xxxx" MTK-ya borcu yoxdur. Arayış, Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmaq üçün verilir (X8 əlavə olunur). Cavabdeh Mənzil Tikinti Kooperativinin maliyyə arayışında mənzilin ümumi sahəsi 59 m2 kimi qeyd olunub. Amma müqavilədə isə ümumi beton səthinin sahəsi 65.8 kv.m kimi qeyd olunub. Yəni Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllə, ev 15, mənzil 13.1 (bir) otaqlı, ümumi beton səthinin sahəsi 65.8 kv.m görə iddiaçı pul ödəmişdir. Bu onu göstərir ki, müqavilədə qeyd olunan 65.8 kv.m ilə “OR-AY" MTK-nın maliyyə arayışında 59 m2 qeyd olunanlar üst-üstə düşmür. Burada sual yaranır Cavabdeh MTK müqaviləyə əsasən niyə 65.8 kv.m görə iddiaçıdan tam pul alıb sonra isə öz Maliyyə arayışında isə 59 m2 kimi qeyd edib?. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən mənzilin ümumi sahəsinə dəqiq ölçülər aparılmış və məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 52.8 kv.m təşkil edir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı və X6 əlavə olunur). Amma "xxxx" Mənzil Tikinti Kooperativinin müqaviləsinin 1.1-ci bəndində isə ümumi beton səthinin sahəsi 65.8 kv.m qeyd olunub və nəticədə "xxxx" Mənzil Tikinti Kooperativ iddiaçıdan 13 kv.m görə 9100 (doqquz min yüz manat) artıq pul alıb. İddiaçı bildirir ki, anlamışdır ki, onu aldadıblar. Bununla bağlı dəfələrlə şifahi olaraq "OR-AY” Mənzil Tikinti Kooperativinin əməkdaşlarına bildirmişdir. Lakin heç bir tədbir görülməmişdir. xx.xx.2023-cü il tarixində həyat yoldaşı X4 “OR-AY" MTK-nın hüquqşünası Vəkil qəbulunda oldu və şikayət ərizəsini ona təqdim etdi. Sonra həyat yoldaşı X4 məsələni ətraflı izah edərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllə, ev 15, mənzil 13-də ümumi 65.8 kv.m deyil, 52.8 kv.m təşkil edir və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı və Texniki Pasportu təqdim etdi. Nəticədə Müqavilənin 2.2-ci bəndinə əsasən 1 kvadratmetrin qiyməti 700 manat olduğu üçün, "xxxx" Mənzil Tikinti Kooperativ bizdən 13 kv.m görə 9100 (doqquz min yüz) manat artıq pul aldığını bildirdi. "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqşünası Vəkil şikayət ərizəni oxuyandan sonra ərizəsini həyat yoldaşının üstünə atdı və bildirdi ki, 13 kv.m görə 9100 (doqquz min yüz) manatı tələb etmək ayıbdır. Həyat yoldaşı X4 şikayət ərizənin qeydiyyata alınması barədə MTK-nın hüquqşünasından xahiş etdi, lakin MTK-nın hüquqşünası Vəkil həyat yoldaşına bildirdi ki, şikayət ərizə qeydiyyata alınmayacayıq, pulu da qaytarmayacayıq və gedin hara şikayət edirsiz edin (Şikayət ərizəsi Qoşmaya əlavə olunur). Bu məsələ ilə bağlı iddiaçı və onun həyat yoldaşı dəfələrlə əsəb stress keçirmişlər. Bildirilir ki, “OR-AY" Mənzil Tikinti Kooperativinin 2020-ci ilin fevral üzrə 804723 nömrəli mədaxil qəbzində 65.8 kv.m kimi qeyd edərək aylıq kommunal xidmətinə görə 19.70 manatdan hesablayırdılar. Amma Daşınmaz Əmlakın Dövlət Reyestrindən aldığı çıxarışı Cavabdeh Mənzil Tikinti Kooperativə təqdim edəndə sonra onlar kommunal ödənişlərinin mədaxil qəbzlərində 52.8 kv.m qeyd edərək aylıq ödənişə 15.60 manatdan hesablamağa başladılar (MTK-nın qəbzləri Qoşmaya əlavə olunur). Bütün bunlar bir daha təsdiq edir ki, "xxxx" MTK 65.8 kvadrat metr adı ilə satıb sonra öz Maliyyə arayışında 59 m2 kimi qeyd edib mənə təqdim edərək aldadıblar. Əslində mənzilin ümumi sahəsi, 52.8 kvadrat metrdir. Buna görə də, MTK tərəfindən iddiaçını aldadaraq 13 kv.m görə ondan 9100 (doqquz min yüz) manat artıq pul almışdır. Onu da qeyd edir ki, “OR-AY" MTK bu günə qədər Mənzil-kommunal xidmətə dair iddiaçı ilə heç bir rəsmi müqavilə bağlamayıb. "xxxx" MTK-nın məktubunda qeyd olunub ki, 08 12 2023-cü il tarixli "xxxx" MTK-ya müraciəti ilə bağlı bildirir ki, iddiaçı ilə "xxxx" MTK arasında bağlanılmış 17 noyabr 2017-ci il tarixli "Pay haqqının hissə-hissə ödənilməsi şərti ilə mənzilin verilməsi" müqaviləsinin 11-ci maddəsinə əsasən "Kooperativ" Xırdalan şəhəri, 21-ci məhəllə ərazisində tikinti təyinatlı özəl 0.16 ha toıpaq sahəsində inşa edilən 2 girişli, 16 mərtəbəli yaşayış binasında A bloku 4-cü mərtəbədə yerləşən, ümumi beton səthinin sahəsi 65 8 kvm olan 1 otaqlı 13 saylı mənzili onun dəyərini təşkil edən əmlak pay haqqının hissə- hissə ödənilməsi şərti ilə "Payçıya" verməyi, "Payçı" isə mənzilə görə əmlak pay haqqının dəyərini tam ödədikdən sonra onu qəbul etməyi öhdəsinə götürür. Müqavilədən də göründüyü kimi, müqavilənin predmeti mənzilin ümumi sahəsi deyil, ümumi beton səthinin sahəsidir. Ümumi beton səthinin sahəsi dedikdə, yan (qonşu) divarların orta xətti və bayır divarlar üzrə hesablanmış sahə nəzərdə tutulur. Bu barədə Sizə müqavilə bağlayarkən ətraflı məlumat verilmişdi ki, mənzilin beton səthinin sahəsi ilə mənzilin iç divarlar arası olan sahəsi bir-birindən fərqlənir. Həmçinin mənzilə dair 2020-ci ildə verilmiş X10 götürərkəndə bu məsələ Sizə izah olunmuşdur. Cavab olaraq iddiaçı bildirir ki, o, mənzili daxili kredit ilə alarkən Cavabdeh MTK-nın əməkdaşı iddiaçıya müqaviləni təqdim edərək ümumi beton səthinin barədə onun tərəfindən sual verdikdə iddiaçıya ümumi sahəsi kimi bildirdilər və eləcə də müqavilənin 2.2-ci bəndinə əsasən 1 (bir) kv.m görə qiyməti 700 manat təşkil etdiyini bildirdilər. 2. "xxxx" MTK-nın məktubunda qeyd olunub ki, “Ümumi beton səhinin sahəsi dedikdə, yan (qonşu) divarların orta xətti və bayır divarlar üzrə hesablanmış sahə nəzərdə tutulur”. Cavab olaraq bildirir ki, bu doğru deyil. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. 3. "xxxx" MTK-nın məktubunda qeyd olunub ki, bizdə olan məlumata görə mənzildə təmir işləri aparılarkən Sizin tərəfinizdən icazəsiz və qanunsuz olaraq mənzilin konstruktiv quruluşunda dəyişikliklər aparılmışdır. Mətbəxin və otaqların yerini dəyişmisiniz Birotaqlı evi 2-3 otaqlı evə çevirmisiniz. Konstruktiv dəyişiklik nəticəsində mənzilin daxili ümumi sahəsində cıddı azalmalar olduğu mütləqdir Bununla yanaşı konstruktiv dəyişikliklərin qanunauyğun olub-olmaması baradə Fövqəlada Hallar Nazirliyi və Yerli İcra hakimiyyətində müvafiq rəy və icazələr alınmalıdır, Belə ki, Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən "Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma va qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılr " Həmçinin diqqətinizə çatdırırıq ki, Mənzil Məcəlləsinin 27,5-ci maddəsinə əsasən, "Yaşayışsahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış yəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Və bu barədə Sız müvafiq orqanlara xəbər verməli və lazımi icazə almalı olduğunuz halda bunu etməmisiniz. Sizə tövsiyə edirik ki, bu dəyişikliyin qanunauyğunluğunun yoxlanılması üçün ilk növbədə Fövqəladə Hallar Nazirliyinə və yerli İcra Hakimiyyətinə orqanına müraciət edin. Sonra isə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHİ-yə müraciət edin ki, verilmiş çıxarışda göstərilən sahənin hansı əsaslarla 52.8 kvm olaraq qeyd olunması və bunun düzgün olubolmaması barədə Sizə izahat verilsin.” Cavab olaraq bildirir ki, bu ağ yalandır. Belə ki, “OR-AY" MTK-nın istinad etdiyi Mənzil Məcəlləsinin 24.1 və 27.5-ci maddələrində Yaşayış sahəsinin yenidən qurulmasından söhbət gedir. Amma iddiaçı bildirir ki, o, öz mənzilini yenidən qurmamışdır. Bu ağ yalandır. Belə ki, mənzilini ilk aldığı gündən təmir etmişdir (Şəkillər əlavə olunur). Bildirir ki, təmir başa çatdıqdan sonra “OR-AY" MTK-ya tam ödəyərək maliyyə arayışı tələb etdi və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən mənzilimə baxış keçirildi və nəticədə mənzilinin ümumi sahəsinə dəqiq ölçülər aparılaraq məlum olmuşdur ki, mənzilinin ümumi sahəsi 52.8 kv.m təşkil edir. Sonra 2023-cü ilin dekabr ayında həyat yoldaşı X4 “OR- AY’ MTK-nın hüquqşünası Vəkil qəbulunda bir daha oldu və sözügedən məsələni ətraflı izah edərək bir daha bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri 21 -ci məhəllə, ev 15, mənzil 13-də ümumi 65.8 kv.m deyil, 52.8 kv.m təşkil edir və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı və Texniki Pasportu təqdim etdi. Nəticədə Müqavilənin 2.2-ci bəndinə əsasən 1 kvadrat metrin qiyməti 700 manat olduğu üçün, “OR-AY" Mənzil Tikinti Kooperativ onlardan 13 kv.m görə 9100 (doqquz min yüz) manat artıq pul aldığını bildirdi. Cavabdeh Mənzil Tikinti Kooperativinin hüquqşünası Vəkil dedi ki, “bizim keyfimiz necə istəyirsə elə edirik və get hara şikayət edirsən et.” Nəticədə iddiaçının artıq ödənilmiş pulunu qaytarmadılar. Cavabdeh MTK iddia tələbinə qarşı yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın əsassız hesab olunması və təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında 17 noyabr 2017-ci ildə “Pay haqqının hissə-hissə ödənilməsi şərti ilə mənzilin verilməsi” müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən, ümumi beton səthinin 65.8 kv.m olan mənzil İddiaçı mülkiyyətinə verilmişdir. İddia ərizəsinin qanunsuz və əsassız olduğunu nəzərə alaraq iddiaçının tələbəni qəbul etmirlər. Aralarında bağlanılmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Kooperativ” Xırdalan şəhəri, 21-ci məhəllə ərazisində tikinti təyinatlı özəl 0.16 ha torpaq sahəsində inşa edilən 2 girişli, 16 mərtəbəli yaşayış binasında A bloku 4-cü mərtəbədə yerləşən, ümumi beton səthinin sahəsi 65.8 kvm olan 1 otaqlı 13 saylı mənzili onun dəyərini təşkil edən əmlak pay haqqının hissə-hissə ödənilməsi şərti ilə “Payçıya” verməyi, “Payçı” isə mənzilə görə əmlak pay haqqının dəyərini tam ödədikdən sonra onu qəbul etməyi öhdəsinə götürür. Müqavilədən də göründüyü kimi müqavilənin predmeti mənzilin ümumi sahəsi deyil, ümumi beton səhinin sahəsidir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə könüllülük əsasında tərəflərin sərbəst iradə ifadələrinə uyğun bağlanmış və tərəflər müqaviləni onun bütün mühüm şərtləri ilə birlikdə imzalamaqla qəbul etmişlər. Mülki Məcəllənin müqavilə azadlığı prinsipindən irəli gələrək və yuxarıda qeyd olunan Mülki məcəllənin maddələrinə istinad edərək tərəflər müqavilədə onun predmeti kimi mənzilin ümumi beton səthinin sahəsini müəyyən etmişlər. Beton səthi dedikdə, ümumiyyətlə həmin mərtəbədə olan bütün mənzillərə aid beton məhlul tökülmüş hissənin ölçüsü başa düşülür. Hansı ki bu səthin üzərində divarlar yerləşdirilir. Və müqavilənin də predmeti mənzilin ümumi beton səthi müəyyən olunmuşdur. Əgər müqavilədə mənzilin ümumi sahəsinin ölçüsü 65.8 kvm göstərilsəydi, iddiaçı hardasa haqlı ola bilərdi. Ancaq müqavilənin predmeti mənzilin ümumi beton səthinin sahəsidir. Əgər beton səthinin sahəsi ilə bağlı hər hansısa şübhə varsa, ekspertiza təyin edilib beton səthinin sahəsinin ölçüsünü müəyyən edilə bilər. Müqavilənin predmeti mənzilin beton səthinin sahəsi olduğu üçün mənzilin daxili ölçüləri fərqli ola bilər. Buna görə də iddia əssasızdır. Bildirilir ki, tərəflər arasında alqı-satqı müqaviləsi 17 noyabr 2017-ci ildə mənzilin ümumi beton səthinin sahəsi 65.8 kv.m göstərilməklə bağlanılıb. İddiaçı isə mülkiyyət hüququna dair Çıxarışını xx.xx.2020-ci il tarixində alıb. Və həmin Çıxarışda mənzilin ümumi sahəsi 52.8 kv.m göstərilib. İndi maraqlı sual yaranır. Kooperativ Çıxarış alınmamışdan 3 il öncə mənzilin inzibati orqanlar tərəfindən həyata keçirilən ölçmə qaydalarına əsasən ölçülməsini və nəticəsinin 52.8 kv.m olacağını necə bilə bilərdi? Kooperativ istəsəydi belə xətanın baş verə bilməsi riskini nəzərə alaraq, qeyd olunan qaydalar əsasında ölçünü həyata keçirə bilməzdi. Çünki istənilən halda Kooperativ ölçməni həyata keçirməli olan Dövlət reyestr Xidmətinin və Şəhərsalma və Arxitektura komitəsinin səlahiyyətlərinə müdaxilə etmiş olacaqdı. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na istinad edərək mənzillərin ümumi sahəsinin necə hesablanmalı olduğunu qeyd etmişdir. Bildirilir ki, bu qərarla təsdiq edilmiş normalar birinci növbədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin öz tabeliyində olan müəssisələrə münasibətdə imperativ xarakterlidir və o heç bir halda müqavilə azadlığı prinsipinin əksinə ola bilməz. Bu norma mənzil sahəsinin müvafiq orqanlar tərəfindən hesablanması qaydasını müəyyən edir və heç bir halda müqavilə üçün vacib şərt kimi müəyyən oluna bilməz. Mülki Məcəllə normalarının üstün hüquqi qüvvəyə malik olmasını Azərbayacn Respublikası Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu təsdiq edir. Bu qanununun 2.5ci maddəsinə əsasən Azərbaycan İddiaçı iddia ərizəsində Cavabdeh MTK tərəfindən xx.xx.2020-ci ildə təqdim edilmiş maliyyə arayışında mənzilin sahəsinin 59 kv.m, yaşayış sahəsinin isə 19.5 kv.m olduğu qeyd olunduğu sənədi məhkəməyə təqdim edərək müqavilədə və maliyyə arayışında sahələrin fərqli olmasını özünün aldadılmağı kimi qələmə verir. Qeyd edildiyi kimi, müqavilədə göstərilən sahə mənzilin ümumi beton səthinin sahəsidir. Maliyyə arayışında qeyd olunan sahə isə mənzilin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan, lociya sahəsi nəzərə alınmaqla müəyyən olunmuşdur. ƏMDX yanında DƏDKR PHl tərəfindən verilən xx.xx.2020-ci il tarixli **********41-05301-093116 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışda isə lociya sahəsinə müvafiq azaltma əmsalları tətbiq edilmişdir. Müvafiq azaltma əmsalları isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarında öz əksini tapmışdır. Yuxarıda da qeyd edildiyi kimi, bu qaydalarda göstərilən tələblər müqavilə tərəfləri üçün məcburi qaydalar kimi müəyyənləşdirilə bilməz. Eyni zamanda mənzilin sahəsinin ölçülməsi zamanı mənzilin təmirli-təmirsiz olması, mənzildə konstruktiv dəyişikliklərin aparılıb-aparılmadığı nəzərə alınmalıdır. Çünki belə hallar mənzilin sahəsinin azalması ilə nəticələnə bilər. İddia ərizəsində iddiaçı müqavilənin cavabdeh tərəfindən aldadılmağı nəticəsində bağlandığını iddia edir. Yəni, iddiaçıya görə, müqavilə bağlanan ana qədər artıq pozuntular mövcud olmuşdur. Bu halda onun tələbi pul tələbi deyil, yalnız müqavilənin etibarsızlığı ola bilər. Aldatma nəticəsində bağlanmış müqavilə bağlandığı andan etibarsızdır. Bu halda iddiaçı həmin müqavilə üzrə hər hansısa ödəniş tələb edə bilməz. Bildirilir ki, iddiaçı öz iddia ərizəsində ilk növbədə bağlanmış əqdin etibarsızlığını və yalnız bundan sonra etibarsız əqdlər üzrə hüquqi nəticələrin tətbiqi tələbini irəli sürməklə ödəmiş olduğu pulun tam olaraq geri qaytarılmasını istəyə bilər. Başqa formada bu cür müqavilələr üzrə pul tələbinin irəli sürülməsi heç bir qanunvericilik normasına əsaslanmır. Cavabdeh tərəf qeyd edir ki, öz tərəfindən müqavilənin şərtləri şəffaf və aydındır, hər hansı bir qanunazidd məqamları (halları) özündə əks etdirməmişdir və tərəflər müqavilə şərtləri ilə tanış olaraq, ortaq razılığa gələrək, habelə mülki qanunvericiliyin tələblərinə uyğun çıxış edərək müqaviləni bağlamışlar. Qanunverici mülki hüquq subyektləri arasında onların sərbəstliyi əsasında bağlanmış, lakin qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini etibarlı şərtlər kimi qəbul edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ödəmə qrafikindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq 468,66 manat olmaqla, ümumilikdə 46 059,80 manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Koperativ Cavabdeh MTK Xırdalan şəhəri, 21-ci məhəllə ərazisində tikinti təyinatlı özəl 0.16 ha torpaq sahəsində inşa edilən 2 girişli, 16 mərtəbəli yaşayış binasında A bloklu 4-cü mərtəbəsində yerləşən, ümumi beton səthinin sahəsi 65.8 kv.m olan 1 otaqlı 13 saylı mənzili onun dəyərini təşkil edən əmlak pay haqqının hissə-hissə ödənilməsi şərti ilə “Payçıya” verməyi, “Payçı” - İddiaçı isə mənzilin dəyərini tam ödədikdən sonra onu qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Xırdalan şəhəri, 21-ci məhəllə ərazisində Cavabdeh MTK tərəfindən inşa edilmiş 2 girişli, 16 mərtəbəli, 15 №-li yaşayış binasında 1-ci giriş 4-cü mərtəbə, ümumi sahəsi 59 m2, yaşayış sahəsi 19.5 m2 olan 1 otaqlı 13 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının 15 sentyabr 2020-ci il tarixli növbədənkənar iclasının protokolundan çıxarışından müəyyən olunur ki, İddiaçı Cavabdeh MTK Kooperativinə üzv kimi qəbul olması, İddiaçı Xırdalan şəhəri, 21-ci məhəllə ərazisində inşa edilmiş 16 mərtəbəli, 15 №-li yaşayış binasında, 1-ci giriş 4-cü mərtəbə, ümumi sahəsi 59 m2, yaşayış sahəsi 19.5 m2 olan 1 otaqlı 13 saylı mənzilin payçısı kimi təsdiq olunması qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X11 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllə, ev 15 ünvanda yerləşən, ümumi sahəsi 52.80 kv.m olan 13 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2020-ci il tarixdə ********** №-li qeydiyyat aparılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1764-9/1811 №-li, 01 may 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “OR-AY" MTK ilə İddiaçı Əliş oğlu arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilədə göstərilən 65.8 kv.metr sahə ilə mənzilin faktiki sahəsi arasında 9.1 kv.metr (65.8 kv.metr - 56.7 kv.metr) fərq olduğu müəyyən edilmişdir. Yaranmış fərq, müqavilədə mənzilin beton səthinin sahəsi qeyd edildiyindən, yəni divaraltı sahələr də nəzərə alındığından, lakin faktiki sahə hesablanarkən isə divaraltı sahə nəzərə alınmadan hesablandığından yaranmışdır. Tədqiq olunan mənzilin faktiki sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışda qeyd edilən sahə arasında 3.9 kv.metr (56.7kv.metr - 52.8 kv.metr) fərq olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışda qeyd edilən sahə azalma əmsalı tətbiq ediməklə müəyyənləşdirilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllədə yerləşən 15 saylı evin 13 saylı mənzili çöl divarların ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin tətbiq edimədən aparılmış hesablam 65.6 kv.m olduğu müəyyən edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllədə yerləşən 15 saylı evin 13 saylı mənzilinin təmirsiz vəziyyətdə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 66000.0 manat məbləğində müəyyən olunmuşdur. Yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ sahələrinin və sairinin 2017-ci ildə mövcud olmuş alqı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqatlar aparılmadığından, eləcə də məlumat bazası olmadığından Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllədə yerləşən 15 saylı evin 13 saylı mənzilin 2017-ci il üçün bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MTK Xırdalan şəhəri, 21ci məhəllə ərazisində tikinti təyinatlı özəl 0.16 ha torpaq sahəsində inşa edilən 2 girişli, 16 mərtəbəli yaşayış binasında A bloklu 4-cü mərtəbəsində yerləşən, ümumi beton səthinin sahəsi 65.8 kv.m olan 1 otaqlı 13 saylı mənzili Payçı - İddiaçı verməyi, İddiaçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MTK-ya borcunun olmadığına dair maliyyə arayışı verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X11 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsinin 52.80 kvadrat metr olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasıdır. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, “OR-AY" MTK ilə İddiaçı Əliş oğlu arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilədə göstərilən 65.8 kv.metr sahə ilə mənzilin faktiki sahəsi arasında 9.1 kv.metr fərq olduğu müəyyən edilir. Həmçinin qeyd olunur ki, yaranmış fərq, müqavilədə mənzilin beton səthinin sahəsi qeyd edildiyindən, yəni divaraltı sahələr də nəzərə alındığından, lakin faktiki sahə hesablanarkən isə divaraltı sahə nəzərə alınmadan hesablandığından yaranmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışda qeyd edilən sahə azalma əmsalı tətbiq ediməklə müəyyənləşdirildiyindən, mənzilin faktiki sahəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışda qeyd edilən sahə arasında 3.9 kv.metr fərq olmuşdur. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan mənzilin ümumi sahəsi mənzilin beton səthinin sahəsi nəzərə alınaraq 65.6 kv.metr, faktiki sahəsi isə 56.7 kv.metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən 52.8 kv.metr təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 52.8 kvadrat metr kimi hesablansa da, cavabdeh ASC müqavilə bağlayarkən layihə üzrə ümumi beton səthinin sahəsi 65.8 kvadrat metr olan mənzili təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir. İddiaçı mənzili alarkən onun ümumi layihə sahəsinin ümumi beton səthinin sahəsi ilə birlikdə 65.8 kv.m kvadrat metr olaraq qeyd olunmasını bilmiş və həmin şərtlərlə razılaşaraq, müqaviləni imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1175/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1175/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver