Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1390/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mart ayının əmək haqqı kimi 889.00 manat, istifadə olunmamış məzuniyyətə görə ödəniləcək pulun və son haqq hesab hesablanaraq əvəzi kimi ödənilməli olan pulun Cavabdeh MMCdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh tərəfindən borcun gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün bir faiz miqdarında vəsaitin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mart ayının əmək haqqı kimi 389 manat pulun, istifadə olunmamış məzuniyyətə görə ödəniləcək pulun və son haqq hesab hesablanaraq əvəzi kimi ödənilməli olan pulun və cavabdeh tərəfindən borcun gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün bir faiz miqdarında vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixindən Cavabdeh MMC-də material mühəndisinin köməkçisi vəzifəsində işə başlamış, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq Cavabdeh MMC ilə olan əmək müqaviləsinə xitam verilmişdir. 2022-ci il mart ayında iş günlərinin hamısını işə getsə də, həmin ay üzrə əmək haqqı, həmçinin 30 iyun 2022-ci il tarixində əmək müqaviləsinə xitam verilsə də, son haqqhesabı hələ də ödənilməmişdir. Dəfələrlə, şirkətin insan hüquqları üzrə kadrı Orxan Hacıyevə bununla bağlı müraciət etsə də, müraciəti cavabsız qalmışdır. 2023-cü ilin may ayında “Körpü Tunel Tikinti" MMC tərəfindən ona 500 manat ödənilmişdir, lakin aylıq əmək haqqı 889.00 manat təşkil edirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, iddiaçı 3 il cavabdeh təşkilatda işləmişdir. Əmək haqqı 889 manat idi. 2023-cü ilin may, avqust və oktyabr aylarında 500 manat ödənilmişdir. 389 manat əmək haqqı borcları qalmışdır. İddiaçı 3 il ərzində məzuniyyətə çıxmayıb. Məzuniyyət haqqı isə ümumiyyətlə ödənilməyib. Cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyinə görə özəl ekspertiza mərkəzinə müraciət edib, həmin rəyi məhkəməyə təqdim etmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin Gəncə-Qazax Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsinə material mühəndisinin köməkçisi vəzifəsinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC mediasiya prosesində iştirak etməmişdir; - Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Zaur Əlizadə, borclu "xxxx" MMC-nin rəhbəri X6, hal şahidləri X2 və X1 imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1390/2024-022 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh MMC-nin rəhbəri X6 xx.xx.2024-cü il tarixdə şöbənin inzibati binasında qəbul edildi. Borclu Cavabdeh MMC-nin rəhbəri X4 izahatı alınmış, icra sənədinin təmin edilməməsinin səbəbi soruşulmuş, borclunun rəhbəri öz növbəsində Cavabdeh MMC-yə 2024-cü ili may ayında direktor vəzifəsinə təyin olunduğunu, həmin vəzifəyə gəldikdən sonra Cavabdeh MMC-nin arxivinin olmadığını və həmin sənədlərin hal-hazırda harada olduğundan xəbərsiz olduğunu bildirdi; - “Azərbaycan Respublikası Barat Consultancy” tərəfindən verilmiş 001-06/11- NR/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən İddiaçı 01 aprel 2019-cu il tarixindən 30 iyun 2022-ci il tarixinədək işləmiş olduğu Cavabdeh MMC-dən ümumilikdə 3895.71 manat məzuniyyət pulu və işdən çıxdığı 30 iyun 2022-ci ildən hesablanmış 3895.71 manatın əmək qanunvericiliyinə görə gecikdirilən hər gün üçün 1 faiz məbləğin faizlər üzrə faktiki tarixə 06 noyabr 2024-cü il tarixinə qədər ümumilikdə 860 gün üçün hər günə 38.95 manatdan hesablamaqla 33 497 manat məbləğində faiz borcu təşkil edər. Hesablamaların cəmi olaraq 37 392.71 manat təşkil edər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2019cu il tarixindən Cavabdeh MMC-də material mühəndisinin köməkçisi vəzifəsində işə başlamış, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı əmək haqqının, məzuniyyət haqqının ödənilmədiyinə istinad edərək, son haqq-hesabın və hər gecikdirilmiş gün üçün ən azı 1 faiz məbləğində ödəncin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1 və 4-cü bəndlərinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Eyni Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Əmək müqaviləsinin əsas şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Hazırki mülki iş üzrə iddiaçı əmək haqqı və son haqq-hesabın ödənilmədiyini iddia etdiyindən həmin halı müəyyən etmək məqsədilə məhkəmə ekspertizası təyin edilmişdir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1390/2024 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Ekspertizanın aparılmasından imtinanın səbəbi olaraq ekspert vəsatətində göstərilən müvafiq sənədlərin təqdim edilməməsi göstərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1390/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspert vəsatətində göstərilən sənədlərin, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış əmək haqqı barədə məlumat (tam açıqlanması ilə - vergilərə, DSMFyə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə, möhürlü və imzalı), ödəniş sənədləri, son-haqq hesabın hesablanması və ödənişi, əmək müqaviləsi və əlavələr (iş rejimi, vəzifə və əmək haqqı göstərilməklə), əmək müqaviləsində olunmuş dəyişiklər barədə əmrlər, əmək haqqı və məzuniyyət barədə əmrlər, məzuniyyət və digər hallar üzrə əmr və hesablanması üzrə məlumat, xəstəlik vərəqələri və məlumatlar, ezamiyyət üzrə əmrlər və ödənişlər Cavabdeh MMC tərəfindən 5 gün müddətində məhkəməyə təqdim edilməsi qərara alınmışdır. Bununla belə icra edilməsi üçün göndərilən qərardadda göstərilən zəruri sənədlərin təqdim edilməsi mümkün olmamış və bununla bağlı Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Zaur Əlizadə, borclu "xxxx" MMC-nin rəhbəri X6, hal şahidləri X2 və X1 imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hazırki iş üzrə cavabdehin, xx.xx.2019-xx.xx.2022-ci illər üzrə iş vaxtının tabel uçotu, hesablanmalı olan əmək haqqı, məzuniyyət haqlarının ödənilməsi ilə bağlı digər sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə tərəfə dəfələrlə məhkəmə sorğusu göndərsə də, sübutların təmin edilməsi ilə bağlı iki dəfə müvafiq qərardadlar qəbul etsə də, sübutlar təqdim edilməmiş, bu səbəbdən ekspertiza keçirilməsi, məzuniyyət haqlarının və ya onun pul əvəzinin tam şəkildə ödənilib-ödənilməməsi, işçinin məzuniyyət hüququnun həyata keçirilib keçirilməməsi, keçirilmədiyi təqdirdə məzuniyyət haqqının ödənilibödənilməməsi, ümumiyyətlə iddiaçıya hansı məbləğdə borcun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, həmin sübutlar cavabdeh tərəfindən tam şəkildə təmin edilmədiyindən, iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında tələb edilən məbləğ müəyyən olunmuş hesab edilməlidir. O da qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş aktda arxivin olmaması səbəbindən zəruri sübutların cavabdehdə olmaması və beləliklə də, onların təqdim edilməsinin mümkünsüzlüyü bildirilsə də, məhkəmə bununla bağlı qeyd edir ki, bu hal yaranmış hüquq münasibətlərində daha zəif tərəf olan işçinin ziyanına şərh edilməməlidir. Belə ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halları sübut etmək yükünün işçinin üzərinə qoyulması hüquq bərabərliyinin, mənafelərin haqq-ədalətlə təmin olunması prinsipləri ilə ziddiyyət təşkil edir. Hazırki halda iddia tələbinin əksini sübut etmək vəzifəsinin cavabdehdə olmasını, cavabdehin həmin halı təkzib edə biləcək hər hansı sübutu təqdim etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əmək haqqı kimi 389 manat pulun, eləcə də 2019-2022-ci illər üçün ödənilməmiş məzuniyyət haqqının (və ya pul əvəzinin) tutulması hissələrində təmin edilməlidir. Tutulacaq məzuniyyət haqqının və ya pul əvəzinin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı 01 aprel 2019-cu il tarixindən 30 iyun 2022-ci il tarixinədək işləmiş olduğu dövr üzrə Cavabdeh MMC tərəfindən ödənilməli olan məzuniyyət pulu 3895,71 manat təşkil edir. İş materiallarında həmin sübutu təkzib edəcək hər hansı bir hal aşkar edilmədiyindən, həmçinin məhkəmə tərəfindən ekspertiza keçirilməsi mümkün olmadığından məhkəmə hesab edir ki, həmin sübut ödənilməyən məzuniyyət haqqının məbləğinə münasibətdə mötəbər sübut kimi qəbul edilməlidir. O da nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi dövr üzrə ödənilməyən məzuniyyət haqqının, eləcə də ödənilməmiş əmək haqqı məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bu məbləğin məhkəmə tərəfindən hesablanması mümkün olmadığından, Mülki Prosessual Məcəllənin 97.5-ci və 106.2-ci maddələrinin tələbinə uyğun olaraq həmin məbləğ müəyyən edilmiş hesab edilə bilər. Belə ki, Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faizi məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddəyə olan qeyddən görünür ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi halda hər gecikdirılmış gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə əmək haqqı ilə yanaşı, ödənilməyən məzuniyyət haqqına görə kompensasiyanın verilməsinin gecikdirilməsi ilə bağlı ödənc tələb edir ki, bu da qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödəncin yalnız əmək haqqı borcuna münasibətdə hesablanmasını əsaslı hesab edir. Hesablanma tarixi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində mart ayı üçün əmək haqqının ödənilmədiyini qeyd etsə də məhkəmə hesab edir ki, həyata keçirilən ödənişlər əvvəlki aylar üçün edilən ödənişlər kimi qəbul edildiyindən 389 manat ödənilməyən əmək haqqının iddiaçının işdən çıxma tarixindən, yəni son haqq-hesabın ödənilməli olduğu 30 iyun 2022-ci il tarixindən hesablanması məqsədəmüvafiqdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əmək haqqına görə 389 manat, məzuniyyət haqqına görə 3895,71 manat olmaqla, cəmi 4284,71 (dörd min iki yüz səksən dörd manat, yetmiş bir qəpik) manat məbləğində pul və 30 iyun 2022-ci il tarixindən başlayaraq əmək haqqının ödənildiyi günədək (faktiki hesablaşma günü daxil olmaqla) hər gecikdirilmiş gün üçün 389 manat pulun bir faizi məbləğində ödənc hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ödənilməmiş əmək haqqına görə 389 manat, məzuniyyət haqqına görə 3895,71 manat olmaqla, cəmi 4284,71 (dörd min iki yüz səksən dörd manat, yetmiş bir qəpik) manat məbləğində pul və 30 iyun 2022-ci il tarixindən başlayaraq əmək haqqının ödənildiyi günədək (faktiki hesablaşma günü daxil olmaqla) hər gecikdirilmiş gün üçün 389 manat pulun bir faizi məbləğində ödənc hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1390/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1390/2024
11.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver