Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1316/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın tələb olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evin təhvil verilmədiyi müddət ərzində əldən çıxmış fayda olmaqla 11400 manat pul məbləğinin və 124 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, evin təhvil verilmədiyi müddət ərzində əldən çıxmış fayda olmaqla 15200 manat pul məbləğinin və 135 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 23 Yanvar 2018-ci il tarixdə Cavabdeh ilə Bakı şəhəri Nərimanov rayonu S.Rəhimov küçəsi küçəsi ev 44, 6 saylı mənzilin alqı-salqısına dair 51 saylı Notariat Kontorunda AN İ№ ******* saylı müqavilə bağlamışdır. Mənzilin alınması zamanı iddiaçı cavabdehə bildirmişdir ki, mənzili almaqda məqsədi kirayə verərək pul qazanmaqdır. Öz şəxsi evi olduğu üçün burada qalmaq niyyətində deyildir. Eyni zamanda bir otaqlı mənzil iddiaçı üçün münasib deyildir. Müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Binvət qızı 23 aprel 2018-ci il tarixinədək mənzili faktiki olaraq iddiaçının sahibliyinə verməli idi. 2018-ci ilin aprel ayının əvvəlində iki-üç ay ərzində evi faktiki olaraq iddiaçının sahibliyinə verəcəyini və bu müddətdə kirayə verəcəyi zaman əldə edəcəyi gəliri kompensasiya edəcəyini bildirdi. İki ay hər ay üç yüz manat pul ödədikdən sonra cavabdeh daha pul vermədi. Ona bildirmişdir ki, ya qanuni kirayə müqaviləsi bağlayaraq mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan evdə kirayəçi kimi nə qədər istəyir yaşasın, ya da evi boşaldaraq iddiaçıya təhvil versin. Bundan sonra münasibətləri daha da gərginləşməyə başlamış və iddiaçıya evi tərk etməyəcəyini,pul da verməyəcəyini bildirmişdir.İddiaçı dəfələrlə müxtəlif dövlət orqanlarına şikayət edib cavabdehin evi boşaltması üçün tədbirlər görməsini xahiş etmişdir. Lakin müraciət etdiyi bütün dövlət orqanları iddiaçıya məhkəməyə müraciət etməyimi bildirmişlər. İddiaçıya məxsus olan evdə cavabdehin qeydiyyatda olması əlavə problemlər yaratdığı üçün iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib pasport qeydiyyatından çıxarılması barədə iddia qaldırmışdır. Prosesi uzatmaq üçün cavabdeh eyni zamanda Nərimanov Rayon Məhkəməsinə müraciət edib aramızda bağlanmış 23 Yanvar 2018-ci il tarixli Bakı şəhəri Nərimanov rayonu S. Rəhimov küçəsi ev 44, 6 saylı mənzilin alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. İddiaçının əsassız olmasını bildiyi halda Bakı şəhəri Nərimanov rayonu S.Rəhimov küçəsi ev 44, 6 saylı mənzili istifadə etmək məqsədilə məhkəmələr tərəfindən iddiası təmin edilməsə də Apelyasiya və kassasiya instansiyalarına müraciət etmişdir. Nəhayət cavabdehin evdən çıxarılmasına dair iddiaçının verdiyi iddia təmin edildikdən, cavabdehin isə müqavilənin etibarsızlığı ilə bağlı iddiası Ali məhkəmə tərəfindən rədd edildikdan sonra, qətnamə icra edilməsi üçün icraya yönəldikdən sonra 07 dekabr 2021 -ci il tarixdə mənzil iddiaçıya təhvil verilmişdir.Bu müddət ərzində iddiaçının həm maddi itkilərə- məhkəmələrə ödədiyi rüsumlar, hüquqi yardımın bağlanması ila bağlı xərclər,keçirdiyi mənəvi sarsıntılar və ən nəhayət 01 sentyabr 2018-ci ildən fayda götürəcəyi ümid etdiyi gəlir əldən çıxdı. Bu müddət ərzində cavabdeh evdə qaldığı üçün, iddiaçının əldə edəcəyi gəliri kompensasiya etdi. Ondan sonra isa məhkəmə çəkişmələrini süni olaraq uzadaraq hər ay iddiaçının əldə edəcəyi gəlirdən məhrum etdi.. Belə ki, Bakı şəhəri Nərimanov metrosu ətrafında ən ucuz bina evində kirayə haqqı 350-400 manatdan başlayır. İddiaçı isə bu müddətdə 38*300 manat= 11400 manat fayda götürə biləcəyi halda bundan məhrum olmuşdur. Odur ki, cavabdeh otuz səkkiz ay ərzində iddiaçının kirayə verib fayda götürmək məqsədilə adığı evi vaxtında qaytarmadığına görə 11400 (on bir min dörd yüz ) manat məbləğində vəsait ödəməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz barədə ərizələrini təqdim edərək, iddiaçı ilə cavabdeh arasında mənzil kirayəsinə dair hər hansı bir əqd olmayıb, eyni zamanda tərəflər arasında onların daşımalı olduğu kirayə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı, hüquqi əsaslarla müəyyən edilmiş, bu iş üzrə hüquqi əhəmiyyət kəsb edən və işin hüquqi nəticələrinə bir başa təsir edən hər hansı mötəbər sübut mövcud deyil. Bundan əlavə, iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsilə tərəflər arasında mövcud olan bu, və ya, digər (o cümlədən əqdlərin mövcudluğunu təsdiq edən sübatlar varsa) əqdlərdən irəli gələn öhdəliklərin pozulması nəticəsində “törəyən” faydalam itirilməsi nəzərdə tutulur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddiaçı- Cavabdeh-İddiaçı, qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması dair iddia tələbi təmin edilməmiş, cavabdehin Cavabdeh qarşı Nərimanov rayon S. Rəhman küçəsi ev 44, 6 saylı mənzildən çıxarılması hissəsində qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Narazı qalan tərəfin verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin (s.c. E. Kazımov) həmin 2(103)-1596/2021 saylı mülki iş üzrə xx.xx.20121ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddiaçı- İddiaçı, Cavabdeh qarşı Bakı şəhəri, Nərimanov rayonu, S. Rəhman küç. ev 44, m. 6 saylı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilmişdir. Həmin işlə əlaqədar, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 578/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edərək yeni qətnamə qəbul edilməsinə dair apellyasiya şikayəti verilmiş, sonradan iddiaçı- Cavabdeh- İddiaçı, qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması dair iddia tələbi 2(005)- 1914/2020 sayla Nərimanov Rayon Məhkəməsinin icraatında mübahisələndirildiyindən, icrratın dayandırılmasına dair verilmiş ərizəyə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4212/2020 sayla həmin iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə icraat dayandırılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı- Cavabdeh- İddiaçı, qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması dair iddia tələbi təmin edilməmiş, cavabdehin Cavabdeh qarşı Nərimanov rayonu, S. Rəhman küç. ev 44, 6 saylı mənzildən çıxarılması hissəsində qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Narazı qalan tərəfin verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin (s.e. E. Kazımov) həmin 2(103)-1596/2021 saylı mülki iş üzrə xx.xx.20121-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin (s.e. E. Kazımov) həmin 2(103)-1596/2021 saylı mülki iş üzrə xx.xx.20121-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Eyni zamanda iddiaçı X1 cavabdehlər-Cavabdeh və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pulıun geri qaytarılması və 30 AZN dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması dair iddia tələbi Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1814/2021 saylı həmin iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsilə təmin edilmədiyindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya məhkəməsinin 2(103)-9342/2021 saylı həmin iş üzrə 0.11.2021-ci il tarixli qətnaməsilə birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-356/2021 saylı həmin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-578/2020 saylı həmin iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İcraatında olan 2(102)-3577/2021 saylı həmin iş üzrə qərarı, bu iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş Nərimanov Rayon İcra və Probasiya şöbəsinin aktına uyğun olaraq, icra orqanının müəyyən etdiyi “ən qısa müddət ərzində” icra olunmuşdur. Yəni, göründüyü kimi, məhkəmə qərarı Ali Məhkəmənin qanuni qüvvəsini aldıqdan sonra maneəsiz və gecikdirilmədən icra olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin sürətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu S.Rəhimov küçəsi ev 44, 6 saylı mənzil Cavabdeh Binvət qızı tərfindən İddiaçı 60000 manata satılmışdır. xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidməti tərəfindən verilmiş çıxarışın sürətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu S.Rəhimov küçəsi ev 44, 6 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 1914/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, pulun ödənilmiş hesab edilməsi" tələbinə dair ilk, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılması son kirayə haqqının ödənişləri və mənəvi ziyan" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilk iddia tələbi təmin edilməməsi, qarşılıqlı iddia qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi ev 44, 6 saylı mənzildən çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1596/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 1914/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3577/2021 saylı iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, pulun ödənilmiş hesab edilməsi” tələbinə dair ilkin və İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılması, son kirayə haqqının ödənilməsi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1596/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-578/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-356/2021 saylı xx.xx.2021-ci il tarixli iş üzrə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi üzrə Cavabdeh apellyasiya sikayət qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-578/2020 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu S.Rəhimov küçəsi küçəsi ev 44, 6 saylı mənzilin iddiaçıya satılması razılaşdırılmışdır. Bundan sonra qeyd olunan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Daha sonra tərəflər arasında, müqavilənin etibarsızlığı, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi və istifadə hüquqlarına xitam verilməsi iddia tələbi növlərində məhkəmə mübahisələri baş vermişdir. Bundan sonra icra sənədi üzrə icra orqanı icra hərəkətlərini yerinə yetirmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olmuş mənzildən cavabdeh tərəfindən istifadə etməsi nəticəsində əldən çıxmış fayda nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız və pulun ödənilmiş hesab edilməsi" tələbinə dair ilk, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılması, kirayə haqqının ödənişləri və mənəvi ziyan" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilk iddia tələbi təmin edilməməsi, qarşılıqlı iddia qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi ev 44, 6 saylı mənzildən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir. Belə olan halda İddiaçı iddia tələbinin kirayə haqqının ödənilməsi hissəsində təmin edilmədiyi müəyyən olunur. Hazırda iddiaçı məhkəməyə əldən çıxmış faydanın verilməsi ilə bağlı müraciət edərək cavabdehin mübahisə predmeti olan mənzildə olduğu müddət ərzində ona dəymiş ziyanın ödənilməsini tələb edir. Göstərilən bu halları uyğunsuz hesab edən məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisələr üzrə iddiaçının cavabdehə yönəlmiş tələbi kirayə borcunun ödənilməsindən ibarət olduğu halda həmin tələb üzrə aparılmış məhkəmə araşdırması zamanı kirayə müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. Lakin hazırda iddiaçı məhkəməyə müraciət etdiyi müddətləridə daxil edərək, cavabdehin həmin müddət ərzində mənzildə yaşamasının iddiaçıya ziyan vurduğunu və bu ziyanın əldən çıxmış fayda olduğunu göstərmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi son kirayə haqqının ödədiyi 2018-ci ilin sentyabr ayından iş üzrə yekun məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 manat olmaqla kirayə haqqı hesablanaraq ödənilməsi tələbi vardır. Hazırda məhkəmədən qaldırılmış əldən çıxmış faydanın cavabdeh tərəfindən ödənilməsi tələbində isə onun həmin mənzilin digər şəxslərə kirayə verə bilmədiyi üçün cavabdeh tərəfindən ona vurulmuş ziyan kimi əsaslandırmışdır. Bundan başqa məhkəmə cavabdehin iddia tələbinə etiraza münasibətdə qeyd edir ki, hazırki mübahisə üzrə tərəflərin subyektiv tərkibi eyni olsada mübahisə predmeti və əsası əvvəlki mübahisədə fərqlidir. Belə ki, 2(005)-1914/2020 saylı mülki iş üzrə qarşılıqlı iddiada iddiaçı cavabdeh tərəfindən ödənilməmiş kirayə borcunun ödənilməsini tələb etdiyi halda hazırki tələbdə əldən çıxmış fayda üzrə dəymiş maddi ziyan tələbidir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərindən görünür ki, şəxsin ziyan tələbinin əsaslılığının yaranması üçün baş vermiş hadisə müvafiq şətləri ödəməlidir. Yəni ilk növbədə şəxsin qanunla qorunan hüququnun pozulması halı baş verməlidir. Lakin həm iş materiallarından həmdə məhkəmə araşdırması zamanı iddia üzrə iddiaçının hər hansı hüququnun pozulmasını təsdiq edən hal aşkar olunmamışdır. Hətta iddiaçının Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi mübahisə predmeti olan mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə həmçinin qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddiaçı əldən çıxmış faydanı cavabdehdən tutulmasını tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə tələb edilən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi iddia üzrə iddiaçı tərəfindən göstərilən ziyan tələblərinin əsasını təşkil edən hallar əldən çıxmış faydanın olmasıdır. Lakin iddiaçı tərəfindən tələbinin əsasını təşkil edən hallara, yəni digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olması müəyyən edilməmişdir.Bu halda iddiaçıya iddia etdiyi ziyanın dəyməsini müəyyən etmək mümkünsüzdür. Belə olan halda iddia üzrə iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş ziyan tələbinin əsassız olması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia üzrə iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın tələb olunması”na dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın tələb olunması”na dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1316/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1316/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver