Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1322/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında onun istifadə hüquqlarında yaranmış maneələrin aradan qaldırılmasına və Cavabdehniun qanunsuz hərəkətlərinə son qoyaraq, onun sözügedən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1989-cu ildə el adəti ilə gəlin köçmüş, gəlin köçərkən 18 yaşı tamam olmadığından 1 il sonra xx.xx.1990-cı il tarixdə Cavabdeh ilə aralarında nikah bağlanmışdır. ünvan 1 ünvanına birgə nikahları dövründə cavabdehin adına çıxarış alınaraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsdə qeydiyyata alınmışdır. Nikaha girdikləri vaxtdan birgə yaşayıb birgə təsərrüfat aparmışlar. Nikaha girdikləri vaxtdan bu günədək bir sıra daşınar daşınmaz əmlaklar almışlar. ünvan 1-də olan mənzili də birgə nikahları dövründə əldə etmişlər. xx.xx.2021-ci il tarixdə mənzilin 1/2 hissəsi böyük oğulları X3 bağışlanılmış, qalan 1/2 hissə hazırda cavabdehin adına qeydiyyatdadır. X1, X6 və X7 adında 3 uşaqları var. Gəlin köçdüyü 1989-cu il tarixdən mübahisə yarandığı tarixədək 34 il müddətində sözügedən ünvan 1-də qeydiyyata düşərək yaşamışdır. Birgə yaşadığı müddətdə müxtəlif vaxtlarda əsaslı təmir işləri və mənzildə yaxşılaşdırmalar aparılmışdır. Son vaxtlar cavabdeh müxtəlif bəhanələrlə tez-tez ailədə dava salır, mənzilin açarın dəyişərək onu 34 il müddətində yaşadığı mənzilə buraxmır. Hazırda qalmağa, yaşamağa evi yoxdur, uşaqlarla birgə kirayədə yaşamağa məcbur olmuşdur. Mənzildə qeydiyyatdadır, bütün əşyaları da oradadır. Bütün bunları nəzərə alaraq mübahisəli mənzilə köçərək, orada yaşamağı bərpa olunmalıdır. Kobud surətdə hüquqları pozulmuşdur. Həmin ünvanda qeydiyyatda olması onun daimi yaşayış yerinin mübahisəli mənzilin olmasını sübut edir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində dəyişiklik edilməsini, İddiaçı ünvan 1 ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə prosesində iştirak edərək iddiaçının 2023-cü ilin avqust ayının 28-də evdən çıxdığını, ümumi evə köçmək istədiyini, cavabdehin iddiaçını evə buraxmadığını bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir Cavabdeh məhkəmə prosesində iştirak etmiş, iddianı qəbul etmədiyini, iddiaçını evdən qovmadığını və öz istəyi ilə evi tərk etdiyini, hazırda 14 kv.m sahədə yaşadığını, iddiaçı onun yanına köçərsə yaşamağın mümkün olmayacağını bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə prosesində iştirak etmiş və bildirmişdir ki, evdə münaqişələr olurdu, cavabdeh isə istədikləri halda evdən çıxa biləcəklərini demiş, bundan sonra onlar məcburiyyət qarşısında qalaraq evdən çıxmışlar və onlar çıxan kimi cavabdeh evin açarını dəyişmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdırıb, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 üzərində X2 ½ hissədə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə, Cavabdeh mülkiyyət hüququ isə ½ hissədə xx.xx.2021-ci ildə qeydə alınmışdır; Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli Sərəncamından görünür ki, ünvan 1 Cavabdeh verilmişdir; xx.xx.2021-ci il tarixli 4Ə-1266 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, ünvan 1 Cavabdeh tərəfindən 1/2 hissədə oğlu olan X3 hədiyyə edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-326/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.1990-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və 930 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müyyən edilən mübahisəsiz hallara əsasən tərəflər arasında ər-arvad münasibəti olmuş, onların nikahı xx.xx.1990-cı il tarixdə Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və Nərimanov Rayon Məhkəməsinin 2(005)-326/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı ünvan 1-ə gəlin köçmüşdür, fasiləsiz həmin mənzildə yaşamışdır. Mübahisəli Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli Sərəncamına əsasən Cavabdeh verilmişdir. Hazırda həmin mənzil X2 ½ hissədə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə, Cavabdeh mülkiyyət hüququ isə ½ hissədə xx.xx.2021-ci ildə qeydə alınmaqla, onların xüsusi mülkiyyətindədir. İddiaçı onu mübahisələndirir ki, cavabdeh mənzilin açarını dəyişdirdiyi üçün o, həmin mənzilə daxil ola bilmir. Onun yaşamağa yeri yoxdur, bu mənzilə gəlin köçüb, tərəflərin arasında nikah münasibətləri pozulub. Cavabdehin iddianın əsassızlığına dair arqumenti belədir ki, onun iddiaçını evdən qovmamışdır, iddiaçı öz istəyi ilə evi tərk etmişdir, hazırda 14 kv.m sahədə yaşadığını, iddiaçı onun yanına köçərsə yaşamağın mümkün olmayacaqdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmənin qiymət verəcəyi mübahisə belədir: ünvan 1 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququnun olub-olmaması müəyyən edilməli, bu müəyyən edildikdən sonra iddia tələbi üzrə iddiaçının həmin mənzilə köçürülməsinə qiymət verilməlidir. Məhkəmə bu mübahisəyə qiymət verərkən Azərbaycan Respublikasının Konstitusiyanın 13 və 29-cu maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarına, Azərbaycan Respublikasının 2009-cu il 1 oktyabr tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad edir. Məhkəmə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı yaranmış mübahisələrə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı) Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, “Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 1999-cu il 12 mart tarixli Qərarı) Bununla yanaşı mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli Qərarı) 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və vericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Qeyd etmək lazımdır ki, tərəflər arasında münasibətlər yarandığı zaman qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1985-ci il 12 aprel tarixli “Məhkəmələrin Azərbaycan SSR Mənzil Qanunvericiliyinin tətbiqi təcrübəsinə dair” Qərarına əsasən yaşayış sahəsinə digər şəxslərin hüququna dair mübahisələrin həlli zamanı məhkəmələr nəzərdə tutmalıdırlar ki, yaşayış sahəsinə yalnız o şəxslər tələb irəli sürə bilər ki, onlar mənzil sahibinin yaxud kirayəçinin yaxın qohumlarıdır, yaxud kirayəçidən asılı olan, əmək qabiliyyəti olmayan şəxslərdir. İstisna halda digər şəxslər yalnız o şərtlə müvafiq hüquqa malik olurlar ki, onlar kirayəçi ilə birgə təsərrüfat aparırlar, yaxud onunla ailə münasibətlərindədirlər. Bunlardan biri olmasa şəxs kirayəçinin ailə üzvü hesab edilə bilməz. Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olur. Yuxarıda sadalanan hüquq normalarını, Konstitusiya Məhkəməsinin Plenumunun bu mübahisə ilə bağlı mövqeyini nəzərə alaraq, məhkəmə qeyd edir ki, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyi normalarına əsasən mübahisəli mənzilə iddiaçı nikaha daxil olarkən istifadə hüququ əldə etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının 2009-cu il 1 oktyabr tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmışdır, bu gün də mövcuddur. Belə ki, iddiaçının yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi arasında etibarlı ailə əlaqələri mövcud olmuşdur, o, yaşayış sahəsinə olan ehtiyacı mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ olduğundan, iddia təmin edilməli İddiaçı ünvan 1-ə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1-ə köçürülsün. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1322/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1322/2024
07.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver