Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-140/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən mənzilə görə artıq hesablanmış 13.832 (on üç min səkkiz yüz otuz iki) ABŞ dolları pulun, (ödənilən günə olan məzənnə) ilə artıq hesablanmış 13.832 (on üç min səkkiz yüz otuz iki) ABŞ dolları pulun 17 il üzrə (13832 x 17 = 235144) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunan illik 5 faiz Bank uçot dərəcəsinə illik faiz dərəcəsinə görə 13 oktyabr 2013-cü ildən 07 aprel 2023-cü il tarixinədək olan dövr üçün 11.757 (on bir min yeddi yüz əlli yeddi) ABŞ dolları (ödənilən günə olan məzənnə ilə) Bank uçot dərəcəsinə əsasən əldən çıxmış fayda və 221 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh MMC (cavabdeh) arasında 13 oktyabr 2005-ci il tarixli 68 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında tikdiyi 16 mərtəbəli bir bloklu 4-cü yaşayış binasından, ümumi sahəsi 153.1 kv.m-dən ibarət olan, 3 otaqlı, 22 saylı mənzili dəyəri tam ödənildikdən sonra alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin ümumi sahəsinə uyğun olaraq hesablanmış dəyəri (hər 1 m2 üçün 520 ABŞ dolları olmaqla) 79612 ABŞ dolları (520 ABŞ dolları x 153.1 kv.m) iddiaçı tərəfindən ümumi məbləğin 100%-ni, yəni 79612 ABŞ dollarını cavabdehə tam ödəmişdir. (Müqavilənin 2.1.2-ci maddəsi) Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya 13 oktyabr 2015-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. Bundan əlavə, iddiaçı evinə çıxarış alınması üçün maliyyə arayışını vermədikləri üçün hüquq mühafizə orqanlarına şikayətlər ünvanlamış, bu şikayətlərindən sonra 27 noyabr 2022-ci il tarixli maliyyə arayışı da iddiaçıya verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş, iddiaçıya həmin ünvanda ümumi sahəsi 153,1 kv.m olmaq əvəzinə 126.50 kv.m (26.6 kv.m az) olan mənzil təhvil vermişdir. Buradan belə çıxır ki, iddiaçı cavabdehə 13.832 ABŞ dolları (26.6 kv.m x 520 ABŞ dolları) məbləğində artıq pul ödəmişdir. Bu hal iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqda məlum olmuşdur. Belə ki, sözügedən mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda və Texniki pasportda həmin mənzilin ümumi sahəsinin 126.50 kv.m olduğu qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddiaçıya 13.832 ABŞ dolları (26.6 kv.m x 520 ABŞ dolları) məbləğində maddi zərər dəymiş, bunun müqabilində isə cavabdeh həmin məbləğdə idiaçının hesabına əsassız varlanmışdır. Cavabdehə pretenziya qaydasında xx.xx.2023-cü il tarixində məktub göndərilmiş və öhdəliyin lazımınca icra olunmaması nəticəsində iddiaçıya dəymiş 13.832 ABŞ dolları məbləğində maddi zərərin (ödənilmiş artıq pulun) ona ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Lakin bu günə kimi cavabdeh tərəfindən həmin məktuba heç bir münasibət bildirilməmişdir, tələb olunan pulun iddiaçıya ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh MMC ilə İddiaçı arasında 13 oktyabr 2005-ci il tarixdə bağlanmış müqavilənin surətindən və məzmunundan görünür ki, “Satıcı” Cavabdeh MMC ünvan 2 ünvanında tikdiyi 16 mərtəbəli bir bloklu 4-cü yaşayış binasından 22 saylı mənzili “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 153.1 kv.m, mənzilin dəyəri isə hər kvadrat metr üçün 520 ABŞ dollar olmaqla, ümumilikdə 79612 ABŞ dolları olaraq müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında tikilən 16 mərtəbəli bir bloklu 4-cü yaşayış binasından 22 saylı mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh MMC-yə tam ödənilmişdir və onun həmin mənzilə görə heç bir borcu yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 19B ünvanında yerləşən ümumi sahəsi 126.50 kv.m olan 22 saylı mənzil (yeni qaydalarla: AZ-1072, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 47, M7, m2) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 28 mart 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı 06 aprel 2023-cü il tarixə kimi 13 oktyabr 2005-ci il tarixli, 68 nömrəli müqavilə üzrə 26,6 kv.m görə iddiaçıdan artıq alınmış 13.832 ABŞ dolları və iddiaçıya dəymiş ziyana görə 20.000 manat təzminatı da ödəməyi xahiş etmiş, əks təqdirdə müqavilə öhdəliklərinin icrası ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/4367 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, ünvan 4 ünvanda yerləşən binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 22 saylı mənzilin ümumi sahəsinin 126,5 kv.m təşkil etdiyi, ünvan 4 ünvanda yerləşən binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 22 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və balkonların (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nəzərə alınaraq hesablandıqda ümumi sahənin 153,1 kv.m olduğu, ünvan 4 ünvanında "Eyfel” MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin 7-ci mərtəbəsində yerləşən 22 saylı mənzilə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 verildiyini nəzərə alaraq sözügedən qeyri-yaşayış sahəsinin qanunvericiliyin, eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli, 10/8444 saylı rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 22 saylı mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 134,8 kv.m təşkil etdiyi, ünvan 4 ünvanda yerləşən binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 22 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və balkonların (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nəzərə alınaraq hesablandıqda ümumi sahənin 153,1 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 19B, 22 saylı mənzil (yeni qaydalarla: AZ-1072, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 47, M7, m2) İddiaçı mülkiyyətindədir. "Eyfel” MMC ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən tikinti şirkəti "Eyfel” MMC ünvan 2 ünvanında tikdiyi 16 mərtəbəli bir bloklu 4-cü yaşayış binasından 22 saylı mənzili bu müqavilə ilə “Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "Eyfel” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən İddiaçı ünvan 2 ünvanında tikdiyi 16 mərtəbəli bir bloklu 4-cü yaşayış binasından 22 saylı mənzilə görə "Eyfel” MMC-yə heç bir borcu yoxdur. Hazırda İddiaçı "Eyfel” MMC ilə aralarında bağlanmış müqavilədə mənzilin tikinti-hesablaşma sahəsi 153.1 kv.metr kimi qeyd olunmasına baxmayaraq mənzilin tikintihesablaşma sahəsinin faktiki olaraq çıxarışda 126.50 kv.metr olduğunu bildirərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qayadada icra etməməsini əsas gətirərək, mənzilin hər kv.metri üçün artıq ödənilmiş, ümumilikdə 13.832 ABŞ dolları məbləğində pulun qaytarılmasını və 11.757 (on bir min yeddi yüz əlli yeddi) ABŞ dolları (ödənilən günə olan məzənnə ilə) Bank uçot dərəcəsinə əsasən əldən çıxmış fayda tələb edir. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 752.1-cı maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 766-cı maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Mülki işdən göründüyü kimi, tərəflərin iradəsi aralarında podrat müqaviləsi bağlanmasına yönəlmişdir. Bu halda həmin müqavilənin alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi kimi qiymətləndirilməsi barədə gəlinən nəticə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsində müəyyən olunmuş müqavilənin təfsiri qaydalarına əsaslanmalıdır. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri). Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (Mülki Məcəllənin 404.3-404.5-ci maddələri). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh MMC İddiaçı ünvan 2 ünvanında tikdiyi 16 mərtəbəli bir bloklu 4-cü yaşayış binasından 153.1 kv.m-dən ibarət 22 saylı mənzil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə, mülki işin araşdırılması nəticələrini əsas götürüb, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, bağlanmış müqavilədə qeyd edilən mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan arasında fərq 18,3 kv.m təşkil edir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir. Buna görə də, iddia tələbi bu hissədə qismən təmin olunmalı, Cavabdeh MMC-dən ünvan 2 ünvanında tikdiyi 16 mərtəbəli bir bloklu 4-cü yaşayış binasından 22 saylı mənzilə görə 18 kv.m. x 520 ABŞ dolları = 9360 ABŞ dolları pul vəsaiti iddiaçıya ödənilməlidir. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan "kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etməmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirməmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürmək hüququ yaranmışdır. Məhkəmə yuxarıda sadalananların kontekstində bir daha qeyd edir ki, tərəflər arasında müqavilə bağlanmış və qarşılıqlı öhdəliklər müəyyən edilmişdir. İddiaçı 13 oktyabr 2005-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, Cavabdeh MMC isə müqavilə üzrə ünvan 2 ünvanında tikdiyi 16 mərtəbəli bir bloklu 4-cü yaşayış binasından 22 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə şərtlərini pozaraq, müəyyən edilən sahədən daha az sahəli mənzili təhvil vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli, 10/8444 saylı rəyinə əsasən müəyyən edilir ki, ünvan 4 ünvanda yerləşən binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 22 saylı mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 134,8 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və balkonların (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nəzərə alınaraq hesablandıqda ümumi sahənin 153,1 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, podrat münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Lakin bütün bunlara baxmayaraq, nə qədər ki hazırki mübahisəli halla bağlı tərəflər arasında mənzilin sahəsinin ölçülməsinə dair şərtlər müqavilədə öz əksini tapmamışdır, o cümlədən də, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə qeyd olunmamışdır, cavabdeh cəmiyyət iddiaçıya Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3cü maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış mənzili təhvil verməli idi. Beləliklə yuxarıda qeyd olunanların kontekstində müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı müqavilədə göstərilən sahədən 18,3 kv.m daha az sahəsi olan mənzil təhvil vermiş, iddiaçı müqavilədə göstərilən 153,1 kv metr sahəsi olan mənzilin hər kv.m üçün 520 ABŞ dollar ödəmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia tələbi bu hissədə qismən təmin edilməli, 9360 (520 x 18,3 kv.m) ABŞ dolları pul Cavabdeh MMC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2013-cü ildən xx.xx.2023-cü il tarixədək illik 5% Bank uçot dərəcəsi üzrə 11.757 ABŞ dolları əldən çıxmış faydanın cavabdehdən tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, iddiaçı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamışdır; üçüncüsü isə, məhkəmənin müvafiq nəticəyə gələrkən istinad etdiyi mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə iddia tələbinin “xx.xx.2013-cü ildən xx.xx.2023-cü il tarixədək illik 5% Bank uçot dərəcəsi üzrə 11.757 ABŞ dolları əldən çıxmış faydanın cavabdehdən tutulması” ilə bağlı nəticəyə gəlmişdir ki, iddiaçı bu barədə faktiki sübut təqdim etmədiyindən, iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 221 manat dövlət rüsumunun 140 manat hissəsi iddiaçıya aid edilməli, 81 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 150 manat ekspertiza xərci Cavabdehndən tutulmalı, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 9360 (doqquz min üç yüz altmış) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 221 manat dövlət rüsumunun 140 manat hissəsi iddiaçıya aid edilsin, 81 manat dövlət rüsumu Cavabdehndən İddiaçı xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 150 manat ekspertiza xərci Cavabdehndən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-140/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-140/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver