Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3806/2020 26.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı öhdəliyik müqaviləsinin yerinə yetirilməməsinə görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh öz öhdəliyini yerinə yetirmədiyinə görə mənzil alqı-satqı müqaviləsinə əsasən iddiaçının ödədiyi 43.908 manat, kirayə haqqı üçün ödədiyi 1200 manat, mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 55108 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC Abşeron rayonu Xırdalan şəhərində hündür mərtəbəli yaşayış binaları inşa edir. İddiaçı həmin cəmiyyətlə xx xxxx 2015-ci il tarixdə, ABB YM-0153 saylı mənzilin alqı-satqısı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə 43.908 manat məbləğində pul ödəməli, MMC isə 3 il ərzində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “xxxx Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.m ibarət 2 otaqlı 40 saylı mənzili iddiaçıya təhvil verməli idi. İddiaçı mənzilin bütün pulunu ödəsə də, cavabdeh binanı tikib qurtarmamış və öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçı dəfərlərlə MMC-nin rəhbərliyinə yazılı və şifahi müraciət etsə də, heç bir nəticəsi olmamış, əksinə cavabdeh iddiaçıya maddi və mənəvi ziyan vurmaqla onu ağır duruma salmışdır. İddiaçı tikintinin dayandığını görüb müxtəlif qurumlara rəsmi şikayət edəndən sonra MMC-nin direktoru Səlim Heydərov yazılı şəkildə bildirmişdir ki, binada işlərinin başa çatdırılması və mənzillərin sakinlərə təhvil verilməsi 2019-cu ilin əvvəllərinə planlaşdırılmışdır. Lakin MMC-nin rəhbərliyi iddiaçını yenə aldatmış və bu günə kimi öhdəliyini yerinə yetirməyərək binada heç bir tikinti işləri aparmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi, Vəkil məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdeh “xxxx” MMC üzərinə düşən öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı ilə arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM-0153 saylı mənzilin alqı-satqısı müqaviləsinin ləğv edilməsi və iddiaçının ödədiyi 43.908 manat, kirayə haqqı üçün ödədiyi 1200 manat, mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 55108 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun MMC-dən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi, Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin artırılması barədə ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı xx xxxx 2015-ci il tarixli, ABB YM-0153 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil üçün) mənzilin alqı-satqı müqaviləsinə əsasən, “xxxx” ASC-yə kreditləşmə üsulu ilə ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “xxxx-PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın, mərtəbə 6, ümumi sahəsi 68 kv.m. olan 2 otaqlı 40 saylı mənzili almışdır. İddiaçı iddia tələbində müqavilə bağlandığı andan yaşayış binasının təhvil verilmədiyini, Cəmiyyətin öhdəliklərini icra etməməsi səbəbindən tərəfindən ödənilmiş 43.908 manat məbləğini tələb edir. Cavabdeh Cəmiyyət xx xxxx 2015-ci il tarixli, ABB YM-0153 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə mənzilin təhvil verilməsi öhdəliyindən yayınmır və təhvil veriləcəkdir. Hazırda həmin müqavilə üzrə sözügedən mənzilin yerləşdiyi yaşayış binasının 10-cu mərtəbəsinin inşası yekunlaşır. Həmin alqı-satqı müqaviləsinin ləğvi tələbinə gəldikdə isə, həmin müqavilənin 10-cu bəndinə müqavilənin ləğvinə dair tələblər öz əksini tapmışdır. Müqavilənin 10-cu bəndinə görə, alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri pozularsa cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Müqavilənin ləğv edilməsi halında, alıcı tərəfindən Cəmiyyət ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və Cəmiyyətə dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonra 7 iş günü ərzində alıcıya qaytarılacaqdır. Hüquq norması insanların davranışını tənzimləyir, rəsmi xarakter daşıyır, sistemliliyi əks etdirir (İmperativ - konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir). Həmin müqavilədə cavabdeh Cəmiyyət ilə iddiaçı - alıcı arasında yaranmış hüquq münasibətlərini tənzimləyir. Müqavilə öhdəliklərinə qanunvericliyə və müqavilənin şərtlərinə uyğun tərzdə əməl edilməsi mülki dövriyyəni təmin edən mühün şərtlərdən biridir. Mülki dövriyyənin təmin edilməsi də mülki qanunvericiliyin prinsiplərindən biridir. İddiaçı ödənilmiş 43.908 manat həcmində iddia tələbini sübut etməli olduğu halda, heç bir sübut əlavə etməmişdir. İddia tələbinin təsviri və əsaslandırıcı hissəsi ilə tanış olduqda belə ehtimal olunur ki, tələb olunan məbləği iddiaçı “xxxx” ASC-yə ödəmişdir. Çünki, iddiaçı qeyd etdiyi kimi aldığı mənzil “xxxx” ASC-nin vasitəsilə maliyyələşdirilməklə müvafiq aylar üzrə illik faiz dərəcəsi ilə kreditləşdirilmişdir. Halbuki, iddiaçı qeyd olunan xüsusatları məhkəməyə bildirmir. Eyni zamanda, iddiaçının tələb etdiyi məbləğin hansı hissəsinin əsas borca, faiz məbləğinə və ya cərimə məbləğinə aid olması aydınlaşdırılması üçün üçüncü şəxs olan Banka müraciət olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015 tarixli, ABB YM-0153 nömrəli maliyyə arayışına və digər maliyyə sənədlərinə əsasən mübahisəli mənzilin alınması üçün ilkin ödəniş kimi 15.000 manat məbləğində, bank faizi (1%) təyinatı üzrə 292 manat məbləğində, xx.xx.2016-ci il tarixdə öz bank hesabına 2830 manat vəsait mədaxil edilmişdir. İddiaçı ilə “xxxx” ASC ilə bağlanmış müvafiq (naməlum) Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə borclu İddiaçı təminat predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “xxxx PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 5 saylı binanın, mərtəbə 6, ümumi sahəsi 68 kv.m. olan 2 otaqlı 40 saylı mənzilin dəyərini ödəmək məqsədilə razılaşdırılmış müddətinə illik müvafiq dərəcəsi ilə müəyyən məbləğində kredit verilmişdir. Həmin müqavilənin tələbinə görə təminat predmeti həmin mənzildir. Məhz bu səbəbdən mənzilə dair mübahisənin tərəflərindən biri də təminat predmetini saxlayan və maraqlarına toxunan bankdır. İddiaçı üç il müddətində ödənilmiş vəsaiti özgənin vəsaiti qanunsuz saxlama kimi qiymətləndirmək mövcud maddi hüquq normalarına ziddir. Lakin borclu İddiaçı “xxxx” ASC qarşısında müvafiq Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqavilə üzrə istifadə etdiyi 43.908 manat vəsaitin razılaşdırılmış müddətində hissə-hissə ödənişə dair öhdəlik götürmüş və öhdəliyini icra etmişdir. İddiaçı cavabdeh Cəmiyyətdən 10.000 manat məbləğində mənəvi ziyanla bağlı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarından irəli gələrək, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki tələb üzrə cəmiyyətin müqavilə üzrə öhdəliyinin icrasının gecikdirilməsi qanunsuz hərəkət və ya hərəkətsizlik kimi qiymətləndirilə bilməz. Həmçinin İddiaçı pretenziya qaydalarına əməl etməmişdir. Bu da Mülki- Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinin pozulmasıdır. İddiaçının cavabdeh “xxxx” MMC-dən bağlanmış mənzilin alqısatqı müqaviləsindən irəli gələn hüquq və vəzifələri mübahisələndirilməsini qeyd edir. Bununla da, İddiaçı “xxxx” ASC qarşısında götürdüyü kredit öhdəlikləri üzrə yaranmış mülki hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Lakin, həmin təminatlı kredit müqaviləsi üzrə qismən icra olunmuş öhdəliyin hansı həcmdə tələb etmək hüququnun olması müəyyən olunmur və sübutu da mövcud deyildir. Sonda cavabdehin nümayəndəsi Emin Səlimov, iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan “cəmiyyyət” “xxxx” MMC ilə “alıcı” İddiaçı arasında bağlanmış ABB YM-0153 saylı, xx xxxx 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilənin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “cəmiyyyət” Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus 167 ünvanında “xxxx Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.m ibarət 2 otaqlı 40 saylı mənzili “alıcı” İddiaçı satmağı, “alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərində (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən Cəmiyyət inşa olunan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus 167 ünvanında “xxxx Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.m ibarət 2 otaqlı 40 saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin 1 kv.metrlik sahəsinin qiyməti 650 manat olmaqla, müqavilənin qiyməti tərəflərin razılığı ilə 44.200 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin qiymətinin 15.000 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 29.200 manat isə “xxxx” ASC-nin hesabına ödənilir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən alıcı cəmiyyətdən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtında icrasını tələb edə bilər. İşdə olan “xxxx” İnşaat MMC tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli, ABB YM- 0153 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “xxxx Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.m ibarət 2 otaqlı 40 mənzilinin pay dəyərindən 15000 manat ilkin ödəniş edilmişdir. İşdə olan xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “xxxx Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.m ibarət 2 otaqlı 40 mənzilə görə 29200 manat məbləğində ödəniş edilmişdir. İşdə olan “xxxx- İnşaat” MMC tərəfindən İddiaçı ünvanlanmış 1886/17 saylı, xx xxxxxx 2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı Cəmiyyətə xx xxxxxx 2017-ci il tarixdə ərizə ünvanlamış, Cəmiyyət isə cavabında bildirmişdir ki, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “xxxx Park” yaşayış massivində inşa olunan binada tikinti işlərinin başa çatdırılması və mənzillərin sakinlərə təhvil verilməsi 2018-ci ilin sonu – 2019cu ilin əvvəllərinə planlaşdırılmış, həmçinin bəzi fors-major hallar səbəbindən binanın tikintisində ləngimələrin olması mümkündür. İşdə olan xx xxxx 2015-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı bank faizi (1%) üçün “xxxx- İnşaat” MMC-yə 292 manat mədaxil etmişdir. İşdə olan “xxxx” ASC Müştəri xidməti ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 6-xx-xx-2015-YS-xxxx-RO saylı Təminatlı kredit müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borc verən” “xxxx” ASC “Borcalan”a Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “xxxx Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.m ibarət 2 otaqlı 40 mənzilin dəyərini ödəmək məqsədilə 29200 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.3, 5.4 və 7.3-cü bəndlərinə əsasən “Borcalan”a kredit 180 ay müddətinə verilir, kreditin müddəti xx xxxx 2030-cu il tarixdə bitir və kredit üzrə əsas borc və fazilər aylıq 313,80 manat məbləğində bərabər hissələrlə ödənilir. İşdə olan “xxxx” ASC Müştəri xidməti ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 6-xx-xx-2015-YS-xxxx-RO saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 6-xx-xx-2015-YS-xxxx-RO saylı kredit müqaviləsinə əsasən 29200 manat məbləğində 180 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. İşdə olan “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış “xxxx” ASC-nin MXK/0544 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, “xxxx” ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015- YS-xxxx-RO saylı kredit müqaviləsinə əsasən, mənzilin alınması üçün 180 ay müddətinə 29.200 manat məbləğində kredit rəsmiləşdirilmiş, həmin kredit müqaviləsi üzrə (sonuncu ödəniş xx.xx.2020-ci il tarixində 207 manat olmaqla) hazırki dövrədək cəmi 23,224 manat, bundan 13,444,34 manat əsas borc, 9779,66 manat isə faiz borcu ödənilmişdir. xx.xx.2020-ci il tarixinə İddiaçı xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-xxxx-RO saylı kredit müqaviləsi üzrə Bank qarşısında 15,755.66 manat əsas borc, 1251,35 manat faiz borcu olmaqla, ümumilikdə 17,007,01 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcüddur. Bundan başqa, müştəriyə kredit üzrə gündəlik 4,38 manat məbləğində faiz hesablanır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsində müəyyən edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Tərəflər arasında bağlanmış ABB YM-0153 saylı, xx xxxx 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında “xxxx” MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “xxxx Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.m ibarət 2 otaqlı 40 saylı mənzilin alqı-satqısına dair nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən tərəflər öz üzərilərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. Belə ki, satıcı “xxxx” MMC tikinti işləri başa çatdıqdan sonra mənzili müqavilədə göstərilmiş şərtlər daxilində alıcı, yəni İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, alıcı isə öz növbəsində müqavilədə nəzərdə tutulmuş qaydada, yəni tərəflərin razılaşması ilə müəyyən olunmuş vaxtda və müəyyən olunmuş şərtlərlə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə bağlanan gün, yəni 2015-ci ilin mart ayında “xxxx” MMCyə 15000 manat ilkin ödəniş edilmiş, bank faizi (1%) üçün 292 manat, daha sonra 2015-ci ilin mart ayından etibarən 2020-ci ilin fevral ayı da daxil olmaqla, ümumilikdə 29,200 manat məbləğində ödəniş edilmişdir. Sonradan iddiaçı “xxxx” MMC-nin rəhbərliyinə mənzilə görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı müraciət etmişdir. İddiaçı ödənilmiş məbləği geri tələb etməsinin əsası kimi “xxxx” MMC tərəfindən tikintinin dayandırılması və öhdəliyini yerinə yetirməməsi ilə əsaslandırmışdır. Buna görə də, iddiaçı cavabdehə ödədiyi məbləğin ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM - 0153 saylı müqavilə ləğv olunmalıdır. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.4-cü maddəsinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Məhkəmə hesab edir ki, İddiaçı ABB YM - 0153 saylı, xx xxxx 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilənin ləğv olunduğundan həmin müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən ödənilmiş ödəniş iddiaçıya müqavilə şərtlərinə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçı tərəfindən mənzilə dair 15000 manat məbləğində ilkin ödəniş şəxsi vəsaiti hesabına olunmuşdur, mənzilin dəyərinin yerdə qalan məbləği isə iddiaçı tərəfindən “xxxx” ASC-dən əldə edilmiş mənzilə dair verilmiş kredit müqaviləsi hesabına ödənildiyindən, iddiaçı tərəfindən aylıq ödənişlər “xxxx” MMC-yə deyil, kredit müqaviləsi üzrə kredit borcu üzrə aylıq ödənişlər şəkildə “xxxx” ASC-nin hesabına ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə aparılmış aylıq ödənişlər kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsinə yönəlmişdir. İş materiallarında olan “xxxx” ASC-nin MXK/0544 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, “xxxx” ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6xx-xx-2015-YS-xxxx-RO saylı kredit müqaviləsinə əsasən hazırki dövrədək cəmi 23,224 manat ödənilmişdir. İşdə olan sənədlərdən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, İddiaçı xx xxxx 2015-ci il tarixli, ABB YM - 0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən “xxxx” MMC-dən aldığı mənzilə görə “xxxx” ASC-yə ödənişlərini tam şəkildə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mənzilin alınmasına görə ödənilmiş pul vəsaiti “xxxx” MMC-dən alınıb İddiaçı qaytarılmalıdır. Məhkəmə iddia tələbinin kirayə haqqı üçün 1200 manat, 10000 manat maddi və mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında da göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. İddia ərizəsindən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından görünür ki, iddiaçının məqsədi mənzili sonrakı satış üçün əldə etmək yox, özünün şəxsi istehlakı, yəni həmin mənzildən yaşamaq üçün istifadə etmək olmuşdur. Beləliklə iddiaçı cavabdehlə müqavilə münasibətlərinə daxil olarkən, iddiaçının mənzilin sonrakı istifadəsindən hər hansı fayda əldə etmək niyyəti olmamışdır. Buna görə məhkəmə hesab edir ki, iddiaçının əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ yoxdur. Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilmiş qərarında ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Göründüyü kimi, qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf, bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Hazırkı halda iddiaçı tərəfindən iddia tələbinin bu hissəsinə aid heç bir sübut istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərə dair hissədə də təmin edilməməlidir. Bundan başqa, iddiaçı kirayə haqqı üçün 1200 manat məbləğində pulun cavabdehdən alınaraq ödənilməsini bildirsə də, iddiaçı bununla bağlı hər hansı bir müqaviləni və ya sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmin pulun ödənilməsi tələbini də əsaslı hesab etmir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini qismən əsaslı sayır və qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM - 0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilə ləğv edilməli, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM-0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş 43908 manat məbləğində pul vəsaiti “xxxx” MMC-dən alınaraq İddiaçı geri qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyinə görə məhkəmə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzinin cavabdehdən tutulub iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ABB YM - 0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilə ləğv edilsin, tərəflər ilkin vəziyyətə qaytarılsın. xx xxxx 2015-ci il tarixli, ABB YM-0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş 43908 (qırx üç min doqquz yüz səkkiz) manat məbləğində pul vəsaiti “xxxx” MMC-dən alınaraq İddiaçı geri qaytarılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3806/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3806/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver