Məhkəmə qərarları › İş №2(005)-1381/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1381/2024

09.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1381/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: müavinətin ödənilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki halları: 14-2-15/3-1K-593/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr əsasında İddiaçı əmək pensiyasına çıxması nəzərə alınaraq, Cavabdeh Təchizat və logistika bölümü Qaradağ logistika xidmətində takelajçı vəzifəsində işləməsi barədə əmək müqaviləsi ləğv edilmişdir. Haqq-hesab vərəqəsinin məzmunundan müəyyən edilir ki, İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində müavinət 11120,10 manat və bu müavinətdən tutulmuş gəlir vergisinin 2780,62 manat olmuşdur. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ondan əsassız tutulmuş 2780,62 manat məbləğindən pulun və ödənilmiş 48 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh AR Dövlət Neft Şirkəti “Socar”-ın əsl cavabdehlə əvəz edilməsini AR DNŞ-nın Cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İlk dəfə 1976-cı il tarixdə əmək fəaliyyətinə başlamış, 17 avqust 2023-cü ilə kimi işləmişdir. Qeyd edir ki, 1976-cı ildə əmək fəaliyyətinə başladıqdan sonra 1977-ci ildə hərbi xidmətə yollanmışdır. 1979-cu ilin may ayında həıbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini bərpa etdi. 1980-ci ilin yanvar ayından 17 avqust 2023-cü ilə kimi Sokarda işləmişdir. İşlədiyi müddət ərzində heç bir vəzifə səhlənkarlığına yol verməmiş, verilən tapşırıqların öhdəsindən layiqinci gələrək rəhbərliyin və kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Qeyd edir ki, bu günə kimi ümumilikdə 48 ilə yaxın əmək staji var. 35 ildən yuxarı zərərli sexlərdə işləmişdir. İşlədiyi müddət ərzində 66787,58 manat pensiya kapitalı var.1988-ci ildən xx.xx.2023-cü ilə kimi X3 Trestində takalajcı peşəsində çalışmışdır. xx.xx.2023-cü ildə yaşa görə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, haqq-hesab vərəqəsinə əsasən ondan 54.54 işsizlik ödənişi, 327,30 DSMF tutulma, 109,07 Həmkarlar ittifaqı, 2.105,78 gəlir vergisi, 183,93 İTS ödənişi tutulmuşdur. Ümumi 2, 780,62 manat. Hesab edir ki, bu tutulmalar qanunsuzdur. Əlavə tutulmaların geri qaytarılması üçün cavabdehə pretenziya məktubu göndərsə də cavabdeh buna heç bir əhəmiyyət verməmişdir. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. c) Üçüncü şəxsin iddia ərizəsinə etirazının dəlillləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı və Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində göstərildiyi iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək “cavabdehdən 2.780,62 manat məbləğində pulun və ödənilmiş 48,00 manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən iddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənildiyini və həmin müavinətdən Vergi Məcəllıəsinin tələblərinə əsasən gəlir vergisi tutulmuşdur. İddiaçı iddia tələbində ondan tutulmuş ümumilikdə 2.780,62 manat məbləğin qanunsuz olduğunu bildirmişdir. Hesab edirik ki, iddiaçının bu tələbi tamamilə yanlış olmaqla qanunvericiliyə ziddir. Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Beləliklə qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 69-cu maddəsinin 3-ci hissəsi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə bildiririk ki, həmin maddə öz-üzlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Öz növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həminəsaslara aid edilmişdir. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3- cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinətiolmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarının əsaslandırma hissəsi hazırkı iş üzrə iddiaçının dəlillərinə münasibətdə yuxarıda sadalanan hüquqi normalarla eynilik təşkil edir. Bu isə onu deməyə əsas verir ki, vergi orqanın analoji işlər üzrə, həmçinin müvafiq hüquq normalarının tətbiqi üzrə mövqeyi tamamilə əsaslı və qanunauyğun olmuşdur. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki işin materialları - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə əmək pensiyasına çıxdığına görə ləğv edilib, ona orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinətinin ödənildiyi qeyd olunub. - 14-2-15/3-1K-593/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı əmək pensiyasına çıxması nəzərə alınaraq, Cavabdeh Təchizat və logistika bölümü Qaradağ logistika xidmətində takelajçı vəzifəsində işləməsi barədə əmək müqaviləsi ləğv edilmişdir. - Haqq-hesab vərəqəsinin məzmunundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində müavinət 11120,10 manat və bu müavinətdən tutulmuş gəlir vergisinin məbləği 2780,62 manat olmuşdur. - 11 sentyabr 2023-cü il tarixli İddiaçı ünvanlanmış müraciətə baxılması haqqında məktubun məzmunundan görünür ki, Vergi Məcəlləsinin 102-ci maddəsinin 102.1.3.1-ci bəndinə əsasən ona ödənilən orta aylıq əmək haqqının beş misli miqdarında işdənçıxma müavinətdən 1000 manat vergi güzəşti olunaraq gəlir vergisi tutulmuşdur. Müraciətdə qeyd eidlən digər tutulmalar AR-nın müvafiq qanunvericiliyinə uyğun olaraq aparılmışdır. - ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130- cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir». Əmək Məcəlləsi: 3.7-ci bəndinə görə, kollektiv saziş- müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır. 7.1-ci maddəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7.3-cü maddəsinə görə, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. 12-ci maddəsinə əsasən kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxildir. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər;

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur;

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

6. - Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər; Maddə 175. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər; - 4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir; Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR X1 15 aprel 2024-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın;

İşə baxan məhkəmənin mövqeyi:

İş materiallarından görünür ki, 14-2-15/3-1K-593/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ilə İddiaçı əmək pensiyasına çıxması nəzərə alınaraq, Cavabdeh Təchizat və logistika bölümü Qaradağ logistika xidmətində takelajçı vəzifəsində işləməsi barədə əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində müavinətdən tutulmuş gəlir vergisinin məbləği 2780,62 manat olmuşdur. İddiaçı hesab edir ki, işdən azad edilərkən ona ödənilmiş müavinət məbləği vergiyə cəlb edilməməli idi. Bu səbəbdən, o, müavinətin məbləğinin qalan hissəsinin cavabdeh tərəfindən ona ödənilməsini tələb etmiş və qeyd olunan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının işdən azad olunması zamanı ödədiyi orta əmək haqqının 5 misli məbləğində müavinət iddiaçının gəliridir. Hazırki işdə iddianın predmetini təşkil edən 2780,62 manat məbləğin iddiaçıya ödənilməsi üçün iddianın hüquqi əsasını Gəlir vergisindən azadolma halları və güzəştlər əks etdirilən Vergi Məcəlləsinin 102-ci maddəsinin şərhindən asılıdır. Beləliklə də, hazırki mülki iş üzrə iddianın predmeti cavabdeh tərəfindən iddiaçıya ödənilmiş müavinətin vergitutmaya cəlb edilməli olub-olmamasıdır. Belə ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə görə işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Belə olan halda, işdənçıxma müavinətinin hansı hallarda ödənilməsinə aydınlıq gətirilməlidir. İşdən çıxma müavinətinin hansı hallarda ödənilməsi və miqdarı Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin 3-cü hissəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq konkret rəqəmlərlə ifadə edilən miqdarda (əmək stajından asılı olaraq artan məbləğdə) işdənçıxma müavinəti ödənilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri əmək müqaviləsinin işəgötürən tərəfindən müvafiq olaraq müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi ilə bağlı ləğv edilməsi hallarına aiddir. Başqa sözlə, Əmək Məcəlləsinin 77ci maddəsinə görə işdənçıxma müavinəti əmək müqaviləsinə müəssisə ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, eləcə də həmin Məcəllədə nəzərdə tutulan konkret əsaslar üzrə (ƏM, 68-ci maddənin ikinci hissəsinin “c” və “ç”, 74- cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ) xitam verildiyi halda ödənilən pul əvəzidir. Hazırki işin müəyyən edilən hallarına görə isə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə, eləcə də müavinət ödənilməli olan başqa əsaslarla deyil, həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsi ilə – iddiaçının özünün təşəbbüsü ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsinə görə kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinə görə isə əmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Göründüyü kimi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsi kollektiv müqavilələrdə işdənçıxma müavinətinin daha yüksək məbləğdə verilməsi imkanının yalnız həmin maddənin üçüncü, dördüncü və yeddinci hissələri ilə bağlı olmasını müəyyən edir ki, iddiaçının da əmək müqaviləsinə həmin hissələrdə göstərilən əsasların hər hansı biri ilə xitam verilməyib. Bu baxımdan, iddiaçıya ödənilən ödəncin (o, hətta “işdənçıxma müavinəti” adlandırılsa belə) Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan kontekstdə işdənçıxma müavinəti olub-olmamasına qiymət verilməlidir. Belə ki, həmin maddəyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlirləri gəlir vergisindən azaddır. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR X1 15 aprel 2024-cü il tarixli Qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.” Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı tərəfindən 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Buradan görünür ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azaddır, lakin onun tərəfindən iddia ərizəsinin təqdim edilməsi üçün dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən də ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən, ********** nömrəli qəbzlə ödənilmiş 48 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar