Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1200/2020 16.03.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 47 mənzil 44-dəkı mülkiyyətindən istifadə hüquqlarına xitam verilməklə, onun həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına, mənzilin boşaldılmasına, mənzilin iddiaçının istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək cavabdehin istifadə hüquqlarının itirilməsi verilməsi, onun həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına, mənzilin boşaldılmasına, mənzilin iddiaçının istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 12.04.2013-cü il tarixli 2(005)-870/2013-cü il saylı qətnaməsi ilə Cavabdeh 26750 manat məbləğində pulun tutlaraq ona ödənilməsi qət edilmiş, qətnamənin icrası məqsədi ilə borclunun mülkiyyətində olan məzilin üzərinə həbs qoyularaq, tutma həmin mənzilə yönəldilmişdir. Nəticədə sözügedən mənzil hərraca çıxarılmış və 19 mart 2018-ci il tarixdə onun tərəfindən 31500 manata alqı-satqı müqaviləsi əsasında satın alınmışdır. Mənzil hazırda onun tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər və hazırda qeydiyyatda olan Cavabdeh mənzili iddiaçıya satdıqdan sonra qeydiyyatdan çıxacağını bildirsə də bugünədək mənzildən qeydiyyatdan çıxmaması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəlkili X2 təmsil etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun, eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 19 mart 2018-ci il tarixli hərracın yekunları barədə protokoldan görünür ki, Nərimanov Rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında ünvan 1 ünvanında yerləşən yaşayış evi hərraca çıxarılmış İddiaçı 19 mart 2018-ci il tarixdə onun tərəfindən 31500 manata satın alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına 22.10.2019-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 31022841 saylı, 21.12.2019-cu il tarxli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış evində qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.04.2013-cü il tarixli 2(005)-870/2013-cü il saylı qətnaməsi ilə Cavabdeh 26750 manat məbləğində pulun tutlaraq ona ödənilməsi qət edilmiş, qətnamənin icrası məqsədi ilə borclunun mülkiyyətində olan məzilin üzərinə həbs qoyularaq, tutma həmin mənzilə yönəldilmişdir. Nəticədə sözügedən mənzil hərraca çıxarılmış və 19 mart 2018-ci il tarixdə onun tərəfindən 31500 manata satın alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən müvafiq mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına 22.10.2019-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Bundan başqa «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; Bu Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzildə qalması və mənzildən çıxmaması iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən Cavabdeh mübahisəli mənzildən qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və müvafiq qətnamə cavabdehin həmin mənzildən çıxarılması və mənzilin onun tərəfindən boşaldılması və pasport qeydiyyatından çıxması üçün əsas olmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evinə istifadə hüquqları itirilməli, o həmin mənzildən pasport qeydiyyatından çıxarılmalı, mənzil boşaldılmalı, mənzil iddiaçının istifadəsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47 nömrəli evin 44 nömrəli mənzilə olan yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47 nömrəli evin 44 nömrəli mənzildən çıxarılsın. Həmin mənzil boşaldılaraq İddiaçı istifadəsinə verilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 47 nömrəli evin 44 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1200/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1200/2020
16.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver