Məhkəmə qərarları › İş №e-2(011)-4587/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4587/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4587/2025 22.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Yusufzadə Nərmin Şiraslan qızının katibliyi, Cavabdeh “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “maneələrin aradan qaldırılması” barədə, “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin "xxxx" MMC-yə və İddiaçı qarşı “müqavilənin və cizgi-planının etibarsız hesab edilməsi” barədə iddia tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 4 saylı binanın zirzəmisində yerləşən qarajın Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəmə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 4 saylı binanın zirzəmisində yerləşən qarajın Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 4 saylı binanın zirzəmisində yerləşən qarajdan istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 4 saylı binanın zirzəmisində yerləşən müvafiq cizgi-sxemdə göstərilən qaraj "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli 12№-li müqavilə əsasında İddiaçımülkiyyətinə verilmişdir. Eyni zamanda həmin tarixli borcun olmaması barədə müvafiq Maliyyə Arayışı da təqdim olunmuşdur. Lakin həmin qaraj heç bir əsas olmadan Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. Belə ki, cavabdeh həmin qarajda ona məxsus olan “Mersedes” markalı **-UX-*** dövlət-qeydiyyat nişanlı avtomobilini və həmin avtomobil olmadıqda digər avtomobillərini saxlayır. Dəfələrlə cavabdehlə əlaqə saxlanılaraq qarajı boşaltması tələb olunsa da, həmin şəxs qarajı boşaltmamış, İddiaçı mülkiyyət hüquqlarına qəsd etməkdə davam etmişdir. Bu qanunsuz zəbt iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən iddiaçı tərəfindən məhkəmədə vindikasiya iddiası qaldırılması zərurəti yaranmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia üzrə mübahisəyə baxılarkən ilk növbədə bağlanmış müqavilənin etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmasının müəyyən edilməsi vacibdir. Bu halda əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir; belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Konstitusiya Məhkəməsi Plenumunun əqdlərin etibarlılığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Göründüyü kimi, əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür. Mülki Məcəllənin etibarsız əqdlər anlayışını müəyyən edən 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Hesab edirik ki, yuxarıda sadalanan maddələrin tələbləri hazırki mülki mübahisə üzrə işə tətbiq etməlidir. Belə ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1-vacib əhəmiyyətli yanılma, 2-aldatma, 3-təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Belə olanda müəyyən olunur ki, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səbəb olmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bundan əlavə Konstitusiya Məhkəməsi Plenumunun digər bir formalaşdırdığı hüquqi mövqeyinə əsasən, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərar). Qeyd edirik ki, alqı-satqısı həyata keçirilən sahə texniki-zirzəmi sahəsi olmaqla çoxmənzilli binanın ümumi əmlakı olmaqla texniki-zirzəmi sahəsidir və məzil mülkiyyətçilərinin ümumi paylı əmlakı hesab olunur. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin cavabdeh qismində göstərildiyi iddia üzrə ünvan 2 ünvanında yerləşən 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının qeyri-yaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülkiyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı olan sahədir. İddiaçının boşaldılmasının tələb etdiyi sahə bina liftinin qarşısıdır və birdən çox şəxsə xidmət göstərir. Sözügedən sahə xx.xx.2025-ci il tarixli “Sahil-D Kompani MMC ilə İddiaçı arasında bağlanılan 12 nömrəli müqavilə üzrə təsdiq edilmiş cizgi-plan əsasında verilmişdir. İddiaçı bağladığı müqavilə əsasında və cizgi-plan ilə ünvan 2 ünvanında yerləşən 4 saylı binanın zirzəmisində yerləşən ərazidən yer verilmişdir. Lakin həmin hissədən hər hansı sahəsinin verilməsi qanunsuz və əsassızdır. Belə ki, həmin ərazi bina sakinlərinin ümumi birgə mülkiyyəti olmaqla onların istifadəsindədir. Sözügedən xx.xx.2025-ci il tarixli müqavilə üzrə verilən cizgi-planda sahənin binanın liftinin qarşısından verildiyi göstərilmişdir. Bu isə özü təkcə həmin cizgi-planın etibarsız olduğu qənaətinə gəlməyə imkan verir. Belə ki, cizgi-planda göstərilən hissə bina sakinlərinin ümumi istifadəsində olan və sakinlərin liftlərə yaxınlaşmaq üçün istifadə etdiyi yola düşür. Həmin cizgi-plan üzrə sahənin hər hansı bir şəxsin mülkiyyətinə verilməsi sakinlərin ümumi birgə mülkyyətindən o cümlədən liftdən istifadəni məhdudlaşdırır və bina sakinlərinin hüquqlarını pozur. Bu ərazilər birdən çox şəxsə xidmət etdiyi üçün mənzil mülkiyyətçilərinin ümumi birgə mülkiyyəti hesab olunur. Həmçinin təsdiq edilmiş cizgiplanın faktiki ərazi ilə sənəd üzərində təsdiq edilmiş ərazi üzrə uyğunsuzluqlar da mövcuddur. İddiaçıya verilmiş lahiyyə üzrə verilmiş ərazi ilə faktiki verilmiş ərazi üzrə sahə baxımından fərq mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 37.1-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. 37.2-ci maddəsinə əsasən müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 123.0.7-ci maddəsinə əsasən sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələrindəndir. Yuxarıda sadalanan normalardan da göründüyü kimi texniki-zirzəmi almış mübahisələndirilən ərazi bina sakinlərinin ümumi paylı mülkiyyətidir və ümumi paylı əmlakın qorunması və saxlanılması, üçüncü şəxslər tərəfindən onun zəbt olunmasının qarşısının alınması, bina sakinlərinin könüllü sürətdə yaratmış olduqları Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Göründüyü kimi, hazırda ünvan 2 ünvanında "xxxx"MMC tərəfindən inşa edilən 4 saylı binanın texniki-zirzəmisində yerləşən sahə ümumi əmlak sahəsidir. Həmin sahə hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən avtoyuma məntəqəsi kimi istifadə edilir. İddiaçı avtoyuma məntəqəsinin fəaliyyət göstərməsinin həmin binada yaşayan minlərlə insanın həyat və sağlamlığına təhlükə yaratdığını bildirir, həmin sahədən qanunvericiliyin tələblərinə əsasən MMMC-nin mənafeləri üçün istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. İddiaçı sübut qismində "xxxx" MMC-ilə bağlanmış müqaviləni və eskiz layihəsini məhkəmə təqdim etmişdir. Lakin bu halda bir neçə sual yaranır: 1. "xxxx" MMC-nin hazırda alqı-satqı müqaviləsi bağlamaq, bu müqaviləni imzalamaq, borcun ödənilməsi haqqında maliyyə arayışı vermək hüququ varmı? 2. Bu şirkətin hesabları dondurulub, vergi orqanları tərəfindən onun fəaliyyəti dayandırılıb, A.Hüseynov ümumilikdə həmin MMC-nin qanuni təmsilçisi kimi qeyd edilməyib və qeydiyyata alınmayıb yalnız 2015-ci ildə intihar etmiş Məzahir Cəfərovun adı mövcuddur bu halda isə yeni müqavilənin bağlanması qanunidirmi? 3. Fəaliyyəti olmayan hüquqi şəxs müqavilə bağlaya bilərmi? 4. Həmin texniki-zirzəminin "xxxx" MMC-yə məxsus olması təsdiq edən hər hansı hüquqi sənəd və ya müvafiq dövlət reyestrindən çıxarış olmuşdurmu? Bildiyimiz kimi tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda hesab edirik ki, həm təqdim edilmiş sənədlər etibarısızdır, həmdə qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş, imzalanmış və hazırda da istifadə edilməkdədir. Bununla da müəyyən edilir ki, mübahisələndirilən müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanılmışdır. Belə ki, "xxxx" MMC-nin direktoru X7 olduğu halda müqavilə A.M.Hüseynov ilə İddiaçı arasında bağlanmış və xx.xx.2025-cü il tarixli 12 saylı müqavilə imzalanmışdır. Lakin həmin müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış və mülkiyyətçisi olmadığı halda binanın sakinlərinin ümumi paylı əmlakının satışını həyata keçirmişdir. Belə olan halda müqavilənin etibarlı olması üçün həmin müqavilənin subyekt tərkibinə dair şərtlər və mülkiyyətə dair şərtlər pozulmuşdur. Həmçinin satışı həyata keçirilmiş sahə bina olan liftin ərazisidir və hər hansı formasa satılması yolverilməzdir. Bu insanların hərəkət mexanizmini tamamilə məhdudlaşdıra bilər. Beləliklə, yuxarıda sadalanan faktiki halların kontekstində hesab edirik ki, iddiaçı ilə "xxxx" MMC araasında bağlanmış xx.xx.2025-cü il tarixli 12 saylı müqavilə bağlandığı andan etibarsız olduğundan iddiaçının hazırkı tələblə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Sonda Vəkil2 iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2952/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) xx.xx.2025-ci il tarixli müqavilə və onun əsasında verilmiş cizgi-planının etibarsız hesab edilməsi tələbinə dair 2(005)-2952/2025 saylı mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 qarşı qarajın təhvil verilməsi tələbinə dair e-2(011)-4587/2025 saylı mülki iş ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilməsi, onlara birgə baxılması məsələsinin həll edilməsi üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh2 iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib təsdiq edilmiş və xx.xx.2025-ci il tarixli müqavilə əsasında verilmiş cizgi-planın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəmə müraciət edərək, İddiaçı cavabdeh qismində cəlb edilməklə digər cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, 12 nömrəli müqavilə və həmin müqavilə əsasında verilmiş cizgi-plan etibarsız hesab edilməsi və cavabdehlərdən dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən inşa olunmuş ünvan 2 ünvanında yerləşən 4 ədəd 24 mərtəbəli yaşayış binası AR Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına icazə verilmişdir. Bundan əlavə ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının mənzil mülkiyyətçiləri (sakinləri) cavabdeh "xxxx" MMC-nin qanunsuz idarəetmə fəaliyyətinə xitam verilməsi məqsədilə 2022-ci ilin yanvar ayında Cavabdeh2 təsis etmiş və AR Ədliyyə Nazirliyinin Qeydiyyat Notariat Baş İdarəsində cəmiyyət 28 yanvar 2022-ci il tarixli, 1122-MM9-0230 qeydiyyat nömrəsi ilə rəsmi olaraq qeyri-kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmaqla hüquqi şəxs statusu əldə etmiş. ona 1122-MM9-0230 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Mənzil mülkiyyətçilərinin qanunvericiliklə ümumi birgə mülkiyyəti hesab edilən binanın texniki zirzəmisində yerləşən binanın liftinin qarşısında olan əraziyə cavabdeh "Sahil-D Kompani MMC tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə və mənzil mülkiyyətçiləri ilə razılaşdırılmadan ayrı-ayrı şəxslərə müqavilələr və qanunsuz olaraq cizgi-planlar ilə satılmışdır. Sözügedən cizgi-planlardan biri də xx.xx.2025-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanılan 12 nömrəli müqavilə üzrə təsdiq edilərək üçünçi şəxsə verilən cizgi-plandır. İddiaçı cavabdehlə bağladığı müqavilə əsasında və cizgi-plan ilə ünvan 2 ünvanında yerləşən 4 saylı binanın zirzəmisində yerləşən ərazidən yer verilmişdir. Lakin həmin hissədən hər hansı sahəsinin verilməsi qanunsuz və əsassızdır. Belə ki, həmin ərazi bina sakinlərinin ümumi birgə mülkiyyəti olmaqla onların İstifadəsindədir. Sözügedən xx.xx.2025-ci il tarixli müqavilə üzrə verilən cizgi-planda sahənin binanın liftinin qarşısından verildiyi göstərilmişdir. Bu isə özü təkcə həmin cizgiplanın etibarsız olduğu qənaətinə gəlməyə imkan verir. Belə ki, cizgi-planda göstərilən hissə bina sakinlərinin ümumi istifadəsində olan və sakinlərin liftlərə yaxınlaşmaq üçün istifadə etdiyi yola düşür. Həmin cizgi-plan üzrə sahənin hər hansı bir şəxsin mülkiyyətinə verilməsi sakinlərin ümumi birgə mülkyyətində olan liftdən istifadəsini məhdudlaşdırır və bina sakinlərinin hüquqlarını pozur. Bu ərazilər birdən çox şəxsə xidmət etdiyi üçün mənzil mülkiyyətçilərinin ümumi birgə mülkiyyəti hesab olunur. Həmçinin təsdiq edilmiş cizgiplanın faktiki ərazi ilə sənəd üzərində təsdiq edilmiş ərazi üzrə uyğunsuzluqlar mövcuddur. Cavabdeh tərəfindən üçüncü şəxsə təqdim edilən ərazi isə liftlərin qarşısı olmaqda bina sakinlərinin ümumi istifadəsindədir. Məhkəmə iclasında “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək İddiaçı “maneələrin aradan qaldırılması” barədə iddia tələbinin rədd edilməsi və “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin "xxxx" MMC-yə və İddiaçı qarşı “müqavilənin və cizgi-planının etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, Cavabdeh1 və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə İddiaçı, Cavabdeh1 və "xxxx" MMC nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, “maneələrin aradan qaldırılması” barədə iddia tələbi qismən təmin edilməli, “müqavilənin və cizgi-planının etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" MMC və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 12 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı (Ş/V: AZE № ********) bir maşınlıq qaraj əldə edir. Qarajın ümumi dəyəri 25000 (iyirmi beş min) manat təşkil edir. Qarajın dəyəri 25000 (iyirmi beş min) manat Payçı İddiaçı adından Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində rəhbər işçiləri barədə aparılan cinayət işi üzrə "xxxx" MMC tərəfindən X2 dəymiş ziyanın əvəzi kimi ödənilir. İddiaçı X1 həyat yoldaşıdır. Qaraj ünvan 1 ünvanında, "xxxx" MMC tərəfindən inşa edilən 4 saylı binanın zirzəmisində yerləşir. (Qarajın cizgi sxemi verilir) İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 48 nömrəli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı yaşayış binası "xxxx" MMC-yə məxsusdur.Bu yaşayış binasının zirzəmisində, ümumi tikinti sahəsi 21 (iyirmi bir) kv. metr olan, 1 (bir) qarajın dəyəri İddiaçı tərəfindən ödənilib.Onun "xxxx" MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3040/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı "xxxx" MMMC-nin cavabdeh "xxxx"-yə qarşı "mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 4 ədəd 462 mənzilli 24 mərtəbəli 1-ci, 2-ci, 3-cü və 4-cü yaşayış binalarının texniki zirzəmiləri çoxmənzilli binanın paylı mülkiyyətçilərinin ümumi əmlakı olduğundan, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilmədiyindən, pozulmamış hüququn bərpası və onun məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə “2-ci və 3-cü binaların texniki zirzəmisində fəaliyyət göstərən "Carbeauty" palirovka və avtoyuma məntəqəsinin bağlanması” hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, texniki zirzəmisində fəaliyyət göstərən "Carbeauty" palirovka və avtoyuma məntəqələrinin bağlanması tələbini irəli sürən iddiaçı həmin tələbini, iş üzrə 3-cü şəxslərə qarşı deyil, "xxxx" MMC-yə qarşı yönəltmişdir. Halbuki həmin qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə müvafiq müqavilələr bağlanmış, iş üzrə 3-cü şəxslər X5, X6 və digərləri MMC-yə pay haqqını ödəmişdir. Həmin müqavilələr mövcud olduğu halda, Carbeauty" palirovka və avtoyuma məntəqəsinin bağlanması barədə iddiaçının tələbi təmin oluna bilməz. İş materiallarında olan “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Azərbaycan Respublikas D.İ.N. Bakı şəhər, Xətai rayon polis idarasi, 37-ci polis şöbəsinin rəisi canab Polis-polkovniki X4 göndərilmiş xx.xx.2025-ci il tarixli, 57 nömrəli məktubdan görünür ki, sizin 1 may 2025-ci il 55-4/2-1-3526 Ne li məktubunuza cavab olaraq bildiririk ki, Balo şəhəri Xətai rayonu, Fəzail Bayramov 1156 ünvanında yetlajan, "xxxx" MMMC-nin zirzəmisində yerləşən parkovka "xxxx" MMMC-nin mülkiyyətində deyil. İş materiallarında olan Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin 11/GM/009 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı faktiki olaraq təqdim olunan və göstərilən ünvan 4 ünvanında yerləşən 4 saylı yaşayış binasının texniki zirzəmisində yerləşən 21 kv.m dayanacaq sahəsi xx.xx.2025-ci il tarixli 12 saylı müqavilə üzrə əlavə olunan cizgi-planla üst-üstə düşür. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında 4 saylı binanın zirzəmisində yerləşən 21 kv.m dayanacaq sahəsinin İddiaçı tərəfindən satın alınmasına dair İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixli müqavilə bağlanmış, İddiaçı qarajın dəyərini ödəmiş, İddiaçı faktiki olaraq təqdim olunan və göstərilən ünvan 4 ünvanında yerləşən 4 saylı yaşayış binasının texniki zirzəmisində yerləşən 21 kv.m dayanacaq sahəsinin xx.xx.2025-ci il tarixli 12 saylı müqavilə üzrə əlavə olunan cizgi-planla üst-üstə düşüb-düşməməsi barədə ekspertiza keçirilmiş, ekspert rəyinə əsasən İddiaçı faktiki olaraq təqdim olunan və göstərilən ünvan 4 ünvanında yerləşən 4 saylı yaşayış binasının texniki zirzəmisində yerləşən 21 kv.m dayanacaq sahəsi xx.xx.2025-ci il tarixli 12 saylı müqavilə üzrə əlavə olunan cizgi-planla üst-üstə düşdüyü müəyyən edilmişdir. Hazırda İddiaçı ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 4 saylı binanın zirzəmisində yerləşən qarajın Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsini, həmin qarajdan istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsini tələb edir. İddiaçı Cavabdeh2 isə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 12 nömrəli müqavilə və həmin müqavilə əsasında verilmiş cizgi-plan etibarsız hesab edilməsini tələb edir. Məhkəmə, iddia tələbinin “ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 4 saylı binanın zirzəmisində yerləşən qarajın Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmin qarajdan istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı qarajın razılaşdırılmış məbləğini tam ödədiyindən, qarajla bağlı hər hansı icra edilməmiş öhdəliyi qalmadığından iddiaçının həmin qarajın Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmin qarajdan istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, "xxxx" MMMC-nin qeyd edilən qarajın bina sakinlərinin ümumi istifadəsində olan sahə olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilən sahə dayanacaq üçün nəzərdə tutulmaqla bina sakinlərinin binadan istifadəsinə hər hansı maneə törətmir və həmin 21 kv.m dayanacaq sahəsi bina sakinlərinin ümumi istifadəsində olan sahə kimi nəzərdə tutula bilməz. Məhkəmə, iddia tələbinin “İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 12 nömrəli müqavilə və həmin müqavilə əsasında verilmiş cizgi-plan etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Bu cür müqavilənin etibarsızlığı ilə bağlı iddiaları müqavilə üzrə tərəflərin vicdansız hərəkətləri nəticəsində hüquqları pozulmuş şəxslər qaldıra bilərlər ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, iddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin bu cür hüquqları yoxdur. Belə ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin fəaliyyət istiqamətinə görə hüquqları da əsasən çoxmənzilli binanın idarə edilməsi, çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri, istifadəyə verilməsi və kommunal xidmətlərin göstərilməsi sahəsi ilə bağlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin çoxmənzilli binanın yaşayış sahələri barəsində bağlanılmış əqdlərin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırılması üçün subyektiv hüququ yoxdur. Eyni zamanda həmin müqavilənin və həmin müqavilə əsasında verilmiş cizgi-planın etibarsızlığına dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin "xxxx" MMC-yə və İddiaçı qarşı “İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 12 nömrəli müqavilə və həmin müqavilə əsasında verilmiş cizgi-plan etibarsız hesab edilməsi” barədə iddia tələbi iddiaçının subyektiv hüququ olmadığına görə və həmin müqavilənin və həmin müqavilə əsasında verilmiş cizgi-planın etibarsızlığına dair hallar müəyyən edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını sını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilan xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı ve ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti İstifadəyə vermək. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən, əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 122.2.1. çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; 122.2.2. qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; 122.2.3. torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; 122.2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; 122.2.5. əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi presedentində formalaşdırılan hüquqi mövqeyə görə, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 4 saylı binanın zirzəmisində yerləşən qaraj Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməli, İddiaçı məxsus olan ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 4 saylı binanın zirzəmisində yerləşən qarajdan istifadəyə cavabdehlər Cavabdeh1 və “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddia tələbi qalan hissədə rədd edilməli, “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin "xxxx" MMC-yə və İddiaçı qarşı iddia tələbi rədd edilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməli, iddiaçı “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 4 saylı binanın zirzəmisində yerləşən qaraj Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 4 saylı binanın zirzəmisində yerləşən qarajdan istifadəyə cavabdehlər Cavabdeh1 və “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat Cavabdeh1 və “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 və “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən müştərək qaydada tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57AİİB400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ******************** (AZN), VÖEN (BANK): **********, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. İddiaçı “Xətai 33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin "xxxx" MMC-yə və İddiaçı qarşı iddia tələbi təmin edilməsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar