Məhkəmə qərarları › İş №2(103)-1423/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1423/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1423/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-1477/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanılmış alqı-satqı müqavilələrinin ləğv olunması, yararsız minik avtomobillərinə ödənilmiş 16680 (on min altı yüz səksən) manat kredit pulunun və yararsız avtomobillərə xərclənmiş hissələrin alınması ilə bağlı 7500 (yeddi min beş yüz) manatın geri alınması və vurulmuş mənəvi ziyanla əlaqədar 22000 (iyirmi iki min) manat, ümumilikdə 46180 (qırx altı min bir yüz səksən) manatın cavabdehdən (Cavabdeh MMC) alınıb ona verililməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-1477/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə avtomobilin vəziyyəti ilə bağlı ekspertiza təyin etmişdir. Lakın, ekspert ekspertiza keçirməkdən imtina edərək bu növ ekspertizanın keçirilməsinin onun səlahiyyətinə aid olmadığını bildirmişdir. Məhkəmə avtomobilin vəziyyəti ilə bağlı digər ekspertiza təyin etmədən iş üzrə qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmənin nə səbəbə ekspertiza təyin etməsi və nə səbəbə ekspertiza keçirilmədən qətnamə qəbul etməsi başa düşülən deyildir. Buna görə də müvafiq ekspertiza təyin edilməli avtomobilin ilkin vəziyyəti, onun hazırkı vəziyyəti, istifadəsində olduğu müddətdə kənar təsirə məruz qalıb-qalmaması, adi istifadə qaydasında avtomobilin hazırkı istifadəyə yararsız vəziyyətə düşməsinin mümkün olub-olmaması və iş üçün maraqlı olan digər hallar müəyyən edilməlidir. Məhkəmə cavabdehlə arasında bağlanmış ilk üç müqavilənin ləğv olunması ilə bağlı iddia tələbinə qiymət verməmiş və bunu son 109.2 saylı xx.xx.2017-ci il tarixli müqaviləni bağlamağı ilə əsaslandırmışdır. Bu son, yəni 109.2 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə qiymət verən məhkəmə elə bır qənaətə gəlmişdir ki, müqavilənin ləğv edilməsi ilə bağlı heç bır hüquqi əsas yoxdur və bununla bağlı irəli sürdüyü arqumentləri sübeyktiv mülahizə olmaqla heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmır. Bəli, ilk 3 avtomobilin təmiri və texniki vəziyyəti ilə bağlı onun kifayət qədər sübutu yoxdur. Ancaq, avtomobillər yararlı olsaydı nə üçün onları cavabdehə qaytarır, cavabdeh onları qəbul edir və əlavə xərc çəkib məhkəməyə müraciət etməli olur ?! Həmçinin nəzərə alınmalıdır ki, cavabdehlə arasında mübahisə avtomobillərin yararlığı ilə bağlıdır. Avtomobillərin alqı-satqısı zamanı onun qiyməti avtomobilin buraxılış ili və texniki vəziyyəti ilə müəyyən olunur. Avtomobilin buraxılış ilinin 2014-cü il olması onun yeni avtomobil olması qənaətinə gəlir. Alqı-satqı zamanı cavabdeh avtomobilin texniki vəziyyəti, avtomobilin əvvəllər qəzaya düşməsi və ciddi deformasiya alması barədə ona məlumat verməmişdir. Halbuki, bu şərtlər avtomaşının qiymətinə birbaşa təsir edir və bu vəziyyətdə avtomaşın istifadəyə yararlı olsa belə, onun qiymətini aşağı salır. Yəni, avtomobilin real texniki vəziyyəti barədə dolğun məlumat verildiyi təqdirdə müqavilədə razılaşdığı 16.370 manat yox, kifayət qədər aşağı məbləğdə olacaqdı. Bu məlumatlar isə bilərəkdən cavabdeh tərəfindən gizlədilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın keçirilməməsi məhz avtomobilin vəziyyəti və onun qəza keçirib deformasiya olmasına aid məsələlərə aydınlıq gətirməmişdir. Bu hallar mütəxəssis tərəfindən dəqiq müəyyən edildikdən sonra bazar qiymətlərinə uyğun yenidən qiymətləndirilməlidir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçının hazırda istifadəsində olan GAC GA 5 AT minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cavabehlə bağladığı 1091.2 saylı xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi ilə əlaqədar irəli sürdüyü faktiki hallar onun bu iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından həmin tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin yararsız minik avtomobillərinə görə ödənilmiş 16680 manat kredit pulunun geri alınmasına dair tələbinə də qiymət verərək hesab edir ki, iddiaçı 2015-ci ildən Cavabdeh MMC-dən aldığı Changan CS35 markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan 1 ay 17 gün sonra razı qalmadığı üçün müxtəlif vaxtlarda avtomobilləri dəyişərək sonuncu GAC GA5 AT markalı, tipi sedan, buraxılış ili 2014, rəngi boz, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili götürməyə razılıq verməsi ilə cavabdehlə müqavilə münasibətlərini davam etdirməsini aşkar nümayiş etdirmişdir. İddiaçı 2015-ci ildən hazırki vaxta kimi cavabdehlə müqavilə münasibətlərində olmaqla müqavilə ilə də üzərinə öhdəliklər götürmüş və müqavilə şərtlərinin icrası üçün müqavilə tərəfi kimi mülki məsuliyyət daşıyıcısıdır. Məhkəmə iddia tələbinin yararsız minik avtomobillərinə xərclənmiş hissələrin alınması ilə bağlı 7500 manat pulun geri alınmasına dair hissələri üzrə qeyd etməyi də zəruri sayır ki, ilk əvvəl iddiaçı 2015-2017-ci illər ərzində cavabdehdən aldığı və uzun müddət istifadəsində olduğu avtomaşınların yararsız olmasını heç bir mötəbər və tutarlı sübut növləri ilə sübut edə bilmədiyindən iddia tələbi bu hissədə də əsaslı sayıla bilməz. İddiaçının cavabdehə qarşı Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğv olunması, yararsız minik avtomobillərinə görə ödənilmiş 16680 manat kredit pulunun və yararsız minik avtomobillərinə xərclənmiş hissələrin alınması ilə bağlı 7500 manat pulun geri alınmasına dair iddia tələblərinin əsaslı olması öz təsdiqini tapmadığı üçün iddia tələbinin digər hissəsi, yəni vurulmuş mənəvi ziyanla əlaqədar 22000 (iyirmi iki min) manat tutulması üzrə araşdırılmanın davam etdirilməsinə və bu tələbədə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin maddi zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Əksinə, apellyasiya şikayətinin də dəlilləri iddianın əsaslı olduğunu təkzib etmişdir. İkincisi, işdən görünür ki, iddiaçı cavabdehdən 4 avtomobil almışdır. Bu avtomobillərin təzə avtmobillər olmadığı, başqa sözlə əvvəllər başqa şəxslər tərəfindən istismar olunduğu iddiaçıya bəlli idi. Buna baxmayaraq, özünün də bildirdiyi kimi, hər dəfə bu avtomobillərin birini o birisi ilə dəyişərkən onların yararlılıq vəziyyətinin hansı səviyyədə olduğunu özü də gördüyü üçün bunun riskini də öz üzərinə götürmüş olur. Başqa sözlə birinci avtomobili idarə edərkən iddia etdiyi kimi yararsız olduğunu müəyyən etmişdirsə, cavabdehlə yenidən mülki hüquqi münasibətə girərək onu digər avtomobillə dəyişməyə də bilərdi. Lakin iddiaçı cavabdelə avtomobillərin alqı-satqısı ilə bağlı münasibətlərini davam etdirmişdir. Demək birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, ilk üç müqavilə onlar tərəfindən ləğv edilərək yeni müqavilələr bağlanmışdır. Sonuncu avtomobilin ilkin vəziyyəti, onun hazırkı vəziyyəti, istifadəsində olduğu müddətdə kənar təsirə məruz qalıbqalmaması, adi istifadə qaydasında avtomobilin hazırkı istifadəyə yararsız vəziyyətə düşməsinin mümkün olub-olmaması və digər halların müəyyən edilməsi üçün iş üzrə hansısa ekspertiza keçirilməsinə zərurət və əsas yoxdur. Çünki, hər hansı bir ekspert qeyd olunan hallara dair rəy versə belə, bu rəy iddianın əsaslı olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki, həmin avtomobil 3 ildən artıq müddətdə iddiaçı tərəfindən idarə edilərək istismar olunmuşdur. Başqa sözlə, hansısa ekspert yaxud mütəxəssis avtomobilin iddiaçının istismar etdiyi dövrdə yaxud 3 il əvvəl cavabdehdən alındığı vaxtdan əvvəl yararsız vəziyyətdə olduğunu dəqiq və obyektiv şəkildə müəyyənləşdirə bilməz. Hansısa formada bunu müəyyənləşdirməyə cəhd etsə belə, bunun mötəbərliliyi olmayacaqdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-1477/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar