Məhkəmə qərarları › İş №2(005)-1492/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1492/2021

18.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1492/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokuroluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, mənəvi ziyanın ödənilməsi və .s tələbi”nə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokuroluğuna qarşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ona dəymiş 5.000.000 (beş milyon) manat məbləğində mənəvi ziyan həmin orqan tərəfindən ona ödənilməsi, Rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirlməsi barədə qərar qəbul edilməsini, iddiaçının hərbi prokurorluq orqanlarında stajor kimi xidmət etdiyi altı ay, bir il sınaq müddəti, həmçinin xx.xx.2019-cu il tarixdə hərbi xidmət dövründə alınmış xəstəliyə görə həqiqi hərbi xidmətdən istefaya buraxılmağına baxmayaraq həmin tarixdən hal-hazıradək həqiqi hərbi xidmətdə olduğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Tərtər Hərbi Prokurorluğunda Tərtər Hərbi Prokurorunun köməkçisi hərbi vəzifəsində xidmət etdiyi bir il doqquz ay on səkkiz gün hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi xidmət illərinə hesablanmaqla, Azərbaycan Respublikasının Baş Prokurorunun müavini üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddinə çatdığına görə hərbi uçotdan çıxarılıb istefaya keçirilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, İddiaçı tələbindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokuroluğuna qarşı inzibati qaydada verilmiş əmrin ləğv edilməsi və s tələbilə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəlləsinin 8.3-cü maddəsinə əsasən mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; “Dövlət qulluğu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla kateqoriyalarında sadalanan dövlət orqanları sırasında Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun da adı qeyd edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 4-cü bəndinə görə inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.2-ci bəndinə görə dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İddia tələbindən də görünür ki, cavabdeh kimi dövlət hakimiyyəti orqanı ilə iddiaçı arasında yaranmış mübahisənin xarakterinə görə iddiaçı hazırki iş üzrə xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmir. Tərəflər arasında yaranmış mübahisə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsindən irəli gələn mübahisədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. X1 15.4-cü bəndində qeyd olunur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında mübahisə dövlət orqanının faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qəbul edilməkdən imtina edilməli, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, qanunla müəyyən edilmiş qaydada hazırki iddia ilə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 25,149, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokuroluğuna qarşı “əmrlərin ləğv edilməsi, mənəvi ziyanın ödənilməsi və sair tələbi”nə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya qanunla müəyyən edilmiş qaydada səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar