Məhkəmə qərarları › İş №2(005)-134/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-134/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-134/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müqavilə üzrə mənzilin müqavilədə göstərilən ümumi sahəsi ilə faktiki ümumi sahəsi arasındakı fərqdən yaranan 3788 AZN (üç min yeddi yüz səksən səkkiz manat) məbləğin, həmçinin, bu məbləği razılaşmanın imzalanmasından bugünədək keçən 3 il ərzində 5% orta illik bank əmanətinə cəlb etməklə əldə edə biləcəyi 568.20 AZN (beş yüz altmış səkkiz manat 20 qəpik) məbləğin və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun, ümumilikdə 4386.20 AZN (dörd min üç yüz səksən altı manat 20 qəpik) cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Kooperasiyası“ ASC-dən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə cavabdeh "xxxx" ASC (VÖEN **********) ilə xx.xx.2009-cu il tarixli 10284 nömrəli alqı-satqı müqaviləsinə KP/AK/77-15-11 nömrəli əlavə razılaşmanı üçüncü tərəf qismində imzalamış və bu razılaşmaya əsasən xx.xx.2009-cu il tarixli 10284 nömrəli alqı-satqı müqaviləsində cavabdehin sələfi olmuş "X8" MMC-nin (VÖEN **********) satdığı Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən "Abşeron Gənclər Şəhərciyi"nin 36-cı blokunda ümumi sahəsi 45.47 kv metr olan 1 otaqdan ibarət 32 saylı (təhvil veriləndə isə 39 saylı) mənzilə dair hüquq və öhdəliklər üçüncü tərəfə, yəni ona ötürülmüşdür. Alqı-satqı müqaviləsində mənzilin qiyməti 18188.00 AZN (on səkkiz min bir yüz səksən səkkiz manat 00 qəpik) göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra AR ƏMDK DƏDRX) təqdim etdiyi xx.xx.2021-ci il tarixli texniki pasportda və xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışda sözügedən mənzilin ümumi sahəsi 36 kv.metr olaraq göstərilmişdir. Belə aydın olur ki, "X8" MMC-nin hesabladığı və yuxarıda qeyd olunmuş müvafiq sənədlərində göstərdiyi 45.47 kv.metr ümumi sahə ilə AR ƏMDK DƏDRX-nin hesabladığı və yuxarıda qeyd olunmuş müvafiq sənədlərində göstərdiyi 36 kv.metr ümumi sahə arasındakı 9.47 kv.metr sahə fərqi AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində göstərildiyi kimi, ümumi sahəyə daxil edilməyən bayır və ara divarlarının sahəsidir. Buradan həm də belə nəticə çıxır ki, o, yuxarıda qeyd olunmuş 18188.00 AZN (on səkkiz min bir yüz səksən səkkiz manat 00 qəpik) məbləği ödəməklə, elə müqavilədə göstərilmiş 45.47 kv.metr ümumi sahəni deyil, əslində 36 kv.metr ümumi sahəni əldə etmişdir. Yəni, başqa sözlə desək, 9.47 kv. metr yaxud məbləğlə 18188 AZN/45.47 kv.metr 9.47 kv.metr - 3788 AZN (üç min yeddi yüz səksən səkkiz manat), məbləğində aldadılmışdır. Bu barədə iradını xx.xx.2021-ci il tarixində cavabdehə yazmış olduğu məktubda qeyd etmiş və mübahisənin könüllü həllinin tərəfdarı olmuşdur. Lakin, cavabdeh tərəf bugünədək heç bir cavab təqdim etməmişdir və dolayısı ilə mübahisənin könüllü həllinin tərəfdarı olmadığını göstərmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili X7 iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddianı aşağıdakı səbəblərə görə tamamilə əsassız və qanunsuz hesab edir. İddiaçı cavabdehdən xx.xx.2007-ci il tarixli, 3619 saylı alqı-satqı müqavilələri əsasında Abşeron rayonu, Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”ndə blok 36, ümumi sahəsi 69,5 kv.m. olan 2 otaqdan ibarət 31 saylı (indiki 38 saylı) mənzili və xx.xx.2009-cu il tarixli, 10284 saylı alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”ndə blok 36, ümumi sahəsi 45,47 kv.m. olan 1 otaqdan ibarət 32 saylı (indiki 39 saylı) mənzili almışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasmın olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Həmçinin qeyd olunan bina layihə əsasında inşa edilmiş, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən 2013cü ildə təsdiq olunmuşdur. Mənzillərin sahəsi mövcud ölçmə qaydaları əsasında hesablanaraq 31 saylı (indiki 38 saylı) mənzilin sahəsi 69,5 kv.m., 32 saylı (indiki 39 saylı) mənzilin sahəsi isə 45,47 kv.m. müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilmiş, müvafiq dövlət qrumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh mənzilləri satarkən bir qayda olaraq mənzillərin sahəsini alqısatqı müqavilələrində layihədə qeyd olunan sahələrə uyğun göstərir. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terraslarm sahələri -0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar (verandalar)-l,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı iddia tələbində aldığı mənzillərin sahəsinin.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığını əsas gətirir. Bununla bağlı qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları dəyişdiyinə görə alqı satqı müqavilərində mənzillərin göstərilə ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri ilə uyğun gəlmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası əsassız olduğu üçün rədd edilməlidir. Bundan əlavə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən İddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı Cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Birinci mənzilin alınmasından 14 il, ikinci mənzilin alınmsından 12 il keçmiş, uzun müddətdən sonra iddiaçının əsassız iddialarla məhkəməyə müraciət etməsi tam qanunsuzdur. Yuxarıda qeyd olunanlara əsasən iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barəsində qərar çıxarılmasını Sizdən xahiş edirik. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı "xxxx" ASC Bakı şəhəri, Abşeron rayonu, Xırdalan Sumqayıt şossesi 7km-də inşa edilən 1 saylı binanın, 36-blok, 45,47 kv.m ümumi sahəsi olan, 1 otaqlı 32 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilədə göstərilən 1 yaşayış binasının, 36 blok, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 45,47 kv.m olan 1 otaqlı mənzilin hər kvadrat metri üçün 400 manat olmaqla cəmi 0 ay müddətində 18188 AZN ödəməlidir. İş materiallarında olan “Satıcı” "xxxx" ASC, “ikinci tərəf” X3 və “Üçüncü tərəf” İddiaçı arasında bağlanmış “10284 saylı xx.xx.2009-cu il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair” xx.xx.2018-ci il tarixli əlavə razılaşmadan görünür ki, bu razılaşmaya əsasən Satıcı və “İkinci tərəf” arasında bağlanmış 10284 saylı xx.xx.2009-cu il tarixli mənzilin alqısatqı müqaviləsinə əsasən yaranmış bütün hüquqlarını və Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını ikinci tərəf bu Razılaşma qüvvəyə mindiyi andan Üçüncü tərəfə ötürməyi, üçüncü tərəf isə həmin hüquq və öhdəliklərin icrasını tam həcmdə həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “Satıcı”- "xxxx" ASC ilə “Alıcı”- İddiaçı arasında bağlanmış “10284 saylı xx.xx.2009-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əlavə və dəyişiklik edilməsi” haqqında razılaşmadan görünür ki, Alıcının 10284 saylı xx.xx.2009-cu il tarixli mənzilin Alqı-satqı müqaviləsinə əsasən aldığı, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km ünvanında yerləşən bina İ blok 36, mərtəbə 8, 1 otaqdan ibarət ümumi sahəsi 45,47 k.m olan 32 saylı mənzilin nömrəsi mənzillərin yenidən nömrələnməsi nəticəsində 39 olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km ünvanında yerləşən bina İ blok 36, mərtəbə 8, 1 otaqdan ibarət ümumi sahəsi 45,47 k.m olan 39 saylı mənzil İddiaçı təhvil verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1412 №-li, 25 aprel 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən: -Ekspertiza qarşısında qoyulmuş birinci sual üzrə- Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********18-05310-093006 reyestr nömrəli çıxarış və Texniki pasporta əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, ev 10, 149 saylı mənzilin ümumi sahəsi 36 m2 (yaşayış sahəsi 16 m2 və köməkçi sahəsi 20m2) təşkil edir; - Ekspertiza qarşısında qoyulmuş ikinci sual üzrə - xx.xx.2009-cu il tarixli, 10284 saylı “Müqavilə”də mənzilin ümumi sahəsi 45,47m2 göstərilmişdir. Lakin müqavilədə qeyd olunan sahənin cizgisi o cümlədən ekspert vəsatətində qeyd olunan binanın işçi layihəsi təqdim olunmadığından layihə-cizgi əsasında mənzilin sahəsinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır; -Ekspertiza qarşısında qoyulmuş üçüncü sual üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, "Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, ev 10, 149 saylı mənzilin faktiki olaraq ümumi sahəsi 36 m2 (yaşayış otağının sahəsi 16 m2 və köməkçi otaqların sahəsi 20m2) təşkil edir; -Ekspertiza qarşısında qoyulmuş dördüncü və beşinci sual üzrə Aparılmış hesablamalar nəticəsində mənzilin faktiki sahəsinin 39,2m2 olduğu və mənzilin faktiki ölçüləri ilə texniki pasportda əks olunmuş ölçülərin eynilik təşkil etdiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********18-05310- 093006 reyestr nömrəli çıxarışda qeyd edilən ümumi sahəsi hesablanarkən balkon 0,3 azalma əmsalı ilə hesablandığından mənzilin ümumi sahəsi 36 m2 təşkil etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, ev 10, 149 saylı mənzilə dair "xxxx" ASC tərəfindən verilmiş layihə-cizgi təqdim olunmadığından, eyni zamanda qərardadın beşinci sualı jzrə tədqiqat aparılmadı. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1412 №-li, 25 aprel 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, ev 10, 149 saylı mənzilin faktiki sahəsi ilə həmin mənzilə dair "xxxx" ASC tərəfindən verilmiş layihə-cizgidə qeyd edilən mənzilin ümumi sahəsi (yaşayış və qeyri yaşayış sahəsi daxil olmaqla) arasında fərq olduğu, mənzilin faktiki sahəsinin (39,2m2) layihə-cizgidə qeyd olunan sahədən (45,47m2) 6,27 kv.m az olduğu müəyyən edilir. Layihə-cizgidə qeyd olunan sahələrin hansı formada hesablanması göstərilmədiyindən yaranmış fərqin səbəbini müəyyən etmək mümkün olmamışdır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli 10284 nömrəli alqı-satqı müqaviləsinə KP/AK/77-15-11 nömrəli əlavə razılaşmanı üçüncü tərəf qismində imzalamış və bu razılaşmaya əsasən xx.xx.2009-cu il tarixli 10284 nömrəli alqı-satqı müqaviləsində cavabdehin sələfi olmuş "X8" MMC-nin (VÖEN **********) satdığı Bakı-Sumqayıt yolu 7ci km-də yerləşən "Abşeron Gənclər Şəhərciyi"nin 36-cı blokunda ümumi sahəsi 45.47 kv metr olan 1 otaqdan ibarət 32 saylı (təhvil veriləndə isə 39 saylı) mənzilə dair hüquq və öhdəliklər ona ötürülmüşdür. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 45.47 kvadrat metr olan yaşayış sahəsinin ümumi dəyəri olan 18188.00 manat alıcı tərəfindən ASC-yə tam ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 36 kvadrat metr olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasıdır. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, sözügedən mənzilin faktiki sahəsinin 39,2m2 olduğu və mənzilin faktiki ölçüləri ilə texniki pasportda əks olunmuş ölçülərin eynilik təşkil etdiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********18-05310- 093006 reyestr nömrəli çıxarışda qeyd edilən ümumi sahəsi hesablanarkən balkon 0,3 azalma əmsalı ilə hesablandığından mənzilin ümumi sahəsi 36 m2 təşkil etməsi halı müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan mənzilin ümumi sahəsi faktiki olaraq 45.47 kv.metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən 36 kv.metr təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 36 kvadrat metr kimi hesablansa da, cavabdeh ASC müqavilə bağlayarkən mənzilin layihə üzrə ümumi sahəsinin 45,47 kvadrat metr təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir. İddiaçı mənzili alarkən onun ümumi layihə sahəsinin 45,47 kvadrat metr olmasını və mənzildə balkonların olmasını bilmiş və həmin şərtlərlə razılaşaraq, müqaviləni imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bundan əlavə, məhkəmə cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə qiymət verərək hesab edir ki, sözügedən əmlak iddiaçının mülkiyyəti hesab olunduğuna görə onun həmin əmlaka dair artıq ödənilmiş pulun qaytarılması haqqında tələbinə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar