Məhkəmə qərarları › İş №2(005)-118/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-118/2023

31.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-118/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədova Aytən Nizami qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və 05 may 2019-cu il təvəllüdlü X2 qeydiyyatda olduqları və Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 mənzilə köçürülmələri barəsində qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 20 dekabr 2017-ci il tarixdə X7 ilə rəsmi hüquqi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 05 may 2019-cu il təvəllüdlü X6 adında övladları doğulmuşdur. Ailə qurduğu zaman münasibət yaxşı olsa da, sonradan cavabdehin və onun ailəsinin hərəkətləri nəticəsində aralarında mübahisələr yaranmağa başlamış və nəticədə İddiaçı 05 may 2019-cu il təvəllüdlü X6 ilə birlikdə valideynlərinin yaşadığı Qusar rayonu, İmamqulukənd kəndinə gəlmişdir. Hal-hazırda valideynlərinin himayəsindədir. İddiaçı və övladının xərclərini onlar qarşılayır. Bundan başqa, İddiaçı cavabdehin oğlu X7 ilə ailə qurarkən, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə gəlin köçmüş, övladı da həmin evdə dünyaya gəlmişdir. İddiaçı gəlin köçərkən apardığı cehiz əmlakı da o, evdə yerləşdirilmişdir. Lakin, İddiaçı X7 ilə aralarında yaranmış ailə münaqişələrindən yorulduğu üçün və bu münaqişələrin övladıma psixoloji təsir göstərdiyi gördüyü üçün o evdən istəməyərək ayrılıb valideynlərinin evinə gəlmişdir. Cehiz əşyalarını cavabdehin təkidi ilə həmin evdən götürsə də, bəzi əşyaları hələ də cavabdehin və onun ailəsinin istifadəsində qalmışdır. Bundan başqa Nərimanov rayon Məhkəməsinin 2(005)-264/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, X7 ilə Məmmədrzayeva (Cəfərova) Elena Qlıç qızı arasında xx.xx.2017-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, 05 may 2019-cu il təvəllüdlü X4 (anası) Məmmədrzayeva (Cəfərova) Elena Qlıç qızının yanında saxlanılmış, X3 xx.xx.2021-ci il tarixdən başlayaraq, 05 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment hesablanaraq Məmmədrzayeva (Cəfərova) Elena Qlıç qızının xeyrinə tutulması qərara alınmışdır. İddiaçı başqa çarəsi olmadığından, həmi evdə qalsa onu o evdən övladı ilə birlikdə tərk etməyə məcbur etdiklərindən İddiaçı uşağının və özünün psixoloji vəziyyətini düşündüyündən o evdə qalmır. İddiaçı və övladı mübahisə predmeti təşkil edən ünvan 1 ünvanda yerləşən cavabdehin mülkiyyətində olan mənzildə qeydiyyatdadır. İddiaçı ora gəlin köçdüyü üçün və övladı o evdə doğulduğu üçün, o evdə qeydiyyatda olduqları üçün onların o evdə istifadə hüququ yaranmışdır və bu qanunla mübahisə edilməyəcək bir haldır. İddiaçı istifadə hüquqları qanunla qorunmaqdadır. İddiaçı dəfələrlə həmin evə övladımla kömək istədikdə cavabdehlər məni ölümlə hədələmiş, döymüş və nəticə də mənim həmin evdən qanunla müəyyən edilmiş istifadə hüquqlarımı məhdudlaşdırmışlar. Biz o evə köçəcəyimiz təqdirdə bizi öldürəcəklərini bildirmişlər. Ona görə də, həmin evdə yaşamaq həyati təhlükə törətdiyindən düşünür ki, evə köçürmə məhkəmə tərəfindən tətbiq edilmədiyi tədqirdə İddiaçı və övladının istifadə hüququna kompensasiya ödənilməklə xitam verilə bilər. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsindəki 69 saylı evin, 37 saylı mənzili AR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X10 Dövlət Reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir, həmin mənzildə o ailə üzvləri ilə birlikdə yaşayır və qeydiyyatdadırlar. İddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan qeyd etdiyi ünvandakı mənzilə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair Cavabdeh ilə onun arasında notariat qaydasında təsdiq olunmuş yazılı razılaşma da mövcud deyil. Cavabdeh və azyaşlı uşağı Milana sadəcə olaraq Cavabdeh xüsusi mülkiyyətində olan mənzilində formal qeydiyyatda qalmışdır. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, keçmiş gəlini, İddiaçı Cavabdeh ailə üzvü və digər qohumu hesab edilmir və mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsindəki 69 saylı evin, 37 saylı mənzilə istifadə hüququ əldə etməmişdir. X7 ilə İddiaçı nikaha girdikdən sonra bir müddət Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsindəki 69 saylı evin, 37 saylı mənzilində yaşamış, xx.xx.2020-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsindəki 69 saylı evin, 25 saylı mənzilində kirayədə yaşamışlar. 2021-ci ilin iyul ayında İddiaçı azyaşlı uşağı Milana ilə birlikdə həmin mənzildən çıxmış, Qusar rayonunun imamqulukənd kəndində yerləşən valideynlərinə məxsus evə getmiş və həmin vaxtdan indiyə kimi orada yaşayırlar. 26 sentyabr 2021-ci ildə iddiaçı özünə məxsus bütün cehiz və digər əşyalarını Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsindəki 69 saylı evin, 37 saylı mənzilindən 166 Mercedes markalı yükdaşıma avtomaşını ilə aparmış və hazırda Cavabdeh həmin mənzilində ona məxsus heç bir əşya yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi «mənzilə köçmək istəyərkən onu ölümlə hədələmələri», «döymələri», «mənzilə köçəcəyi təqdirdə onu öldürəcəkləri», «mənzildə yaşayacağı təqdirdə ona həyatı təhlükə yaranması» və s. kimi istinad etdiyi hallar heç bir faktla sübut edilmir və bu baxımdan AR MPM-nin 77.1-ci maddəsinin tələblərinə müvafiq deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı tərəfə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində istifadədə olan 0.0416 ha torpaq sahəsində yerləşən 69 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 40.1 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 37 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 886 nömrəli reyestr kitabının 82429 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-264/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, X7 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə qeydə alınmış nikahın pozulması, 05 may 2019-cu il təvəllüdlü X1 (anası) İddiaçı yanında saxlanılması, X3 xx.xx.2021-ci il tarixdən başlayaraq, 05 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin hesablanaraq İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İ 427006 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 və İddiaçı arasındakı nikahın pozulması barədə xx.xx.2022-ci il tarixdə 192 nömrəli qeyd aparılmışdır. Kişiyə Məmmədrzayev, qadına Cəfərova soyadları verilmişdir. Qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 7591/2022 saylı qərarına əsasən xx.xx.1999-cu il təvəllüdlü Məmmədrzayeva (Cəfərova) Elena Qlıç qızının və xx.xx.2019-cu il təvəllüdlü X1 ünvan 2 ünvanında yerləşən 37 saylı mənzil üzrə qeydiyyat çıxarılması öhdəliyi cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubunda qeyd olunur ki, X5 və X1 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 69, 37 saylı mənzilə dair mülkiyyət və istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarəsində arxivində aşkar edilməmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X7 və Məmmədrzayeva (Cəfərova) Elena Qlıç qızı xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 05 may 2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Məmmədrzayeva (Cəfərova) Elena Qlıç qızı və övladı X4 yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 69, 37 saylı mənzilə pasport qeydiyyatına alınmışdır. Sonradan ailə münasibətlərinin pozulması səbəbindən Məmmədrzayeva (Cəfərova) Elena Qlıç qızı övladı ilə birlikdə bu ünvanı tərk etmiş, valideynlərinə məxsus evdə yaşamağa başlamışlar. İddiaçının deməsinə görə məxsus cehiz əşyaların da bir hissəsini valideynlərinə məxsus ünvana gətirmişlər. Nikah isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-264/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnamə ilə 05 may 2019-cu il təvəllüdlü X4 anası Məmmədrzayeva (Cəfərova) Elena Qlıç qızının himayəsinə verilmişdir. Hazırda isə X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 69, 37 saylı mənzilə qeydiyyatda olmasının onun həmin mənzildə yaşamaq hüququ olduğunu bildirir və bu mənzilə köçürülməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Məhkəmə qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığıolmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki iş materiallarında və tərəflərin izahatlarından hazırda baxılan mübahisənin 2017-ci il tarixli cavabdehin sözügedən ünvana köçməsi nəticəsində yarandığı aydın olur. Belə olan halda məhkəmə yuxarıda qeyd edilən Plenum Qərarında qeyd edildiyi kimi bu hüquq münasibətinə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tətbiq edilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 69, 37 saylı mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, bu hüququn yaranması üçün həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur ki, iddiaçı tərəf bu cür qeydə alınma ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda tərəflər arasında mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcüd deyil. X13 mənzilin mülkiyyətçisinin ailə üzvü deyil. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı öz tələblərinin əsası kimi sözügedən ünvanda qeydiyyatda olmasını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üçzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüquq mənasında istifadə hüququnu ehtiva etmir. Həmçinin, qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-7591/2022 saylı qərarına əsasən xx.xx.1999-cu il təvəllüdlü Məmmədrzayeva (Cəfərova) Elena Qlıç qızının və xx.xx.2019-cu il təvəllüdlü X1 ünvan 2 ünvanında yerləşən 37 saylı mənzil üzrə qeydiyyat çıxarılması öhdəliyinin cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır ki, bununla da iddiaçı və onun övladının sözügedən ünvana istifadə hüququnun olmaması ilə yanaşı, onların pasport qeydiyyatı da qalmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X13 və övladı 05 may 2019-cu il təvəllüdlü X1 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 69, 37 saylı mənzilə köçürülmələri üçün hər hansı qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia rədd edildiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar