Məhkəmə qərarları › İş №2(005)-1337/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1337/2020

21.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1337/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şahbaz qızı və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh1 Şahbaz qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil tam pay hüququ ilə onun mülkiyyətindədir. Belə ki, həmin mənzil atasının vəfatından sonra vərəsəlik hüququ üzrə anasına, anası ilə arasında 17.008.2019-cu il tarixdə bağlanmış bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Həmin mənzildə arvadı, o və iki azyaşlı qızı yaşayır. Ortancıl qardaşı Cavabdeh2 ailə qurduqdan bir müddət sonra arvadı Cavabdeh1 da həmin evə gətirmişdir. Lakin gəlin gəldiyi gündən arvadı və onunla, eyni zamanda öz həyat yoldaşı və anası ilə münaqişələr yaratmışdır. İş o yerə gəlib çıxmışdır ki, hətta onu, mənzilin mülkiyyətçisini də təhqir və təhdid etməyə başladı. Bu münaqişələr qonşuların da əsaslı narazılıqlarına səbəb olur. Dəfələrlə polisə müraciət etməyə məcbur qalmışlar. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində münaqişəli ailə kimi qeydiyyatdadırlar. İş o yerə gəlib çatmışdır ki, o iddiaçını uşaqlarına xəsarət yetirəcəyi, oğurladacağı ilə təhdid edir. Mənzilin mülkiyyətçisi olaraq da öz mənzilindən istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin cavabdehin qanunsuz əməllərini davam etdirməsi nəticəsində öz mənzilindən sərbəst şəkildə istifadə etməməklə yanaşı, evində qorxu içərisində yaşayırlar. Həyatına hər an təhlükə vardır. Keçirdiyi əsəb və stressdən xəstəlik tapmışdır. Əvvəllər ailənin dağılmaması naminə susmağa çalışmış, lakin cavabdehin ailə münasibətlərinin qorunub saxlanmasında maraqlı olmadığından ondan mənzilini tərk etməsini, qapının açarlarını ona təhvil verməsini tələb etmişdir. Anası İİ qrup əlildir, iki dəfə insult keçirmişdir. Bu cür münaqişələr onun da səhhətinə mənfi təsir göstərir. Qeyd edilənləri nəzərə alaraq, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə əlavə verərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh2 və onun arvadı Cavabdeh1 Şahbaz qızının azyaşlı övladı Fəridə və əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X2 ayrı-ayrılıqda iddia tələbini müdafiə etdilər və iddia əizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, ev B, mənzil 22 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X2 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış bağışlanma müqaviləsinə əsasən ünvan 1 İddiaçı mülkiyyətinə keçmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 776194 №-li xx.xx.2012-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh2 ilə X3 xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 728 saylı akt qeydi tərtib edilmişdir. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı tam mülkiyyət hüququ əsasında keçmişdir. Qeyd edilən mənzildə mülkiyyətçinin qardaşı Cavabdeh2 öz ailəsi, yəni həyat yoldaşı Cavabdeh1 Şahbaz qızı və azyaşlı uşağı ilə birgə yaşayır. Aralarında münaqişələr olduğundan iddiaçı ona tam mülkiyyət hüququ ilə məxsus olan mənzildən cavabdehlərin azyaşlı övladları ilə birgə çıxarılmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir in-san tək-ba-şı-na və ya baş-qa-la-rı ilə bir-lik-də əm-la-ka sa-hib ol-maq hü-qu-qu-na malik-dir. Heç kim öz əm-la-kın-dan öz-ba-şı-na-lıq-la məh-rum edil-mə-mə-li-dir. X6 Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. HəminMəcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Mülki işin araşdırılmış hallarından görünür ki, mübahisə predmeti olan mənzil İddiaçı mülkiyyətindədir. Cavabdehlər ona məxsus əmlakda məskunlaşmaqla iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Qeyd edilən halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə və Cavabdeh1 Şahbaz qızı azyaşlı övladları Fəridə və ev əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə və Cavabdeh1 Şahbaz qızı azyaşlı övladları Fəridə və ev əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar