Məhkəmə qərarları › İş №2(005)-1497/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1497/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1497/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Qurbanov Malik Hakim oğlunun iştirakı ilə, İddiaçı X2 cavabdeh X12 qarşı digər valideynin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın ölkədən getməsi üçün icazə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh X12 qarşı digər valideynin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın ölkədən getməsi üçün icazə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə Rusiyanın Kamçatka əyalətində Petropavlovsk-Kamçatsk şəhəri VVAQ şöbəsində 483 saylı akt qeydi ilə bağlanmış nikah xx.xx.2019-cu il tarixdə Nərimanov Rayon Məhkəməsinin 2(005)-724/2019 saylı qətnaməsi ilə pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçının yanında qalması qət edilmişdir. 2014-cü il tarixdən övladı ilə Bakı şəhərində yaşayır, uşaq onun himayəsindədir, hal-hazırda aliment almır. xx.xx.2019-cu il tarixdə AZ-İ 323869 seriyalı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. xx.xx.2020-ci il tarixdə X8 ilə aralarında 1 saylı ASAN Xidmətdə Qeydiyyat şöbəsində nikah bağlanılmış və akt qeydləri kitabında 961 nömrə ilə qeyd edilmişdir. X8 ilə nikahdan Eray adlı övladları dünyaya gəlmişdir. Mövcud karantin rejimi və Pandemiya ilə əlaqədar olaraq hal-hazırda Bakıda yaşayırlar. Həyat yoldaşı X1 Respublikası vətəndaşıdır. Bundan sonra Türkiyə və Azərbaycan Respublikasında yaşamağı və yaxın günlərdə Türkiyəyə getməyi planlaşdırır. Həyat yoldaşının bütün qohumları və ailə üzvləri Türkiyədə olduğundan, onlara baş çəkmək, Türkiyəyə getmək və bu kimi məişət məsələləri ilə əlaqədar ölkədən çıxmaq-qayıtmaq zəruridir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər atası X9 razılığı olmadan anası X5 ilə birlikdə Azərbaycan Respublikasından getməsinə və Azərbaycan Respublikasına gəlməsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili Qurbanov Malik Hakim oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X12 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X14 ilə X5 arasındakı nikahın pozulması xx.xx.2019-cu il tarixdə 176 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı 287244 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X14, anası X3r. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-724/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X5 ilə X14 arasında xx.xx.2013-cü il tarixdə Rusiyanın Kamçatka əyalətində Petropavlovsk-Kamçatsk şəhəri VVAQ şöbəsində 483 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X13 iddiaçı X2 yanında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 15/713 saylı məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X9 olduğu yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışından görünür ki, X9 qeydiyyatı ilə bağlı məlumat yoxdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X13 anadan olmuşdur. Uşaq ananın himayəsindədir. Tərəflər arasında digər valideynin icazəsi olmadan müvəqqəti olaraq uşağın ölkədən gediş-gəlişinə icazə verilməsi tələbinə dair iddia tələbi məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyasının 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.4-cü maddəsinə əsasən valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Ailə Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uşağın valideyinləri tərəfindən suiistifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır; Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə maneə olmamalıdır Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafıq müəssisələrdən məlumat almaq hüququna malikdir. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 25-ci maddəsinə əsasən-hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət etmək və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onların əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. “Ölkədən getmə, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra vətəndaş) Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla, 4-cü bənddə nəzərdə tutulan hallarda isə eyni zamanda dayandırıla bilər: vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə - müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat başa çatanadək, cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respubliasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək. Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edə bilər. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı öz uşaqları ilə istənilən əsasla bu hüququ həyata keçirə bilər. Bu hüququn məhdudlaşdırılması halları yuxarıda göstərilən qanunla müəyyən edilmişdir və hazırkı işdə həmin hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, valideynlərindən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı ilə həll edildiyindən, xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək Azərbaycan Respublikasından kənara getməsinin müvəqqəti olduğu hallarda atası X9 icazəsi olmadan Azərbaycan Respublikasından kənara aparılmasına icazə verilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X4 xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək, onunla birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olunmaqla, X9 icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq hüququ verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı X4 xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək onunla birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olunmaqla, X9 icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq hüququ verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar