Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1187/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 5 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi cəlb edilməklə doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 5 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1960-cı il tarixdə Ermənistan SSR-in Artaşat rayonunda anadan olması barədə doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi, bu barədə ona yeni doğum haqqında şəhadətnamə verilməsinin 5 saylı Bakı "Asan xidmət” X4 həvalə edilməsi, doğum haqqında şəhadətnaməmin ata qrafasında X5, ana qrafasında X3 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi doğum haqqında şəhadətnamənin əslinin onda olduğunu bildirərək şəhadətnamənin əslini məhkəməyə təqdim etmiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-nin Masis rayonunda anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi, ona doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi və doğum haqqında şəhadətnamənin ata qrafasında X6, ana qrafasında X1 qeyd edilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6093/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin əslini tapması əsası ilə iddiadan imtina barədə ərizə vermiş və məhkəmə tərəfindən imtina qəbul edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir; İş materiallarında olan 2 sentyabr 1960-cı il tarixli doğum haqqında şəhadətnamənin rus dilindən notarial təsdiq edilmiş tərcüməsindən görünür ki, Ərizəçiovna xx.xx.1960-cı il tarixdə Ermənistan SSR Artaşat rayonu Sarıcalar kəndində anadan olmuş, atası X5, anası X2r; 5 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinin 22 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsinin məlumatları arasında ziddiyyət olduğundan doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir; Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin əsli mövcud olmadığından doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Daha sonra ərizəçi doğum haqqında şəhadətnamənin əsli tapıldığından və həmin şəhadətnamədə doğum tarixi fərqli qeyd olunduğundan apellyasiya şikayəti verərək iddiasından imtina etmiş və məhkəmə tərəfindən iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Hazırda ərizəçi doğum haqqında şəhadətnamənin əslini təqdim edərək həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 19-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Müddəaların 16-3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməlidir. Bu, qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə inzibati orqan ərizəçidə sənədlərin əsli olduğu halda akt qeydlərinin bərpasından imtina etmişdir və bu səbəbdən ərizəçinin müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə uyğun olaraq inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, yuxarıda qeyd edilən normaların qarşılıqlı təhlili əsasında belə nəticəyə gəlmək olar ki, sənədlərin əsli olduğu təqdirdə müvafiq akt qeydlərinin bərpası inzibati orqanın səlahiyyətidir (vəzifəsidir) və həmin akt qeydlərinin bərpasından imtina edildiyi halda aidiyyəti üzrə inzibati məhkəməyə müraciət oluna bilər. Doğum haqqında şəhadətnamənin şəxsə məxsusluğu faktının müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarının 6 və 6.1-ci bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəhadətnamələrin şəxsə məxsusluğu faktının müəyyən edilməsi Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsi ilə istisna edilmişdir. Eyni zamanda Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarında yalnız hüquq müəyyənedici sənədlərin (vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və s.) şəxsə məxsusluğu faktının müəyyən edilməsi imkanı, digər sənədlərdə isə dəyişikliklərin dövlət qeydiyyatını aparan orqanlar tərəfindən edilməli olduğu müəyyən edilmişdir. Göründüyü kimi, həmin tələbə məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ərizəçiyə aidiyyəti üzrə inzibati orqana, müraciəti təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmaldır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 268-269 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində 5 saylı Bakı “Asan” xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi cəlb edilməklə doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işin icraatına xitam verilsin. Ərizəçiyə aidiyyəti üzrə inzibati orqana, müraciəti təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi Ərizəçi geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1187/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1187/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver