Məhkəmə qərarları › İş №2(005)-1270/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1270/2025

15.04.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1270/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı “Sərhədçi Servis“ Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı müqavilələrin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Xətai rayonu, Ceyhun Həsənov, bina 93, mərtəbə 4-də yerləşən, 2 saylı mənzilin mülkiyyətçisi Cavabdeh Məhəmməd oğlunun üzərinə İddiaçı MMC ilə mənzil-kommunal xidməti haqqında müqavilənin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün 624 ailəlik yaşayış kompleksi tikilib istifadəyə verilmişdir. Mənzillər ”Sərhədçi-2015" MTK tərəfindən müxtəlif illərdə ipoteka yolu ilə satılmışdır. Mənzillər satılarkən hər bir mülkiyyətçi ilə MTK arasında yaşayış kompleksində mənzil-kommunal xidməti göstərmək məqsədi ilə müqavilələr bağlanmışdır. Sonradan MTK öz fəaliyyətini dayandırdığına görə Vergilər Nazirliyi tərəfindən 22 iyun 2018-ci ildə İddiaçı MMC yaradılmışdır və həmin MMC bu günə qədər mülkiyyətçilərə kommunal xidməti göstərməkdədir.Bildirir ki, bir çox sakinlər və mülkiyyətçilər dəfələrlə şifahi, rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək bu günə qədər İddiaçı MMC ilə mənzil-kommunal xidməti haqqında müqavilə bağlamaqdan yayınırlar ki, bu da son nəticədə müəssisə tərəfindən kommunal xidmət haqqını yığılmasında çətinliklər yaradır. Cavabdeh olan mülkiyyətçi X2 “Sərhədçi-2015“ MTK-dan Bakı şəhəri,Xətai rayonu,Ceyhun Həsənov, bina 93, mərtəbə 4-də yerləşən, 2 saylı mənzili almışdır. Lakin cavabdeh mənzili aldıqdan bu günədək mənzil-kommunal xidməti haqqında müqavilə bağlamaqdan yayınmış və bu müddət ərzində tərəflərindən xidmət göstərilməsinə baxmayaraq cavabdeh kommunal xidmət haqqını ödəməmişdir.Bildirilir ki, iddia tərəfindən sözügedən binaya mənzil-kommunal xidməti göstərilir və digər mülkiyyətçilərlə mənzilkommunal xidməti haqqında müqavilə bağlanmışdır. Müqavilə bağlanmış mülkiyyətçilər də həmin xidmətlərdən istifadə edir və bunun müqabilində xidmət haqqı ödəyir. Lakin cavabdeh də qeyd edilən xidmətlərdən istifadə edir, tam xidmət haqqı ödəmir. Bu da xidmət haqqı ödəyən digər mülkiyyətçilərə haqsızlıq olunması ilə yanaşı,onların da xidmətinin haqqını ala bilməməyinə səbəb olmuşdur. Mülkiyyətçi Cavabdeh 2018-ci ildən 2024-cü ilin 01 dekabr tarixə kimi kimi 2020-ci il üzrə 9 ay *25 man=225 manat,2023-cü ildə 12 ay *25 man* 300 manat,2024-cü ildə 12 ay * 25 manat=300 manat olmaqla müəssisəyə 825 manat ödənilməmiş borcu qalır. Hər dəfə müqavilə bağlamadığını qeyd edərək tam ödəniş etmir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən idda tələbinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı “Sərhədçi Servis “ Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Həmçinin o, binanın komendatının tez tez dəyişdiyini, hasar çəkilişinə və s. xidmətlər üçün ödənişlər tələb edildiyini qeyd etdi. Bildirdi ki, o, qazidir və qulaqlarında problemlər var. Müalicə olunmalı və yaxşı eşitmədiyi üçün aparat almalıdır. Əlillik dərəcəsi verilmədiyi üçün dövlət tərəfindən təmin edilmir. Eyni zamanda mənzilinin ipoteka kreditini ödəyir. Komendant ödənişi etmədiyi halda işiğını kəsəcəyini bildirib. Binada məişət tullantılarını qapısının kənarına qoymaqla atılan vətəndaşların olduğunu, onun isə məişət tullantılarını özünün atdığını; ödəniş etməyən digər vətəndaşların da olduğunu, lakin onlara qarşı belə tələb olmadığını bildirdi. Mülki işin materialları: Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Sərhədçi Servis“ MMC tərəfindən 12 dekabr 2024-cü il tarixdə Bakı şəhəri,Xətai rayonu, Ceyhun Həsənov, bina 93, mərtəbə 4-də yerləşən, 2 saylı mənzilin mülkiyyətçisi Cavabdeh ünvanlanan №979/24 məktubdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh mənzilkommunal xidməti haqqında müqavilə bağlamaqdan imtina etmişdir. Cavabdeh hər ay 1dən 5-nə kimi mütəmadi olaraq kommunal xidməti ödəməli olduğu,lakin 2018-ci ildən 2024-cü ilin 01 dekabr tarixə kimi 2020-ci il üzrə 9 ay * 25 man=225 man, 2023-cü ildə 12 ay *25 man= 300 man, 2024-cü ildə 12 ay * 25 man= 300 manat olmaqla müəssisəyə S25 manat kommunal borcunun olduğu bildirilmiş və hər ayın 1-i tarixindən gec olmayaraq 25.00 (iyirmi beş manat ) məbləği icraçı Sərhədçi-Servis” MMC-ə nəğd və ya köçürmə yolu ilə ödəmə öhdəliyi barədə xəbərdarlıq edilmiş,əks halda öhdəlik yerinə yetirilmədikdə məhkəməyə müraciət olunacağı qeyd edilib. - xx.xx.2024-cü il tarixli,№AZ1121/********** teleqramdan görünür ki, “Sərhədçi Servis “MMC Cavabdeh ünvanladığı göndəriş çatdırılmışdır. - “Sərhədçi Servis “MMC tərəfindən 26 dekabr 2024-cü il tarixli № 1010/24 arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri,Xətai rayonu, Ceyhun Həsənov (köhnə Sadıqcan) küçəsi , bina 93, mərtəbə 4, mənzil 2-də yaşayır. - “Sərhədçi Servis “MMC tərəfindən 26 dekabr 2024-cü il tarixli № 1012/24 arayışdan görünür ki, Bakı şəhəri,Xətai rayonu, Ceyhun Həsənov, bina 93, mərtəbə 4-də yerləşən, 2 saylı mənzilin sahibi Cavabdeh 25 dekabr 2024-cü il tarixə kimi müəssisəyə 600 manat kommunal xidmət borcu mövcuddur. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumu tərəfindən verilmiş № (VÖEN) ********** X1 Şəhadətnaməyə əsasən “Sərhədçi Servis “Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır. - “Sərhədçi Servis “MMC tərəfindən 25 iyul 2018-ci il tarixli ƏMR №34 əsasən, 2020ci ilin iyul ayında "Sərhədçi Servis’' MMC - nin mənzil-kommunal xidmət göstərdiyi Sərhəd Qoşunlarının zabitləri üçün 8 korpusdan ibarət 624 ailəlik yaşayış kompleksində yeni mənzil-kommunal xidmət tarifi yeni tarif tətbiqi yaşayış sahəsinin hər bir kvadrat metri üçün 0,27 AZN tətbiq edilmişdir. - Sərhədçi Servis “MMC tərəfindən verilmiş,25 oktyabr 2023-cü il tarixli, №25 arayışa əsasən, 2020-ci ilin iyul ayında "Sərhədçi Servis’' MMC - nin mənzil-kommunal xidmət göstərdiyi Sərhəd Qoşunlarının zabitləri üçün 8 korpusdan ibarət 624 ailəlik yaşayış kompleksində yeni mənzil-kommunal xidmət tarifi yeni tarif tətbiqi yaşayış sahəsinin hər bir kvadrat metri üçün 0,27 AZN tətbiq edilmiş,buna qədər “Sərhədçi-2015" MTK-nın 23 may 2016-cı il tarixli ümumi yığıncağın qərarı təsdiq olunmuş tarifə görə 3 otaqlı mənzillər üçün 35 AZN. 2 otaqlı mənzillər üçün 30 AZN, 1 otaqlı mənzillər üçün 20 AZN məbləğində mənlil-kommunal xidmətlərə görə ödəniş tarifi təsdiq edilmişdir və ödənişlər ona uyğun aparılmışdır. - Sərhədçi Servis “MMC tərəfindən verilmiş,12 dekabr 2024-cü il tarixli,ƏMR№202 əsasən, Nümayəndə (şəxsiyyət vəsiqəsinin nömrəsi AA*******) İddiaçı MMC - nin Respublikasının Məhkəmə orqanlarında, Banklarında, Sığorta şirkətlərində və digər xidmət təşkilatlarında iclaslarda iştirak etmək, çıxarışlar almaq və digər əməliyyatlarda iştirak etmək üçün səlahətli nümayəndə kimi iştirak etmək barədə əmr verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli MV №00994 vəsiqəyə əsasən Cavabdeh müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.Vəsiqə müddətsizdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Eyni Məcəllənin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Eyni Məcəllənin 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Mənzil Məcəlləsinin 125.1, 125.2 və 125.4-cü maddələrinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək (m.125.2.4) mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindəndir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ vardır. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələrindəndir. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir (Mənzil Məcəlləsinin 138.1 və 138.4-cü maddələr). Həmin Məcəllənin 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.1 və 141.2-ci maddələrinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: - binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır (Mənzil Məcəlləsinin 141.3 və 141.4-cü maddələri). Mülki Məcəllənin 324.3-cü maddəsində qeyd edilir ki, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (Maddə 324.4) Məhkəmənin mövqeyi Mənzil qanunverciliyinin müvafiq normalarının məzmunundan göründüyü kimi, qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Belə ki, binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Ümumi yığıncaq binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı bir qayda olaraq yazılı müqavilə əsasında ödəməlidirlər. Eyni zamanda çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Əgər binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilməzsə, bu halda binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələnin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar. Beləliklə, qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur. Hazırkı işdə ünvan 1 ünvanındakı yaşayış binasının sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrini təsdiq edən sübut - ümumi yığıncağın qərarı məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsində də mülkiyyətçilərin ümumi yığıncağında binanın idarə edilməsi üsulunun seçilməsinə dair qərarın qəbul edildiyinə deyil, sakinlərin bir çoxu ilə müqavilələrin bağlandığına istinad edilir. Hazırda bütün binaya xidmət göstərildiyini, lakin cavabdehin ödənişləri həyata keçirməkdən boyun qaçırdığı bildirilir və cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulması xahiş edilir. Məhkəmə qeyd edir ki, cavabdehi iradəsinə zidd olaraq onun üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulması mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipinə uyğun deyildir. Buna görə də iddia tələbi təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Göründüyü kimi, mülki qanunvericilik hər hansı müqavilənin bağlanması üçün tərəflərin iradə ifadəsinin olmasını şərtləndirir. Buna görə də məhkəmə qətnaməsilə Cavabdeh üzərinə kommunal xidmətlərlə bağlı "xxxx" MMC ilə müqavilə bağlamaq öhdəliyinin qoyulması yolverilməzdir. Bu hala qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X3rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarına görə sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilələrin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar