Məhkəmə qərarları › İş №2(005)-1413/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1413/2023

18.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1413/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən işdən azad edilməsi barədə cavabdeh tərəfindən xx.xx.1997-ci il tarixli 11-K nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə Bakı Neft Texnikumuna daxil olmuşdur. 1990-cı ildə həmin təhsil müəssisəsini “neft və qazın nəql edilməsi və saxlanılması” ixtisası üzrə bitirmişdir. 10 may 1990-cı il tarixdə Dövlət İxtisas Komissiyasının qərarına əsasən ona bu barədə HT-1 seriyalı, 566445 nömrəli diplom verilmişdir. Qeyd edilən təhsil müəssisəsini bitirdikdən sonra “Neft daşlarına” göndərilmişdir. 1990-cı ildən 1997-ci ilə kimi “Neft daşları”da maşinist vəzifəsində işləmişdir. Qeyd olunan işə Bakı Neft Kimya texnikumunu bitirdikdən sonra bura təyinatla göndərilmişdir. Qarabağ müharibəsi dövründə qardaşı X1 itkin düşməsi ilə əlaqədar rəhbərliyin icazəsi ilə sonuncunun axtarış işləri ilə əlaqədar Qarabağa getmişdir. Lakin bu barədə hər hansı məlumat ala bilməmişdir. Qarabağ ərazisindən geri qayıtdıqdan sonra başa düşmüşdür ki, xəbəri olmadan işdən azad olunmuşdur. İşdən azad olması faktını əsassız hesab etdiyinə görə dəfələrlə müvafiq orqanlara müraciət etmişdir. Ancaq bütün bunlar bir nəticə verməmişdir. Sonradan qardaşı Aqilin Laçın rayonu ərazisində gedən döyüşlərdə şəhid olması faktı öz təsdiqini tapmış və ona şəhid statusu verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə tərəfindən iddia tələbindən məhkəməyə etiraz təqdim edərək, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməli olduğunu bildirmişdir. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft Qazçıxarma İdarəsinin müvafiq əmri ilə İddiaçı 27 iyun 1990-cı il tarixdən İdarənin neftin kompleks hazırlanması və nəqli sexinə 4-cü dərəcəli nasos stansiyasının maşinisti vəzifəsinə işə qəbul edilmişdir. 01 oktyabr 1996-cı il tarixdən həmin zaman qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 4-cü bəndinə əsasən iş buraxmaya görə əmək münasibətlərinə xitam verilmişdir. Həmin dövrdə işi üzrlü səbəbdən buraxdığını təsdiq edən hər hansı sübut, dəlil iddiaçı tərəfindən işəgötürənə təqdim edilməmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən İddiaçı əmək münasibətlərinə xitam verilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft Qazçıxarma İdarəsinin müvafiq əmri ilə İddiaçı 27 iyun 1990-cı il tarixdən İdarənin neftin kompleks hazırlanması və nəqli sexinə 4-cü dərəcəli nasos stansiyasının maşinisti vəzifəsinə işə qəbul edilmişdir. 01 oktyabr 1996-cı il tarixdən həmin zaman qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 4-cü bəndinə əsasən iş buraxmaya görə əmək münasibətlərinə xitam verilmişdir. Həmin dövrdə işi üzrlü səbəbdən buraxdığını təsdiq edən hər hansı sübut, dəlil iddiaçı tərəfindən işəgötürənə təqdim edilməmişdir. Göründüyü kimi bu iş üzrə 27 il keçdikdən sonra iddiaçı işə bərpa tələbi ilə məhkəməyə müraciət etmişdir. İstər o zaman qüvvədə olan Əmək Qanunları Məcəlləsinin, istərsə də AR Əmək Məcəlləsinin tələbləri baxımından işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinin məhkəmə qaydasında həlli üçün 1 aylıq iddia müddəti müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə etirazın mahiyyətinə uyğun izahat vermiş və bundan əlavə iddia ərizəsi iddia müddətinin keçməsinə görə də rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifinə onlar tərəfindən baxılmış, müvafiq təklifdə qeyd edilən işə bərpa barədə tələbin təmin edilməsi üçün hər hansı hüquqi əsas olmadığından mediasiya prosesində iştirak edilməsini məqsədəuyğun hesab etməmişdirlər. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-174/2008 saylı qətnaməsinə əsasən 26 noyabr 1973-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş X2 ölmüş elan edilmişdir. İş materiallarında olan arxiv arayışından görünür ki, Neftin kompleks hazırlanması və nəqli sexinin nasos stansiyasının maşinisti İddiaçı 01 oktyabr 1996-cı il tarixdə xx.xx.1997-ci il tarixli 11- K nömrəli əmrlə ƏQM-nin 38-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin müvafiq hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, əhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi normalar hazırkı mübahisə üzrə tətbiq edilməlidir. Azərbaycan Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin “Ç” bəndinə əsasən, işə üzürlü səbəb olmadan öz əmək funksiyalarını və ya fərdi əmək müqaviləsi (kontraktı) ilə müəyyən olunmuş öhdəliklərini pozduqda işəgötürənin təşəbbbüsu ilə müddətindən asılı olmayaraq fərdi əmək müqaviləsi (kontraktı) ləğv edilə bilər. Həmin Məcəllənin 228 –ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar yaranın əmək mübahisələrinin həlli üçün isə bir ay ərzində müraciət edə bilər. Hüququnun pozulduğunu aşkar edildiyi gün işçiyə müvafiq əmrin, sərəncamın, qərarın, əmək kitabçasının, haqq-hesab kitabçasının (vərəqəsinin) verildiyi, həmçinin fərdi və kollektiv əmək müqaviləsinin (kontraktın, sazışın) mühüm şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək Neftin kompleks hazırlanması və nəqli sexinin nasos stansiyasının maşinisti vəzifəsində işləmişdir. Hazırda İddiaçı xx.xx.1997-ci il tarixli 11-K nömrəli əmrin ləğv edilərək, işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə mülki işin hallarını araşdırarkən işə götürən tərəfindən iddia ərizəsində göstərilən pozuntuların həqiqiliyinə dair hər hansı bir hal aşkar etməmişdir. Bununla yanaşı İddiaçı tərəfindən də bu halların həqiqiliyini təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işçi işəgötürənə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı xx.xx.1996cı il tarixdən işdən çıxmış, həmin tarixdən öz hüququnun pozulduğunu bilməli olduğu gün sayılmalıdır. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçılar mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Göründüyü kimi iddiaçı xx.xx.1990-xx.xx.1996-cı il tarixlərdə “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-də işləmiş və onunla başlanmış əmək müqaviləsinə xx.xx.1996-cı il tarixdə xitam verilmişdir. İşlədiyi müddət ərzində, həmçinin əmək müqaviləsinə xitam verildikdən sonrakı bir il ərzində iddiaçının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı işə bərpa ilə bağlı hər-hansı tələbi olmamışdır. Bu baxımdan məhkəmə 27 ildən sonra iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsini ağlabatan hesab etmir və bu halı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar