Məhkəmə qərarları › İş №2(005)-1221/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1221/2025

11.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1221/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında olan əmək münasibətlərinə xitam verilməsinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı səlahiyyətin X2 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-cü ilin noyabr ayının 13-dən "AQ İnşaat Servis MMC-də komendant vəzifəsinə işə başlamışdır.“AQ İnşaat Servis MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə 01103-P11-37616 nömrə ilə dövlət qeydiyyatından keçərək, xx.xx.20219-cu il tarixli alqı-satqı müqaviləsi ilə həmin hüquqi şəxsin 2 manat, 1 payla təsisçilərindən biri olmuşdur.Cəmiyyətin üzvlərinin ümumi yığıncağının xx.xx.2019cu il tarixli qərarına əsasən “AQ X4 Məsuliyyətli Cəmiyyəti yenidən təşkil edilərək “AQ İnşaat Servis Mənzil-Tikinti Kooperativinə çevrilmişdir.xx.xx.2019-cu il tarixdə Təsisçilərin qərarı ilə Kooperativin direktoru vəzifəsinə təyin edilmişdir.2022-ci ilin dekabr ayına kimi əmək haqqı almış,lakin 2023-cü ilin yanvar ayından hal-hazıra kimi həmin şirkətdə adı direktor vəzifəsində getməsinə baxmayaraq əmək haqqı almır.Ailə vəziyyəti çətin olduğuna görə iş fəaliyyətini davam etdirə bilmir.Həyat yoldaşı onkoloji xəstə olduğuna görə, yoldaşının səhəti ilə əlaqədar Gürcüstan Respublikasına köçmək istəyir.2020-ci ildən bəri dəfələrlə tutduğu vəzifədən azad edilmə barədə “AQ İnşaat Servis Mənzil-Tikinti Kooperativinə, onun təsisçilərinə və Azərbaycan Respublikasının yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinə ərizə ilə müraciət etməyinə baxmayaraq, heç bir nəticəsi olmamışdır.Dövlət Vergi Xidmətinin müraciətinə uyğun göndərmiş olduğu xx.xx.2023-cü il tarixli, **********283700 saylı cavab məktubunda da hüquqi şəxslə arasında yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi qeyd olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, "xxxx" MTK ilə arasında əmək müqaviləsi bağlansa da, ora əmək fəaliyyəti ilə məşğul olmamış, əmək haqqı almamışdır. İşdən azad edilməsi ilə bağlı müəssisəyə dəfələrlə müraciət etsə də, onun müraciətlərinə ümumiyyətlə münaisbət bildirilməmiş, dövlət orqanları isə məhkəməyə mürciət etməyi tövsiyə etmişlər. Hazırda həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir. Onun müalicəsi üçün külli miqdarda pul vəsaiti tələb olunur. Lakin iddiaçı heç bir müəssisədə işə düzələ bilmir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, faktiki əmək münasibətlərinin mövcud olmamasına baxmayaraq, iddiaçının müvafiq altsistemə əmək müqaviləsi bildirişinin mövcudluğu onun əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasında nümayəndlərinin iştirakını təmin etməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işin materialları - X2 Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli Hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi haqqında məktubundan görünür ki, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmə səlahiyyəti verilməmişdir. - X2 Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, AQ-inşaatçı Servis” Mənzil-Tikinti Kooperativində əmək hüquqlarınızın pozulması barədə müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılır.Araşdırılması qeyd edilən pozuntuların dəqiqləşdirilməsi məqsədilə 7 iş günü ərzində hər hansı DOST Mərkəzinə gəlməsi xahiş olunmuşdur. - X2 Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli Hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi haqqında məktubundan görünür ki, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmə səlahiyyəti verilməmişdir. -xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin qərarından görünür ki, İddiaçı direktor vəzifəsinə təyin edilmişdir. - xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01246 nömrəli Bakı 18 saylı Medasiya təşkilatının ilkin medasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki. İddiaçı ilkin medasiya sessiyasında iştirak etmiş və 50 manat ilkin medasiya xərci ödəmişdir. - Əmək müqaviləsinə dair bildirişin surətindən görünür ki, X1 "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdə direktor vəzifəsinə işə qəbul edilmişdir; - Əmək müqaviləsinə dair bildirişin surətindən görünür ki, X1 "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdə komendant vəzifəsinə işə qəbul edilmişdir Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-1 -ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1- ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7.2-1 -ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 9-cu maddəsinin "o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir; 12-ci maddəsinin 1 -ci bəndinin "h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 46-cı maddəsinin 1-ci hissəsinə əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 49-cu maddəsinin l-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 2-ci hissəsinə əsasən Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir; 49-cu maddəsinin 2-2-ci hissəsinə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir; 49.4-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə işəgötürən "xxxx" MTK arasında əmək müqaviləsi üzrə əmək münasibətləri mövcud olmadan elektron sistemdə sanki tərəflər arasında əmək müqaviləsi bağlanması ilə əlaqədar bildiriş qeydə alınmışdır. O, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmiş, qeyd edilən qurum isə işəgötürən müəssisəyə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Məhkəmə qeyd edir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Lakin işin faktiki hallarından müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında həqiqi əmək münasibətləri mövcud deyildir, lakin işçinin sanki cavabdeh müəssisədə əmək münasibətlərinin mövcud olması ilə bağlı elektron bildiriş isə qüvvədədir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı və "xxxx" MTK arasında bağlanmış “direktor” vəzifəsinə təyin edilməsi barədə əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə uyğun olaraq isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış “direktor” vəzifəsinə təyin edilməsi barədə əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar