Məhkəmə qərarları › İş №2(005)-1388/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1388/2023

09.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1388/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və digərlərinə qarşı ("xxxx" ASC və X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və digər şəxslər əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla X1 arasında AN-1 №1024376 saylı 17 mart 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzili almışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmamış və aldığı mənzil ona boş olaraq, yəni əşyasız və yaşayış olmadan təhvil verilmişdir. Alqı-satqı müqaviləsindən sonra o, ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasına getmişdir. Mənzilə aid qapının açarları tərəfindən yenisi ilə əvəz edilmişdir. Ölkəyə qayıtdıqdan sonra yeni aldığı mənzildə qapısı sındırılaraq, əvvəllər də tanımadığı şəxslərin əşyaları ilə birlikdə ona məxsus mənzildə yaşadığlarını görmüşdür. Bununla bağlı orada yaşayan insanlarla dəfələrlə görüşüb, söhbətləşsə də heç bir fayda vermədiyini görüb, Cavabdeh və digərləri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etmişdir. Lakin bu və ya digər tədbirlər indiyəqədər nəticə verməmiş, cavabdehlər hazırda da müvafiq mənzildə məskunlaşmağa davam etmişlər. Bu səbəbdən, mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və kirayə qalmaq məcburiyyətində qalmışdır. Həmçinin, qeyd etmək lazımdır ki, adıçəkilən şəxslər sözügedən mənzildə qeydiyyatda belə olmamış, yəni cavabdehlərin heç bir mülkiyyət hüquqları olmamışdır. Cavabdeh və digərləri barəsində məhkəmənin mənzildən çıxarılmaları barədə qətnamə mövcud olmuş və həmin qətnamə xx.xx.2022-ci il tarixində tam şəkildə icra olunmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin özbaşına zəbt edilməsi faktını araşdırılması üçün icra nümayəndələri və Polis idarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə akt qəbul olunmuş və aktda cavabdehdən savayı digər şəxslərində məskunlaşdığı məlum olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması və Cavabdeh və digərlərinin adıçəkilən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirmiş və qeyd etmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən mənzili X2 mülkiyyətində olmuş və onunla "xxxx" ASC arasında yaranmış mübahisənin həll edilməsi üçün sonuncu tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Xətai Rayon Məhkəməsində X2 iştirakı olmadan qətnamə qəbul edilmiş və həmin Qətnamədən hazırda Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş və iş üzrə ekspertiza təyin edilmişdir. Bu səbəbdən hazıki iddia üzrə əsl cavabdeh şəxs X5 hesab olunmalıdır. Çünki hazırki iddia üzrə Cavabdeh heç bir mülkiyyət hüququ mövcud olmamış, eləcə də sonuncu hazırda həmin mənzildə yaşamır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbindən etiraz ərizə təqdim edərək, bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 mülkiyyətində olmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-424/2021 saylı qətnaməsi ilə sözügedən mənzilin hərrac vasitəsilə satılması barədə qətnamə çıxarılmışdır. Çıxarılmış qətnamədən gec xəbər tutmuş, nəticədə şikayət müddətlərini ötürmüş və bu müddət ərzində cari qətnamə icra olunmuşdur. Lakin sonradan müddət bərpa barədə ərizələri təmin olunmuş, iş Bakı Apellyasiya Məhkəməsinin icraatına qəbul edilmişdir. Həmçinin bildirmişdir ki, evi alanda sənəd üzrə 52 kv.m olmağına baxmayaraq hazırda faktiki sahəsi 150 kv.m təşkil edir. Bu səbəbdən mənzil dəyərindən çox ucuz qiymətə hərraca qoyulmuş və X1 əldə etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Muğanbank “ASC işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ötən məhkəmə iclaslarının birində iştirak edən X1 bildirmişdir ki, Cavabdeh tanımır və alqısatqı onunla İddiaçı arasında baş tutmuş və sonuncuya ünvan 1 ünvanında yerləşən mənzili satmışdır. İddia tələbinin təmin olunmasına etirazı yoxdur, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X6 bildirmişdir ki, iş üzrə tərəfləri tanıyır. Belə ki, iddiaçı onun bacısıdır. Mübahisəli ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı zamanı Cavabdeh ilə alqı-satqı barədə ilkin danışıqlar aparmış, evin satışı üçün 127000 (bir yüz iyirmi yeddi min) manat məbləğdə razılaşmışlar. Notariat orqanında alqı-satqı olduğdan zaman ünvan 1 ünvanında yerləşən mənzilə baxışa getmiş, bu zaman Cavabdeh birbaşa evə baxışda iştirak etməmişdir. Evdə ilkin baxış zamanı boş olduğunu sadəcə evin zirzəmisində istifadəyə yararsız mebel avadanlıqları olduğunu görmüşdür. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı” müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili X1 125000 (bir yüz iyirmi beş min) manat məbləğinə İddiaçı satmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 424/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında yerləşən mənzilə icra nümayəndələri gəlmiş, həmin ünvana baxış keçirilən zaman ünvanda Cavabdeh və həyat yoldaşı X3 yaşadığı aşkar edilmiş, evin əşyaları icra nümayəndələri tərəfindən siyahı üzrə Cavabdeh və həyat yoldaşı X4 təhvil verilməklə, onlar evdən çıxarılmışlar. xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Haytaoğlu Mübariz qızına qarşı özbaşınalıq edilməsi faktı ilə ARCM-nin 322.1-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1762/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadına əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılarkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh və qeyriləri ünvan 1 ünvanında yerləşən mənzildə hazırda məskunlaşmış, bu səbəbdən iddiaçı onun mülkiyyətində olan mənzilə dair sahiblik, istifadə vermək hüququnu həyata keçirə bilmir. İddiaçı cavabdeh qismində -Cavabdeh göstərmiş, mənzildən cavabdehin və qeyrilərinin çıxarılmalı olmaasını göstərmişdir. Məhkəmə hazırlıq iclaslarında iddiaçıya cavabdehləri dəqiqləşdirməsi təklif olunmuş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddianın təmin olunması halında hazırda iş üzrə cavabdeh qətnamənin mümkün gələcək icrası üçün maneçilik yaradacaq və icranın gedişatına maneə olacağı ehtimalını nəzərə alaraq, iddia tələbinin məhkəməyə təqdim olunan formada verilməsində israr etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə istinadən iddiaçıya onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ölkə Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı” müqaviləsi əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzilə mülkiyət hüququ əldə etdiyindən o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Cavabdehlər Cavabdeh və digərləri müəyyən olunduğu kimi mübahisəli evə qanuni əsaslar olmadan köçmüşlər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı hər hansı hüquqi əsas olmadan cavabdehlər Cavabdeh və digərlərinin mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, iddia ərizəsi üzrə mülki işin araşdırılmış hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən keçmişdir. Hazırda mübahisəli mənzil cavabdehlər Cavabdeh və qeyriləri tərəfindən zəbt edilmişdir. Bu səbəbdən İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ona məxsus evdən çıxarılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən qeyd edilən mənzilin tutulması mənzilin hazırkı mülkiyyətçisinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə cavabdehin etirazına münasibətdə xatırladır ki, əksi sübuta yetirilməyincəyədək daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. (Mülki Məcəllənin 140-cı maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh və digərlərinə qarşı ("xxxx" ASC və X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh və digər şəxslər əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1-dən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar