Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1304/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirkları ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum faktının müəyyən olunması barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb etdiyi doğum faktının müəyyən olunması barədə ərizə ilə müraciət edərək, Ərizəçi 28 may 1996-cı ildə Bakı şəhərində doğulması faktının müəyyən olunması və onun adına maraqlı şəxs tərəfindən '‘doğum haqqında şəhadətnamənin" verilməsini maraqlı şəxs olan Bakı şəhəri Nərimanov rayonunun Qeydiyyat şöbəsinə tapşırıq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 28 may 1996-cı il tarixində Bakı şəhərində anadan olmuşdur, Atası - xx.xx.1951-ci anadan olmuş X24, Bakı şəhəri, 2-ci Cənub küçəsi, ev 17, mənzil 25-də qeydiyyatda olmuş, anası, Azərbaycan vətəndaşlığı olmayan 1960-cı il təvəllüdlü X30 ilə qeyri-rəsmi nikahda olmuş və nəticədə ərizəçi doğulmuşdur. Anası avtoqəza nəticəsində vəfat edəndən sonra 2002-ci ildən qonşusu X8 himayəsində böyümüşdür. Ona məlum olmayan səbəblərdən Qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnaməm alınmamış və şəhadətnamənin olmaması bu gün ona şəxsiyyət vəsiqəsi və digər sənədlərin alınmasını qeyri-mümkün edir. Mən 18 saylı MKİSdən atasının qeydiyyatı ilə bağlı arayış alarkən – atasının illər əvvəl mövcud olan ailə tərkibi ilə bağlı məlumat almışdır. Onun 2000-ci ildən X18 tərəfindən götürülərək bu günədək yaşamağını sübut edən qonşuları olduğunu qeyd edir. Həmin şəxslər-X12 (ünvanı:Bakı şəhəri. 2-ci Cənub küçəsi. ev 17, mən.23); X19 (ünvanı:Bakı şəh., Nərimanov rayonu. Şahin Mustafayev küc.,ev 27, mən. 145) və X4( ünvanı: ünvan 3S tərəfindən verilmiş şəkilli arayış da təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi öz izahatında bildirdi ki, ana və atasını xatırlamır. Onu Lyubov adlı xanım böyütmüşdür. Hazırda o da rəhmətə gedib. Sənədləri olmadığı üçün orta təhsil almayıb. Hazırda yaşadığı ev plana düşüb, söküləcək. Şəxsiyyət vəsiqəsi alaraq, qeydiyyata düşmək istəyir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil qeyd etdi ki, ərizəçinin əmisi var. Onunla əlaqə saxlanılmağa çalışsa da, o qardaşını tanımaq istəmədiyini, onun oğlu barədə heç bir məlumatı olmadığını bildirib. Ərizəçi vətən qarşısında da öhdəliyini yerinə yetirmək, hərbi qullurda xidmət etmək istəyir, lakin sənədləri olmadığı üçün bu mümknü olmur. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X12 ifadəsində bildirdi ki, Göstərilən ünvana 45 ildir gəlin köçüb yaşayır. Ailəni tanıdığını və Tofiqin babası İmran müəllimi və nənəsi Dusya xanım olaraq tanıdığını, pasportda yazılan adını bilmədiyini bildirdi. Əmisi və Qurbanı tanıdığını və bir binada yaşadıqlarını bildirdi. İmran milliyətcə azərbaycanlı, Dusya isə rus idi. Ailədə iki oğul var idi, Qurban və digər oğlu Vaqif. Qardaşı Qurbandan kiçik idi. Əsədov Qurban içki meyilli idi və bir xanımla qeyri-rəsmi nikah münasibətlərində idi. 1990-cı ilin əvvəlləri onlar birlikdə yaşayırdılar. Qaraçı kökənli, adı Olya idi. Qadın süpürgəçi işləyirdi. Onlar birinci mərtəbədə yaşayırdı. Qeydiyyata saldırmağa çalışsalar da, mümkün olmadı. Qurbanın qardaşı ayrı yaşayırdı. Bir müddət sonra Qurban və Olyanın oğlu oldu. Bunu Dusya xalaya bildirdiklərini və bir müddət birlikdə yaşadılar. Qurban evi satıb ayrı ev almaq istəyirdi, Qurbanla ailə üzvlərinin mübahisəsi yarandı. Tofiqin 2 yaşı olardı, xəbər gəldi ki, Olyanı maşın vurdu. Təxminən 1997-1998-ci illər olardı. Qonşular onu dəfn etdi, hətta həmin vaxt belə Qurbanın ailəsi evə buraxmamışdır. Dəfn edildiyi yeri xatırlamadığını bildirdi. Tofiqi götürüb saxlamaq istədiyini, Dusyanın isə razılıq vermədiyini qeyd etdi. Tofiqin heç bir sənədi yox idi.. Milliyətcə rus bir qadın - Olyanın rəfiqəsi olduğunu bildirib Tofiqi götürüb saxladı. Bundan sonra Tofiqdən məlumat ala bilmədiklərini və bir neçə il sonra Tofiqin 5-6 yaşı olardı həyətə gəldiyini qeyd etdi. Ondan sonra qadın bir də həyətə gətirmədiyini və Tofiq bir neçə il öncə gəlib onlarla görüşdüyünü, həmin vaxt belə onun təhsil almasını soruşmadığını bildirdi. Əsədov Qurban hadisədən uzun müddət sonra spirtli içki aludəçiliyindən rəhmətə getdi. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X14 izahatında bildirdi ki, Tofiqi uşaqlıqdan tanıyır bir həyətdə böyüyüblər, Tofiq məktəbə getməyib. Sənədləri barədə məlumatı olmadığını bildirdi. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X20 ifadəsində bildirdi ki, Tofiq onların ailəsində böyüyüb. Mərhumə anası uşağı – Tofiqi balaca olanda gətirib, sənədlərini düzəltdirmək istəsə də, buna nail ola bilməyib. Bütün bu illər ərzində Tofiqi heç kim axtarmayıb. Ailəsində anası, balaca qardaşı, özü və Tofiq olub. Anatolinin anasının və qardaşının rəhmətə getdiyini və hazırda Tofiqlə birlikdə yaşadıqlarını bildirdi. Mülki işin materialları: -.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X3 Arxivindən xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Qurban Əsədovun doğumunun xx.xx.1951-ci ildə Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alındığı, atasının X26, anasının isə X2 müəyyən edilmişdir. xx.xx.2022-ci ildə vəfat etmiş Q.Əsədovun ölümü xx.xx.2022-ci ildə Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. - 027070 nömrəli arayışdan görünür ki,Ərizəçi 2002-ci ildən etibarən Bakı şəhəri. Nərimanov r-nu Ş.Mustafayev küçəsi,ev 27,mənzil 145 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 103 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş X3 dövlət qeydiyyatı qaydasının 9.7.-ci maddəsinə əsasən Yetkinlik yaşma çatmayan uşaqların və faəliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə,övladlığa götürənlərə,qəyyumlara,himayəçilərə qəyyumluq və himayə orqanlarına tərbiyə müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər.16 yaşına çatmış şəxslərə,onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığı səbəbindən və şəxsiyyəti təsdiq edən sənəd olmadığından Ərizəçi ərizəsi təmin edə bilməmişdir. - xx.xx.2024-cü il tarixli X5 ərizəsindən görünür ki, ünvan 6 ünvanında yaşamış X15 2000ci ildən kimsəsiz olan Tofiq adlı uşağa sığınacaq verərək özünə məxsus olan mənzilə gətirmiş və həmin uşaq onun himayəsində böyümüşdür. Qonşulardan aldığı məlumata görə, 1996-cı il təvəllüdlü Tofiqin atası - Bakı şəhəri, 2-ci Cənub küçəsi ev 17. mənzil 25də qeydiyyatda olmuş xx.xx.1951 -cü il təvəllüdlü X27. anası isə Azərbaycan vətəndaşlığı olmayan 1960-cı il təvollüdlü X6 ərizəsində öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2024-cü il tarixli X11 ərizəsindən görünür ki, ünvan 7 ünvanında yaşamış X18 2000-ci ildən kimsəsiz olan Tofiq adlı uşağa sığınacaq verərək özünə məxsus olan mənzilə gətirmiş və həmin uşaq onun himayəsində böyümüşdür. Qonşulardan aldığı məlumata görə. 1996-cı il təvəllüdlü Tofiqin atası - Bakı şəhəri. 2-cı Cənub küçəsi ev 17. mənzil 25-də qeydiyyatda olmuş xx.xx.1951-cü il təvəllüdlü X27, anası isə Azərbaycan vətəndaşlığı olmayan 1950-cı ıl təvəllüdlü X7 ərizəsində öz imzası ilə təsdiq etmişdir. -xx.xx.2024-cü il tarixli X9 ərizəsindən görünür ki, ünvan 7 ünvanında yaşamış X18 2000ci ildən kimsəsiz olan Tofiq adlı uşağa sığınacaq verərək özünə məxsus olan mənzilə gətirmiş və həmin uşaq onun himayəsində böyümüşdür. Qonşulardan aldığı məlumata görə. 1996-cı il təvəllüdlü Tofiqin atası - Bakı şəhəri. 2-cı Cənub küçəsi ev 17. mənzil 25də qeydiyyatda olmuş xx.xx.1951-cü il təvəllüdlü X27, anası isə Azərbaycan vətəndaşlığı olmayan 1950-cı ıl təvəllüdlü X7 ərizəsində öz imzası ilə təsdiq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 Arxivi xx.xx.2025-ci il tarixli Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Qurban Əsədovun və Olya Volkovanın doğumu və ölümü haqqında məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 3207/2024 saylı qərardadından (hakim R.Quliyev) görünür ki, Ərizəçi Nərimanov Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alımmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən X3 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən X3 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İşin faktiki halları İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi – özünü Ərizəçi kimi təqdim edən şəxs 28 may 1996-cı il tarixdə Bakı şəhərində anadan olduğunu təxmin edir. Atasının X24, anasının X32 adlı şəxslərin olduğunu, hər ikisini vəfat etdiyi bildirir. Ərizəçinin izahatından şahid ifadələrindən və işin materiallarından müəyyən edilir ki, ərizəçinin heç vaxt şəxsiyyətini müəyyənləşdirməyə imkan verən sənədləri, doğum haqqında şəhadətnaməsi mövcud olmamışdır. Körpəlikdən X18 tərəfindən sahiblənmiş və böyüdülmüşdür. Bioloji valideynlərini tanımır, onlar haqqında məlumatları yalnız digər şəxslərdən əldə edib. Heç vaxt təhsil almamış, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hazırda məhkəməyə müraciət edərək doğum faktının təsdiq edilməsini xahiş edir. İşə baxan məhkəmənin mövqeyi Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallar mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi ərizəçi tərəfindən tələbini təsdiq edən, yəni 28 may 1996-cı il tarixdə Bakı şəhərində anadan olduğunu, atasının X24, anasının X13 barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallarının məhkəmə tərəfindən mövcud olmayan kimi rədd edilməsinə əsas verir. Məhkəmə həmçinin qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə şahid ifadələrinə münasibət bildirərək qeyd edir ki, X16 və X14 ərizəçini tanısalar da, onun təvəllüdü və valideynləri barədə hər hansı bilgiyə sahib olmamaqla, yalnız 2000-ci illərdən başlayaraq X8 himayəsində böyüməsi barədə məlumat vermişlər. X1 da ifadəsindən görünür ki o ərizəçinin hansı tarixdə, Harada doğulması barədə dəqiq məlumata sahib olmamaqla, yalnız mərhum X22 Olqa adlı bir qadının qeyi-rəsmi evliliyindən oğlan övladlarının doğulduğunu, daha sonra Olqanın vəfat etdiyini, Tofiqi bir rus qadının himayəsində böyüdüyünü, uşaq vaxtı bir neçə dəfə gördüyünü, hazırda ərizəçini illər sonra gördüyünü və məhz o uşaq olduğunu bildiyini qeyd edir. Məhkəmə hesab edir ki, tək şahidin ehtimal xarakterli, mülki işin materialları ilə təsdiq olunmayan ifadəsi ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə daha sonra şahid ifadələrinin qeyri-dəqiqliyi və ziddiyətliliyinə də diqqət çəkərək qeyd edir ki, şahidlərdən Q.Əntiqə ərizəçinin anasının 1997-1998-ci illərdə vəfat etdiyini, bundan sonra Tofiqin bioloji anasının rəfiqəsi tərəfindən himayəyə götürüldüyünü bildimiş, digər şahidlər isə Ərizəçi yalnız 2000-ci illərdən etibarən Obuxova Lyubovun himayəsində böyüdüyü bildirmişdir. Bunda başqa şahidlərdən heç biri ərizəçinin dəqiq anadan olduğu tarixi və yeri, valideynlərinin tam adlarını və təvəllüdlərini, milliyətləri barədə məlumata sahib deyil. Məhkəmə bu qənətə gələrkən onu da nəzərə alır ki, X23 adlı, xx.xx.1951-ci il təvəllüdlü şəxsin həqiqətən vaxtilə yaşadığı, onun atasının X26, anasının X2, xx.xx.2022ci il tarixdə vəfat etməsi AR Ədliyyə Nazirliyi X3 Arxivi tərəfindən verilmiş məktubla təsdiq edilsə də, Olqa Volkova adlı şəxsin yaşaması, 1997-1998-ci il tarixlərində vəfat etməsi isə ümumiyyətlə müəyyənləşdirilmir. Və hər bir halda, göstərilən şəxslərin Ərizəçi valideynləri olması da təsdiq edilmir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilmə faktı barədə ərizəsi təmin edilməsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum faktının müəyyən olunması barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1304/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1304/2025
15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver