Məhkəmə qərarları › İş №2(073)-2946/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2946/2025

18.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2946/2025 18.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad Rayon Məhkəməsinin hakimi Vəliyev Osman Akif oğlu İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment və uşaqla ünsiyyət tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment və uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 246 manat sabit pul məbləğində alimentin alınaraq ona (iddiaçıya) verilməsi və Cavabdeh yanında yaşayan uşağı 06 yanvar 2016-cı il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri ünsiyyət saxlamaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan iki tələbi bir icraatda birləşdirdiyi üçün iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, tələbin biri iddiaçının himayəsində yaşayan uşaq üçün aliment ödənilməsi ilə bağlı olduğu halda, digər tələb cavabdehin himayəsində yaşayan uşaqla iddiaçının ünsiyyət hüququnun təmin olunması ilə bağlıdır ki, belə olan halda tələblər bir-biri ilə əlaqəli hesab edilə bilməz. Habelə aliment tələbinə iş məhkəmənin icraatında daxil olduqdan sonra 2 ay ərzində baxılmalı olduğu tələbin ünsiyyət hüququnun təmin olunması hissəsi üzrə məhkəmə qərarı iş məhkəmənin icraatına daxil olduqdan sonra 4 ay (və ya 6 ay) ərzində qəbul edilməlidir ki, hər iki tələbə bir icraatda baxılması prosessual müddətlərin ötürülməsi ilə nəticələnə bilər. Azərbayan Respublikası MPM-nin 152.1.7 -ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment və uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar