Məhkəmə qərarları › İş №2(005)-1423/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1423/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1423/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi, onun həmin mənzildən çıxarılması, İddiaçı həmin mənzilə daxil olmasına maneələrin törədilməsinin cavabdeh X4 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR ƏMDK yanında DGDRX-nin ******* nömrəli Çıxarışından görünür ki ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 31.5 kv.m olan mənzil 22.11.2012-ci il tarixindən iddiaçının tam mülkiyyətindədir. Ərizəyə əlavə edilmiş Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin arayışından görünür ki, İddiaçı. X5, Quliyev- Rəşad Tofiq oğlu, X6 və X8 qeyd edilən ünvandakı mənzildə qeydiyyatdadırlar. Mənzildə qeydiyyatda olan həmin şəxslərdən X8 oğlu X5 ilə evlidir və həmin mənzildə yaşayır. X3 iddiaçının evində qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin şəxs iddiaçının evində qeydiyyatda olduğu üçün o, evə dair sərəncam vermək istəsə, ya onun icazəsini almalıdır, ya da ki onu qeydiyyatdan çıxarmalıdır. Əgər ona təcili pul lazım olsa, iddiaçının onu qeydiyyatdan çıxarması üçün xeyli vaxt lazım olacaq. Bu isə onun hüquqlarını əhəmiyyətli dərəcədə pozacaq, mülkiyyət hüquqlarını əsassız olaraq məhdudlaşdıracaq. Digər tərəfdən həmin şəxs iddiaçının gəlini olsa da, onun ailə üzvü deyil. Həmçinin, həmin şəxs iddiaçının mənzilinə köçdüyü gündən bura onu öz evində yaşamağa qoymur, onun evə daxil olmasına, orada yaşamasına maneələr törədir. Halbuki, iddiaçının öz mülkiyyətində olan evə sərbəst surətdə daxil olmaq, orada yaşamaq hüququ var. O iddiaçının evə daxil olmasına maneələr törətdiyi üçün o iki ildir ki, öz evində yaşaya bilmir, qızının evinə sığınmaq məcburiyyətində qalmışdır. Eyni zamanda o mütəmadi olaraq iddiaçını söyür, təhqir edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etiraz təqdim edərək, göstərmişdir ki, o, iddiaçının oğlu X5 ilə 26 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 24 sentyabr 2008-ci il təvəllüdlü X9 və 19 iyul 2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Hər iki uşağının gözləri zəifdir, bu səbəbdən də mütəmadi olaraq müalicə alırlar. Uşaqlarının həkimi hər iki uşağının 18 yaşına çatana kimi müalicə alınmasının zəruri olduğunu bildirmişdir. O, iddiaçının oğlu X5 ilə birgə ümumi təsərrüfatın idarə olunmasında iştirak etmiş, birgə təsərrüfat aparmışdır. 2013-cü il tarixdən ünvan 3 ünvanda yaşayırlar və iddiaçının rəsmi razılıq əsasında 2016-cı ildə qeydiyyata düşmüşdür. İddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə cəfəngiyatdan ibarətdir. Həmin evdə onun və uşaqlarının istifadə hüququ var. İstifadə hüququna xitam vermək istədiyi halda, onları normal yaşaması üçün bir otaqlı evlə təmin etməsini bildirmişdir. Cavabdeh X7 əlavə olaraq bildirmişdir ki, mənzilin mülkiyyətçisi İddiaçı olsa belə, özü evdə olmayanda qayınatasının mənzilə sərbəst girib-çıxmasını istəmir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X5 izahat verərək məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh ilə 26 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 24 sentyabr 2008-ci il təvəllüdlü X9 və 19 iyul 2011-ci il təvəllüdlü X6 övladları var. ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır və Elanənin pasport qeydiyyatına düşməsinə atası İddiaçı razılıq versə də, indi qeydiyyatdan çıxarılmasını istəyir. Atasının evdə yaşamasına etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 38/0352 nömrəli, 13.07.2021-ci il tarixli arayışının surətinə əsasən X8 (2016-cı il tarixdən), X9 (2013-cü il tarixdən) və X6 (2013-cü il tarixdən) ünvan 4 saylı mənzilində pasport qeydiyyatındadırlar; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 4 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1766 nömrəli reyestr kitabının 162433 nömrəli vərəqində 22.11.2012-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X2 13.08.2021-ci il tarixli müraciətinə cavab məktubun surətində ona şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmiş, bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi məsləhət görülmüşdür; 13.07.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə baxışında tətqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 4 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh Ə Cavabdeh iddiaçının oğlu, yəni X5 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh həmin mənzilə pasport qeydiyyatına alınmışdır və hazırda pasport qeydiyyatında olmaqla övladları ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçının oğlu ilə Cavabdeh arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəmiş, lakin bu məbləği cavabdehdən tələb etmir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması məsələlərinə hüquqi qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsindəvə buna uyğun olaraq Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Bununla belə, Cavabdeh İddiaçı münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da cavabdeh Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə iddia tələbinin “istifadə hüququna xitam verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan, notariat qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan (yaşamış) hər bir şəxs deyil, yalnız ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Cavabdeh isə mübahisəli mənzilin mülkiyyətçisi iddiaçının ailə üzvü hesab edilməsi üçün göstərilən şəxslər dairəsinə (ər, arvad, valideynlər, uşaqlar) daxil deyildir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh ilə iddiaçı arasında sonuncunun mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin mübahisəli mənzilə ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ olmadığı mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia həmin hissədə təmin edilə bilməz. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə Mülki Məcəllənin 228-ci maddəsi ilə müəyyən edilmiş hər hansı hüquqi tədbir görmədən qeydiyyata alınmaqla yaşaması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüquqa xitam verilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi "istifadə hüququnun itirilməsi" hissəsində əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə iddia tələbinin "cavabdehin mənzildən çıxarılma" hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan iddiaçının mülkiyyətində olan mənzildə yaşaması sonuncunun öz mülkiyyətində istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün Cavabdeh həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və o mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin «İddiaçı həmin mənzilə daxil olmasına maneələrin törədilməsinin cavabdeh X4 qadağan edilməsi» hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia əsaslıdır. Belə ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, üş üzrə cavabdeh E.Quliyeva (gəlini) onun evə gəlib getməsinə mane olur, evdə yaşamasına imkan vermir. Eyni zamanda, cavabdeh özü etiraf etmişdir ki, İddiaçı evdə daimi yaşamasına razı deyil, özü evdə olmadığı halda onun mənzilə daxil olmasını istəmir. Bu baxımdan, məhkəmə qeyd edir ki, mülkiyyətçi olaraq İddiaçı mənzilindən sərbəst istifadə olunmasına cavabdeh X8 tərəfindən maneə yaradıldığından iddia bu hissədə təmin olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınmasını nəzərə alıb, həmçinin hesab edir ki, cavabdehin həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən cavabdehin mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onun həmin mənzildən istifadə hüququnun olmaması pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (övladları X9 və X6 ilə birlikdə) İddiaçı mülkiyyətində olan ünvan 4 nömrəli mənzildən çıxarılmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 4 nömrəli mənzildən çıxarılsın. İddiaçı həmin mənzilə daxil olmasına maneələrin törədilməsi cavabdeh X4 qadağan edilsin. İddianın “ünvan 4 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi” hissəsi istifadə hüququnun olmaması əsası ilə rədd edilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar