Məhkəmə qərarları › İş №2(005)-1313/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1313/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1313/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7740 ABŞ dolları pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun, 110 manat vəkil xərcinin, 7740 ABŞ dolları pul vəsaitini qanunsuz saxladığına görə 1548 ABŞ dolları əldən çıxmış faydanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2015-ci ildən müştəri kimi tanış olmuşdur. Sonradan Cavabdeh onunla birlikdə işləməyini təklif etmiş, təklifini qəbul edərək, onunla işləməyə başlamışdır. İşlədiyi dövrdə heç bir zaman aralarında narazılıq olmamış, əksinə hörmət və güvən olmuşdur. Cavabdeh bu etibardan istifadə edərək ondan işinə pul qoyaraq daha artıq qazanc əldə etmək üçün pul istəmişdir. Cavabdehə olan etibarından bu təklifini qəbul edərək, birlikdə işlədikləri “X7” Salonda cavabdehə əvvəlcə 3100 ABŞ dolları, sonra 4140 ABŞ dolları, sonuncu dəfə isə 500 ABŞ dolları olmaqla cəmi 7740 ABŞ dolları pul vəsaitini vermişdir. Pulu verdikdən sonra o, istifadəsində olan ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə pulun şəklini çəkərək atmış, ümumilikdə 7740 ABŞ dolları məbləğində pulu götürməsini yazmışdır. Lakin həmin pulları aldıqdan sonra hər hansı qazanc verməmiş, nə də pulu geri qaytarmışdır. Cavabdeh bu ilin 21 iyul tarixində sonuncu dəfə verdiyi 500 ABŞ dollarını aldıqdan sonra ********** mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə ona “7240+500=7740 məndə pulun var” dedikdən bir müddət sonra ondan nə qədər pulu və qazanı tələb etsə də, nə pulunu, nə də qazancını qaytarmışdır. Cavabdehin əməllərindən Nərimanov Rayon Polis İdarəsinə şikayət etsə də, aralarında olan razılıqları inkar etdiyindən və yazılı razılıq olmadığından, aldadaraq qazanc vermək niyyəti ilə pulu aldığını sübut edə bilmədiyindən, barəsində cinayət işi açılmamış, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nərimanov Rayon Polis İdarəsinə etdiyi şikayətlə bağlı araşdırma gedərkən cavabdeh yalan məlumat verərək guya pulu ona qaytardığını və yalnız 4000 manat borclu qaldığını bildirmişdir. Həmçinin cavabdehin vəkili xeyli vaxt əvvəl əmək haqqını ala bilmədiyi üçün cavabdehin tanışı ilə aralarında olan danışıqdakı səs yazıya istinad edərək guya əmək haqqının deyil 7740 ABŞ dolları məbləğində pulu aldığını yalanını uydurmuşdur. “Aylar əvvəl həqiqətən də cavabdeh pulumu ödəmiş olsaydı izahat verərkən 400 manat borclu qaldığını niyə yazırdı“ sualına isə cavabdehin vəkili heç bir cavab verə bilməmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, onun vəkili Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək bildirmişlər ki, iddiaçının cavabdehdə 4000 manat pulu var və həmin pulu qaytarmağa razıdır. Odur ki, iddianın həmin hissədə təmin olunmasına etiraz etmədiyini qeyd etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, iddiaçı X3 Cavabdeh köməkçisi kimi tanımış və cavabdehin telefon zənglərinə əksər vaxt iddiaçı tərəfindən cavab verilmişdir. Məhkəmə şahid ifadəsinin iddia tələbinə aid olmamasını və həmçinin işin mahiyyəti üzrə nəticə verilməsi üçün əhəmiyyət kəsb edən fakt qeyd edilməməsi səbəbindən sübut kimi qəbul etmir. Belə ki, iş materiallarında olan; 21.01.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh polis bölməsində verdiyi izahatda iddiaçıya 4000 manat borcu olduğunu etiraf etmişdir. Ödəniş qəbzlərin surətlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 137 manat (30+107=137 manat) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehin ondan iş qurmaq və gəlir əldə etmək vədi ilə 7140 ABŞ dolları pul aldığını, lakin aldanıldığını iddia etsə də, Cavabdeh 21.01.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş izahatında və həmçinin məhkəmə iclasında çıxışında bu hal təsdiq edilməmişdir. Cavabdeh iddiaçının pulun saxlanması üçün götürdüyünü, təhvil aldığı pulun iddiaçı tərəfindən hissə-hissə geri alındığını və hazırda iddiaçıya 4000 manat məbləğində vəsait verməli olduğunu qeyd edərək, iddianın 4000 manat hissəsində etiraf etmiş və həmin hissədə təmiş olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddianın 7140 ABŞ dolları hissəsində tam təmin olunması üçün hər hansı bir sübüt iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi xarici valyuta olan ABŞ dollarında olmasına baxmayaraq, cavabdeh tərəfindən etiraf edilən və sübutlarnan əksini tapan məbləğ manat ilə ifadə edilmiş, bu səbəbdən iddia həmin hissədə xarici valyutada deyil, 4000 manat məbləğində və milli valyutada təmin edilməsini daha məqbul hesab edir. Məhkəmə iddianın 110 manat vəkil xərcinin əvəzinin ödənilməsi hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan və qeyd edilən məbləğ ağlabatan məbləğ olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın əldən çıxmış fayda 1548 ABŞ dollar cavabdehdən tutulması ilə bağlı nəticəyə gəlimişdir ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olduğunu və faktiki sübut təqdim etmədiyindən, iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 137 manat dövlət rüsumunun 35,40 manatı cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4000 manat borcu, 110 manat vəkil xərcinin əvəzi və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 35,40 manat iddiaçı X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat borcu, 110 manat vəkil xərcinin əvəzi və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 35,40 manat iddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar