Məhkəmə qərarları › İş №2(011)-1760/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1760/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1760/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 52 saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşıı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən dövlət reyestrində aparılmış qeydin ləğvi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 52 saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 18 ünvanında yerləşən, 49 saylı mənzilinin Cavabdeh2 120.000 manata satılması barədə Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış, Reyestr №-si 4Ə-418 olan, 18 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 18 ünvanında yerləşən, 49 saylı mənzilini Cavabdeh2 yanında girov qoyaraq aylıq faiz dərəcəsi 5% olmaqla 7 aya qaytarmaq şərti ilə 75000 manat pul almış, həmin vaxt ona verilən pula görə də faizə pulun tapılmasında vasitəçilik etmiş Cavabdeh3 ondan 75000 manat pulun 10%-ni, yəni 7500 manatını “xidmət haqqı” olaraq almışdır. Lakin aralarındakı münasibətlər borc pulla əlaqədar olsa da verilən borcun qarantı olaraq mənzilinin girova götürüldüyü biildirilsə də, notariat ofisində onunla Cavabdeh2 arasında mənzilinin guya ona 120000 manat məbləğində satılması haqqında formal olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı 7 ay ərzində aldığı borcu qaytara bilmədiyi üçün zorla mənzilindən çıxarılmış və ona məxsus bütün əşyalar evindən çıxarılaraq onun tanımadığı ünvana yerləşdirilmişdir, onun əşyaları 50000 manatdan artıq dəyərə malikdir. İddiaçı qarşılaşdığı haqsızlıqlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22ci PŞ-nə müraciət etmiş, şikayətinə baxılaraq, mülki qaydada məhkəməyə müraciət etməli olması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 116 noyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdeh3 iddia ərizəsinə etiraz verərək, qeyd etmişdir ki, Cavabdeh2 gəlir əldə etmək məqsədi ilə ondan Bakı şəhərində, 28 may ətrafında münasib “düşmə” satılıq ev olarsa ona deməyini bildirmişdir. O da tanıdığı, ev alqı-satqısı ilə məşğul olan Sürəyyə adlı xanıma, Bakı şəhərində, 28 may ətrafında münasib qiymətə ev olsa ona deməsini xahiş etmiş, Sürəyya xanım da bir müddət sonra ona zəng edərək, 120000 manata, maraqlandığı ərazidə, yəni 28 may ərazisində 1 otaqlı mənzilin satıldığını demişdir. O, bu barədə Kəmaləyə demiş, Kəmaləni də təklif maraqlandırdığı üçün birlikdə gedib satıldığı deyilən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 18 ünvanında yertləşən yaşayış binasındakı 49 saylı mənzilə baxmışlar və Kəmalə mənzilin satış qiyməti ilə razılaşdığı üçün mənzilin mülkiyyətçisi, yəni hazırkı İddiaçı ilə birlikdə Bakı şəhərində fəaliyyət göstərən 52 saylı notariat ofisinə getmişlər, Cavabdeh2, mənzilin razılaşdırılmış satış dəyərini, yəni 120000 manat pulu, Kapital banka, notariusun depozit hesabına ödəmiş və İddiaçı ilə Cavabdeh2 arasında rəsmi olaraq notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmışdır, o, bu işdə sadəcə vasitəçi olmuşdur. Cavabdeh2 iddia ərizəsinə etiraz verərək, qeyd etmişdir ki, iddiaçı ilə aralarında yaranmış münasibətlər heç də onun uydurduğu kimi borc, girov münasibətləri olmamışdır. İddiaçının özünün istəyi ilə razılaşdığı qiymətə mənzilini ona satmış və buna görə notariusun depozit hesabına 120000 manat pul ödəmişdir ki, buna dair də rəsmi qəbz var. İddiaçı özünün razılaşdığı müddətdə mənzili ona təhvil vermiş və mənzildə olan əşyalarının bir qismini də aparmışdır. Qalan hissəsini bir iki günə aparacağını bildirsə də, gəlib aparmamışdır. Dəfələrlə əşyalarını gəlib aprmasını ondan tələb etməyinə baxmayaraq, o əşyalarının arxasınca gəlməmişdir. Ona görə onu telefon vasitəsi ilə məlumatlandırmaqla həmin əşyaları Gənclik yaxınlığında, kirayəyə götürdüyü obyektin içərisinə yerləşdirmişdir. Cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisi iddia ərizəsinə etiraz verərək, qeyd etmişdir ki, İddiaçı və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 52 saylı Notariat Ofisinə müraciət edərək ünvan 3 ünvanında yerləşən 49 nömrəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamaq istədiklərini bildirmiş, tərəflərindən mənzilə dair bütün məlumatlar toplandıqdan sonra əqdin lahiyəsi hazırlanmış və mənzilin alqı-satqısı üçün notariat ofisinin depozit hesabına alıcı tərəfindən 120000 manat pul mədaxil edilmiş, əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflərə əqdin bağlanması nəticələri barədə xəbərdarlıq edilmiş, tərəflər müqavilədə göstərilənlərlə razı olmalarını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və iddiaçının vəkili-nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinin nümayəndəsi X4 iddiaya etiraz edərək, bildirmişdir ki, tərəflərə əvvəcədən müqavilənin şərtləri barədə məlumat verilmiş, alqı-satqı müqaviləsi ucadan oxunmuşdur, müqavilənin etibarsızlığı üçün əsas olmadığından iddianın rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinə etiraz edərək, İddiaçı ilə Cavabdeh2 arasında mənzilə dair alqı-satqı müqaviləsi bağlanaraq, Kəmalə xanım tərəfindən 120000 manat məbləğində pulun notariat ofisinin depozit hesabına ödənildiyini bildirmişdir. Məhkəmə baxış iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh2 və X3 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən və alqı-satqı müqaviləs ilə bağlı notariat işindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 120000 manata satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh2 satılmışdır. xx.xx.2024-cü il tarixli məxaric qəbzindən görünür ki, 120000 manat məbləğində pul İddiaçı tərəfindən qəbul edilmişdir. Məxaric qəbzinin qəbulu jurnalından çıxarışdan görünür ki, İddiaçı 120000 manat məbləğində pul vəsaitini qəbul etməsi ilə bağlı jurnala imza çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı ilə tanışıdır. Kəmalənin bu hadisələrdə təşkilatçı olduğunu bilir, Dinanı isə dələduz kimi tanımışdır. O, iddiaçının kürəkəninə övladlarının təhsili üçün pul vermişdir, iddiaçının kürəkəni onun qardaşının işçisi olmuşdur. İddiaçının kürəkəninə uşaqları İngiltərədə oxduduğu üçün pul lazım olduğundan, iddiaçı ona evlə bağlı etibarnamə, borcun ödənilməsi ilə bağlı iltizam vermiş, soradan evi satmaq istədiklərini, etibarnaməni ləğv etmək istədiklərini bildirmişlər, o isə etiraz etməmişdir. Sonradan isə evi girov qoyub, Kəmalə xanımdan pul götürmək istədiklərini bilmişdir. Həmin vəsaitdən ona 17000 manat- 10000 ABŞ dolları pul vermişlər. O, müqavilə bağlanan zaman notariat ofisində olmamışdır, amm iddiaçı özü deyir ki, ona 120000 manat pul verilməmişdir. İddiaçı evi əvvəl satmaq istəmiş, sonradan isə satmamış, girov qoymuşlar. O, məsələni dəqiqləşdirmək üçün notaiat ofisinə yaxınlaşmış və iddiaçının alqı-satqı yolu ilə pul götürdüyünü bilmişdir. O, Kəmaləyə zəng vurmuş, Kəmalə telefonu götürməmiş, 5-6 dəqiqə sonra ona Cavabdeh3 zəng vuraraq bildirmişdir ki, bu işlərə o baxır, Sevilə 7 ay müddətinə kredit vermişlər, 7 ay müddətində qaytarmasa, ev satılacaqdır. İddiaçıya borc verilən pulun dəqiq məbləğini bilmir. Bu işlərə rəhbərliyi isə Dina həyata keçirir. Dina söz vermişdir ki, qalan pulu ona ödəyəcəklər. Dinanın fikri belə olmuşdur ki, evi 130000 manata satsın, öz pulunu götürsün və nə qalsa ona versin. Həmin vaxt iddiaçının onun özünə 30000 dollar borcu olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisəli alqı-satqı müqaviləsinin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün əqdin subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu kimi elementlərindən ən azı biri qüsurlu olmalıdır. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. İddiaçı hazırda Cavabdeh2 ilə aralarında bağlanmış mənzilin alqı-satqı müqaviləsində onun iradə ifadəsinin qüsurlu olmasını əsas gətirərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı notariat ofisində bağlanan müqavilənin alqı-satqı müqaviləsi olduğunu bilmişdir. Bununla bağlı iddiaçı tərəf ziddiyyətli izahatlar verərək, həm bağlanan müqavilənin alqı-satqı müqaviləsi olduğunu bilmədiyini, iddiaçının azərbaycan yazı dilini yaxşı bilmədiyini qeyd etmiş, həm də, tərəflər arasında formal alqı-satqı müqaviləsi bağlandığını bildirmişdir. İddia ərizəsində, həmçinin, Nəsimi RPİ-də verdiyi izahatında da iddiaçı Cavabdeh2 ilə aralarında alqı-satqı müqaviləsi bağlandığını qeyd etmişdir. Həmçinin notariat işində mövcud olan mübahisəli mənzilin satılmasına dair razılıq ərizəsi iddiaçı tərəfindən imzalanmışdır. İddiaçı razılıq ərizəsindəki, alqı-satqı müqaviləsindəki, 120000 manat pulun qəbul edilməsi ilə bağlı məxaric qəbzindəki, eləcə də, məxaric qəbzinin qəbulu jurnalındakı imzaların ona məxsus olmasını mübahisələndirməmişdir (iddiaçı tərəf əvvəl yazılı vəsatət verərək imzaların yoxlanılması üçün məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, daha sonra imzaları mübahisələndirmədiklərini bildirərək, işin ekspertizadan geri qaytarılmasını xahiş etmişdir). Notariat işindən görünür ki, qanunvericilikdə daşınmaz əmlakın alqı-satqısı üçün nəzərdə tutulmuş müqavilənin notarial qaydada bağlanması qaydalarına riayət edilmiş, qeyd edilən əmlakın dəyəri notariat ofisinin depozitinə daxil edilmiş və alıcı tərəfindən qəbzə imza edilməklə qəbul edilmiş, həmçinin mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizələri, o cümlədən, mənzildən qeydiyyatdan çıxmalarına dair razılıqları alınmışdır. İddiaçı isə əslində onunla cavabdeh arasında girov münasibətlərinin olduğunu əsas gətirərək, girov münasibətlərinin alqı-satqı müqaviləsi ilə pərdələndiyini, buna görə də alqısatqı müqaviləsinin etibarsız olmasını iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki işin araşdırması zamanı tərəflər arasında borc münasibətlərinin, eləcə də, həmin borcun təminatı kimi girov münasibətlərinin olduğu öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin tələbinə görə borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Lakin hazırki işdə tərəflər arasında bağlanmış yazılı borc müqaviləsi mövcud deyil. Məhkəmə iclasında dindirilmiş şahid isə tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu qeyd etsə də, borc verilərkən orada olmadığını bildirmiş, eləcə də, borcun məbləği ilə bağlı dəqiq məlumat verə bilməmişdir. Digər tərəfdən, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin iddiaçının iddia etdiyi kimi girov münasibətlərini pərdələyən yalan əqd olması qənaətinə gəlmək üçün tərəflərin hansı niyyətlə yalan əqd bağlanması aydınlaşdırılmalıdır. İddiaçı isə girov münasibətlərinin alqı-satqı müqaviləsi ilə pərdələndiyini bildirsə də, niyə tərəflər arasında borc və ipoteka müqavilələri bağlanması əvəzində alqı-satqı müqaviləsi bağlanmasını əsaslandırmamışdır. İddiaçının notariat ofisinin depozitindən yalnız 75000 manat qəbul etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hal iş materialları ilə təsdiq olunmur. Belə ki, bununla bağlı iddiaçının təqdim etdiyi yeganə sübut şahid ifadəsidir, məhkəmə iclasında ifadə verən şahid alqı-satqı-müqaviləsi bağlanan zaman orada olmadığını, iddaçıya daha az məbləğdə pulun verilməsini iddiaçının özündən eşitdiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsində razılaşdırılmış 120000 manat məbləğində pulun mənzilin satıldığı müddətdə həmin mənzilin bazar qiymətindən kəskin fərqlənməsi ilə bağlı da məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Şərh edilənlərdən məhkəmə belə qənaətə gəlir ki, hazırki mülki işdə mübahisəli alqı-satqı müqaviləsinin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar