Məhkəmə qərarları › İş №2(005)-1418/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1418/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1418/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı X2 nümayəndəsi və vəkili X7, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə mənə satılan yararsız HP markalı Noutbook üçün çek qəbzi ilə ödədiyi 1219 (min iki yüz on doqquz) manat pulun və həmin yararsız HP markalı Noutbook üçün ümumilikdə çəkdiyi və çəkməli olduğu xərclər üzrə iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 3399 (üç min üç yüz doxsan doqquz) manat pulun, cəmi 4618 (dörd min altı yüz on səkkiz) manat olmaqla pulun cavabdeh “İrşad Electronics" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o özü şəhid ailəsidir. Atası 1992-ci il tarixdə Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hal-hazırda müəllim vəzifəsi üzrə Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən, ümumitəhsil orta məktəbində dərs tədris edir. Fəaliyyəti etibarilə şagirdlərinə və öz fəaliyyəti istiqamətində lazımi işlər görülməsi üçün İrşad Electronics mağazasından, 30 noyabr 2019-cu il tarixdə 1219 (min iki yüz on doqquz) manat çek qəbzi ilə ödəniş edərək özünə HP markalı Noutbuk almışdır. Aldığı andan və həmin tarixdən İrşad mağazası sanki bir uzun müddətli ağrılı, acılı dolu bir həyatla onu sınağa çəkərək bir dövr yaşatmışdır. Bütün problemlər satdıqları Noutbooku istifadə üçün təxminən ona verdikləri 2 dekabr ayından, indi onun məhkəməyə verdiyi vaxtadək davam etməyə başlamışdır. Belə ki, 2 dekabrda Noutbooku götürdükdən, təxminən 1-2 gün sonra istifadə» etmək üçün evdə işlək vəziyyətə gətirmiş, təxminən 5-10 dəqiqə, 20-30 dəqiqə sonra Noutbukdan səs gəlməyə başlamış, bu səs bir müddət sonra onu narahat etmişdir. Belə ki, adi yox, qeyri-normal səs küylü formada işləməyə başlamışdır. Təxminən 5-6 gün sonra o aldığı mağaza ilə əlaqə saxlamış, belə səsli-küylü işlədiyini bildirmişdir. Ordan isə əməkdaş hələ təzə olduğunu, bir müddət sonra düzələcəyini deyərək, vaxt keçməsini bildirmişdir. Aradan 10-15 gün keçəndən sonra bərk səsin keçmədiyini və onu narahat etdiyini görərək yenidən əlaqə saxlamış, mağaza əməkdaşı yenə gözləməyi, düzələcəyini deyərək, bu gedişlə 2 ay gözləməli olmuşdur ki, bəlkə əməkdaş dediyi kimi təzədir, tədricən düzələr. Ancaq daha da Noutbukda səs-küy artdığını görərək əsəbi formada 10.03.2020-ci il tarixdə İrşad Elektroniks dükanının yönləndirdiyi zəmanət üzrə X11 Mərkəzinə yaxınlaşmışdır. Bundan sonra isə X11 Mərkəzinin daimi qonağı olmağa başlamışdır. Belə ki, artıq bir müddət sonra Servisə yaxın yerdə kirayə tutmağını, gediş gəlişin, rahat olmağını düşünməyə başlamışdır. Çünki, bu 1 il ərzində aldığı mağaza və Servis Mərkəzinə, Baş ofisə onlarla dəfə taksi, marşrut, avtobus, avtomobil kimi nəqliyyat vasitələrindən Noutbukun yararsız olduğunu, onu incitməmələrini, ya bunu dəyişmələrini ya keyfiyyətli təmir etdirmələrini bildirsə də, ərizəyə əlavə etdiyi Avadanlığın dəyişdirilməsinə dair özlərinin verdiyi məktubdan da göründüyü kimi 10 mart 2020-ci il, 12 may 2020-ci il, 16 oktyabr 2020-ci il tarixdə dükanda, ofisdə, servisdə etdiyi müraciətlərə əhəmiyyət verməmişlər. Üstəlik onuncu dəfə 16 oktyabr 2020ci il tarixdə Noutbooku da ondan almışlar, habelə Servis Mərkəzinin 29 oktyabr 2020-ci il tarixli Avadanlığın dəyişdirilməsi barədə məktubuna da əhəmiyyət verməyərək, vətən uğrunda canında keçən bir şəhid qızının pulunu yeyərək, həm əmlakını əlindən alıb, həmdə pulunu mənimsəyərək 1 il ərzində başına oyun açmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh MMC-dən qüsurlu məhsulun satılması ilə bağlı 1219 manat pulun, məhkəmədə hüquqların müdafiəsi üçün vəkilə ödəniş etdiyi 500 manat pulun, əmlakından məhrum olma nəticəsində istifadə etdiyi mobil telefona yüklənmə nəticəsində yanmış ekranının təmiri üçün ödənilməli olan təmir xərci üçün 118 manat pulun, həmçinin başqa bir telefon almaq məcburiyyətində qaldığı üçün eyni parametrlərdə Samsung Z 770 Blcak markalı mobil telefon üçün ödəniş etdiyi 1299 manat pulun, 1 il 6 ay müddətində pulunun geri qaytarılmadığına görə keçirdiyi əsəb, stress, mənəvi iztiraba görə 1000 manat mənəvi ziyan üçün, ümumilikdə 4136 manat Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, iddia tələbi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.11.2019-cu il tarixli X12ndan görünür ki, zəmanət müddəti malın satıldığı gündən hesablanır. 14 gün ərzində, məhsulun əmtəə görünüşü pozulmadığı və mal işləmədiyi halda müştərinin istəyi ilə qaytarıla və başqa model ilə dəyişdirilə bilər. İş materiallarında olan BestComp Group MMC-nin 29.10.2010-cu il tarixli 112921 saylı avadanlığın dəyişdirilməsinə dair mütəxəssis rəyinin tərcüməsinin təsdiq edilmiş surətindən görünür ki, diaqnostika nəticəsində sərt diskin sistem tərəfindən oxunmaması nöqsanı aşkar olunub. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş Bestcomp Qrupun 01 saylı 14.10.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən 30 noyabr 2019-cu il tarixdə aldığı HP markalı noutbuka təmir xidməti göstərilməsi üçün 10 mart 2020-ci il, 12 may 2020-ci il və 16 oktyabr 2020-ci il tarixlərdə "xxxx" MMC-nin Service Mərkəzinə müraciət etmişdir. Hal-hazırda belə sözügedən noutbuk "xxxx" MMC-nin Service Mərkəzində saxlanılır. Nəticə etibarı ilə adı çəkilən CND92541YM seriya nömrəli, HP markalı noutbukun İT mütəxəssislər tərəfindən müayinəsinin aparılması barədə yazılı şəkildə 29.10.2020-ci il tarixli CT:********** nömrəli rəsmi rəy verilmişdir. Hər iki sualınız aşağıdakı kimi cavablandırılmışdır; №CN092541YM, CT:********** seriya nömrəli avadanlıq, 29.10.2020-ci il tarixində "xxxx" MMC-nin HP inc.şirkətinin avtorizə edilmiş Servis Mərkəzinə qəbul edilmiş və texniki rəydə qöstərilən qüsur, bir neçə təmirdən sonra aradan qalxmadığına görə istehsal qüsuru kimi təyin olunmuşdur.(Sərt disk sistem tərəfindən tanınmırdı). Bu səbəbdən, İddiaçı texniki rəy əsasında avadanlığın dəyişdirilməsi və yaxud kompensasiyası üçün akt verilmişdir. Qeyd edilən qüsur hər hansı zədə və yaxud qeyri-düzgün istifadə nəticəsində yaranmamışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh mağazasından, 30 noyabr 2019-cu il tarixdə 1219 (min iki yüz on doqquz) manat çek qəbzi ilə ödəniş edərək özünə HP markalı Noutbuk almışdır. BestComp Group MMC-nin 29.10.2010-cu il tarixli 112921 saylı avadanlığın dəyişdirilməsinə dair mütəxəssis rəyi ilə avandanlıqda “sərt diskin sistem tərəfindən oxunmaması” nöqsanı aşkar olunmuşdur. İddiaçı bu məsələ ilə bağlı Cavabdeh MMC-yə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş Bestcomp Group MMC-nin 01 saylı 14.10.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən 30 noyabr 2019-cu il tarixdə aldığı HP markalı noutbuka təmir xidməti göstərilməsi üçün 10 mart 2020-ci il, 12 may 2020-ci il və 16 oktyabr 2020-ci il tarixlərdə "xxxx" MMC-nin Service Mərkəzinə müraciət etmişdir. №CN092541YM, CT:********** seriya nömrəli avadanlıq, 29.10.2020-ci il tarixində "xxxx" MMC-nin HP inc.şirkətinin avtorizə edilmiş Servis Mərkəzinə qəbul edilmiş və texniki rəydə qöstərilən qüsur, bir neçə təmirdən sonra aradan qalxmadığına görə istehsal qüsuru kimi təyin olunmuşdur.(Sərt disk sistem tərəfindən tanınmırdı) Hal-hazırda iddiaçı iddia tələbini ərizədə göstərilmiş xüsusatlarla əsaslandırır, cavabdeh iddianı qəbul etmir, bu səbəbdən rədd edilməsini xahiş edir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçıların təqdim etdiyi sübutlar, həmçinin tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlarla qismən sübuta yetmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 581.1-ci maddəsinin tələbinə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.4-cü maddəsinin tələbinə görə, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 587.2-ci maddəsinin tələbinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (MM-nin 587.2.1-ci maddəsi); lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (MM-nin 587.2.2-ci maddəsi). 587.5-ci maddəsinin tələblərinə görə, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqısatqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə görə qüsuru olan mal satılarkən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 30.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi (X12) cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia əsaslıdır. Müqavilə predmeti olan noutbukdakı qüsurların mövcudluğu mübahisə predmeti olan noutbukun keyfiyyətinin müqavilədə göstərilən ilə eyni olmadığına dəlalət edir. Həmçinin mütəxəssis rəyi ilə “HP” markalı №CN092541YM, CT:********** seriya nömrəli noutbukda mövcud olan qüsurlar istismar nəticəsində yaranmadığı, bunun istehsal qüsuru olduğu da müəyyən edilir. Göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada noutbuk deyil, keyfiyyətcə göstərilən parametrlərə uyğun olmayan, istehsal qüsurlu noutbuk satmışdır. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Belə ki, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra edərək malın dəyərini tam ödəmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməyərək, iddiaçıya qüsurlu və lazımi keyfiyyətdə olmayan mal satmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab edir və “"xxxx" MMC-dən “HP” markalı №CN092541YM, CT:********** seriya nömrəli noutbuk üçün ödənilmiş 1219 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “əmlakından məhrum olma nəticəsində istifadə etdiyi mobil telefona yüklənmə nəticəsində yanmış ekranının təmiri üçün ödənilməli olan təmir xərci üçün 118 manat pulun, həmçinin başqa bir telefon almaq məcburiyyətində qaldığı üçün eyni parametrlərdə Samsung Z 770 Blcak markalı mobil telefon üçün ödəniş etdiyi 1299 manat pulun” tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən tələblərlə bağlı hissədə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh cəmiyyət tərəfindən satılmış “HP” markalı №CN092541YM, CT:********** seriya nömrəli noutbukun işləməməsi səbəbindən istifadə etdiyi mobil telefonun yanmasını, bu səbəbdən onun təmiri üçün çəkilmiş xərcin ödənilməsini və eyni parametrli mobil telefon almaq məcburiyyətində qalmasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı çəkdiyi xərclər barədə ödəniş qəbzlərini təqdim edərək, iddia tələbinin bu hissədə əsaslı olduğunu sübut etməyə çalışmışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı noutbukun işləməməsi ilə istifadə etdiyi telefonun yanması arasındakı səbəbli əlaqəni (yəni həqiqətən də telefonunun noutbukun işləməməsi səbəbindən yüklənmədən yanmasını) sübuta yetirə bilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, əmlakından məhrum olma nəticəsində istifadə etdiyi mobil telefonun yüklənmə səbəbindən yanmış ekranının təmiri üçün ödənilməli olan təmir xərci üçün 118 manat pulun, həmçinin başqa bir telefon almaq məcburiyyətində qaldığı üçün eyni parametrlərdə Samsung Z 770 Blcak markalı mobil telefon üçün ödəniş etdiyi 1299 manat pulun ödənilməsini qeyd etsə də bu dəlillər açıqaşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir halın olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan başqa məhkəmə mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən “HP” markalı №CN092541YM, CT:********** seriya nömrəli noutbuk üçün ödənilmiş 1219 manat və hüquqi xidmət üçün vəkilə ödənilmiş olan 500 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar