Məhkəmə qərarları › İş №2(005)-1355/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1355/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1355/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər 2 saylı Sumqayıt Regional Maraqlı şəxs1, Maraqlı şəxs2) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 miras qalmış Abşeron rayonu, Goradil kəndi, Yeni massivdə yerləşən 19 nömrəli fərdi yaşayış evinin miras pay olaraq onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 dekabr 2015-ci il tarixdə rəhmətə gedmiş həyat yoldaşım X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair 2 saylı Sumqayıt Regional Maraqlı şəxs1nə müraciət etmişdir. Müraciətinə baxılmış, lakin qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Mərhum həyat yoldaşından Abşeron rayonu, Goradil kəndi, Yeni massivdə yerləşən 19 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Həmin fərdi yaşayış evini faktiki olaraq miras kimi qəbul etmişdir. Həmin fərdi yaşayış evinə hazırda faktiki sahiblik etməkdədir. Bütün kommunal xidmətləri həyata keçirir. Digər tərəfdən digər vərəsə, oğlu Maraqlı şəxs2 da, onun miras əmlakı qəbul etməsi ilə bağlı heç bir etirazı yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin mahiyyətinə uyğun izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2 ərizəyə etiraz etməmiş, bildirmişdir ki, mirasqoyan onun atasıdır. X7 həyat yoldaşı - Ərizəçi və özündən başqa vərəsəsi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında Görədil kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. 17 dekabr 1983-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X5 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abasquliyev, arvada Abasquliyeva soyadı verilmişdir. AR DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Goradil kəndi, Yeni massivdə yerləşən 19 nömrəli fərdi yaşayış evi X7 mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Görədil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Abşeron rayon, Goradil kəndi, Yeni massivdə yerləşən 19 nömrəli fərdi yaşayış evində X2 və Maraqlı şəxs2 hazırda yaşamaqdadırlar. İş materiallarında olan 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi Notariat Ofisinin 25 yanvar 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən müvafiq müddət ötürüldüyündən imtina olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən ərizəçi məhkəmə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmənin qənaətinə görə, iddia tələblərinə düzgün hüquqi qiymət verilməsi, ilk növbədə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilmədiyi məsələsinin aydınlaşdırılmasından asılıdır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun; Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada məhkəmə hesab edir ki, vərəsəlik hüququ üzrə müddətin üzürlü sayılmaqla uzadılması məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Yuxarıda da göstərildiyi kimi, mərhum X4 qalmış miras əmlak barədə Ərizəçi vərəsə olması özünə çatası miras payından imtina etmədiyi, oğlu - Maraqlı şəxs2 birgə həmin evdə yaşamaqları işin mübahisəsiz halıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, işin hallarından mirasqoyanınqanun üzrə vərəsələrinin miras kütləsinə daixil olan əmlakı idarə etmələri, həmin evdə yaşamaları mirası qəbul etdikləri qənaətinə gəlməyə imkan verir. X8 vəfat etdikdən sonra ərizəçi birinci dərəcə vərəsə kimi digər vərəsə ilə Maraqlı şəxs2 ilə birgə miras əmlaka faktiki sahiblik etməyə və onun idarə edilməsində iştirak etməyə başlamışdır. Məhkəmə ərizəçinin mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpası tələbi ilə bağlı qeyd edir ki, ərizə təmin edilməli, X4 miras qalmış əmlakın ərizəçi tərəfindən qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi üzürlü hesab edilməklə uzadılmalıdır. Belə ki, ərizəçinin birinci növbəli vərəsə kimi miras almaq hüququ qanunvericiliklə müəyyən edilmiş müddətlərdə mirası qəbul etməməsi nəticəsində yaranmışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçılar mirasının açıldığı məqamda miras əmlak onların istifadəsində olmuş və mirasqoyanın vərəsələri tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. Ərizəçinin həyat yoldaşının mirasını vaxtında qəbul etməməsi üzrlü səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Abşeron rayonu, Goradil kəndi, Yeni massivdə yerləşən 19 nömrəli fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar