Məhkəmə qərarları › İş №2(005)-1392/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1392/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1392/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları İddiaçı ilə Cavabdeh1 arasında 25 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimaov rayonu, Qarabağ küçəsi, ev 22-nin həyətində yerləşən qeyri-yaşayış sahəsinin (avtomoykanı) alqı-satqısı barədə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 28000 manat məbləğində pulu nəğd şəklində ödəmişdir.Cavabdeh qeyri yaşayış sahəsini tam avadanlığı ilə təhvil vermiş, su və işıq sayğaclarının İddiaçı adına keçirilməsinə razılığı bildirmiş; eyni zamanda iddiaçıya sənədləşmə işlərinin aarılması üçün etibarnamə vermişdir. Cavabdeh obyektə hər hansı bir üçüncü şəxsin hüquqlarının və tələblərinin olmadığını təsdiq etmişdir. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 03 mart 2025-ci il tarixli məktubuna əsasən, qaraj 2024-cü ilin dekabr ayında "xxxx" MTK-ya məxsus binada yaşayan sakinlər tərəfindən sökülmüşdür. İddia tələbi və onun dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış sahəsinin satılması adı altında alınmış 28000 manat pulun, dövlət rüsumunun və digər xərclərə görə ödənilmiş 4000 manat pulun, cəmi 32000 manat pulu cavabdehlərdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 etibarından sui-istifadə edərək, özünə məxsus olmayan qeyri-yaşayış sahəsinin satılması adı ilə ondan böyük məbləğdə pul vəsaiti almışdır. Öz öhdəliklərini vaxtında yerinə yetirməyərək ona və ailəsinə çox çətin maddi vəziyyətdə qoymuşdur. Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (avtomoyka) stılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyri-yaşayış sahəsini almaq üçün ona 28000 mnat pul ödənilmişdir. Cavabdeh1 özünü mülk sahibi kimi təqdim edərək, qeyri yaşayış sahəsinin uzun illərdir onun mülkiyyətində olduğunu bildirmişdir.Belə ki 2014-cü ildən etibarən 10 ilə yaxın vaxt ərzində qeyri yaşayış sahəsinin moyka kimi işlətdiyini bildirmişdir. Qeyriyaşayış sahəsinin işıq təvhizatının və su təchizatının fasiləsiz olduğunu bildirmişdir. Həmçinin, qeyri yaşayış sahəsinin hündür mərtəbəli binanına yanında olduğu üçün qeyri yaşayış sənədlərinin alınmasını həll edəcəkdir. Lakin Cavabdeh1 müxtəlif bəhanəərlə qeyri-yaşayışsahəsinin sənədlərini təqdim etməmiş, qeyri- yaşayış sahəsinin sökülməsinin, işıq təchizatının, su təchizatının dayandırılmasının ona aidiyyəti olmadığını bildirmiş verilmişmiş etibarnamənin uzadılmasından imtina etmişdir. Qeyri yaşayış sahəsi ona satıldıqdan sonra 2 ay snra su təchizatı sakinlər tərəfindən dayandırımışdır. Bunun nəticəsi olaraq, moykanı işlədən Vasif adlı şəxs qeyri-yaşayış saəsini işlədə bilməmişdir. Bir müddət sonra qeyri yaşayış saəsinin işıq təhizatı dayandırılmışdır. Cavabdeh2 da, əmlakın birgə sahibi kimi təqdim etdiklərini, danışıqları birgə apardıqlarını, pulları birgə aldıqlarını nəzərə alaraq iddia tələbini hər iki cavabdehə qarşı qaldırmışdır. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 izahat verərək bildirdi ki, iddiaçı onun anasıdır. Cavabdehdən qeyri yşayış sahəsini almaq üçün bankdan kredit götürmüşdürlər. Cavabdeh onları inandırıb ki, avtomoykanı on ildən çox işlədir, su və işıq enerjisinin verilməsində heç bir problem yoxdur, əmlakın rəsmiləşdirilməsi üçün köməklik göstərəcək. Lakin qeyri yaşayış sahəsin ona təhvil verildikdən sonra su, bir qədər sonra da işıq təchizatı dayandırıldı. Buna görə də iddiaçı hər hansı gəlir əldə edə bilmədi. Daha sonra, iddiaçıya azad olmuş torpaqlarda – Cəbrayılda dövlət tərəfindən ev təhvil verildiyi üçün, köç prosesində, Bakıda olmayan zaman qeyri yaşayış sahəsi tamamilə dağıdılmış, sökülmüş və hasarlanmışdır. Bütün bunlara cavabdeh olan şəxs – cavabdeh isə məsələlərin ona heç bir aidiyyəti olmadığını, obyekti təhvil verdiyini, iddiaçının obyekti işlətmək bacarığının olmadığından irəli gəldiyini bildirdi. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdrhlər prosesdə iştirak etməmiş, üzrlü səbəbləri barədə xəbərdar etməmişdir Məhkəmə cavabdehlərin iştirakı olmadan mülki işə baxılmaını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmişdir. O qeyd etdi ki, obyekti heç bir problem olmadan 10 ildən artıq işlətmişdir. Daha sonra obyekt satmaq qənatinə gəlmişdir. İddiaçının oğlu ilə razılaşmış, müqavilə imzalamışlar. Bundan sonra iddiaçı obyekti nəzarətsiz qoymuş, orada təmir tikinti işləri aparmaq məqsədilə tikinti mterialları yerləşdirmişdir ki, bu da sakinlərin narazılığına səbəb olmuşdur. Hətta o obyektin cavabdehə heç bir aidiyyətin olmadığına baxmayaraq, cavabdeh söküntü işlərinin dayandırılması məqsədilə sakinlərlə danışmış, onları sakitləşdirməyə çalışmışdır. Eyni zamanda iddiaçının oğluna dəfələrlə zəng etməsinə baxmayaraq, onunla heç bir şəkildə əlaqə saxlaya bilməmişdir. Bütün bunlar müqaviləin imzalanmasından bir il keçdikdən sonra baş vermişdir. İddiaçı obyekti təhvil verildii şəkildə geri qaytara bilirsə, cavabdeh də pulu – 28000 manatı qaytarmağa hazırdır. Həmin puldan əlavə heç bir pul verilməyib. İddiaçı əmlakın sənədlərinin olmamasından xəbərdar olub. İddianın rədd edilməsini xahiş edir. Mülki işin materialları - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2023-cü il tarixli müqvilədən görünür ki,tərəflər ünvan 1-nin həyətində yerləşən qeyri-yaşayış sahəsinin (avtomoykanı) alqı-satqısı barədə razılaşmışdırlar. Müqaviləyə əsasən iddiaçı cavabdehə 28000 manat məbləğində pulu nəğd şəklində ödəmişdir.Cavabdeh qeyri yaşayış sahəsini tam avadanlığı ilə təhvil vermiş, su və işıq sayğaclarının İddiaçı adına keçirilməsinə razılığı bildirmiş; eyni zamanda iddiaçıya sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermişdir. Cavabdeh obyektə hər hansı bir üçüncü şəxsin hüquqlarının və tələblərinin olmadığını təsdiq etmişdir. - 25 noyabr 2023-cü il tarixli təhvil təslim aktından görünür ki, Cavabdeh1 ünvan 1nin həyətində yerləşən qeyri-yaşayış sahəsini 25 noyabr 2023-cü il taridə 28000 manata satmışdır. Qeyri yaşayış sahəsi tam avadanlığı ilə satılmışdır. Alqı satqı vaxtında Cavabdeh1 “Azərsu”ya məxsus olan 095326 abonent kodlu su sayğacı və “Azərişıq”a məxsus 06/17-314 saylı abonent kodlu işıq sayğacını X1. - Azərbaycan Respublikası Bakı şəhr İcra Hakimiyyəti MKTD Nərimanov Rayon MKTB-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, heç bir hüquqi sənədi olmayan istifadənidə olmuş qaraş "xxxx" MTK-ya məxsus binada yaşayan sakinlər tərəfindən sökülmüşdür. - Cavabdeh tərəfindən təqdim edilən flaş-kartda olan videofayllarda qeyri-yaşayış obyektini son vəziyyəti əks olunub. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 25 noyabr 2023-cü il tarixdə cavabdehlərin istifadəsində olan, lakin heç bir hüquqmüəyyənedici sənədi olmayan, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 22 ünvanında yerləşən 26 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə sadə yazılı müqavilə müqavilə imzalamışdırlar. Cavabdeh qeyri-yaşayış sahəsini iddiaçının istifadə və sahibliyinə vermiş, lakin bir müddət sonra qeyri-yaşayışsahəsindən istifadə mümkün olmamışdır. Belə ki, qeyriyaşayışsahəsinin enerji təchizatı, su təchizatı dayandırılmışdır. Daha sonra isə qeyri yaşayış sahəsi çoxmənzilli binanın sakinləri tərəfindən sökülmüş və hasarlanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ona dəyən maddi ziyanın ödənilməsini xahiş edir. İşi mübahisəsi halıdır ki, tərəflərin arasında heç bir hüquqmüəyyənedici sənəd olmayan özbaşına tikilinin satılması ilə bağlı razılıq olmuşdur. Yəni, qanuna və hüquqa uyğun olmasa da tərəflərin arasında mübahisəli qeyri yaşayışsahəsinin satılmasına dair razılıq olmuşdur. Başqa sözlə, əvvəllər cavabdehin sahibliyində olmuş özbaşına tikili statusunda olan mübahisəli fərdi yaşayış evinin alqı satqısına dair tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və qanunvericiliyin tələblərinə uyğun olmasa da, bunu yazılı formada razılaşdırmışdırlar. Qeyri-yaşayışsahəsi iddiaçıya təhvil verilmiş, təhvil verildikdən sonra müəyyən müddət ərzində ondan istifadə etmişdir. Lakin sonradan qeyri-yaşayış sahəsinin enerji və su təchizatında kəsilmələr yarandığından, eyni zamanda çoxmərtəbəli binanın sakinlərinin narazılığına səbəb olduğundan iddiaçı qeyri yaşayış sahəsini işlədə bilməmişdir. İddiaçı cavabdehə qeyri yaşayış obyektinə görə 28000, digər xərclərə görə 4000 manat təhvil verdiyini bildirsə də, caavabdeh 4000 manat məbləğə münasibətdə iddia tələbini qəbul etməmişdir.Demək ki, bəyan etdiyi bu halı sübut etməkk vəifəsi də iddiaçının üzərinə düşür, lakin iddiaçı həmin pul məbləğinin ödənildiyini təsdiq edən hər hansı sübut təqdim edə bilmir. İddiaçı iddia cavabdehin əməlləri tərəfindən ona maddi ziyan dəydiyini iddia edir. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: - törədilmiş əməlin hüquqa zidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəi və ya hərəkətsizliyi anlaşılır. - törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. - zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir. - hüquqpozan şəxsin təqsirinin olması. Beləliklə, yalnız yuxarıda göstrərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalrını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayılır. Məhkəmə qeyd edir ki, cavabdehin özbaşına tikilini iddiaçıya satmağa subyektiv hüququnun olmadığı işin mübahisəsiz halıdır. Lakin eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə 25 noyabr 2023-cü il tarixdə bağlansa da, iddiaçı ona dəymiş ziyanın ödənilməsi tələbi ilə ancaq 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatlarından da görünür ki, iddiaçının narazılığı ona hüquqmüəyyənedici sənədləri olmayan qeyri yaşayış sahəsinin satılması deyil (bu hal ona əvvəldən məlum idi); qeyri yaşayış sahəsinin sökülməsi olmuşdur. Məhz bu səbəbdən iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə əhəmiyyətsiz müqavilənin bağlanmasından bir ildən çox vaxt keçdikdən sonra - obyekt onun sahiblik və isifadəsindən çıxdıqdan sonra müraciət edib. Halbuki işin materialları və tərəflərin izahatınan qeyri yaşayış obyektinin sökülməsində cavabdehin təqsiri müəyyən edilmir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala - qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən maddi ziyanın əvəzinin tutulması tələbi rədd edilməli, iddiaçıya əsassız varlanma və ya əhəmiyyətsiz əqd üzrə alınanların qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar