Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1443/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı İddiaçı Cavabdeh qarşı “aliment və uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “aliment və uşaqla ünsiyyət” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi, iddia ərizəsində iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Hesab edirəm ki, İddiaçı aliment və uşaqla ünsiyyət tələbinə dair iddiasına hazırda bir icraatda baxılması qeyri-mümkündür. Belə olanda qeyd edirəm ki, həmin tələblərə ayrıca icraatda baxılması daha məqsədəmüvafiqdir. Çünki qeyd olunan tələblərin qanuni əsasları fərqlidir, eyni zamanda iddia tələbinin dəlilləri üzrə fərqli-fərqli araşdırma üsulları tətbiq edilir. Göründüyü kimi, həmin tələblər eyni tərəflər arasında olsa da, mahiyyət və predmet baxımından fərqlənən iddialardır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda məhkəmə tərəfindən qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” oktyabr 2011-ci il tarixli “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarında göstərilmişdir ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, iddiaçı “nəvəsi ilə ünsiyyət” tələbinə dair iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olduğu halda bunu etmədən, özünün saxlanılması üçün cavabdehdən aliment tələbini həmin iddia ilə birləşdirərək irəli sürmüş, bununla da yuxarıda qeyd olunan qanunvericilik tələblərinə riayət etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in: 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment və uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1443/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1443/2024
09.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver