Məhkəmə qərarları › İş №2(005)-1198/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1198/2022

27.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1198/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Soltan oğlunun, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı işə bərpa, işburaxmaya görə əmək haqqının, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı işə bərpa, işburaxmaya görə əmək haqqının, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru X1 imzaladığı 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilib, işinə bərpa edilməklə qətnamə qanuni qüvvəsini alan günə kimi işburaxmaya görə əmək haqqının ödənilməsi; qanunsuz olaraq işdən çıxarılmaqla ötən dövr ərzində keçirdiyi əzab, iztirab və sarsıntı nəticəsində cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyana görə 20000 manat mənəvi təzminatın alınaraq iddiaçıya ödənilməsi; İlkin mediasiya sessiyası üçün ödədiyi 55 manat və dövlət rüsumu kimi ödədiyi 150 manat, ümumilikdə isə 205 manat pul vəsaitinin cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin hesabından tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1980-ci ildə keçmiş Əli Bayramlı şəhər Pedaqoji Texnikumunu qırmızı diplomla bitirərək bir ildən sonra Əli Bayramlı şəhərində pedaqoji fəaliyyətə başlamışdır. 1988-ci ildə keçmiş Azərbaycan Dövlət Pedoqoji İnstitutunun «İbtidai təlimin pedaqoqikası və metodikası» ixtisasını bitirib, ali təhsil almışdır. 1995-ci ildən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən M.Şəhriyar adına 193 saylı tam orta məktəbində sinif müəllimi işləyirdi. Son illərdə məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini işləyən Kəmalə Süleymanova iddiaçı ilə qərəzli olmağa başladı. Direktor müavini ona açıq şəkildə bildirdi ki, məktəbdə işləməyinə imkan verməyəcəkdir. 2021-ci ilin sentyabr ayında X4 məktəbə yeni direktor təyin olundu. Bundan sonra direktor müavini Kəmalə Süleymanovanın sifarişinə əsasən yeni X11 iddiaçını məktəbdən və işdən uzaqlaşdırmaq məqsədilə iddiaçıya qarşı qərəzli hərəkətlər etməyə başladı. X11 və müavini Kəmalə Süleymanova ali təhsilli olduğunu, çoxillik səmərəli pedaqoji fəaliyyətini, əvvəllər keçirilmiş diaqnostik qiymətləndirmədə məktəbin sinif müəllimləri arasında hamıdan yüksək nəticə göstərdiyini (52 bal) və pensiya yaşına az bir müddət qaldığını nəzərə almadan 2021-ci ilin sentyabr ayında iddiaçı üçün sinif təşkil olunmasına süni maneələr yaratdılar. 2021/2022-ci tədris ili üçün məktəbin İ sinfində təhsil almaqdan ötrü valideynlər tərəfindən 68 müraciət daxil olmasına, eləcə də 68 şagird kontingentindən 3 sinfin yaradılmasının mümkün olmasına baxmayaraq onlar qəsdən bir sinfi 29 uşaqdan, digər sinfi isə 30 uşaqdan təşkil edib, üçüncü sinif üçün cəmi 9 uşaq saxlamaqla bu sinfin təşkil olunmasına bilərəkdən imkan vermədilər. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 saylı Qərarı ilə təsdiq edilmiş «Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi»nin 2.6-cı maddəsinə əsasən ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Həmçinin «Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarının 12.1 -ci maddəsində qeyd olunmuşdur ki, ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı 15 nəfərdən az və 20 nəfərdən cox olmamaqla komplektləsdirilir. Lakin məktəbin direktoru ilə onun müavini iddiaçıya qarşı qərəzli hərəkətlər edərək hətta uşaqlarının dərs deyəcəyi sinifdə təhsil almasını istəyən bir neçə valideynə təsirlər etməklə bu valideynlərin uşaqlarını digər siniflərə yazıb, iddiaçını işsiz saxlamışlar. Hansı ki, digər iki sinfin müəllimləri iddiaçıdan fərqli olaraq orta-ixtisas təhsilli olmaqla əvvəllər keçirilmiş diaqnostik qiymətləndirmədə iddiaçının topladığı 52 baldan xeyli aşağı bal toplamışlar. Direktorla müavini iddiaçıya bildirdi ki, məktəbə müraciət edən valideynlər sinif müəllimini seçərkən müraciətlərində guya iddiaçını deyil, digər iki müəllimin adlarını qeyd etmişlər. Lakin təhsil haqqında mövcud olan bütün qanunvericilik aktlarında valideynin 1-ci sinifə qəbulla bağlı onlayn müraciətində yalnız məktəbi seçmək hüququ vardır. Təhsil haqqında mövcud qanunvericilikdə valideynin müəllimi seçmək kimi imkanı yoxdur. Bundan başqa məktəbin direktoru ilə müavini iddiaçıya qarşı qərəzli hərəkətlərini davam etdirərək xəstəliklə bağlı işə çıxa bilməyən ibtidai sinif müəllimi Nəcibə Vəliyevanın dərs dediyi İ «a» sinfindəki dərs saatlarını əvəzçiliklə iddiaçıya deyil, əvvəlcə məktəbdə laborant işləyən Günay adlı texniki işçiyə həvalə etdilər. Buna etiraz etdikdə direktor Nihal Hacıyevə dərhal həmin laborantı sinifdən çıxarıb, İ «a» sinfinin dərs saatlarını digər sinif müəllimləri Şəhrizad müəllimə və Arzu müəllimə arasında böldü. Bu barədə bir neçə dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsinə, xüsusən də Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə rəsmi müraciətlər etsə də, heç bir nəticəsi olmadı. Çünki məktəbin direktoru Nihal Hacıyevanın deməsinə görə anası Yaqut xanım əvvəllər Bakı şəhəri üzrə Təhsil İdarəsində işləmiş, hazırda isə 26 saylı tam orta məktəbin direktorudur. Nihal Hacıyevanın təbirincə desək hara şikayət etsə də, xeyri olmayacaqdır. Məktəbin direktoru Nihal Hacıyeva artıq 22 sentyabr 2021ci il tarixdə iddiaçıya «əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi» göndərdi. Həmin bildirişdə qeyd olunur ki, Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 «c» sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq iddiaçıya ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilir. Bu xəbərdarlıq əmək qanunvericiliyinin bütün tələbləri gözlənilməklə, işçilərin ixtisası, peşəkarlıq səviyyəsi nəzərə alınmaqla edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi (9 həftə qabaq) 24 noyabr 2021-ci il tarixdə ləğv ediləcəkdir. Azerbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə o, bir iş günü əmək funksiyasının icrasından azad olunur. Tamamilə qanunsuz olan bu xəbərdarlıq bildirişini aldıqdan sonra, eləcə də məktəbin direktoru Nihal Hacıyeva ilə onun müavini Kəmalə Süleymanovanın iddiaçıya qarşı qanunsuz və qərəzli hərəkətləri davam etdiyindən səhhətində ciddi problemlər yaranmağa başlandı. Demək olar ki, mütəmadi olaraq arterial qan təzyiqi yüksəldiyindən tez-tez təcili tibbi yardım maşını çağırmaq məcburiyyətində qalmışdır. Bütün bunlara baxmayaraq məktəbin direktoru Nihal Hacıyevə iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında 24 noyabr 2021-ci il tarixli, 231 saylı əsassız və qanunsuz əmr imzaladı. Bundan bir gün əvvəl isə məktəbin həmkarlar təşkilatı onlayn formada iclas keçirib iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məsələyə razılıq verdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Soltan oğlu ayrıayrılıqda izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi X4 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 193 nömrəli tam orta məktəbin direktoru Nihal Hacıyevaya ünvanlanmış 12.11.2021-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.05.2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.7-ci bəndini və zəruri ehtiyacı nəzərə alaraq, rəhbərlik etdiyi məktəbin xəstəliyə görə əmək qabiliyyəti olmayan ibtidai sinif müəllimi X2 2a sinfindəki vakant olan Äna dili, riyaziyyat fənləri üzrə 14 saat dərs yükünün X3 tərəfindən, həyat bilgisi, fiziki tərbiyə, texnologiya, təsviri incəsənət fənləri üzrə 5 saat dərs yükünün X9 tərəfindən iki sinif komplektində ümumi dərs yükü 36 saatı aşmamaq şərtilə 01.11.2021-ci il tarixdən X7 cari tədris ili ərzində işə qayıdanadək tədris edilməsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi etiraz etməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Vəkil ünvanlanmış 18.04.2022-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.05.2018-ci ü tarixli, F-348 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.7-ci uyğun olaraq zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.09.2021-ci il tarixli, 481 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi ilə Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin 1-ci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq onun ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilir. Bu xəbərdarlıq əmək qanunvericiliyinin bütün tələbləri gözlənilməklə, işçilərin ixtisası, peşəkarlıq səviyyəsi nəzərə alınmaqla edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi (9 həftə qabaq) 24.11.2021-ci il tarixdə ləğv ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 05.11.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, 2021-2022-ci tədris ili üzrə İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrindən, o cümlədən 193 nömrəli tam orta məktəbdən İ siniflərə qəbul aparılan hər bir sinif üzrə müəllimin adı, soyadı və ata adı göstərilməklə, həmin siniflərə yerləşdirilə biləcək maksimum şagird sayına dair məlumatlar toplanılmışdır. Toplanılan məlumatlar mektebeqebul.edu.az elektron sistemində yerləşdirilmişdir. Cari tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsi üzrə 3 birinci sinif açılmışdır. Həmin siniflərdə dərs demək üçün 193 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən 3 müəllim təyin olunmuş, təyin olunmuş müəllimlər arasında iddiaçının da adı qeyd olunmuşdur. Azərbaycan Respublikası təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-162 nömrəli “2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” əmrinə əsasən ümumi təhsil müəssisələrinin İ siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat müddəti ərzində 193 nömrəli tam orta məktəbdə adınıza açılmış 1c sinfinə valideynlər (qanuni nümayəndələr) tərəfindən 9 sorğu yerləşdirilmişdir. “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli Qərarına əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai (l-İV siniflər), ümumi orta (V- İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2021-2022-ci tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə iddiaçının adına sinif açılması mümkün olmamışdır. Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı Əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, 2021/2022-ci tədris ilinin 1-ci yarımilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-cimaddəsinin “b” bəndinə uyğun olaraq 24.11.2021-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş 266 saylı, 20.12.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri 193 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş İddiaçı məktəbin 231 saylı, 24.11.2021-ci il tarixli əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı 2021-ci ilin noyabr ayında hesablanmış ixtisar pulu, (orta aylıq əmək haqqının iki misli) 1468.48 manat və yekun haqq-hesaba görə hesablanmış 235.84 manat olmaqla cəmi 1704.32 manat hesablanmış əmək haqqı ödənilmişdir. Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 136 saylı Əmrdən çıxarışdan müəyyən olunur ki, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyaları keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin azərbaycan bölməsinin ibtidai sinif müəllimi İddiaçı Azərbaycan respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə hazırkı iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəlləsinin 80-ci maddəsininə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını“işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinin birinci cümləsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. «X5» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, həmkarlar ittifaqları öz üzvləri ilə müdiriyyət arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər. Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən, Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Müdiriyyətin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin эözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir. Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər.“ Məhkəmə iclasında müəyyən edildi ki, 2021-2022-ci tədris ili üzrə İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrindən, o cümlədən 193 nömrəli tam orta məktəbdən İ siniflərə qəbul aparılan hər bir sinif üzrə müəllimin adı, soyadı və ata adı göstərilməklə, həmin siniflərə yerləşdirilə biləcək maksimum şagird sayına dair məlumatlar toplanılmışdır. Toplanılan məlumatlar mektebeqebul.edu.az elektron sistemində yerləşdirilmişdir. Cari tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsi üzrə 3 birinci sinif açılmışdır. Həmin siniflərdə dərs demək üçün 193 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən 3 müəllim təyin olunmuş, təyin olunmuş müəllimlər arasında iddiaçının da adı qeyd olunmuşdur. Azərbaycan Respublikası təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-162 nömrəli “2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” əmrinə əsasən ümumi təhsil müəssisələrinin İ siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat müddəti ərzində 193 nömrəli tam orta məktəbdə adınıza açılmış 1c sinfinə valideynlər (qanuni nümayəndələr) tərəfindən 9 sorğu yerləşdirilmişdir. “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli Qərarına əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai (l-İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2021-2022-ci tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə iddiaçının adına sinif açılması mümkün olmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.09.2021-ci il tarixli, 481 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi ilə Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin 1-ci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 “c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq onun ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı Əmri ilə 2021/2022-ci tədris ilinin 1-ci yarımilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq 24.11.2021-ci il tarixdən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsi ştat vahidi kimi nəzərə alına bilməz. “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsi həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməmişdir. Odur ki, 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən «Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 «c» sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür» cümləsi qanunsuzdur. İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunauyğun olmadığından iddia tələbi iddiaçının işə bərpa olunması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı işə bərpa, işburaxmaya görə əmək haqqının, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddiası qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə bərpa edilməli, onlara məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin, onlara məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar