Məhkəmə qərarları › İş №2(005)-1375/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1375/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1375/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh4 nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə sifariş verilmiş aviabiletlərin, viza və otel vauçerləri üzrə ödənilmiş pul məbləğlərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə sifariş verilmiş aviabiletlərin, viza və otel vauçerləri üzrə ödənilmiş pul məbləğlərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1.155 (bir min bir yüz əlli beş) ABŞ dolları, Cavabdeh2 850 (səkkiz yüz əlli) ABŞ dolları, Cavabdeh3 1.470 (bir min dörd yüz yetmiş) ABŞ dolları və Cavabdeh4 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən İddiaçındən müxtəlif istiqamətlərdə səfərlərinin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmişdir. Eyni zamanda, xarici ölkələrdə gecələmək üçün otel otaqları sifariş verilmişdir. "İddiaçı” X6 sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerləri vaxtında təqdim etmişdir. Lakin İddiaçı cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı tərəfindən ödənilmiş pul vəsaitləri cavabdehlər tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı həmin aviabilətlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hər-hansısa çətinlik yaratmamışdır. Lakin, cavabdehlər tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilməsi zəruridir ki, cavabdehlər tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi onların qanunla qorunun hüquqlarının pozulmasına və bununla da, maddi ziyanın dəyməsinə səbəb olmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 1.155 (bir min bir yüz əlli beş) ABŞ dolları, Cavabdeh3 1.470 (bir min dörd yüz yetmiş) ABŞ dolları, Cavabdeh2 850 (səkkiz yüz əlli) ABŞ dolları və Cavabdeh4 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində borcları mövcuddur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 1.155 (bir min bir yüz əlli beş) ABŞ dolları, Cavabdeh3 1.470 (bir min dörd yüz yetmiş) ABŞ dolları, Cavabdeh2 850 (səkkiz yüz əlli) ABŞ dolları və Cavabdeh4 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair xx xxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1.155 (bir min bir yüz əlli beş) ABŞ dolları, Cavabdeh3 1.470 (bir min dörd yüz yetmiş) ABŞ dolları və Cavabdeh4 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili X9 xx xxxxxxxx 2020-ci il tarixdə xx xxxxxxxx 2020-ci il tarixli iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbinə” dair iddia qaldıraraq cavabdehlərdən etibarnamə üzrə nümayəndəsi və vəkili olduğu Cavabdeh4 mülki işin materiallarına əlavə edilmiş arayışlara əsasən turizm xidmətləri üçün, o cümlədən, xx xxxxxx 2016-cı il tarixdə Bakı-Tbilisi, xx xxxxxx 2016-cı ildə Tbilisi-Bakı, xx xxxxxx 2017-ci ildə Bakı-Tbilisi və xx xxxxxx 2017-ci ildə geriyə olmaqla gediş-gəliş biletləri üçün 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassızdır və iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, müxtəlif istiqamətlərdə cavabdehə xarici ölkədə turizm xidməti göstərilməsi üçün vizalar və otel vauçerləri, həmçinin aviabiletlər sifariş etmişdir. Sifariş əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdeh bu günə qədər göstərilmiş xidmətlərin dəyərini ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə (öhdəlik anlayışını) və öhdəliklərin icrasına dair həmin Məcəllənin 425-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə dair 442-ci maddəsinə istinad etmişdir. Hesab edir ki, iddiaçı olan hüquqi şəxs ilə onun hüquqlarını təmsil və müdafiə etdiyi şəxsin arasında turizm xidməti göstərilməsi barədə müqavilə olmadığından hər hansı bir öhdəlik yaranmamışdır. İş materiallarında iddiaçı tərəfindən Cavabdeh4 turizm xidməti göstərilməsi barədə müqavilə mövcud deyildir. Sadəcə olaraq iddiaçı cavabdeh tərəfindən 01 və xx xxxxxx 2016-cı ildə və 10 və xx xxxxxx 2017-ci ildə Bakı-Tbilisi və Tbilisi-Bakı reyslərindən istifadə edilməsinə dair aviaşirkətin arayışı iş materiallarına əlavə edilmişdir. Həqiqətən də, cavabdeh qeyd edilən vaxtlarda həmin istiqamətlərdə uçuşlardan istifadə etmişdir. Ancaq hüquqi şəxs olan İddiaçınə müraciət etməmiş, bilet satışı ilə məşğul olan Fərhad adlı şəxsə sənədlər, bilet və digər xidmətlər üçün tələb olunan pul məbləği təqdim edilmiş və hazır sənədlər ondan götürülmüşdür. Qeyd edilməsi zəruridir ki, 2016-cı ilin dekabr ayında istifadə olunmuş xidmətin və aviabiletin pulu ödənilmədən 2017-ci ilin yanvar ayında yenidən pulu ödənilmədən aviabilet verilməsi və xidmət göstərilməsi inanılmazdır. Həmin iddiaçı şirkətlə Cavabdeh4 arasında nisyə xidmət göstərilməsi barədə müqavilə mövcud deyildir. Belə bir müqavilə ola da bilməzdi, çünki hər dəfə pullar tələb olunan məbləğdə tam ödənilmişdir. Əgər həqiqətən də iddiaçı tərəfindən tələb olunan məbləğlər ödənilməmiş olsaydı, həmin vaxtdan ötən 3 (üç) ildən artıq müddətdə cavabdehə hər hansı bir formada (yazılı bildiriş, telefon zəngi, sms və s.) müraciət edilərdi. İddiaçı iddia ərizəsində iddia edərək göstərmişdir ki, “cavabdehlər tərəfindən İddiaçındən müxtəlif istiqamətlərdə səfərlərinin həyata keçirilməsi məqsədilə aviabiletlər sifariş verilmişdir. Eyni zamanda, xarici ölkələrə səfər etmək üçün vizaların alınması və gecələmək üçün otel otaqları sifariş verilmişdir. İddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerləri vaxtında təqdim etmişdir.” Göründüyü kimi, iddiaçı iddia ərizəsində sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirdiyini və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və hətta otel vauçerlərini də vaxtında təqdim etdiyini iddia edir. “Turizm haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən turizm vauçeri xarici turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəddir. Beləliklə də, iddiaçı ilə cavabdeh arasında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yarandığını iddia edir, lakin bunu təsdiq edən yazılı müqaviləni iddia ərizəsinə əlavə etməmiş və məhkəmə baxışı zamanı təqdim etməmişdir. Halbuki, iddiaçı tələbini cavabdehə turizm xidməti göstərməsi ilə əsaslandırır, cavabdeh isə belə xidmətlə bağlı iddiaçı ilə yazılı razılaşma olmadığını bildirir, “Turizm haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən isə turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. Sözügedən Qanunun 1-ci maddəsinə görə turizm məhsulu - turistlərə göstərilən xidmətlər kompleksidir (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər). Göstərilənlərdən müəyyən edilir ki, iddiaçı şəxsin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 425-ci və 442-ci maddələrinə istinad etməsi əsassızdır və iddiaçı tərəfindən Cavabdeh4 nisyə turizm xidməti göstərilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Yuxarıda şərh olunanlara əsasən müəyyən edilir ki, İddiaçı cavabdehlərdən Cavabdeh4 qarşı iddia tələbi əsassızdır və həmin tələbin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Cavabdeh4 nümayəndəsi və vəkili X9 xx xxxxxxxx 2020-ci il tarixdə xx xxxxxx 2020-ci il tarixli iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh4 iddiaçı tərəfindən göstərildiyi iddia edilən turist xidmətlərindən, o cümlədən aviabiletlərdən 2016-cı ilin axırı, 2017-ci ilin əvvəllərində istifadə edilmişdir. İddia ərizəsi məhkəməyə xx xxxxxx 2020-ci ildə, yəni 3 (üç) ildən artıq müddət ötdükdən sonra təqdim edilmişdir. Ona görə də, həmin iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Bu baxımdan, İddiaçı Cavabdeh4 qarşı 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində “pul tələb”inə dair iddiası üzrə iddia müddəti tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia müddətinin buraxılması səbəbindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili X9 iddia tələbini qəbul etməyərək, iddia əsassız olduğundan, eləcə də mülki iş üzrə iddia müddəti buraxıldığından iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh3 və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı xx xxxxxx 2016-cı il tarixli invoice/hesab nömrəsi 102 olan arayışın məzmunundan görünür ki, Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixdə “Rixos” Oteldə 01-03 dekabr, iki gecə, üç otaq, üç nəfər səhər yeməyi ilə birlikdə otel sifarişi, xx xxxxxx 2016-cı ildə Bakı-İstanbul-Antalya- İstanbul-Bakı reyslərindən istifadə edilməsinə dair aviaşirkətin göstərdiyi xidmətə görə 1.155 (bir min bir yüz əlli beş) ABŞ dolları məbləğində pul vəsaiti müəyyən edilmişdir; İddiaçı xx xxxxxx 2017-ci il tarixli invoice/hesab nömrəsi 102 olan arayışın məzmunundan görünür ki, Cavabdeh4 01 və xx xxxxxx 2016-cı ildə və 10 və xx xxxxxx 2017-ci ildə Bakı-Tbilisi və Tbilisi-Bakı reyslərindən istifadə edilməsinə dair aviaşirkətin göstərdiyi xidmətə görə 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti müəyyən edilmişdir; İddiaçı xx xxxxxx 2017-ci il tarixli invoice/hesab nömrəsi 101 olan arayışın məzmunundan görünür ki, Cavabdeh3 xx xxxxxx 2016-cı il tarixdə “President” Oteldə 09-11 noyabr, iki gecə, bir nəfər, standart otaq səhər yeməyi ilə birlikdə otel sifarişi, 11 noyabr və xx xxxxxx 2016-cı ildə Kiyev-Bakı və Ankara-İstanbul, 16 və xx xxxxxx 2017-ci ildə İstanbul-Bakı və Bakı-İstanbul reyslərindən istifadə edilməsinə dair aviaşirkətin göstərdiyi xidmətə görə 1.470 (bir min səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti müəyyən edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh3 ünvan 1 mənzil 60/62 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxx 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh4 ünvan 3 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli 52978 nömrəli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. X13 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. X11 üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh şəxslər tərəfindən İddiaçındən müxtəlif istiqamətlərdə səfərlərinin həyata keçirilməsi məqsədi ilə aviabiletlər və xarici ölkələrdə gecələmək üçün otel otaqları sifariş verilmişdir. İddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerləri vaxtında təqdim etmişdir. İddiaçı cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı tərəfindən ödənilmiş pul vəsaitləri cavabdehlər tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı həmin aviabilətlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hər-hansısa çətinlik yaratmamışdır. Lakin, cavabdehlər tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu baxımdan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1.155 (bir min bir yüz əlli beş) ABŞ dolları, Cavabdeh3 1.470 (bir min dörd yüz yetmiş) ABŞ dolları və Cavabdeh4 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh şəxslər müvafiq öhdəliyin icra müddətindən 3 (üç) ildən artıq müddətin keçdiyini əsas gətirərək iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş edirlər. Beləliklə, məhkəmə hazırki mübahisənin vaxtaşırı icra edilməli öhdəliklərdən yaranan mübahisə olduğunu, belə mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin tətbiq edildiyini nəzərə alıb belə qənaətə gəlir ki, iddia müddətinin axımı başladığı tarixdən 3 (üç) il ərzində iddiaçı tərəfindən öhdəliyin icrası tələb edilmədiyindən, cavabdeh şəxslər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizələri əsaslı hesab edilməli, Cavabdeh4 nümayəndəsi və vəkili X7 və Cavabdeh1 ərizələri əsasında iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə iddia ərizəsi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxsin Dövlət Qeydiyyatı Şəhadətnaməsindən görünür ki, hüquqi şəxs İddiaçı xx xxxxxxx 2006-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Əqdlərin bağlanması üçün formalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş formalar, belə formalar müəyyən edilmədikdə isə tərəflərin qarşılıqlı razılığı ilə şərtləşdirilmiş formaya riayət edilməlidir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci və 329.2-ci maddələri). Şifahi müqavilə onu bağlamaq iradəsi şəxsin rəftarından məlum olduqda bağlanmş hesab olunur. Yazılı müqavilə isə onun məzmununu ifadə edən onu bağlayan şəxslər tərəfindən imzalanmış sənədin tərtibi ilə bağlanır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad edilən 405.1-ci maddəsi, habelə 407.2-ci maddəsi forma şərtini müqavilənin mühüm şərti kimi qəbul edir, yəni forma şərti müqavilənin bağlanma şərtidir. Bu o deməkdir ki, forma şərtinə əməl olunmaması müqavilənin bağlanmamış sayılması ilə nəticələnəcəkdir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 862.1-ci maddəsinə əsasən turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Qeyd edilən maddədən müəyyən olunur ki, turist xidmətlərinin göstərilməsi zamanı tərəflər arasında öhdəlik yaranması üçün müqavilə bağlanmalıdır. Ancaq qeyd edilən müqavilənin formasına dair, yəni yazılı və ya şifahi bağlanmasına Məcəllədə heç nə deyilmir. Lakin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində turizmin anlayışı verilmişdir. Həmin normaya görə turizm - Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir, (səyahətləri); tur - konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan forması; turizm yollayışı – ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəddir. İddiaçı iddia ərizəsində iddia edərək göstərmişdir ki, cavabdeh şəxslər İddiaçındən müxtəlif istiqamətlərdə səfərlərinin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmişdir. Eyni zamanda, xarici ölkələrə səfər etmək üçün vizaların alınması və gecələmək üçün otel otaqları sifariş verilmişdir. İddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerləri vaxtında təqdim etmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirdiyini və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və hətta otel vauçerlərini də vaxtında təqdim etdiyini iddia edir. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən turizm vauçeri - xarici turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəddir. Beləliklə də, iddiaçı cavabdehlərlə aralarında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yarandığını iddia edir, lakin bunu təsdiq edən yazılı müqaviləni məhkəməyə baxışı zamanı təqdim etməmişdir. Halbuki, iddiaçı tələbini cavabdehlərə turizm xidməti göstərməsi ilə əsaslandırır, cavabdehiər isə belə xidmətlə bağlı iddiaçı ilə yazılı razılaşma olmadığını mübahisələndirirlər. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən isə turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. Sözügedən Qanunun 1-ci maddəsinə görə turizm məhsulu - turistlərə göstərilən xidmətlər kompleksidir (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər). Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə sifariş verilmiş aviabiletlərin, viza və otel vauçerləri üzrə ödənilmiş pul məbləğlərinin qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə sifariş verilmiş aviabiletlərin, viza və otel vauçerləri üzrə ödənilmiş pul məbləğlərinin qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar