Məhkəmə qərarları › İş №2(005)-1356/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1356/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1356/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı beh müqaviləsi üzrə pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı beh müqaviləsi üzrə pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə uzun illərdir ki tanışdır və qonşu binalarda yaşayırlar. 2020-ci ilin avqust ayının biri cavabdehin mülkiyyətində olan 2019-cu il buraxılışlı Volkswagen Polo markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ciddi əzilməsini və cavabdehin təcili pula ehtiyacı olmasını öyrənmişdir. Cavabdehlə danışıqlar nəticəsində nəqliyyat vasitəsinin əzik vəziyyətdə 17000 (on yeddi min) manata alqı-satqı edilməsinə razılaşmış və xx xxxxxx 2020-cı ıl tarixdə cavabdehə 8000 manat beh vermişdir ki, yerdə qalan 9000 manatı da bir ay ərzində verib nəqliyyat vasitəsini alacağı ilə bağlı razılaşmışlar. Cavabdeh behin rəsmiləşdirilməsini tələb etmiş və iddiaçı da onunla razılaşmışdır. Cavabdeh qeyd etmişdir ki, tanış hüquqşünas var və beh müqaviləsinin hazırlanmasında onlara köməklik edə bilər. Artıq xərc çıxmasın deyə cavabdehlə notariusa getməmək qərarına gəlmişlər. Nəqliyyat vasitəsini almaqda məqsədi, onu təmir etdirib, satmaq idi. Çünki 2019-cu il buraxılışı olan, cəmi 500 km idarə edilən Volkswagen Polo markalı maşının yenisinin qiyməti həmin dövrlərdə 28000 manat olmuşdur. Həmin maşını 17000 manata alıb, təmirinə təxminən 3000 manat xərcləyib 22000 manata satsaydı 2000 manat gəlir əldə edəcəkdi. Məhz bu məqsədlə həmin maşını almaq istəmişdir. Çünki tanıdığı usta həmin maşına baxıb onu 3000 manata tam təmir edəcəyinə söz vermişdi. xx xxxxxx 2020-ci il tarixdə cavabdehə yaxınlaşaraq ona 9000 manat pulu vermək istədikdə, o bildirdi ki, qəza zamanı vurduğu Nissan Sunny markalı maşını idarə edən X1 məhkəmədə iddia qaldırmış, maşının üzərinə həbs qoyulması ilə bağlı ərizə vermişdir digər tərəfdən də ondan 15000 manat pul tələbi ilə bağlı iddia qaldırmışdır. İddiaçı Zaurun əlində olan sənədlərlə tanış olan zaman iddianın 29 iyunda verilməsini görüb ona etirazını bildirmişdir ki, maşına həbsin qoyulmasını bildiyi halda nə üçün ona bu haqda deməyib, nə üçün ondan gizlədib. O, belə bir problemin olduğunu vaxtında bilsəydi heç beh verməzdi. Digər tərəfdən də maşını alsa belə onu adına keçirdə bilməyəcəkdi, ona görə ki, nəqliyyat vasitəsinin əzik və qəzalı vəziyyətdə olması səbəbindən tezliklə adına keçirtmək mümkün olmayacaqdı, həmin maşının təmirinin bir neçə ay çəkə biləcəyi ehtimalı var idi və həmin aylar ərzində əgər maşın üzərinə həbs qoyulsa idi, maşın onun əlindən alınacaqdı və verdiyi pullar batacaqdı. Cavabdeh isə məhkəmənin olduğu barədə indi bildiyini, məhkəmədən məlumatı olmadığını bildimiş, və ona 28 avqust tarixli qərardadı göstərmişdir. Qərardadla tanış olan zaman cavabdehin onu aldatmadığını bilmiş və əmin olmuşdur ki, həqiqətən də məhkəmədə ona qarşı qaldırılan iddiadan onun xəbəri olmayıb. O, həmin qərardadın və verilən ərizənin surətini çıxardıb özündə saxlamışdır. Buna baxmayaraq o, mübahisəli maşını almaqdan imtina edib 8000 manat verdiyi pulu ondan geri tələb etmişdir. Çünki maşın üzərinə həbsin qoyulması ilə bağlı ış yenidən baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir və qarantiya yox idi ki, məhkəmə maşın üzərinə həbs qoymayacaq. X2 aralarında olan mübahisə onun yox, məhz Zaurun problemidir ki, əgər o, pulunu geri almasa gələcəkdə zərər çəkə bilər. Məhz maşın üzərinə həbsin qoyulması ərizəsindən ehtiyat edib və məhz elə o səbəbdən də maşını almaqdan imtina edib verdiyi 8000 manat pulu Zaurdan tələb etmişdir. O, isə pulu öz ehtiyacı üçün xərclədiyini bildirib xahiş etmişdir ki, bir iki aya pulu ona ya hissə-hissə, ya da tam olaraq qaytaracaq. Çünki yaranmış bu xoşagəlməz hala məsuliyyəti məhz cavabdeh daşıyır. Dekabr ayının 28-i cavabdehi yolda görüb ondan pulunu tələb etmiş, pula ehtiyacı olduğunu bildirmişdir. O, isə müxtəlif bəhanələr gətirərək 10 günə pulu tam olaraq ödəyəcəyinə söz verdi. Qonşuluq xatirinə ona heçnə deməmiş və razılaşmışdır. 2021-ci ilin yanvar ayının 6-sı cavabdehi yenidən həyətdə görüb ondan 8000 manat pulun qaytarılmasını tələb edən zaman o, bunun onun günahı deyil, gözlənilməz hallar baş verdiyindən bildirmişdir. Göründüyü kimi cavabdehlə aralarında imzalanan beh müqaviləsin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə məsuliyyət cavabdehin üzərinə düşür və AR MM-nin 492.2 maddəsinin tələbinə görə cavabdeh ondan aldığı beh miqdarının iki mislini ona qaytarmalıdır. Çünki maşının üzərinə həbsin qoyulması haqqında ərizənin məhkəmədə baxılması, onun pulunu risk altına alır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh oğUndan 8000 beh miqdarının iki mislini, yəni 16000 (on altı min) manat pulun və 2000 (iki min) manat əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun, ümumilikdə 18030 (on səkkiz min otuz) manat pulun tutularaq, iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan beh verən İddiaçı ilə beh alan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli beh müqaviləsindən görünür ki, Buraxıiılş ili 2019-cu ıl olan ağ rengü VOLKSWAGEN POLO SEDAN MİNİK markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı, (mühərrik CWVS40877), (Ban XW877?61ZKG045ü81) nəqliyyat vasitəsinin gələcəkdə 17000 (on yeddi min) manata alqı-satqı edilməsi edilməsinə zəmanət məqsədilə 2 -ci tərəf 1-ci tərəfə 8000 (səkkiz min) manat deyərində beh verir və yerdə qalan 9000 (doqquz min) manatı isə bır ay ərzinaə yəni 20 iyul tarixinədək 1-ci tərəfə ödəməyi öhdəlik götürür və tərəflər notariusa müraciət etməməklə, öz aralarında qarşılıqlı razılığa gələrək 1-ci tərəfin təklifi ilə bu müqaviləni imzalayırlar. İş materiallarında olan AD seriyalı 755940 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VOLKSWAGEN POLO SEDAN minik” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Mülki Məcəllənin 491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 492.1-ci maddəsinə görə, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Mülki Məcəllənin 492.2-ci maddəsinə görə, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, alqı-satqı müqaviləsinin icra edilməməsi üçün cavabdeh məsuliyyət daşımamalıdır, çünki avtomobilin satılması onun üzərinə məhkəmə qərardadı ilə həbs qoyulması səbəbindən mümkün olmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh idiiaçıya behin ikiqat mislini yix, aldığı məbləği qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər”. Məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış fayda hissəsində iddiaçı tərəfindən sübuta yetirilmədiyindən bu hissədə də təmin edilə bilməz. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh 8000 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar