Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1494/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Mustafayev Sərxan Ziyad oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs Mağazası cəlb edilməklə) “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırda istifadəsində olan, xx xxxxxx 2019-cu il tarixdə Maraqlı şəxs mağazasından mənim adıma kredit götürülmüş qiyməti 3456 manat təşkil edən İphone 11 Pro MAX-256G13 markalı mobil telefonun onun qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh zəng edərək özünə kredit telefon almaq istəyir, birlikdə mağazaya getmələrini istəmişdir. Onunla telefon satılan mağazaya getmiş. Bundan sonra Günayla xx xxxxxx 2019-cu il tarixdə Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən Maraqlı şəxs-da görüşmüşdür. Günay kreditə götürmək üçün İphone 11 Pro Max-256 GB markalı telefonu seçdi. Həmin mobil telefonun qiyməti 3456 manat təşkil edirdi. Günay seçdiyi telefonu götürmək üçün mağazanın kredit şöbəsinin mütəxəssisinə yaxınlaşdı. Həmin şəxs bildirdi ki, telefonu götürmək üçün Günay 1800 manat məbləğində ilkin ödəniş etməlidir. Günay bu məbləğdə ödəniş etməyə imkanı olmadığını bildirdi və razılaşmadı. Kredit üzrə mütəxəssis onu tanıyır. Çünki o həmin mağazadan bir neçə dəfə elektrik avadanlıqları almışdır. Günay həmin şəxsin yanında ondan xahiş etdi ki, iddiaçı ona kreditlə telefon almasına kömək etsin, o hər ay ödənişi vaxtında həyata keçirəcəkdir. Bunu eşitdikdən sonra kredit üzrə mütəxəssis bildirdi ki, iddiaçının adına krediti rəsmiləşdirsələr, ilkin ödəniş 450 manat olmaqla hər ay 320 manat ödənişlə telefonu götürmək olar. Günay bir daha onu əmin etdi ki, kreditin ödənişi ilə bağlı heç bir problem yaranmayacaq. O cavabdehə inanmış və şəxsiyyət vəsiqəsini təqdim etmişdir ki, Günayın götürdüyü telefonla bağlı kredit müqaviləsi və ödəniş cədvəli onun adına rəsmiləşdirilsin. Sonra o gözlədi. Günay isə evlərinə pul gətirmək üçün getdi. O, evdən 450 manat məbləğində pul gətirdi və götürülən telefona görə həmin pulu kreditin ilkin ödənişi kimi mağazanın kassasına ödədi. X11 müqaviləsini, kreditin aylıq ödəniş cədvəlini və telefonun texniki sənədlərini götürdü və o ondan ayrılaraq çıxıb getdi. Telefona görə kreditin aylıq ödənişi vaxtı çatanda, mağazadan ona zəng gəldi. O bildirdi ki, “axı Siz bilirsiniz ki, telefonu Günay götürdü, ilkin ödənişi o etdi və Sizin iştirakınızla bildirdi ki, aylıq ödənişləri də vaxtında edəcəkdir. Həm də bildirdi ki, telefonu və digər sənədləri Günayın götürməsini sübuta yetirən videogörüntülər də mövcuddur”. Bundan sonra o Günaya telefonla zəng etdi və ona bildirdi ki, “götürdüyü telefonun aylıq ödənişinin artıq vaxtı çatıb, get ödənişi et”. Bu zaman Günay götürdüyü telefonla əlaqədar ödəniş etməyəcəyini bildirdi. O bunun səbəbini soruşmuş O, dedi ki, “Kredit sənin adına rəsmiləşdirilib, bu səbəbdən heç kim ona heç nə edə bilməz”. Bu zaman o başa düşdü ki, Günay onun inanmağından suiistifadə edib.Hal-hazırda o, həmin telefondan istifadə edir (telefon N-***-***-**-**) İddiaçı ondan ya telefonu mağazaya qaytarmasını, ya da ki, ödənişi etməsini xahiş edərkən, onu şantaj edir. Onun hazırda maddi imkanları məhdud olduğu səbəbindən Günayın onu aldadaraq ələ keçirdiyi telefona görə ödəniş etmək üçün pul vəsaiti yoxdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş edib, izahatında bildirmişdir ki, İddiaçı ona xahişi əsasında öz adına xx xxxxxx 2019-cu il tarixdə Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən Maraqlı şəxsda İphone 11 Pro Max-256 GB markalı telefonu kreditə alması və həmin telefona görə aylıq 320 manat pulu onun ödəməli olmağı ilə bağlı göstərilənlər yalandır. Belə ki, iddiaçı tərəfindən həmin İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefonu yeni il hədiyyəsi olaraq qarşılıqsız almış və onun aylıqlarını özü ödəməyi boynuna götürmüşdür. Belə ki, tərəflər xx.xx.2011-ci il tarixdə tanış olmuşdur. İddiaçı ilə tanış olarkən cavabdeh onun ailəsinin və uşaqlarının olduğunu bilmişdir. Tərəflərin 2011-ci ildən 2015-ci ilə qədər faktiki olaraq yaxın münasibətləri olmuşdur. Tərəflərin birgə münasibətindən qız övladlar, xx.xx.2013-cü il tarixdə X6 dünyaya gəlmiş və iddiaçı ona öz soyadını vermişdir. Tərəflər 2015-ci ilin mart ayından münasibətləri soyumuş sonradan ayrılmışdırlar. Lakin birgə övladlarının olduğu üçün 2015-ci ilin mart ayından 2020-ci ilin yanvar-fevral aylarınadək dəfələrlə barışıb ayrılmışlar. 2019-cu ilin dekabr ayının 27-də iddiaçı cavabdehə zəng edərək bildirdi ki, ona hədiyyə olaraq iphone- 11 PRO MAX markalı mobil telefon almaq istəyir. Cavabdeh həmin vaxt iphone 8+ markalı telefon işlədirdi. Mehman ona bildirdi ki, o, öz işlətdiyi iphone 8+ markalı mobil telefonu ona verəcək və o həmin telefon satacaq üzərinə pul qoyub iphone-11 PRO MAX markalı mobil telefon alacaq. Tərəflər birlikdə Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən Maraqlı şəxs mağazasına getdilər. Cavabdeh orada İphone 11 Pro Max-256 GB markalı telefonu seçdi. Həmin telefonun dəyəri 3456 manat idi. İlkin ödəniş kimi, mağazaya 450 manat pul və ayda isə hər ay 320 azn kredit ödənilməli idi. İddiaçı ona bildirdi ki, onun üstündə ilkin ödəniş etməsi üçün 450 manat pul yoxdu və ondan ilkin ödənişi cavabdehin ödəməyini xahiş etdi. İddiaçı ona bildirdi ki, hər ay 320 azn ödənişi o edəcək. Cavabdeh 450 azn pulu xəzinəyə ödəməsi üçün iddiaçı verdi. Bundan sonra iddiaçının adına İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefonu kreditə götürərək hədiyyə kimi cavabdehə verdi. Cavabdeh ona öz iphone 8+ markalı mobil telefonunu verdi. İddiaçı həmin telefonu sataraq 650 manat pulu özünə götürdü. Lakin cavabdehin kassaya ödəməsi üçün verdiyi 450 manatı ona qaytarmadı. Cavabdeh isə telefon kifayət qədər bahalı olduğu üçün iddiaçıya söz demədir. Cavabdeh fikirləşdi ki, 12 ay ərzində iddiaçı hər ay 320 azn pul ödəməli olacaq. Bu hadisədən 1 ay sonra iddiaçı cavabdehə zəng edərək bildirdi ki, o Almaniya Federativ Respublikasındadır və halhazırda ödəniş edə bilmir. Cavabdehdən xahiş etdi ki, 1 ayın ödənişi etsin və o gələn kimi pulu qaytaracaq. Bundan sonra cavabdeh taksi sürücüsü ilə Maraqlı şəxs mağazasına 300 azn göndərib ödəniş etdi. Ümumilikdə cavabdeh telefona görə 750 azn ödəniş edib və iddiaçı öz növbəsində Cavabdeh telefonunu 650 manata satmışdır. Bundan bir müddət sonra 2020-ci ilin fevral ayında cavabdehlə iddiaçı arasında münasibətlər pozuldu. Münasibətin pozulmasının səbəbi, iddiaçı tərəfindən heç bir maddi yardım göstərilməməsi və heç bir məbləğdə aliment verməməsi olmuşdur. Son 5 il ərzində cavabdeh övladını təkbaşına böyütmüşdür. Bundan başqa iddiaçı cavabdehlə münasibəti olduğu dövrdə və münasibəti bitdikdən sonra dəfələrlə cavabdeh və azyaşlı qızımın mənzil şəraitini yaxşılaşdıracağı və cavabdehə mənzil alacağını vəd etmiş, bu səbəbdən cavabdeh aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Lakin son 5 il ərzində iddiaçı aliment verməmiş və mənzil almaqdan da müxtəlif bəhanələrlə yayınmışdır. Bu hadisədən sonra iddiaçı cavabdehin əleyhinə xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə yaşayan xx xxxxxx 2013-cü il təvəllüdlü azyaşlı qızı X3 hər həftənin bazar günləri səhər saat 11:00-dan axşam saat 20:00-dək onunla görüşməsinə və onun yanında qalmasına razılıq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, İş № 2(005)-1493/2020 qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. İddiaçının xx.xx.2013-cü il təvəllüdlü X6 ilə ananın iştirakı olmadan hər həftənin bazar günü saat 12.00-dən saat 18.00-dək görüş vaxtı təyin edilmişdir. Bundan sonra cavabdeh Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək son 3 il ərzində iddiaçı tərəfindən yetkinlik yaşına çatmamış qızı X1 üçün ödənilməmiş sabit pul məbləğində aliment - 2017-ci ilin avqust ayının 1-dən 2017-ci ilin dekabr ayının 31-dək 5 ay ərzində ayda 136.6 azn olmaqla 683 manat, 2018-ci ilin yanvar ayının 1-dən 2018-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 154 manat olmaqla 12 ay üçün 1848 manat, 2019-cu ilin yanvar ayının 1-dən 2019-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 160 manat olmaqla 12 ay üçün 1920 manat, 2020-ci ilin 7 ayı üçün yanvar ayının 1-dən iyul ayının 31-dək ayda 170 manatdan olmaqla 1.190 manat, ümumilikdə 3 il (36 ay) ərzində 5641 manat sabit pul məbləğində alimentin və xx.xx.2013-cü təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində ayda 170 manat olmaqla alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon məhkəməsinin İş № 2(005)-2721/2020 saylı, xx.xx.2020-ci il nömrəli qətnaməsi ilə iddia ərizəm qismən təmin edilmiş İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat miqdarında aliment alınaraq hazırki iş üzrə cavabdehə ödənilməsi qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Bundan sonra iddiaçı Nərimanov rayon məhkəməsinə iddia ərizələri ilə müraciət edərək, ondan hədiyyə aldığı telefonu tələb etmiş, bundan başqa cavabdehə qarşı Nərimanov rayon məhkəməsində pul tələbi və valideynlik hüququndan məhrum etmə ilə bağlı iddia qaldırmışdır. Belə ki, iddiaçının hədiyyə telefon alması barədə cavabdeh heç bir xahiş etməmişdir və ondan hədiyyə tələb etməmişdir. O, öz istəyi və arzusu ilə öz adına kreditə İPHONE 11 PRO MAX markalı telefon kreditə hədiyyə almış və onu cavabdehin qanuni sahibliyinə və istifadəsinə vermişdir. Üçüncü şəxs “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçı mağazanın önəmli müştərilərindən biridir. Bu vaxta qədər iddiaçı tərəfindən mağazadan müxtəlif məhsullar alınıb və ödənişdə heç bir gecikmə olmayıb. Qeyd edir ki, mübahisəli telefon ilə bağlı cavabdeh ilə əlaqə saxlamış və o, öz növbəsində bildirdi ki, telefon hal hazırda onun sahibliyindədir. Nəticədə iddiaçı müraciət edərək həmin telefonu deaktiv etdirdi. İddiaçı öz maddi imkanlarına görə həmin telefonun borcunu bir başa ödəmək iqtidarındadır. İddiaçı isə öz növbəsində bildirdi ki, həmin telefona görə prinsipial olaraq ödəniş etməyəcək. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxx” MMC-nin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli 01150517 saylı müqavilənin surətindən görünür ki, “xxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı 1 ədəd İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefonu almışdır. Müqavilənin tərkib hissə olan xx.xx.2019-cu il tarixli Əlavədən görünür ki, İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefonun qiyməti (ilkin ödəniş daxil olmaqla) 4360,2 manat təşkil edir. İş materiallarında olan Maraqlı şəxs mağazasının problemli kreditlərə dair təqdim etdiyi qəbzin surətindən görünür ki, İddiaçı telefonu “de aktiv” etdirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2721/2020 saylı, xx.xx.2020-ci il nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat miqdarında aliment alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1493/2020 saylı qətnaməsi ilə İddia ərizəsi qismən təmin edilərək, İddiaçı uşağı xx.xx.2013-cü il təvəllüdlü X6 ilə ananın iştirakı olmadan hər həftənin bazar günü saat 12.00-dən saat 18.00-dək görüş vaxtı təyin edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan faktiki nikah münasibətlərindən xx xxxxxx 2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2721/2020 saylı, xx.xx.2020-ci il nömrəli və xx.xx.2020-ci il tarixli, 2(005)-1493/2020 saylı qətnamələri ilə tərəflər arasında faktiki nikah münasibətlərində olmaları müəyyən olunmuşdur. “xxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01150517 saylı müqaviləyə əsasən, iddiaçı Maraqlı şəxs mağazasından 1 ədəd İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefonu almışdır. İddiaçı İphone 11 Pro Max markalı telefonun ona məxsus olduğunu, cavabdehin qanunsuz sahibliyindən alınmalı olduğunu, cavabdeh isə sözügedən telefonun əvvəllər faktiki nikah münasibətlərində olduğu İddiaçı ona hədiyyə olaraq verdiyini bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı İphone 11 Pro Max markalı telefonu Cavabdeh hədiyə vermək məqsədilə “xxxxxxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən almışdır. Bunu birbaşa sübutlar təsdiq etməsə də, tərəflərin izahatı bu qənaətə gəlməyə əsas verir. Belə ki, cavabdehə telefon yeni il ərəfəsində alınmış, bu da telefonun hədiyyə məqsədilə alınmasına dəlalət edir. Bununla da İphone 11 Pro Max markalı telefon iddiaçının qanunsuz sahibliyindən öz əmlakını tələb etmək kimi qiymət verilməməlidir. Hazırki mübahisənin M. Məmmədov tərəfindən Cavabdeh verilən hədiyyə kimi qiymətləndirilməlidir. Ona görə də hazırki mübahisəyə Mülki Məcəllənin 32-ci fəsli Bağışlama müqaviləsi ilə bağlı müddəaların tələblərinə uyğun qiymət verilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən müəyyən edilir ki, hazırda iddiaçının iddia tələbi MPM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir, yəni mübahisəli mobil telefonun qanunsuz sahiblikdə olması faktı sübuta yetmir. Belə ki, tərəflərin mübahisəli mobil telefona dair bağladıqları alqı-satqı müqaviləsi bağlanmazdan əvvəlki münasibətləri bunun əksini sübut edir. Digər tərəfdən İddiaçı tərəfindən Cavabdeh hədiyyə edilmiş İphone 11 Pro Max markalı telefon ilə bağlı tərəflər arasında hər hansı şərtin olması yaxud Cavabdeh alınan telefona görə üzərinə hər hansı öhdəlik götürməsi kimi hallar mövcud deyil, belə faktiki hallar mötəbər sübutlarla öz təsdiqini tapmır. Ona görə də iddia rədd edilməli, İphone 11 Pro Max-256 GB Dual modelli **********53908 **********63358 İMEİ kodlu mobil telefon Cavabdeh verilmiş hədiyə kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması”na dair iddia tələbiəsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının bu barədə tələbi olmadığından iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs Mağazası cəlb edilməklə) “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1494/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1494/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver