Məhkəmə qərarları › İş №2(005)-1235/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1235/2022

10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1235/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Qasımov Əli Müşviq oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi, maraqlı Maraqlı şəxs cəlb edilməklə doğumun faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16 yanvar 2013-cü il tarixdə anadan olmuş kişi cinsindən olan uşağın doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o , X6 ilə qeyri rəsmi ər-arvad kimi birgə yaşamış və birgə yaşayış dövründə 16 yanvar 2013-cü il tarixdə Saatlı rayonu Məmmədabad kənd xəstəxanasında bir oğlan uşağı doğulmuşdur. Oğlunun doğumu tibb müəssisəsində olsa da, sonradan tibb müəssisəsində yanğın baş verdiyindən, doğum haqqında tibbi şəhadətnaməni ala bilməmişdir. Lakin Məmmədabad kənd Həkim Məntəqəsi tərəfindən arayış verilmiş və həmin arayış oğlunun doğumunu təsdiq edir. Lakin oğluna doğum haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət X4 müraciət etsə də, doğum haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən, doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Doğum haqqmda şəhadətnaməni başqa qaydada almaq mümkün olmadığından, hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, uşağın doğumu qeydə alınmadığından digər aidiyyəti sənədləri də əldə edə bilmirlər. Bu səbəbdən uşağın məktəbə göndərilməsi də mümkün olmamışdır. Məhkəmənin təşəbbüsü ilə Maraqlı şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə irəli sürülmüş tələbin və tələbin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə məktubla müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Saatlı rayonu Məmmədabad kənd həkimi və 1 ilə yaxındır ki, məntəqənin baş həkim əvəzləyicisidir. Ərizəçini və onun ailəsini tanıyır. Yaşadığı ev kənd tibb məntəqəsinin yaxınlığındadır. Ərizəçinin qaynanası onu doğuşu qəbul etmək üçün gətirmişdir və 16 yanvar 2013-cü il tarixdə ərizəçinin oğlan uşağının doğulmasında bilavasitə iştirak etmişdir. Uşaq həmin kənd tibb məntəqəsində, sağlam doğulmuşdur. Həmin dövrdə 4 kəndin bir stasionar xəstəxanası olub, həmin xəstəxana Fətəli kəndində yerləşir. Sadəcə artıq gec olduğu üçün ərizəçini həmin xəstəxanaya aparmayıblar. Lakin şahid A.Məmmədova telefon vasitəsilə Fətəli kəndindəki xəstəxananın həkimi ilə da əlaqə saxlayaraq ona məlumat vermişdir. Daha sonra şahid ərizəçiyə və onun yaxınlarına bildirmişdir ki, uşaq Məmmədabad kənd məntəqəsində doğulsa da, ora sadəcə ambulator tibb məntəqəsidi, mütləq Fətəli kənddə yerləşən stasionar jurnalda qeydiyyata düşmək lazımdır. Lakin nə ərizəçi, nə də qaynanası Fətəli kənd xəstəxanasına müraciət etməmişdirlər. Məmmədabad kənd məntəqəsində olan ambulator jurnal isə, həqiqətən, ərizəçinin də bildiriyi kimi, yanğında məhv olmuşdur. Uşağı körpəlikdən tanıyır, 16 yanvar 2013-cü ildə doğulan uşaq olduğuna əmindir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçi oraya hələ bu uşaq körpə olanda köçmüşdür. Ərizəçinin iki uşağı var, həmin həyətdəki evlərdən birində təmizlikçi işləyir. Uşağın ərizəçinin oğlu olduğunu təsdiq edir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur, bir həyətdə yaşayırlar. Ərizəçi həmin binada kirayədə yaşayır. Oraya köçəndə ərizəçinin oğlu hələ körpə idi. Hər gün bir həyətdə görüşürlər. Uşağın ərizəçinin oğlu olduğunu təsdiq edir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib,ekspertiza rəyini nəzərə alıb, habelə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan: Məmmədabad kənd məntəqəsinin mama həkimi və məntəqənin baş həkim əvəzləyicisi X9 tərəfindən imzalanan arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayon sakini Ərizəçi xx.xx.2013-cü il tarixdə sağlam bir oğlan uşağı dünyaya gətirmişdir. Uşaq hal-hazırda sağlam yaşayır. Azərbaycan Respublikası 5 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/76-278 saylı məktubundan görünür ki, iddiaçı Ərizəçi doğumun qeydə alınmasından imtina olunmuş və doğum faktının təsdiqi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında“ xx.xx.2022-ci il tarixli, ******* №-li arayışından görünür ki, Ərizəçi 16 sentyabr 2020-ci il tarixdən ünvan 1 ünvanına qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Saatlı rayonunda doğulub. X3, anası Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 3340 № ilə qeyd aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Publik Hüquqi şəxsinin 2(005)-1235/2022 saylı mülki iş üzrə 273/2022-MTBŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunan uşağın X6 və Ərizəçi cütlüyündən törəməsi mümkündür. Belə olan halda Ərizəçi ekspertizaya təqdim olunmuş uşağa qarşı analıq faktı inkar olunmadı. Yəni Ərizəçi təqdim olunan uşağın anası ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü və 307.2.11-ci maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1 -ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydaların 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd doğumun qeydə alınması üçün təqdim edilən sənədlərə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində bildirilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, Ərizəçi xx.xx.2013-cü il tarixdə doğulmuş oğlan uşağının anası olması mülki işin materialları, tibbi məntəqənin arayışı və şahidlərin ifadəsi ilə sübuta yetir. Həmin uşaq tibb məntəqəsində doğulmuşdur. Lakin həmin məntəqədə ambulator jurnal məhv olduğundan, stasionar tibb müəssisəsinə isə ərizəçi müraciət etmədiyindən uşağın ərizəçidən doğulmasını təsdiq edən tibbi şəhadətnamənin alınması mümkün olmamışdır. Həmin sənədin olmaması da uşaqla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeydin aparılmasını və buna uyğun olaraq uşağa doğum haqqında şəhadətnamənin verilməsini qeyri-mümkün edir. Ərizəçi bu sənədin əldə edilməsi, habelə uşağın doğumu ilə bağlı qeydin aparılması üçün aidiyyəti orqanlara müraciət etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Ərizəçi xx.xx.2013-cü il tarixdə oğlan uşağının doğulmasını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə qeyd edilən uşağın bir insan fərdi olaraq, tam hüquqlu şəxs kimi qeydiyyata alınması, gələcəkdə digər sənədlərin alınmasının təmin edilməsi və onun insan və vətəndaş hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Ərizəçi xx.xx.2013-cü il tarixdə Saatlı rayon Məmmədabad kənd məntəqəsində 1 (bir) oğlan uşağı doğması faktı öz təsdiqini tapdığından, ərizəçi bu faktı təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Məhkəməyə ərizə vermək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2013-cü il tarixdə Saatlı rayon Məmmədabad kəndində bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar