Məhkəmə qərarları › İş №2(005)-1421/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1421/2023

15.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1421/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İlkin iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı "mənzilin sənədləşdirilməsi və yeni müqavilənin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbinə dair ilk, "xxxx" ASC-nin İddiaçı qarşı "müqavilənin ləğvi və mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mənzilin sənədləşdirilməsinin və yeni müqavilə bağlanmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə 1 iyul 2017-ci il tarixdə Abşeron r-nu, Zabrat -Pirşağı yolunda yerləşən çoxmərtəbəli yaşayış binasının 26 nömrəli mənzilinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzil 2 otaqdan ibarətdir. İddiaçı mənzili təmir etdirib və o vaxtdan mənzildə yaşayır. Dəfələrlə müraciət olunmasına baxmayaraq "xxxx" ASC mənzili sənədləşdirməkdən boyun qaçırdır. Razılaşmaya əsasən cavabdeh təşkilat mənzili 25 il müddətinə ipoteka ilə İddiaçı adına sənədləşdirilməlidir. İddiaçı bildirir ki, "xxxx" ASC hazırda mənzilin sənədləşdirilməsi üçün başqa şərtlər irəli sürməklə faktiki olaraq razılaşmanı pozur və aralarında qarşılıqlı razılaşma mümkün olmadığından və əvvəlki şərtlərlə mənzilin sənədləşdirilməsindən imtina olunduğundan məhkəməyə müraciət etməyə məcbur olmuşdur. "xxxx" ASC xx.xx.2023-cü il tarixli qarşılıqlı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə "xxxx" ASC və İddiaçı arasında bağlanmış 67 nömrəli 01 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, X1 əşyaları ilə birlikdə "xxxx"ASC-yə məxsus Abşeron rayonu, Məmmədli kəndi Zabrat-Kürdəxanı şossesi, Bakı Müasir yaşayış kompleksi, ev 2, 26 nömrəli mənzildən çıxarılması, həmin mənzilin İddiaçı tərəfindən boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi” barədə iddiasının təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir tərəfdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Satıcı) ilə İddiaçı (Alıcı) arasında 67 nömrəli 01 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti, “Satıcı”nın müəyyən sənədləşmələrə əsasən, Abşeron rayonu, Məmmədli kəndi Zabrat-Pirşağı yolunun şərqində yerləşən çoxmənzilli yaşayış kompleksinin yaşayış sahəsinin bir hissəsini tərəflərin razılaşdığı qiymətə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda “Alıcı”ya satmasından ibarətdir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən, “İcraçı” “Alıcı” ilə satışı razılaşdığı sahənin ünvanı: Bina-2, giriş-1, mərtəbə-5, 26 saylı mənzil, ümumi sahəsi 84.3 m2, 2 otaqdan ibarətdir. Mənzilin qiyməti hər bir m2 üçün 820 AZN ilə cəmi 69.126 manat müəyyən edilir. Həmin Müqavilənin 5-ci bəndinə əsasən, “Alıcı” tərəfindən nəzərdə tutulan ödəniş haqqının 45 gündən artıq gecikdirilməsi halında “İcraçı” “Alıcı”nı 15 gün qabaqcadan yazılı şəkildə xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Qeyd edilir ki, müqavilə "xxxx" ASC tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mənzil İddiaçı təhvil verilmişdir. İddiaçı həmin mənzilə köçərək yaşamağa başlamışdır. Lakin İddiaçı müqavilənin bağlandığı 2017-ci ildən bugünədək öz öhdəliklərini icra etməmiş, mənzilə dair heç bir ödəniş həyata keçirməmiş və beləliklə, cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. "xxxx"ASC bildirir ki, belə olan halda İddiaçı mənzildə məskunlaşması və mənzildən istifadə etməsi tamamilə qanunsuzdur və heç bir əsası yoxdur. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş AR ƏMDK yanında DƏDRXin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Məmmədli kəndi Zabrat-Kürdəxanı şossesi, Bakı Müasir yaşayış kompleksi, ev 2, 26 nömrəli mənzil "xxxx"ASC-nin tam xüsusi mülkiyyətindədir. İddiaçı uzun illərdir ki, heç bir əsas olmadan "xxxx" ASC-nin mülkiyyətində yaşaması, həmin əmlaka sahiblik və ondan istifadə etməsi "xxxx" ASC-nin hüquqlarını və mənafeyini kobud şəkildə pozur. "xxxx"ASC-nin öz əmlakından istifadə etməsinə, ona dair sərəncam verməsinə maneə yaradır. Odur ki, hesab edilir ki, bu qanunsuzluğa son qoyulmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Onu da qeyd edirlər ki, İddiaçı "xxxx" ASC-yə məxsus Abşeron rayonu, Məmmədli kəndi Zabrat-Kürdəxanı şossesi, Bakı Müasir yaşayış kompleksi, ev 2, 26 nömrəli mənzildə tək yaşayır və artıq 4 ildən çoxdur ki, heç bir əsas olmadan mənzildən istifadə edir.Dəfələrlə İddiaçı müraciət edilərək mənzilə görə ödəniş etməsi xahiş edilsə də, o, bugünədək heç bir ödəniş etməmişdir. "xxxx" ASC tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi pretenziya məktubu göndərilmiş və 5 gün müddətində ödəniş edilmədiyi təqdirdə mənzildən çıxarılacağı bildirilmişdir. Lakin İddiaçı pretenziya məktubuna da heç bir münasibət bildirməmiş, ödəniş həyata keçirilməmiş, mənzil isə geri təhvil verilməmişdir. Odur ki, hazırda İddiaçı mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət ermək zərurəti yaranmışdır. İlk iddiaya gəldikdə isə iddia ərizəsində qeyd edilənlərin tamamilə əsassız və heç bir sübuta əsaslanmadığını qeyd edirlər. İddiaçı tərəfindən müqavilə üzrə heç bir öhdəlik yerinə yetirilmədiyi, 6 ilə yaxındır ki, İddiaçı "xxxx" ASC-yə məxsus mənzildə qanunsuz olaraq yaşadığı bildirilmişdir. "xxxx"ASC dəfələrlə İddiaçı müqavilə üzrə öhdəliyinin icra edilməsi barədə həm şifahi, həm də yazılı müraciət ünvanladığını da qeyd etmiş, lakin İddiaçı müraciətlərinə məhəl qoymayaraq mənzildə qanunsuz olaraq yaşamaqda davam etmiş, "xxxx"ASC barəsində dövlət orqanlarına şikayətlər ünvanlayacağı barədə təhdidlər irəli sürmüş, işgüzar nüfuzlarını ləkələməklə təhdid etmişdir. "xxxx"ASC İddiaçı iddiasını təsdiq edən heç bir sübutun olmadığını və bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etmədiyini də qeyd etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Eyni zamanda yazılı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan mübahisəni həll etdiklərini və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iddiaçının baxılmamış saxlama barədə ərizəsinə etiraz edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - "xxxx"ASC və İddiaçı arasında bağlanan 01 iyul 2017-ci il tarixli 67 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC (İcraçı) tərəfindən Abşeron rayonu, Məmmədli kəndi Zabrat-Pirşağı yolunun şərqində yerləşən çoxmənzilli yaşayış kompleksinin yaşayış sahəsinin bir hissəsi İddiaçı(alıcı) satılmışdır. Mənzilin qiyməti 69.126 manat müəyyən edilmişdir. Müqavilənin 1.32.1-ci bəndinə əsasən, “Alıcı” müqavilədə nəzərdə tutulan öhdəliyini yerinə yetirməkdən imtina etdikdə və ya nəzərdə tutulmayan şərtlər irəli sürdükdə müqaviləyə xitam verilə bilər. Eyni zamanda müqavilənin 1.32.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Alıcı” tərəfindən nəzərdə tutulan ödəniş haqqı 45 gündən artıq gecikdirilməsi halında “İcraçı” “Alıcı”nı 15 gün qabaqcadan yazılı şəkildə xəbərdar edərək müqaviləni birtərəfli qaydada ləğv edə bilər. - İddiaçı tərəfindən "xxxx"ASC-yə ünvanlanmış ərizədən görünür ki, İddiaçı 67 nömrəli 01 iyul 2017-ci il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən “İcraçı” tərəfindən yaşayış sahəsinin sənədləşdirilərək sənədlərin ona təhvil verilməsini tələb etmişdir. - "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış pretenziya məktubundan görünür ki, 67 nömrəli 01 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında yaranan qalıq borc 69.126 manat məbləği 5 gün müddətində "xxxx"ASC-yə tam şəkildə ödənilməsini və ya 67 nömrəli 01 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin qarşılıqlı razılıqla ləğv edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi Zabrat-Kürdəxanı şossesi, Bakı Müasir yaşayış kompleksi, ev 2, 26 nömrəli mənzil "xxxx"ASC-nin xüsusi mülkiyyətindədir. - İlkin iddia üzrə İddiaçı cavabdeh "xxxx" ASC-yə ünvanlandığı 13 may 2023-cü il tarixli ərizədən görünür ki, evin təhvil verilməsi üçün 31 may 2023-cü il tarixədək ona vaxt verilməsini xahiş edir; 2017-ci il tarixdən 232-cü ilədək heç bir ödəniş etmədən mənzildə yaşadığını, çıxmağına heç bir etirazının olmadığını bildirir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar Beləliklə, məhkəmə prosesində müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" ASC arasında 67 nömrəli 01 iyul 2017-ci il tarixli alqı satqı müqaviləsi bağlanmışdır. "xxxx" ASC (İcraçı) tərəfindən Abşeron rayonu, Məmmədli kəndi Zabrat-Pirşağı yolunun şərqində yerləşən çoxmənzilli yaşayış kompleksinin yaşayış sahəsinin bir hissəsi İddiaçı(alıcı) satılmışdır. Mənzilin qiyməti 69.126 manat müəyyən edilmişdir. Müqavilənin 1.32.1-ci bəndinə əsasən, “Alıcı” müqavilədə nəzərdə tutulan öhdəliyini yerinə yetirməkdən imtina etdikdə və ya nəzərdə tutulmayan şərtlər irəli sürdükdə müqaviləyə xitam verilə bilər. Eyni zamanda müqavilənin 1.32.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Alıcı” tərəfindən nəzərdə tutulan ödəniş haqqı 45 gündən artıq gecikdirilməsi halında “İcraçı” “Alıcı”nı 15 gün qabaqcadan yazılı şəkildə xəbərdar edərək müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, sözügedən mənzilin ona təhvil verilməsini, müqavilənin digər tərəfi olan "xxxx" ASC isə İddiaçı tərəfindən müqavilə şərtləri pozulduğu üçün müqavilənin ləğv ediməsini və mənzilin boşaldılaraq təhvil verilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün 425.1.-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki iş materiallarından aydın olur ki, tərəflər mülki hüququn müqavilələr azadlığı prinsipindən çıxış edərək, qanunvericiliyin normalarına zidd olmayan müqavilə bağlamışlar. Yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi bu müqavilə tərəflər üçün qarşılıqlı hüquq və vəzifələrin yaranmasına səbəb olmuş hüquqi faktdır. Qanunvericilikdə əksini tapmış imperativ normaya əsasən tərəflər müqavilə öhdəliklərini vaxtında və lazımınca etməli olmalarına baxmayaraq, İddiaçı bu normanın tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, "xxxx" ASC öz vəzifələrini lazımınca icra etmiş olması səbəbindən o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı müqaviləyə əsasən ödənişlər etməli olduğu halda heç bir ödəniş etməmişdir. Müqavilənin 1.32.1-ci bəndinə əsasən, “Alıcı” müqavilədə nəzərdə tutulan öhdəliyini yerinə yetirməkdən imtina etdikdə və ya nəzərdə tutulmayan şərtlər irəli sürdükdə müqaviləyə xitam verilə bilər. Eyni zamanda müqavilənin 1.32.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Alıcı” tərəfindən nəzərdə tutulan ödəniş haqqı 45 gündən artıq gecikdirilməsi halında “İcraçı” “Alıcı”nı 15 gün qabaqcadan yazılı şəkildə xəbərdar edərək müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Məhkəmə ilk növbədə ilkin iddia üzrə iddiaçının “mənzilin sənədləşdirilməsi və yeni müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı qeyd edir ki, cavabdehin 21 yanvar 2022-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, ilkin iddiaçı üzərinə düşən müqavilədə mənzilin dəyəri üzrə ödənişlərin hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmamış; iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, mənzilin dəyərini ödəməmişdir. İlkin iddia ərizəsində də mənzilin dəyərinin ödənilməsi ilə bağlı heç bir məlumat verilməmiş, iddiaçının cavabdehə ünvanlandığı ərizədən isə görünür ki, iddiaçı ödəniş etmədiyini və mənzildən çıxmağı qəbul etdiyini bildirir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin üzərinə “yeni müqavilənin bağlanması öhdəliyinin” qoyulması ümumiyyətlə mülki hüququnun prinsiplərinə və mülki qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə məhkəmə, ilkin iddia üzrə iddiaçının müqavilə öhdəliklərini yerinə yetirmədiyi müəyyən olunduğundan, ilkin iddia üzrə tələblər əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi üzrə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, mənzili təhvil vermiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh müqavilə öhdəliklərinə əməl etməyərək, mənzilin dəyərini ödəməmişdir. Qarşılıqlı iddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.32.1-ci bəndinə əsasən, “Alıcı” müqavilədə nəzərdə tutulan öhdəliyini yerinə yetirməkdən imtina etdikdə və ya nəzərdə tutulmayan şərtlər irəli sürdükdə müqaviləyə xitam verilə bilər. Eyni zamanda müqavilənin 1.32.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Alıcı” tərəfindən nəzərdə tutulan ödəniş haqqı 45 gündən artıq gecikdirilməsi halında “İcraçı” “Alıcı”nı 15 gün qabaqcadan yazılı şəkildə xəbərdar edərək müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Məhkəməsinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbləri haqlıdır. Qarşılıqlı iddia üzrə iddiaçı 21 yanvar 2022-ci il tarixli pretenziya məktubu ilə tərəflərin arasında bağlanmış müqaviləni mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən Qərarında sərgilənən hüquqi mövqeyə əsasən, bu bildiriş ilə müqavilənin ləğv edilmiş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, tərəflər arasında bağlanmış 01 iyul 2017-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilməlidir. Qarşılıqlı iddia ərizəsinin “cavabdehin əşyaları ilə birlikdə mənzili boşaldaraq təhvil verməsi” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmədə mülki işin araşdırması zamanı ilkin iddia üzrə iddiaçının müqavilə öhdəliklərinə əməl etməyərək mənzilin dəyətini ödəməməsi müəyyən edildiyindən, onun həmin mənzildə istifadə və sahibliyini davam etdirməsi üçün heç bir qanuni əsas qalmamışdır. Buna görə də qarşılıqlı iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “mənzilin sənədləşdirilməsi və yeni müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. "xxxx" ASC və İddiaçı arasında bağlanmış 67 nömrəli 01 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilsin. X2 əşyaları ilə birlikdə "xxxx" ASC-yə məxsus Abşeron rayonu, Məmmədli kəndi Zabrat-Kürdəxanı şossesi, Bakı Müasir yaşayış kompleksi, ev 2, 26 nömrəli mənzildən çıxarılsın. Abşeron rayonu, Məmmədli kəndi Zabrat-Kürdəxanı şossesi, Bakı Müasir yaşayış kompleksi, ev 2, 26 nömrəli mənzil X2 tərəfindən boşaldılaraq "xxxx" ASC-yə təhvil verilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar