Məhkəmə qərarları › İş №2(005)-133/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-133/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-133/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X3 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəllə 2595, Yavər Əliyev küçəsində, 5 saylı binanın 1-ci bloku, 16-cı mərtəbəsində yerləşən 153 saylı (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 28, M-17, mənzil 4) mənzilə görə artıq ödənilən 5870,87 manat pul məbləğinin, hüquqi yardım üçün ödənilən 211 manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilən 79 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya" ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2013-cü il tarixli, 17189 nömrəli “Mənzilin alqı- satqı müqaviləsi”nə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, 5 saylı binanın 1-ci bloku, 16-cı mərtəbəsində 153 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.m olan mənzil 58152,37 manata iddiaçıya satılmışdır. Müqavilədən göründüyü kimi cavabdeh ona mənzilin 1 kv.metrini 506,11 manata satmışdır. O, mənzilin dəyərini tam olaraq ödəmişdir. Mənzilin dəyərini tam olaraq ödəməyi barədə ona şirkət tərəfindən xx.xx.2020-ci il tarixli, 0355 saylı maliyyə arayışı verilmişdir. Həmin arayışda 153 saylı mənzilin ünvanında dəyişiklik olduğu və yeni 169, bina 5, giriş 28, M17-m 4 saylı mənzil olduğu da qeyd edilmişdir. Sözügedən mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2020-ci il tarixli çıxarış və xx.xx.2020ci il tarixli texniki pasport almışdır. Mənzilə dair çıxarışı və texniki pasportu aldıqdan sonra ona məlum oldu ki, həmin mənzilə dair “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya" ASC ilə aralarında bağlanan müqavilədə mənzilin sahəsi 114,9 kv.metr qeyd olunsa da, əslində həmin mənzilin sahəsi 103,3 kv.metrdir. Göründüyü kimi "xxxx" ASC müqavilədə həmin mənzilin sahəsini həqiqi ölçülərindən daha çox qeyd etməsi nəticəsində o artıq pul ödəmişdir. Belə ki, mənzilin şişirdilərək mövcud olmayan 11,6 kv.m sahəsinə görə o 5870,87 manat artıq ödəniş etmişdir. Nəticədə "xxxx" ASC ondan 5870,87 manat artıq pul almışdır. Ödədiyi artıq pulların ona geri qaytarılması üçün pretenziya qaydasına əməl edərək, xx.xx.2022-ci il tarixdə ərizə ilə "xxxx" ASC-yə müraciət etsə də, lakin onun müraciətinə heç bir cavab verilməmişdir. Yaranmış mübahisənin həlli üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı cavabdehdən xx.xx.2013-cü il tarixli, 17189 saylı alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) əsasında mənzil (Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllə, Y. Əliyev küçəsi küçəsi, Bakıxanov yaşayış kompleksi, bina 5, blok 1, mənzil 153 hazırkı nömrəsi 169)) almışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə mənzilin qiyməti 58152,37 manat müəyyən edilmişdir. Mənzil kv. metrlə deyil, vahid qiymətlə satılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. İddiaçı alqı-satqı müqavilələrini bağlayarkən bilirdi ki, mənzillərin qiyməti vahid qiymətlə müəyyən edilir. Mənzil vahid qiymətlə satıldığı üçün mənzilin sahəsi bu günki qaydalarla hesablanaraq daha az müəyyən edilsəydi də mənzilin qiyməti dəyişməyəcəkdi. Mənzil (bina) layihə əsasında inşa edilmiş və layihə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 2012-ci ildə təsdiq olıunmuşdur. Mənzilin sahəsi həmin dövrdəki ölçmə qaydalarına uyğun hesablanaraq 112,32 kv.m. müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilərək müvafiq dövlət qrumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh bir qayda olaraq mənzilləri satarkən alqı-satqı müqavilələrində mənzilin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərir. Cavabdeh yeni qanunvericiliyin (Tikinti və Şəhərsalma Məcəlləsinin) qəbul olunacağım, mənzillərin sahəsinin ölçülməsinin yeni qaydalarla hesablanacağını qabaqcadan bilə bilməzdi. Cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri -0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar(verandalar)-l,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı iddia tələbində aldığı mənzillərin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığını əsas gətirir. Bununla bağlı qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012- ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci əndinə əsasən məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları dəyişdiyinə görə alqı satqı müqavilərində mənzillərin göstərilən ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri ilə uyğun gəlmədiyinə görə cavabdehin satdığı mənzillərin sahələri də müqavilədəki qeyd olunan sahələrlə uyğun gəlmir. Hesab edir ki, iddiaçının tələbi tam əsassızdır. Eyni zamanda cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən mənzil iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzili təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzilin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Mənzilin alınmsından 9 il keçmiş, uzun müddətdən sonra iddiaçının əsassız iddialarla məhkəməyə müraciət etməsi tam qanunsuzdur. Məhkəmədən iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya" ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2013-cü il tarixli, 17189 nömrəli mənzilin alqı- satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı (bundan sonra “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya" ASC) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, 5 saylı binanın 1-ci bloku, 16-cı mərtəbəsində 153 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.m olan mənzili alıcıya (bundan sonra İddiaçı) 58152,37 manata satmağı öhdəsinə götürmüşdür. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, 5 saylı binanın 1-ci bloku, 16-cı mərtəbəsində 153 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.m olan mənzilin 17189 nömrəli, xx.xx.2013-cü il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, ev 5, mənzil 169 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 28, M17, m4) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli, 10/5393 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 2595, Yavər Əliyev küçəsində, 5 saylı binanın 1-ci bloku, 16-cı mərtəbəsində yerləşən 153 saylı (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 28, M 17, m 4) mənzilin ümumi sahəsi 103,3 kv.metr təşkil edir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 2595, Yavər Əliyev küçəsində, 5 saylı binanın 1-ci bloku, 16-cı mərtəbəsində yerləşən 153 saylı (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 28, M 17, m 4) mənzilin ümumi sahəsi divarlarının və arakəsmələrinin, dəhliz və eyvanbların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 114,90 kv.metr təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakıxanov qəsəbəsi, məhəllə 2595, Yavər Əliyev küçəsində, 5 saylı binanın 1-ci bloku, 16-cı mərtəbəsində yerləşən 153 saylı mənzil İddiaçı mülkiyyətindədir. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya" ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2013-cü il tarixli, 17189 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya" ASC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, 5 saylı binanın 1-ci bloku, 16-cı mərtəbəsində 153 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.m olan mənzili İddiaçı 58152,37 manata satmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, 5 saylı binanın 1-ci bloku, 16-cı mərtəbəsində 153 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.m olan mənzilin 17189 nömrəli, xx.xx.2013-cü il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. Hazırda iddiaçı ASC ilə arasında bağlanmış müqavilədə mənzilin tikinti-hesablaşma sahəsi 114,9 kv.metr kimi qeyd olunmasına baxmayaraq mənzilin tikinti-hesablaşma sahəsi faktiki olaraq çıxarışda 103,3 kv.metr olduğunu bildirərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qayadada icra etməməsini əsas gətirərək, mənzilin hər kv.metri üçün artıq ödənilmiş 5870,87 manat məbləğində pulun qaytarılmasını xahiş edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli, 17189 nömrəli mənzilin alqı-satqı müqaviləsindən də görünür ki, iddiaçı mənzil (Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllə, Y. Əliyev küçəsi küçəsi, Bakıxanov yaşayış kompleksi, bina 5, blok 1, mənzil 153 hazırkı nömrəsi 169) almışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə mənzilin qiyməti 58152,37 manat müəyyən edilmişdir. Mənzil kvadrat metrlə deyil, vahid qiymətlə satılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. İddiaçı alqı-satqı müqavilələrini bağlayarkən bilirdi ki, mənzillərin qiyməti vahid qiymətlə müəyyən edilir. Müqavilə şərtlərindən görünür ki, cavabdehin iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 114,90 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzilin (divar altı sahə nəzərə alınmaqla) ümumi sahəsi 114,90 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 114,90 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 103,3 kv.m təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 114,90 kv.m təşkil edir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, öhdəlik (müqavilə) münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutularaq, 50 (əlli) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar