Məhkəmə qərarları › İş №2(005)-1453/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1453/2024

28.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1453/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh «X3» X9 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh «X3» X13nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X3» X13nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, NH-105 №-li əmrin ləğv edilməsi, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X8 mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci ildə Dövlət Əmlakı Nazirliyi Nəzdində Respublika Auksion Mərkəzinin Güzəştli satışın təşkili şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin olunub. xx.xx.2013-cü ildə həmin şöbədə vakant yer olduğundan X5 daxili müsabiqədən imtahan verərək baş məsləhətçi vəzifəsinə təyin olunub. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X9 keçmiş sədri X10 iddiaçını işində heç bir nöqsan və səbəb olmadan, əsassız olaraq əvvəlcə aparıcı mütəxəssis, daha sonra isə mütəxəsis vəzifəsinə, beləliklə üç pillə aşağı vəzifəyə salmışdır. xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixədək Dövlət Arxiv İdarəsinə işləmək üçün ezamiyyətə göndərilib. Daha sonra iddiaçıya heç bir xəbərdarlıq edilmədən və məlumat verilmədən analıq məzuniyyətində olan digər işçi X2 yerinə mütəxəssis vəzifəsinə təyin edilib. Həmin işçi xx.xx.2023-cü il tarixdən etibarən analıq məzuniyyətinin bitməsi ilə əlaqədər yenidən işə başlamışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, eyni zamanda cavabdeh orqana rəsmi müraciət edərək iddiaçıya köməklik göstərilməsini xahiş etsə də, müraciətinin heç bir nəticəsi olmamış, ümumiyyətlə müraciətinə cavab verilməmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən NH-105 №- li əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsassız şəkildə xitam verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki Əmlak Məsələləri Dövlət Xidmətində 23 il ümumilikdə 43 il iş stajın var. Qeyd edir ki, əmək fəaliyyəti ilə bağlı dövrlər ərzində müəssisənin davranış qaydalarının tələblərini pozmamış, nizam-intizam məsuliyyətinə cəlb edilməmiş, və işəgötürən tərəfindən nə yazılı nə də şifahi töhmət almayıb. Hal-hazırda 61 yaşı var, ailəlidir, 4 nəfər ailə üzvlərində birlikdə yaşayır. Ailədə iddiaçıdan başqa işləyən yoxdur. Gündəlik ailə tələbatları iddiaçı tərəfindən ödənilir. Hal-hazırda səbəbsiz yerə işsiz qalıb. Heç bir əsas olmadan qanunsuz olaraq iddiaçının işdən azad olmağı iddiaçını və ailəsini mövcud həyat səviyyəsinin çətinlikləri ilə üz-üzə qoyur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, işdən azad olunarkən "Əmək müqaviləsinə xitam verilməsi" barədə ƏMR-lə tanış olmamış və həmin əmrin surəti iddiaçıya təqdim olunmamışdır. Digər tərəfdən cavabdeh orqan iddiaçıya, işçi olaraq digər mövcud vakansiyalar üzrə iş təklifi belə edilməmişdir. Yaranmış mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana NH- 105 №-li əmrin surətini iddiaçıya rəsmi olaraq verilməsi ilə bağlı müraciət etmişdir. Lakin müraciətinin nəticəsi ilə bağlı iddiaçıya cavab verilməmişdir. Qeyd edir ki, tərəflər arasında əmək mübahisənin həlli ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/10/2024-00026 saylı arayış verilmişdir. Göründüyü kimi cavabdehlə arasında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göründüyü kimi cavabdeh tərəfdən iddiaçıya qarşı ədalətsiz mövqe sərgilənərək qərəzli şəkildə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunla işçinin iradəsinin əlehinə və razılığı olmadan işəgötürən tərəfindən zor işlədilərək, yaxud hər hansı başqa üsulla əmək müqaviləsini xəbərdarlıq etmədən və məlumat vermədən qərəzli şəkildə ləğv etmək qadağandır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «X3» X9 nümayəndəsi X7 iddia tələbinin təmin edilməsinə etiraz edərək, iddiaçı ilə müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlandığını, əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verildiyini bildirib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan «X3» X9 xx.xx.2023-cü il tarixli K-105 nömrəli Əmrinin surətindən görünür ki, İddiaçı «X3» X9 Hərracların təşkili şöbəsinin mütəxəssisi xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilərək, əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə uyğun olaraq xitam verilmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış «X3» X9 xx.xx.2024-cü il tarixli əmrin surətinin verilməsi barədə məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, 3-21- 3-03/1-B-00xx-xx/2024 nömrəli müraciətinə əsasən xx.xx.2023-cü il tarixli, K-105 nömrəli əmrin təsdiq olunmuş surəti təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı «X3» X9 İdarə Heyətinin sədrinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı «X3» X9 İdarə Heyətinin sədrinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, rəhbərlikdən işlə təmin olunmasını xahiş edir. İş materiallarında olan «X3» X9 xx.xx.2023-cü il tarixli Əmrinin surətindən görünür ki, «X3» X9 Hərracların təşkili şöbəsinin mütəxəssisi Nərmin Qədirli xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək sosial məzuniyyətdə olduğu üçün onun vəzifəsinə müvəqqəti olaraq 1 ay müddətinə xx.xx.2023-cü il tarixindən İddiaçı təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmək müqaviləsindən görünür ki, «X3» X13 ilə İddiaçı arasında 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı «X3» X9 İdarə Heyətinin sədrinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, qeyri-dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssis vəzifəsindən dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə keçirilməsinə etiraz etmir. İş materiallarında olan X3 X13n xx.xx.2022-ci il tarixli 70 saylı Əmrinin surətindən görünür ki, Babayev X1 Təşkili Mərkəzi X13n qeyri-dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssis vəzifəsindən 1 ay müddətinə Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə xx.xx.2022-ci il tarixindən keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı X3 X13n İdarə Heyətinin sədrinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, rəhbərlikdən müvafiq vəzifəyə təyin olunmasını xahiş edir. İş materiallarında olan X3 X13n xx.xx.2021-ci il tarixli Əmrinin surətindən görünür ki, X3 X13n qeyri dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə xx.xx.2021-ci il tarixindən təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 28 nömrəli əmək müqaviləsindən görünür ki, X3 X13 ilə İddiaçı arasında 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoruna ünvanlanmış ərizəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2021-ci il tarixli K-46 nömrəli əmrinin surətindən görünür ki, Hərracların Təşkili üzrə X6 əmlakının satışı üzrə hərraclarının təşkili şöbəsinin Səhmlərin və güzəştli satışın təşkili sektorunun baş məsləhətçisi İddiaçı 2021-ci il 01 noyavr tarixindən öz arzusu ilə “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 40-ci maddəsinə əsasən, işəgötürənin əsas hüquqları 1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-ci maddəsinə əsasən, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin ikinci bəndinin “b” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı xx.xx.2001-ci il tarixdən İqtisadi İnkişaf Nazirliyi Nəzdində Respublika Auksion Mərkəzinin Güzəştli satışın təşkili şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin olunub. xx.xx.2013cü ildə “Dövlət qulluğu haqqında” AR Qanununun 29.3-cü maddəsinin 2-ci hissəsinə əsasən, Mərkəzin İxtisaslaşdırılmış hərracların təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsinə keçirilib. İddiaçı xx.xx.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Həmin tarixdə Hərracların Təşkili üzrə X6 əmlakının satışı üzrə hərraclarının təşkili şöbəsinin Səhmlərin və güzəştli satışın təşkili sektorunun baş məsləhətçisi İddiaçı 2021-ci il 01 noyabr tarixindən öz arzusu ilə “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı (işçi) İddiaçı cavabdehə (işəgötürənə) müraciət edərək, müvafiq vəzifəyə təyin edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə X3 X13 ilə İddiaçı arasında 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixindən iddiaçı Babayev X1 Təşkili Mərkəzi X13n qeyri-dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssis vəzifəsindən 1 ay müddətinə Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2023cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixindən İddiaçı «X3» X9 Hərracların təşkili şöbəsinin mütəxəssisi Nərmin Qədirli xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək sosial məzuniyyətdə olduğu üçün onun vəzifəsinə müvəqqəti olaraq 1 ay müddətinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmək müqaviləsindən görünür ki, «X3» X13 ilə İddiaçı arasında 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. İddiaçı «X3» X9 Hərracların təşkili şöbəsinin mütəxəssisi xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilərək, əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə uyğun olaraq xitam verilmişdir. Hazırda iddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvini tələb edir və digər dəlillərlə yanaşı, onunla əvvəlcədən müddətsiz müqavilə olduğu halda müddətli müqavilənin bağlanmasını qanunsuz sayır. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan «X3» X9 İdarə Heyətinin sədri vəzifəsini icra edən Malik Vəliyevin xx.xx.2023-cü il tarixli K-105 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Məhkəmə bildirir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Bundan başqa, məhkəmə ilk öncə iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığı və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına hüquqi qiymət verilməsi qənaətinə gəlir. Belə ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Məhkəmənin qənaətinə görə, eyni strukturda iş stajına (20 ildən çox) malik kifayət qədər ixtisaslı işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Göründüyü kimi, hazırki mübahisədə əmək müqaviləsində müddət təyin edilməsi iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Bu baxımdan, məhkəmə cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi ilə əsaslandırmasını əsaslı saymır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda əsaslanaraq hesab edir ki, işəgötürənin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməsi qanuni və əsaslı olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmədiyindən iddia tələbləri təmin edilməlidir. Beləliklə, iş materialları ilə də təsdiq olunmuşdur ki, işçi (iddiaçı) ilə əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və işəgötürən onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmayaraq işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmrin ləğv edilməsinə dair iddia tələbi əsaslı və qanunidir, bu səbəbdən də təmin edilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2001-ci ildən müddətsiz əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterdə iş gördüyü halda, məhz “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, iddia tələbinin dəlillərini təkzib edilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək müqaviləsinin ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən qarşılıqlı razılıq əsasında bağlandığı halı öz təsdiqini tapmadığından, «X3» X13 ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsi barədə «X3» X9 xx.xx.2023-cü il tarixli K-105 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş «X3» X9 xx.xx.2023-cü il tarixli K-105 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdeh şəxsdən 50 manat dövlət rüsumu tutularaq, Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. «X3» X9 xx.xx.2023-cü il tarixli K-105 nömrəli əmri ləğv edilsin və İddiaçı əvəlki vəzifəsinə bərpa olunsun. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh «X3» X8n 50 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar