Məhkəmə qərarları › İş №2(005)-1472/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1472/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1472/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı beh müqaviləsinə əsasən pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı beh müqaviləsinə əsasən pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aralarında bağladıqları xx.xx.2022-ci il tarixli beh müqaviləsinə əsasən verilmiş 2500 manat pulun və öz öhdəliyini yerinə yetirmədiyi üçün məsuliyyət daşıdığına görə beh olaraq vermiş olduğu 2500 manat pulun iki misli olan 2500 manat olmaqla, cəmi 5000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixində beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinə əsasən Cavabdeh öz mülkiyyətində olan yaşayış evini alqı-satqı edərək onun mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür. Beh müqaviləsində göstərildiyi kimi cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili 133100 manata satmağı öhdəsinə götürmüşdür. Bunun qarşılığında isə cavabdeh əmlakçı Anar adlı şəxsin vasitəçiliyi və şahidliyi ilə mənzili alqı-satqı edəcəyinə görə ondan 2500 manat məbləğində beh almışdır. Beh müqaviləsindən göründüyü kimi satıcı olan Cavabdeh xx.xx.2022-ci il tarixdə mənzili təhvil verməyi, xx.xx.2022-ci il tarixə kimi isə mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Üç otaqlı mənzil almaq üçün xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospektində yerləşən əmlak ofisinə yaxınlaşmış, həmin ofis əmlakçı X5 tərəfindən işlədilirdi. Əmlakçı Anar bildirmişdir ki, istəklərinə uyğun olaraq Səadət adlı xanım öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilini satmağına yardımçı olmağı üçün ofisə gəlmişdir. Bu barədə məlumat verdikdən sonra evə baxmaq üçün razılaşaraq əmlakçı Anar ilə Səadət xanımın evinə getməyə razılaşmışlar. Evə baxdıqdan sonra, o və yoldaşı Yaqub, Səadət xanıma məxsus evi almaq üçün onunla 133100 manata razılaşmış və beh müqaviləsi bağlamışlar. Beh müqaviləsi bağladıqdan sonra Səadət xanım əmlakçı Anardan xahiş etmişdir ki, ona ev tapsın, Anar ona mikrorayonda ev tapmış və birlikdə gedib baxmışlar. Hətta Səadət xanım evi bəyəndiyi üçün ev sahibinə 1200 manat beh vermişdir. Cavabdeh ilə beh müqaviləsi bağladığı zaman öz evini və maşınını sataraq onun evini alacağını bildirmişdir. Öz evini alqı-satqı əsasında satmaq üçün isə dövlət reyestrindən qeydiyyatdan keçirmək lazımdı idi. Onun üçün də, cavabdehlə alqı-satqını ayın sonuna doğru, yəni evinin çıxarışını alaraq onu satıb həmin pulla cavabdehin evini almağı barədə razılaşmışlar. Ay sonuna doğru əmlakçı Anar tərəfindən zəng edildiyində isə bildirmişdir ki, evinin sənədini əldə etmək üçün bir neçə günə daha ehtiyacı var, lakin buna baxmyaraq Səadət xanıma özünə tapdığı evi ala bilməsi üçün lazım olan 112000 manat pulu ona dərhal verə bilərlər. Yəni, Səadət xanım özünə tapdığı evin alqı-satqısını həyata keçirsin. Cavabdeh bu təkliflə razılaşmışdır. Cavabdeh bu təkliflə razılaşdıqdan sonra, əmlakçı Anarın ona tapdığı evi bəyənmədiyi üçün onu almaqdan imtina etmişdir. Həmin evi almaqdan imtina etdikdən sonra isə ona dediyi vaxtda evinin pulunu verməyinə baxmayaraq öz evini satmaqdan imtina etmişdir. Evini onlara satmaqdan imtina etdiyi üçün beh müqaviləsi üzrə cavabdehə verdiyi 2500 pulu geri tələb etməyinə baxmayaraq, pulu geri verməkdən imtina etmişdir. Buna görə də, cavabdeh barəsində Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə gedərək şikayətçi olmuşdur. Polis araşdırması nəticəsində qərar qəbul edilmişdir ki, işin mahiyyəti mülki xarakterli olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunmalıdır. Hazırda cavabdeh tərəfindən pul geri qaytarılmamışdır. Ona görə də, məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Beh müqaviləsi ilə cavabdehə verdiyi 2500 manatdan əlavə, öz öhdəliyini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinə əsasən behin iki mislini ona ödənilməlidir. Cavabdeh Nərimanov Rayon Polis İdarəsində ifadə verdiyi zaman qeyd etmişdir ki, güya xx.xx.2022-ci il tarixdə ona bildirmişdir ki, satacağı öz evinin sənədləri hazır olmadığı üçün yenidən ayın 3-nə və ya 4nə kimi vaxt versin. Əslində isə nə qədər yalan danışdığını özü öz ifədəsi ilə sübut edir. Behi geri qaytarmadığı üçün onun barəsində xx.xx.2022-ci il tarixində polisə şikayət ərizəsi vermişdir. Necə ola bilər ki, sentyabrın 3-4-nə kimi vaxt istədiyi halda onun barəsində evi alqı-satqı etmədiyi üçün tələb etdiyi behi geri qaytarmadığına görə şikayət ərizəsi vermişdir. Evinin sənədini hazırlayıb onu sataraq həmin pulla onun evini almağı üçün ayın sonuna kimi, yəni avqust ayının 30-na kimi gözləməyə razılaşmışdır. Həmin tarixdə, yəni avqust ayının 30-da evinin çıxarışını alaraq əmlakçı Anara bir başa oradan zəng etmişlər ki, sənəd artıq hazır olduğu üçün alqı-satqıya gedə bilər. O da bildirmişdir ki, lap yaxşı gəlin bura bir yerdə gedək Səadət xanım gilə və oradan gedək alqı-satqı etməyə. Anarla birlikdə cavabdeh gilə getdikdə, cavabdeh bildirmişdir ki, daha evi satmaq fikrində deyil. Nə qədər anlatmağa çalışsa da, demək olar ki, cavabdeh hamını evindən qovmuşdur. Bundan sonra dəfələrlə ev üçün aldığı behi geri verməsini tələb etsə də, Anarın ofisinə gələrək orda həmin behin pulundan ancaq min manatı geri qaytara biləcəyini bildirmişdir. Onu da əlavə etmişdir ki, bunu alırsınız alın, almırsınızsa da, hara istəyirsiniz gedin şikayət edin. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlamış və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, qeydiyyatda olduğu və hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 64/68 evin 110-cu mənzilini 2022-ci ilin avqust ayında satmaq üçün evim.az saytında elan yerləşdirdikdən sonra evə baxış məqsədilə əmlakçılar və alıcılar mənzili almaq üçün ona müraciət etmişlər. Həmin əmlakçılardan biri olan X1 yerləşdirmiş olduğu mobil nömrəsinə zəng etmiş və evə baxış üçün icazə istəmişdir. Təyin olunmuş vaxtda digər əmlakçılarla evə baxmış, evin satış qiyməti son olaraq 135000 manat dəyərləndirilmiş, müştəri olduğu təqdirdə evə baxış üçün razılıq alınmışdır. 14-17 avqust 2022-ci il tarixində əmlakçı Anar özü ilə bərabər Yaqub kişi və oğlunu evə baxış üçün gətirmiş, mənzilin qiymətinin 135000 manat olduğu bildirildikdən sonra Yaqub kişi digər ailə üzvlərinin də mənzilə baxması üçün icazə istəmiş, razılıq aldıqdan sonra, ona qarşı iddia ərizəsi irəli sürən İddiaçı öz gəlini, oğlu, nəvələri və digər ailə üzvləri ilə gəlib mənzilə baxmışlar. Mənzili bəyəndikləri üçün mənzilin qiyməti barədə söhbət olmuşdur. Qarşı tərəf bildirmişdir ki, onlar öz mənzillərini 120000 manata nağd pula satıblar, həmin məbləğ əllərindədir, 10000 manata avtomaşınlarını satacaqlar, mənzil almaq üçün nəzərdə tutulan 135000 manatın qalan beş-üç minini də evdəki (özlərinin dediyi kimi, “yastıqaltı”) ehtiyat pul ilə ödəyəcəklər. Bu qarşılıqlı razılaşmadan sonra belə qərara gəlmişlər ki, əmlakçı Anar onun da başqa mənzilə köçməyi üçün yeni mənzil almağına yardımçı olsun. Bunun üçün ona ən az 3 gün, ən çoxu isə 1 ay müddət vermələri barədə razılığa gəlmişlər. Qarşı tərəf bildirmişdir ki, onlara da satdıqları mənzili boşaltmaq üçün çox vaxt verilməmişdir. Ona görə də, əmlakçı Anar 2 gün sonra ünvan 3 ünvanda yerləşən təmiri yarımçıq qalmış bir mənzili təklif etmiş və axşamçağı həmin mənzilə baxış keçirmiş, səhəri gün beh vermək üçün görüşməyə razılaşmışlar. Səhər saat 9:00-da o, qızı və evin təmirini aparacaq usta həmin mənzilə gələrək mənzilin sahibi, onun gətirdiyi əmlakçı və əmlakçı Anar ilə beh müqaviləsi imzalamışlar. Qarşı tərəf onun beh kimi təklif etdiyi 300 manat etiraz edərək, behin məbləğini artırmağını istəmiş və bildirmişdir ki, onların təcili ödəniş etmələri lazımdır, ödəniş edilməzsə, faiz ödəmələri lazım gələcək. Əlavə olaraq 900 manat da ödəyərək beh haqqını ümumilikdə 1200 manata çatdırmışdır. Aralarında sənəd olsun deyə “beh müqaviləsi” imzalandıqdan sonra ev sahibindən təmirə başlamaq üçün mənzilin açarlarını istəmiş, o isə heç bir səbəb gətirmədən açarları verməkdən imtina etmiş və bildirmişdir ki, yalnız notarial qaydada alqı-satqı həyata keçirildikdən sonra açarları verə bilər. O zaman onlar səhəri gün mənzili almaq istəyən Yaqub kişinin notariata gələrək hər iki mənzilin eyni vaxtda alqı-satqısının həyata keçirilməsinə razılaşmışlar. Əmlakçı Anar elə oradaca Yaqub kişiyə zəng etmiş və bildirmişdir ki, sabah notariusda alqı-satqı həyata keçiriləcək. Lakin Yaqub kişi bildirmişdir ki, onların mənzillərinin sənədləri tam hazır deyil və onlara 1-2 gün vaxt lazımdır. Usta təmir üçün vaxtın çox az olduğunu bildirmişdir. Yaqub kişiyə bildirmişdir ki, ona 4-cü günə qədər (daha bir gün əlavə) vaxt veririk və mənzillərin alqı-satqısı Bakı şəhəri 4 saylı Notariat Ofisində olacaq. 4-cü gün səhər notariusa gəlmək üçün hazırlaşırkən, əmlakçı Anar mobil telefonu ilə zəng edərək bildirmişdir ki, Yaqubgilin sənədləri hazır deyil və daha bir neçə gün vaxt istəyirlər. O bildirmişdir ki, onlar müqavilə şərtlərini və razılaşmanı pozurlar. Mənzili təmir etməyə vaxtı çatmır. Yeni dərs ilinin başlaması ilə əlaqədar işə qayıdır, təmir etmək üçün vaxtı qalmır. Mənzil isə yaşayış üçün qəti yaralı deyil, işıq çəkilməyib, istilik sistemi yoxdur, döşəmələr vurulmayıb və sair evdə görüləsi bu kimi işlər hələ çoxdur və bu təmiri çatdıra bilməyəcək. Axşam Yaqub kişi ailəsi ilə birlikdə yenidən onlara gəlmiş və səbəbsiz aqressiya ilə yenidən vaxt istəmişdir. O və əmlakçı Anar S.S.Axundov küçəsindəki mənzilə gedən usta ilə əlaqə saxlayıb təmiri çatdıra biləcəyi barədə soruşduqda o qəti etiraz edib bildirmişdir ki, bu mümkün deyil. Mətbəxin kafeli vurulmadan nə su, nə istilik sistemi ilə bağlı heç bir işə başlamaq mümkün deyil və bu çox vaxt tələb edir. Onda bildirmişdir ki, əgər qısa müddət ərzində qiyməti uyğun tam təmirli mənzil ala bilsə, mənzili Yaqubgilə satmağa etiraz etmir. Amma məlum olmuşdur ki, onların əllərində mənzili almaq üçün müqavilədə nəzərdə tutulan məbləğ nağd şəkildə yoxdur. Onlar mənzildə olarkən tanışlarına borca pul verilməsini xahiş etmiş və müsbət cavab ala bilməmişlər. Onlar təklif etmişlər ki, əllərində olan 112000 manat məbləğində pulu versinlər, o mənzil alsın, onların evinin sənədləri düzəldikdən sonra alqı-satqı edərlər. Onlara bildirmişdir ki, qarşılıqlı razılaşma şərtlərini kobud şəkildə pozurlar, nə satacağı mənzilin sənədləri hazır deyil, nə də mənzili almaq üçün vəd etdikləri pul yoxdur. Onların şərti ilə razılaşsa, sonra o mənzili satanda notariatın depozitinə qoymağa pulları olmayacaq, ona görə də, mənzili onlara satmaqdan imtina edir. Əmlakçı Anar S.S.Axundovdakı mənzili almağı üçün təkid edərkən bildirmişdir ki, bu mənzili alım, öz mənzilini isə sonra da sata bilər. Ona bildirmişdir ki, əlində vəsait olmadan necə mənzil ala bilər. O bildirmişdir ki, “elə bilirəm ki, sizin əlinizdə nəqd vəsaitiniz var”. Daha sonra əmlakçı Anar təmirli mənzil almağa yardımçı olacağını bildirmişdir. Amma Yaqubgil razılaşmada nəzərdə tutulan öhdəlikləri kobud şəkildə pozduqları və nəticədə ziyan vurduqları üçün onlardan şikayət edəcəyini bildirmişdir. Əmlakçı Anar ona demişdir ki, onların verdikləri behi qaytaraq. Heç bir etiraz etməmiş və demişdir ki, əgər mənzillərin alqı-satqısı baş tutmursa, o da tərəfindən S.S.Axundovdakı mənzil üçün verdiyi behi geri qaytarmağa yardımçı olsun ki, Yaqubgilin behini geri qaytarsın. Yaqubgil tərəfindən verilən 2500 manat məbləğində pulun 300 manatını əmlakçı Anara, 1200 manatını isə S.S.Axundovdakı mənzilin sahibinə vermiş, 1000 manat məbləğində pul onda qalmışdır. Əmlakçı Anar həmin mənzilin sahibi ilə özünün danışmağının lazım olduğunu bildirmiş, həmin şəxs ilə 3 dəfə ayrı-ayrı vaxtda zəng edib danışmış, behi geri qaytarmasını xahiş etmiş və vəziyyət barədə danışmışdır. O, isə bildirmişdir ki, bu iş maklerlərin işidir, bunu onlar yoluna qoymalıdırlar. Bu barədə heç bir razılıq alınmadığını görən əmlakçı Anar bundan sonra bildirmişdir ki, Yaqubgil gəlmək istəyirlər ki, 1000 manat behi geri götürsünlər. O bildirmişdir ki, onlar ofisə gəlsinlər və onların qalan behini gətirib qaytarmağa hazırdır. Əmlakçı Anar Yaqubgilin ofisə gəldiklərini bildirmiş və 1000 manat məbləğində pulu götürüb ofisə getmişdir. Ofisdə əmlakçı Anar, digər başqa bir nəfər, Yaqub kişi, oğlu və xanımı olmuşdur. Gətirdiyi 1000 manat behi onlara qaytarmaq istədikdə, onlar qəbul etməmiş və o əsəbi şəkildə ofisi tərk etmişdir. Yolda əmlakçı Anar zəng edib bildirmişdir ki, onlar 1000 manat behi qəbul etmək üçün evə gəlmək istəyirlər. O bildirdim ki, axı elə indicə ofisə məhz bunun üçün gəlmiş, niyə qəbul etmədilər? Qəti şəkildə bildirmişdir ki, onlar çox məsuliyyətsiz, laqeyd adamlardılar və insanları incitmək onlar üçün çox asandır. Vurulan maddi və mənəvi zərərə görə, bu qədər incitdikləri üçün onlardan şikayət edəcəyini bildirmişdir. Daha sonra ona polis idarəsindən zəng edilmiş və gəlib izahat yazmağı bildirilmişdir. Yazılı formada beh müqaviləsi bağlanmamışdır. Makler tərəfindən tərtib edilmiş “müqavilə” yazılı müqavilə sayıla bilməz, həmin “müqavilə” əhəmiyyətsizdir. Öhdəsinə götürdüyü müqaviləni bağlamağa həmişə razı olmuş, çünki həmin dövrdə qızı ailə həyatı quracağı üçün, təcili pul lazım olmuş, mənzili satıb iş yerinə yaxın bir mənzil almaq və artıq pulu qızına vermək istəmişdir. Bu məqsədlə mənzil də tapmış və həmin mənzilin behini vermişdir. Verdiyi həmin behi də itirmişdir. Müqavilə iddiaçının təqsiri nəticəsində bağlanmamış, gecikməsi nəticəsində zərər vurulmuşdur. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və xüsusi ilə onu vurğulamışlar ki, iddiaçı öz mənzilinin satılması üçün sənəd işlərinin olduğunu və mənzili xx.xx.2022-ci il tarixdə alacağını bildirmiş, lakin həmin tarixdə mənzilinin sənədləri düzəldə bilmədiyi üçün yenidən xx.xx.2023-cü il tarixədək vaxt istəmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı mənzilinin sənədləri hazır olmadığı üçün yenidən 3-4 gün vaxt istəmişdir. İddiaçı pulu vaxtında verə bilmədiyi üçün o da, behləşdiyi evi ala bilməmiş və beh olaraq verdiyi pul batmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 2022-ci il tarixli beh müqaviləsindən görünür ki, satıcı Cavabdeh xx.xx.2017-ci il tarixədək mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən əmlakını 133100 manata alıcı İddiaçı satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Müqavilənin şərtlərinə əsasən satıcı Cavabdeh, satılan mənzili 133100 manata İddiaçı satmağı, alıcı İddiaçı isə həmin mənzili 133100 manata almağı öhdəsinə götürmüş, alıcı İddiaçı satış məbləğindən 2500 manatı beh şəklində nağd olaraq satıcıya ödəmiş, satış qiymətinin qalan məbləğini həmin mənzilin alqı-satqısına dair müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürmüşdür; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X6 xx.xx.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” barədə qərardadında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X4 RPİ-nin 16-cı PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanda ev almaq üçün Cavabdeh 2500 manat pul vermiş, lakin sonuncu vədinə əməl etməmiş və pulu ələ keçirmişdir. Həmin qərarda Cavabdeh izahatında bildirmişdir ki, o, yaşadığı mənzili satmaq üçün internet saytında elan vermişdir. xx.xx.2022-ci il tarixdə Anar zəng edərək, evə baxmaq istəyən olduğunu bildirmişdir. Biraz keçdikdən sonra adı Yaqub olduğunu bildiyi şəxs ailə üzvləri ilə birlikdə Anar ilə yaşadığı evə gəlmişlər. Mənzilə baxdıqdan sonra onlar razılığa gələrək evi 133100 manata alqı-satqı etməyə qərar vermişlər. Həmin gün aralarında beh müqaviləsi bağlanmış və ona 2500 manat pul verilmişdir. Bundan sonra o, Anardan xahiş etmişdir ki, ona ev tapsın. Anar da 7-ci mikrorayonda ev tapmışdır. Evin sahibi ilə razılaşdıqdan sonra o, həmin şəxsə 1200 manat beh vermiş və səhəri gün notariat kontorunda üç tərəfli ev alqı-satqısı olacağı barədə razılaşmışlar. Anar Yaquba zəng edərək, ev alqı-satqısı üçün notariat kontoruna getməyini bildirmişdir. Yaqub isə sənədlərin hazır olmadığını bildirmiş və xx.xx.2022-ci il tarixədək vaxt istəmiş, o da razılaşmışdır. Yaqub 120000 manata evin pulunu, 10000 manata da avtomobilini və evlərində müəyyən məbləğdə pulu toplayıb mənzilin ödənişini edəcəklərini əmin etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Yaqub xx.xx.2022-ci il tarixədək vaxt istəmişdir. O, şərtlə razılaşmışdır ki, yeni təmirli mənzil tapılar, o, həmin mənzilə köçər. Lakin xx.xx.2022-ci il tarixdə Yaqub sənədin tam hazır olmadığını bildirdikdə onunla alqı-satqı etməkdən, evi satmaqdan imtina etmişdir. Çünki yenidən 3-ü və ya 4-nə kimi vaxt istənilmişdir. xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı X12 mülkiyyətində olan və ünvan 6 ünvanında yerləşən əmlakını 102000 manata alıcı Cavabdeh satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Müqavilənin şərtlərinə əsasən satıcı X12, satılan mənzili 102000 manata İddiaçı satmağı, alıcı Cavabdeh isə həmin mənzili 102000 manata almağı öhdəsinə götürmüş, alıcı Cavabdeh satış məbləğindən 1200 manatı beh şəklində nağd olaraq satıcıya ödəmiş, satış qiymətinin qalan məbləğini həmin mənzilin alqı-satqısına dair müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürmüşdür; Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus ünvan 1 saylı mənzilin alqı-satqısı barədə razılaşma əldə olunmuşdur. Həmin razılaşmaya əsasən tərəflər xx.xx.2022-ci il tarixdə beh müqaviləsi bağlamışlar. Beh müqaviləsinə əsasən Cavabdeh qeyd olunan mənzili İddiaçı satmağı, sonuncu isə bunun müqabilində ona 133100 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən iddiaçı 2500 manat pul məbləğini beh şəkilində pul ödəmişdir. Lakin tərəflər arasında alqı-satqının aparılması tarixi ilə əlaqədar mübahisə olmuş və nəticədə mənzilin alqı-satqısı baş tutmamışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən mənzilin satılmasından imtina edildiyi üçün beh məbləğinin iki qatını tələb edir, lakin cavabdeh isə öhdəliyin iddiaçı tərəfindən pozulduğunu və bunun nəticəsində behləşdiyi evi ala bilmədiyi üçün beh olaraq verdiyi pulun batdığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında beh müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 491.2-ci maddəsinə xx.xx.2022-ci il tarixdə dəyişiklik edilmiş və yeni redaksiyada əlavə edilmişdir ki, “daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir”. Göründüyü kimi, tərəflər arasında beh müqaviləsi xx.xx.2022-ci il tarixdə, yəni qeyd edilən maddədə dəyişikliyin baş verməsindən əvvəl bağlandığından, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır; 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur; 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından İddiaçı hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə beh müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixdə mənzili alqı-satqısının baş tutacağı barədə razılığa gəlinmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçı tərəf öz mənzilin sənədləşməsində yubanma olduğundan xx.xx.2022-ci il tarixədək vaxt istəmiş və cavabdeh bununla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəf evinin sənədləri hazır olmadığı üçün yenidən 3-4 gün vaxt istəmiş, lakin cavabdeh bununla razılaşmamış və iddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyi üçün cavabdeh mənzili iddiaçıya satmaqdan imtina etmişdir. İddiaçı cavabdehin ona xx.xx.2022-ci il tarixdən sonra 3-4 gün vaxt verməsinə razı olduğunu bildirsə də, lakin cavabdeh bunu inkar edir və bildirir ki, onlara vaxt vermədiyi üçün həmin tarixdə mənzili iddiaçıya satmaqdan imtina edərək, iddiaçını və onun ailəsini evdən qovmuşdur. Cavabdeh iddiaçıya satacağı mənzilin pulu ilə özünə başqa ev alacağından, almaq istədiyi evin sahibinə 1200 manat məbləğində beh verdiyindən və iddiaçı üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, cavabdeh almaq niyyətində olduğu mənzili ala bilməmiş və nəticədə cavabdehin digər şəxsə ödədiyi beh məbləği onda qalmışdır. İş materiallarından da görünür ki, iddiaçı öz mənzilinə dair çıxarışı xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə iddiaçının əri X4 RPİ-nin 16-cı PByə Cavabdeh şikayət ərizəsi ilə müraciət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddiaçı dediyi kimi cavabdeh tərəfindən ona xx.xx.2022ci il tarixdən sonra ona 3-4 gün vaxt verilmiş olsa idi, 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə mənzilin satılmasında imtina edildiyinə görə cavabdehdən Nərimanov RPİ-nin 16cı PB-yə şikayət verilməz idi. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, cavabdeh qarşısında götürdüyü öhdəliyini icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, beh müqaviləsi üzrə cavabdehə ödədiyi pul onda qalmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı beh müqaviləsinə əsasən pul tələbinə dair iddiası iddianın təmin edilməsi üçün möhtəbər sübutlar təqdim olunmadığından, iddia tələbi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı beh müqaviləsinə əsasən pul tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar