Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1244/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə onun yaşadığı evə və torpağına mülkiyyət hüququnun tanınması vəzifə öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanında 1988-ci ildən ailəsi ilə birlikdə yaşayır. İki oğlu və bir qızı vardır. Böyük oğlu və qızı ailə həyatı qurmuş, onlar ayrı yaşayırlar.Hzırda onunla birlikdə həyat yoldaşı, oğlu, gəlini, və nəvəsi yaşayır. Özü AR Silahlı Qüvvələr veteranı, AR müharibə veteranı, 1992-ci ildə Kəlbəcər rayonunda vuruşmuş Ədliyyə polkovnik leytenantıdır. O Gəncə polkunun komandir müavini olmuşdur. Hazırda əmək pensiyası alır. O 35 ildir ki, həmin evdə yaşayır. İddiaçı ailəsi ilə birlikdə qeyd edilən evdə qeydiyyatdadır. Lakin onun mülkiyyət hüququ yoxdur. Onun qonşularından demək olar ki, əksər vətəndaşlar çıxarış almışdır. O Dövlət xidmətinə müraciət etdiyi zaman ona bildiriblər ki, AR Prezidentinin “Bakı şəhərində mühəndiskommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-cı il tarixli, 1184 nömrəli Fərmanına əsasən, bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələri üzərində hüquqlarının qeydiyyatı müvəqqəti dayandırılmışdır. Bu səbəbdən hazırda Bakı şəhəri ərazisində bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət reyestrində ilkin qeydiyyatı həyata keçirilmir. İcra hakimiyyətlərinin sərəncam vermək hüququnu müvəqqəti olaraq dayandırmışlar. Qanuna görə vətəndaş 5 il sənədsiz evdə yaşayıb, kommunal xərclərini ödəyirsə, onun mülkiyyət hüququ tanınır. O isə düz 35 ildir ki, o evdə yaşayır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun 2.0.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hazırkı iddia tələbinin əsasını mülkiyyət hüququnun tanınması tələbi təşkil edir. Belə ki, tələbin əsasında hər hansı mülki əqd dayanmır, münasibətlər mülki müqavilədən irəli gəlmir. Mübahisə iddia tələbinin mahiyyətinə, subyekt tərkibinə görə mülki hüquq münasibətlərindən yaranan tələb hesab edilə bilməz. Eyni zamanda cavabdeh qismində də inzibati orqan olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qoyulmuşdur. Bu səbəblərdən də həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, və ya iddiaçının rüsum ödəməkdən azad olduğunu göstərən hər hansı sənəd əlavə edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyətı üzrə səlahiyyətli olan məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1244/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1244/2024
25.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver