Məhkəmə qərarları › İş №2(005)-1469/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1469/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1469/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********53908 İPhone 11 Pro markalı telefon üçün 3632 (üç min altı yüz otuz iki) manat ödənilməmiş hissə, 1079 (min yetmiş doqquz) manat dəbbə, cəmi 4711 manat. Ümumilikdə 4711 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4741 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, Cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********53908 iPhone 11 Pro markalı telefon almış və nəticədə 4711 (dörd min yeddi yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4360.2 (dörd min üç yüz altmış, manat iyirmi qəp.) manat (12 ay x 327.1 manat + 435 manat ilkin ödəniş) İMEİ kodu **********53908 iPhone 11 Pro markalı telefon üçün 4711 (dörd min yeddi yüz on bir) manat olmaqla ondan, 3632 (iiç min altı yüz otuz iki) manat ödənilməmiş hissə, 1079 (min yetmiş doqquz) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 728.2 manat təşkil edir. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmişdir. Lakin Cavabdeh məhkəmə dəftərxanası vasitəsilə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh xx xxxxxx 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçı «xxxx» MMC xx xxxxxx 2021-ci il tarixdə ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək imel kodu **********53908 İphone 11 Pro markalı telefon üçün 3632 (üç min altı yüz otuz iki) manat ödənilməmiş hissə, 1079 manat (bir min yetmiş doqquz) manat dəbbə. Cəmi 4711 (dörd min yeddi yüz on bir) manat Cavabdeh alınaraq «xxxx» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məlumat üçün qeyd edir ki, bu məsələ ilə bağlı (iş №2(005)- 1494/2020) xx.xx.2020-ci ildə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci ildə qiyabi qətnamə çıxarılmışıdır, sonra isə xx.xx.2020-ci ildə qətnamə çıxarılıb. Belə ki, telefonun qiyməti 3456 (üç min dörd yüz əlli altı) manat olub. İlkin ödənişi isə onun adından (cavabdeh) 435 (dörd yüz otuz beş) manat ödəyib. («xxxx» MMC -niıı xəbəri vardır). İlk aylıq ödəniş vaxtı xx.xx.2020-ci ildə ödəmədiyi halda «xxxx» MMC-yə müraciət etmişdir. Onların problemli şöbəsinin mütəxəssisi Emin (*** *** ** **) adlı şəxs telefonu xx.xx.2020-ci ildə kreditə onun adına götürən Ömərova Günay Fərman qızı (*** *** ** **) ilə danışaraq bildirmişdir ki, həmin gün pulu ödəyəcəkdir. Lakin ödəməmişdir. xx.xx.2020-ci ildə «xxxx» MMC-yə müraciət edərək telefonun İMEİ kodunun bağlanmasını xahiş edərək dövlət rüsumu ödəyib, (dövlət rüsumunun ödənişini təqdim edib). xx.xx.2020ci ildə 300 (üç yüz) manat pul ödəniş etmişlər (cavabdeh). Ümumilikdə 3456 (üç min dörd yüz əlli altı) manat dəyərində olan İphone 11 Pro markalı telefon üçün 735 (yeddi yüz otuz beş) manat pul ödənilib (qəbzlər təqdim edib). «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli 01150517 saylı müqaviləsinə bir illik faizi ilə birlikdə 4360 (dörd min üç yüz altmış) manat olubdur (müqavilənin surətini təqdim edir). Halbuki o xx.xx.2020-ci ildə «xxxx» MMC-yə müraciət edərək və xx.xx.2020-ci ildə Nərimanov Rayon Məhkəməsinə baxılması barədə müraciət etmişdir. Onların özləri də ona bildiriblər ki, məhkəməyə müraciət etdiyin gündən faiz borcları dayandırılacaqdır. Buna baxmayaraq, 14 aydan sonra «xxxx» MMC məhkəməyə müraciət edərək faizləri və dəbbə borclarını əsassız olaraq tələb etmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 01150517 nömrəli xx.xx.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: İPHONE 11 Pro Max 256 GB dual. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 01150517 nömrəli müqaviləyə əsasən İPHONE 11 Pro Max 256 GB dual markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 12 ay müddətinə aylıq 327.1 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd İPHONE 11 Pro Max 256 GB dual markalı mobil telefon almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əlavədən görünür ki, bu əlavə 01150517 nömrəli xx.xx.2019-cu il müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 4360.2 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdehı tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 01150517 nömrəli xx.xx.2019-cu il müqavilə üzrə 3635 manat ödənilməmiş əsas və 1079 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 01150517 nömrəli xx.xx.2019-cu il tarixli müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilə üzrə hazırda ödənilməmiş əsas borcu 3632 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3632 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 1079 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 363 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxx” MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3632 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin xeyrinə 3632 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu cəmi 3995 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar