Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1397/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: fərdi yaşayış evinə istifadə hüququnun tanınması; özbaşına tikili) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı, Cavabdeh vəkili Vəkil Güloğlan oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Nazi qızı və övladları xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, Nərimanov rayonu,Böyük şor 4-cü tres ünvanında yerləşən fərdi yaşayış evinə dair yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir .(iddia tələbi dəqiqləşdirilmişdir). İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olaraq ailə qurmuşlar.Lakin xasiyyətləri uyğun gəlmədiyindən aralarında bağlanan nikah pozulmuşdur.Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur.Qeyd edilir ki,iddiaçı ailə qurduğu gündən Bakı şəhəri, Nərimanov rayonu, Böyük şor 4-cü tres ünvanında yerləşən evə gəlin köçərək cavabdehlə birgə həmin evə sahiblik etmiş və həmin mənzildən birgə istifadə ediblər. Lakin cavabdeh iddiaçının və övladlarının həmin yaşayış sahəsindən istifadə etmək hüquqlarına manəçilik yaradır. Məhkəmənin nəzərinə çatdırılır ki, hazırda iddiaçının və öladlarının ikinci bir vaşayış yeri yoxdur. Onu da qeyd edir ki,iddiaçının bütün cehiz əşyaları hazırda sözügedən mübahisəli evdədir. Qeyd edir ki. tərəfindən sözügedən yaşayış sahəsinə köçürülmə tələbinə ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2024-cti il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/20/2024-00576 saylı arayış verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki,iddiaçı və övladları sözügedən məzilə köçürülərək orada yaşamalıdırlar. Bu səbəbdən mübahisəli mənzilə köçürülməyi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X15 ilə Cavabdeh 17 il müddətdən artıq bir vaxt olub ki, rəsmi nikahla ər-arvad olaraq birgə yaşamışlar. X15 nikahın pozulması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, dəfələrlə nikahın pozulmasına etirazını bildirsə də, iddiaçı nikahın pozulmasına təkid etmişdir. X15 nikah pozulandan sonra, bundan əvvəl də sözügedən ünvanda yaşamış və hal-hazırda yaşayır. Onun iddia ərizəsində göstərdiyi heç bir cümlə düz deyil. Onun iddia ərizəsində bildirdiyi bu cümlə ki, cavabdeh onun və övladlarının həmin yaşayış sahəsindən istifadə etmək hüququna maneçilik yaradır, bu ifadə tam yalan ifadədir. Çünki, iddiaçı onunla birgə evdə yaşayıb, hal-hazırda anası X10 ilə birgə bu mənzildir və yaşayır. İddiaçı övladları ilə birgə yaşayır və sözügedən mənzildədirlər. Cavabdeh cəzaçəkmə müəssəsindən xx.xx.2025-ci il tarixdə övladları ilə əlaqə saxlayıb, danışıb. Birgə nikah pozulana kimi cavabdeh ilə iddiaçı birgə təsərrüfat aparıblar və anası X2 ayrı yaşayıblar. Sözügedən mənzilin bütün kommunal sənədləşməsi cavabdehin anası X4 adınadır. Bundan əlavə cavabdeh bildirir ki, məcburi köçkün olduğu üçün müvəqqəti qeydiyyatdadır. İddiaçı X15 cavabdehin qeydiyyat ünvanı ilə eyni-Füzuli Rayon Kürdlər kəndindədir. Sözügedən mənzilin tam sənədləri yoxdur və mənzil cavabdeh və iddiaçının ailə qurduğu tarixdən əvvəl tikilmişdir. Hal-hazırda cavabdeh cəzaçəkmə müəssəsində cəza çəkir və məhkəmə prosseslərində iştirak edə bilmir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Bildirdi ki, mülki iş üzrə nikaha daxil olduqdan sonra 2006-cı ildən etibarən mübahisəli fərdi yaşayış evində yaşayır. Ev qaynanasının mülkiyyətindədir. Cavabdeh barədə azadlıqdan məhrum etmə cəzası təyin edilib, və hazırda həbsxanadadır. Həmçinin qeyd etdi ki, övladları ilə birlikdə həmin evdə yaşayırlar, qaynanası ilə arasında hər hansı problem yoxdur, münasibətləri yaxşıdır. Lakin cavabdehin qardaşı onun və övladlarının həmin yaşayış yerindən gələcəkdə çıxarılmasını tələb edə bilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan, “Zoom” proqram vasitəsi ilə əlaqə yaradılan cavabadeh Cavabdeh bildirdi ki,iddiaçı və uşaqları hazırda sözügedən mənzildə yaşayır. Həmin mənzil onların birgə nikaha daxil olmasından öncə tikilib və mənzil anasının mülkiyyətindədir. Anası tərəfindən iddiaçının və övladlarının yaşamağına icazə verilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil Güloğlan oğlu bildirdi ki, istifadə hüququnun təmin edilməsi barədə tələb təmin edilə bilməz, çünki ev özbaşına tikilidir Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Mülki işin materialları - xx.xx.2011-ci il tarixdə Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən verilən AA №248669 seriyalı vəsiqənin surətindən görünür ki, X15 1993-cü il tarixdə Füzuli rayonunda doğulub və hazırda məskunlaşdığı ünvan Füzuli rayonudur. - Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 mart 2008-ci il tarixli,AZ-İİ 070671 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X8 03 mart 2008ci il tarixdə Bakı şəhərində doğulmuşdur.Atası Cavabdeh.anası- X11r. - Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 may 2010-cu il tarixli.AZ-İİ 440714 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 may 2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası- X11r. - 24 dekabr 2024-cü il tarixli,AZ-İ № 498566 seriyalı nikahın pozulmasıl haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X15 arasında bağlanmış nikah Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qətnaməsi əsasında xx.xx.2024cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması akt qeydlər kitabında 112 nömrə ilə qeydiyyata alınmışdır. - 20 saylı Bakı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, MŞB/20/2024-00576 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. X15 isə mediasiya sessiyasında iştirak edərək,60 manat mediasiya haqqı ödəmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 08 may 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu,Böyük şor 4cü tres ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda heç kim yoxdur.Fərdi evdə Füzuli rayonunda qeydiyyatda olan keçmiş məcburi köçkün Cavabdeh 8 nəfər ailə üzvü- X10, Cavabdeh, X5,X8, X15, X12,X13,X6, X7 ilə birlikdə qeydiyyatsız yaşayırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X25 1 saylı Bakı Ərazi İdarəsi təərfindən 07 may 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Böyük şor 4-cü tres ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-811/2024 aylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən 572 nömrə ilə qeydə alınmış xx.xx.2006-cı il tarixli nikahın pozulması; birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 analarının yanında saxlanılması qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1397/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “fərdi yaşayış evinə köçürülmə” hissəsində xitam verilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı X15 ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə rəsmi olaraq nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı X15 və övladları xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 Bakı şəhəri, Nərimanov rayonu,Böyük şor 4-cü tres ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar.İddiaçı hazırda Bakı şəhəri, Nərimanov rayonu,Böyük şor 4-cü tres ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin hallarından və tərəflərin izahatlarından müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu,Böyük şor 4-cü tres ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda heç kim yoxdur və Cavabdeh-8 nəfər ailə üzvü ilə həmçinin iddiaçı və övladları ilə birlikdə qeydiyyatsız yaşayır. Həmçinin,müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu,Böyük şor 4-cü tres ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin icraatında “mənzilə köçürülmə” hissəsində xitam verilmişdir. Bu səbəbdən hazırda məhkəmə iddia tələbinin yalnız “istifadə hüququnun tanınması” hissəsinə qiymət verir. Mənzilə və ya fərdi yaşayış evindən istifadə hüququnun tanınması barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas iki meyar tədqiq edilməlidir. -Mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; -İddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları. Məhkəmədə müəyyən olunmuşdur ki, mübahisəli fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Bu səbəbdən Bakı şəhəri, Nərimanov rayonu, Böyük şor, 4-cü tres ünvanında yerləşən yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun məzmununu təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli tikili dаşınmаz əmlаkın dövlət rеyеstrində xüsusi mülkiyyət kimi qеydiyyаtа аlınmаmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ itirilmiş olduğundan “mübahisəli mənzilə istifadə hüququnun tanınması” barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia əsassız olduğu üçün rədd edilməlidir Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1397/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1397/2025
05.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver