Məhkəmə qərarları › İş №2(005)-1234/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1234/2022

27.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1234/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu. A.M.Cümə küçəsi, məhəllə 1969 ünvanda yerləşən 32 saylı evin 32 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2009-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, məhəllə 1969 ünvanda yerləşən 32 saylı evin 32 nömrəli mənzilini 2009-cu ildə əldə etmiş və bu barədə Nərimanov İcra Hakimiyyəti tərəfindən 007270 saylı xx.xx.2009-cu il tarixli Order verilmişdir. İddiaçı ilə yanaşı həmin mənzilə həmin vaxt üçün azyaşlı olan uşağı Cavabdeh da istifadə hüquqları verilmiş və pasport qeydiyyatına alınmışdır. Lakin qeyd olunmalıdır ki, Cavabdeh həmin mənzildə anası ilə birlikdə yaşamamışdır, öncə nənəsi ilə yaşamış, daha sonra bir müddət Türkiyədə hazırda isə Almaniyada daimi əsaslarla yaşayır. İddiaçıda olan məlumata görə cavabdeh həmin ölkənin vətəndaşlığı üçün müraciət etmişdir və ölkəyə qayıtmaq niyyəti yoxdur. Göründüyü kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları formal xarakter daşıyır. Hazırda iddiaçı özünə məxsus mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaq niyyətindədir, lakin cavabdehin formal hüquqlarına görə bu hüququndan istifadə edə bilmir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına razılığın olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, məhəllə 1969 ünvanda yerləşən 32 saylı evin 32 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan, xx.xx.2009-cu il tarixli Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin №007270 saylı orderinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, məhəllə 1969 ünvanda yerləşən 32 saylı evin 32 nömrəli mənzili İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna əsasən göndərilmiş fərdi uçot kartoçkasından görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, məhəllə 1969 ünvanda yerləşən 32 saylı evin 32 nömrəli mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin №007270 saylı orderinə əsasən BaBakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, məhəllə 1969 ünvanda yerləşən 32 saylı evin 32 nömrəli mənzili İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. Hazırda Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayış). İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 08 oktyabr 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2009-cu ilin sentyabr ayından yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” Konstitusiya Məhkəməsi 29 mart 2016-cı il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. .......əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin və 228.5-ci maddəsinin müddəaları çıxış edir. Belə ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. MM-in 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Məhkəmə araşdırması zamanı cavabdehin Bakı şəhəri, Nərimanov rayonu. A.M.Cümə küçəsi, məhəllə 1969 ünvanda yerləşən 32 saylı evin 32 nömrəli mənzilində uzun müddət yaşamadığı, ölkə hüdudları xaricində yaşadığı, bu səbəbdən də hazırda cavabdehin mübahisəli mənzilə dair yəni yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı müəyyən edilmişdir. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, mübahisələndirilən mənzil xx.xx.2009-cu il tarixli Orderə əsasən İddiaçı verilmişdir və hazırda da istifadəsindədir. Həmin mənzilə Cavabdeh - 2012-ci ildən qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının oğludur. Cavabdeh uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır. Göründüyü kimi, cavabdeh yaşamaq üçün ölkə hüdudlarından kənarda yaşamaq üçün köçmüş (EMİS əldə olunmuş məlumata əsasən xx.xx.2018-ci il tarixdən sərhəddən çıxmışdır), yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı müəyyən edilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu. A.M.Cümə küçəsi, məhəllə 1969 ünvanda yerləşən 32 saylı evin 32 nömrəli mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasa da, bəhs edilən Orderə əsasən iddiaçının həmin mənzilə mülkiyyət hüququna dair hüquqi gözləntisi vardır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, Cavabdehnın Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, məhəllə 1969 ünvanda yerləşən 32 saylı evin 32 nömrəli mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, məhəllə 1969 ünvanda yerləşən 32 saylı evin 32 nömrəli mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar