Məhkəmə qərarları › İş №2(005)-1187/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1187/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1187/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh “RR Construction" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “RR Construction" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “RR Construction" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 may tarixli 2019-cu il tarixli, K037 nömrəli müqaviləyə əsasən hazırki vaxtadək ona ödənilməli olan, lakin 16 aydır ki ödənilməyən hər ay üçün 500 manat olmala, ümumilikdə 8000 manat məbləğində kirayə haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən 95 manat məbləğində dövlət rüsumu, cəmi 7595 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq onun xeyirinə ödənilməsi, habelə cavabdehlə aralarında bağlanmış 08 may tarixli 2019-cu il tarixli, K037 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən yaşayış sahəsi biri 44 kv.m və digəri 30 kv.m olmaqla 2 ədəd tam təmirli mənzilin cavabdeh tərəfindən onun mülkiyyətinə verilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 30 mart 2019-cu il tarixli, 140 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş və gələcəkdə orada yaşayan insanların həyatı üçün təhlükə yarada biləcək yataqxananın və fərdi evlərin sökülməsi və orada yaşayan vətəndaşların qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilələr üzrə yeni yaşayış sahələri ilə təmin edilməsi qərara alınmışdır. Həmin sərəncamın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC ilə onun arasında bağlanmış 08 may tarixli 2019-cu il tarixli, K037 nömrəli müqaviləyə əsasən, onun mülkiyyətində olan söküntüsü nəzərdə tutulan, yaşayış sahəsinin ümumi sahəsi 62.08 kv.m olan mənzilin sahəsi 15-20% artırılmaqla biri 44 kv.m və 30 kv.m olmaqla 2 ədəd tam təmirli mənzilin onun mülkiyyətinə verilməsini nəzərdə tutulmuşdur. Tərəfindən ümumi sahəsi 62.08 kv.m olan mənzil sökülüb yenidən tikilməsi üçün "xxxx" MMC-yə təhvil verilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən bu günə qədər üzərinə düşən öhdəlik icra edilməyərək yeni tikilmiş mənzillər ona təhvil verilməmişdir. Aralarında müqavilənin bağlanıldığı tarixdən bu gün qədər hələ də məhkəmə mübahisələri davam edir. Şirkət ondan qanunsuz razılaşma aktı tərtib edərək qol çəkməyini tələb edir. O, isə həmin qanunsuz razılaşma aktına qol çəkmədiyi üçün mənzili onun mülkiyyətinə verməkdən imtina edir. Bu səbəbdən mübahisə uzanır. Onun evini təhvil verə bilmir. Eyni zamanda qanunsuz razılaşma aktına qol çəkmədiyi üçün ona ödənilməli olan aylıq kirayə haqqını vermədiyi deyir. Aralarında bağlanmış müqavilənin 2.1.2-ci maddəsinə əsasən, yeni binanın tikilməsi başa çatanadək, hər iki mənzil təhvil verildiyi günədək aylıq 500 manat miqdarında kirayə haqqı almaq "Mülkiyyətçinin" müqavilə üzrə hüquq və vəzifələrindən biridir. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən, müqavilənin 2.1.2-ci maddəsində nəzərdə tutulmuş ödənişin ayda 1 (bir) dəfə hər ayın 1-nə qədər "Mülkiyyətçiyə" ödənilməsini təmin etmək "İcraçının" vəzifəsi kimi əsk edilmişdir. Lakin həmin müqavilənin qüvvəyə minməsində uzun müddət keçməsinə baxmayaraq "İcraçı" tərəfindən üzərinə düşən öhdəlik yerinə yetrilməmişdir. Belə ki, oktyabr 2020-ci il tarixindən hazırki vaxtadək heç bir ödəniş həyata keçirilməmişdir. Halbuki, aralarında bağlanmış müqaviləyə əsasən mənzillər ona təhvil verildiyi tarixədək ödənişlər həyata keçirilməli idi. Hazırki vaxtadək ona ödənilməli olan məbləğ 16 ay olmaqla ümumilikdə 8000 manat təşkil edir. Halbuki, aralarında bağlanmış 08 may 2019-cu il tarixli, K037 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən yaşayış sahəsi biri 44 kv.m və digəri 30 kv.m olmaqla 2 ədəd tam təmirli mənzil onun mülkiyyətinə verilməli idi. Ona qeyri-rəsmi bildirmişdilər ki, onun adına yaşayış sahəsi 74 kv.m olan 4 otaqlı mənzilə uyğun gəlir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdeh “RR Construction" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbi ilə razı olmadığını, əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək əsassız olaraq ona 8000 manat kirayə haqqı ödənilməsi və Cavabdeh MMC tərəfindən inşa edilən binada 2 mənzilin onun mülkiyyətinə verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC ilə iddiaçı arasında 08.05.2019-cu il tarixdə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitlə hormoniyası itirmiş vəziyyətda olan binada İddiaçı maxsus 2 otaqlı, 62.08 kv.m. sökür və bunun müqabilində mənzilin sahəsinə 15-25 % əlava etməklə biri 44 kv.m. digəri isə 30 kv.m. olmaqla 2 ədəd tam təmirli mənzili mülkiyyətçiyə verməlidir. Eyni zamanda müqavilənin 2.1.2 bəndinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, iddiaçıya mənzillər təhvil verildiyi günədək aylıq 500 manat kirayə qalması üçün pul verəcək. Müqavilə qüvvəyə mindikdən sonra MMC tərəfindən üzərinə düşən öhdəlilər vaxtlıvaxtında yerinə yetirilmişdir. Lakin buna baxmayaraq iddiaçı 22.09.2020-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanılmış müqavilənin dəyişdirərək müqavilədə nəzərdə tutulmuş ümumi sahəsi 74 kv.m. olan mənzilin əvəzinə ona 4-6-cı mərtəbələrdə yerləşən iki istiqamətdə pəncərələri olan 3 otaqlı mənzil verilməsini, binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin birinin ona verilməsini və kirayə haqqının 500 manatdan 600 manata qaldırılması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə müqavilənin dəyişdirilməsi ilə bağlı müraciət etdiyi səbəbindən MMC tərəfindən həmin vaxtdan mənzilin təhvil verilməsinə tam hazır olduğu vaxta qədər kirayə pulunun ödənilməsi dayandırılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi təmin edilməməmiş və bu işlə bağlı yekun qərar Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən 06.10.2021-ci il tarixdə qəbul edilmişdir. 2021-ci ilin sentyabr ayında iddiaçının mənzili tam təmir olunduqdan sonra ona mənzilin açarı və müqavilə təklif edilmişdir. Lakin iddiaçı cavabdehdən əlavə pul götürmək məqsədi ilə mənzili bugünkü günə qədər təhvil almaqdan imtina etməkdədir. Bildirir ki, artıq iddiaçının cavabdehə müqavilə üzrə heç bir borcu qalmamışdır. Belə ki işə əlavə olunan ödəniş tapşırıqlarından göründüyü kimi 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər olan bütün kirayə haqları MMC tərəfindən ödənilmişdir. Cavabdeh müqavilə üzrə göstərilən mənzilləri 2021-ci ilin sentyabr ayından iddiaçıya təhvil vermişdir və bu gün onun mənzillərdən istifadə və sahiblik etməyinə heç bir maneə yaratmır. Lakin iddiaçı ona məxsus açarları komendatlıqdan götürmür bununla da hüquqlarının pozulması görüntüsü yaradaraq əsassız varlanmaq istəyir. Beləliklə, yuxarıda yazılanlardan göründüyü kimi, iddiaçını tələbi heç bir sübuta bağlı deyil və yalnız əsassız varlanma məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 30 mart 2019-cu il tarixli, 140 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş və gələcəkdə orada yaşayan insanların həyatı üçün təhlükə yarada biləcək yataqxananın və fərdi evlərin sökülməsi və orada yaşayan vətəndaşların qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilələr üzrə yeni yaşayış sahələri ilə təmin edilməsi qərara alınmış və həmin sərəncamın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. Hazırkı mübahisə üzrə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 30.12.2008-ci il tarixdə tərtib edilmiş Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, reyestr nömrəsi **********66-05101-093011 olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 8/9, m.59-un hüquq subyekti İddiaçıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.0752 ha torpaq sahəsində yerləşən 8/9 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində, 36.0 kv.m ümumi, 36.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 59 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 890 nömrəli reyestr kitabının 82732 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavini İ.Mahmudovanın 29.06.2021-ci il tarixli, 1/534; 1/536 nömrəli məktubundan görünür ki, Nərimanov rayonu, Mayakovski küçəsi, 8/9 ünvan üzrə hüquqlarının “RR Construction" MMC tərəfindən pozulması və İddiaçı məxsus yaşayış və köməkçi sahələrinin ölçüləri barədə müvafiq məlumatın verilməsinə dair təkrar sorğuya Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) baxılmışdır. Təkrarən bildirilir ki, Nərimanov RİH başçısının 30.03.2019-cu il tarixli 140 №-li Sərəncamı ilə ünvan 3 ünvanlarda qəzalı vəziyyətə düşmüş yataqxanaların sökülməsi və orada yaşayan vətəndaşların qanunvericiliyin tələbləri qaydasında müqavilələr üzrə yeni tikiləcək yaşayış binasında digər yaşayış sahələri ilə təmin edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Köçürülmə ilə əlaqədar bütün sakinlərlə olduğu kimi, hüquqlarını müdafiə etdiyiniz İddiaçı ilə də "xxxx" MMC arasında müqavilə bağlanmış, qəzalı vəziyyətdə olan bina sökülmüş, sakinlər köçürülmüş və tikinti işləri başa çatdırılmaq üzrədir. Sonradan müqavilə şərtləri ilə razı olmayan İddiaçı "müqavilənin etibarsız hesab edilməsi və s." barədə mübahisə predmetini məhkəmə müstəvisinə çıxarmışdır. (İş № 2(005)-1382/2020, Nərimanov Rayon Məhkəməsi, hakim S.Ədilova). İ. Nəbiyevaya məxsus mənzillər yaşayış və köməkçi sahəsinə dair arayışın verilməsinə gəldikdə bildiririk ki, daşınmaz əmlak üzrə hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestri xidmətində aparılır və həmin sahələr tikinti təşkilatı tərəfindən qəbul edilərək bağlanmış müqavilədə öz əksini tapmışdır. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 30.05.2019-cu il tarixli, 140 №-li Sərəncamından görünür ki, Cavabdehn rəhbərliyinin ünvan 4 ünvanlarında yerləşən yataqxana binalarının texniki vəziyyəti haqqında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin 26.11.2016-ci il tarixli aktlarını və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 16 04 2019-cu il tarixli, 169 nömrəli sərancamını nəzərə alaraq-

1. V.Mayakovski küçəsi 8/9 və 10 ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan yataqxana binalarının "RR Constructions MMC tərəfindən sökülməsinə icazə verilməsi; 2. “RR Constructions" MMC-nin rəhbərliyinə tapşırılsın ki, bu sərəncam yalnız qəzalı vəziyyətdə olan yataqxana binalarının sökülməsi üçün əsasdır. 3. Qəzalı binaların sökülməsi zamanı cuwədə olan tikinti norma və qaydalarına riayət olunması “RR Constructions' MMC -nin rəhbərliyinə həvalə olunması, 4. Sərəncamın icrasına nəzarət Rayon təsərrüfatı şöbəsinə həvalə edilməsi; 5. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılması qərara alınmışdır. Birinci tərəf “RR Construction" MMC ilə İkinci tərəf İddiaçı arasında bağlanmış 08.05.2019-cu il tarixli, K037 nömrəli müqavilədən görünür ki, Cavabdeh MMC adlanacaq ünvan 2 Ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasmı itirmiş vəziyyətdə olan binada Mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı, 62.08 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə biri 44 kv.m. və 30 kv.m. olmaqla 2 ədəd tam təmirli mənzili «Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1 b). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili sökünlü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (1.2 b). “RR Construction" MMC-nin 29.11.2021-ci il tarixli, 120/21 saylı İddiaçı ünvanlanmış məktubdan görünür ki, MMC ilə bağladığı müqaviləyə əsasən ona 2 ədəd mənzil təhvil verilməlidir. Mənzillər tam təmir olunub, sayğaclar quraşdırılıb və 01.09.2021-ci il tarixindən yaşayışa tam hazırdır. Binaya qaz, su və işıq verilib. Ona dəfələrlə olunan şifahi xəbərdarlıqlara baxmayaraq gəlib mənzilləri təhvil almır. Ofisə yaxınlaşıb, mənzillərin açarlarını və ona ödənilməyən kirayə haqqını təhvil alması xahiş olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1382/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “RR Construction" MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi, mənzil verilməsi, qeyri-yaşayış yerinin bərpası və kirayə pulunun artırılması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2(102)-4188/2021 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2562/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 30 mart 2019-cu il tarixli, 140 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş və gələcəkdə orada yaşayan insanların həyatı üçün təhlükə yarada biləcək yataqxananın və fərdi evlərin sökülməsi və orada yaşayan vətəndaşların qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilələr üzrə yeni yaşayış sahələri ilə təmin edilməsi qərara alınmışdır. Həmin sərəncamın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC ilə onun arasında bağlanmış 08 may tarixli 2019-cu il tarixli, K037 nömrəli müqaviləyə əsasən, onun mülkiyyətində olan söküntüsü nəzərdə tutulan, yaşayış sahəsinin ümumi sahəsi 62.08 kv.m olan mənzilin sahəsi 15-20% artırılmaqla biri 44 kv.m və 30 kv.m olmaqla 2 ədəd tam təmirli mənzilin İddiaçı mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 1) 08 may tarixli 2019-cu il tarixli, K037 nömrəli müqaviləyə əsasən hazırki vaxtadək ona ödənilməli olan, lakin 16 aydır ki ödənilməyən hər ay üçün 500 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində kirayə haqqının; 2) iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən 95 manat məbləğində dövlət rüsumunun ödənilməsi; 3) cavabdehlə aralarında bağlanmış 08 may tarixli 2019-cu il tarixli, K037 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən yaşayış sahəsi biri 44 kv.m və digəri 30 kv.m olmaqla 2 ədəd tam təmirli mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verdiyi izahatında, həmçinin iddia ərizəsinin məzmununda iddiaçı göstərmişdir ki, onun tərəfindən ümumi sahəsi 62.08 kv.m olan mənzil sökülüb yenidən tikilməsi üçün "xxxx" MMC-yə təhvil verilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən bu günə qədər üzərinə düşən öhdəlik icra edilməyərək yeni tikilmiş mənzillər ona təhvil verilməmişdir. Həmçinin aylıq kirayə haqqı olan 500 manat məbləğində pul da ona ödənilməmişdir. Cavabdeh ona müqavilə üzrə razılaşdırılmış mənzili təhvil verməməklə ən təbii hüquqlarından olan mülkiyyət hüququnun icrasına maneçilik yaradır. Məhkəmə iclaslarında qeyd edilən hallar araşdırılmış və bunun əksi olaraq sübuta yetirilmişdir ki, MMC tərəfindən mənzilin tikintisi başa çatdıqdan və mənzil yaşayış üçün istifadəyə tam yararlı olduqdan sonra mənzilin mülkiyyətçisi İddiaçı rəsmi qaydada müraciət edilmiş, mənzilin açarlarının və ödənilməmiş kirayə haqqını təhvil alması təklif edilmişdir. Eyni zamanda qeyd edilən müraciətin məzmunundan müəyyən edilmişdir ki, İddiaçı mənzilini təhvil alması üçün dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. Bundan əlavə iş materiallarındandan görünür ki, tərəflər arasında əvvəllər də məhkəmə çəkişmələri olmuş, İddiaçı "xxxx" MMC-yə qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən tələb üzrə mübahisəyə hər üç instansiya məhkəməsində baxılmış və iddia "xxxx" MMC-nin xeyrinə həll olunmuşdur. Sonuncu məhkəmə aktı 06.10.2021-ci il tarixdə çıxarılmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı müqavilə üzrə ona verilməli olan mənzillərin əldə edilməsində hər hansı bir maneə və ya əngəl yaratması halı mövcud deyil. Əksinə olaraq, cavabdeh iddiaçıya ona məxsus mənzillərin təhvil alınması üçün yazılı və şifahi müraciətlər edilmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri əsassız hesab edərək bildirir ki, ilk növbədə İddiaçı, cavabdeh "xxxx" MMC tərəfindən ona müqavilə üzrə nəzərdə tutulmuş yaşayış sahəsi biri 44 kv.m və digəri 30 kv.m olmaqla 2 ədəd tam təmirli mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı cavabdeh tərəfindən maneə yaradılması halı öz təsdiqini tapmamış, sübutetmə yüklülüyünə uyğun olaraq iddia ərizəsini əsaslı edəcək hallar məhkəmə qarşısında sübuta yetirməmişdir. “RR Construction" MMC-nin müqavilə öhdəliklərinin yerinə yetirməsindən yayınması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh “RR Construction" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh “RR Construction" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar