Məhkəmə qərarları › İş №2(005)-1501/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1501/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1501/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı “Nərimanov 36" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: kommunal xidmətlərə görə pul) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı “Nərimanov 36" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı “Nərimanov 36" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı müqavilə üzrə öhdəliklərlə əlaqədar pul vəsaitlərinin cavabdehlərdən tutularaq cəmiyyətin hesabına keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- Cavabdeh1 mülkiyyətində olan 04,05,07,08,və 09 saylı mənzillərə görə 1913.36 manat, Nuriyevə Ülviyyə mülkiyyətində olan ümumi sahəsi 86.85 kv m. olan 26 nömrəli mənzilə görə 86.85 x 0.20 = 17.37 x 20 (ay)=347.40 manat, Hüseynov Əsmər mülkiyyətində olan ümumi sahəsi 100 kv m. olan 41 nömrəli mənzilə görə 100 x 0.20 = 20x20 (ay)=400 manat, Cavabdeh4 mülkiyyətində olan ümumi sahəsi 129 kv m. olan 75 nömrəli mənzilə görə 129 x 0.20 = 25.80 x 20 (ay)=516 manat, Cavabdeh5 mülkiyyətində olan ümumi sahəsi 120 kv m. olan 52 nömrəli mənzilə görə 120 x 0.20=24 x 20 (ay)=480 manat borcun "Nərimanov-36 Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyəti”nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qanunların tələblərinə riayət olunaraq yaradılmışdır və müvafiq qaydada qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır və "Cəmiyyət yaradılmasının əsas məqsədi yaşayış binasını birgə idarə etmək binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək, nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirmək olmuşdur. "Cəmiyyət"in nizamnaməsinin 3.1.1-ci maddəsinə əsasən cəmiyyətin əsas hüquqlarından biri də qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilələr, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq olmuşdur. Nizamnamənin həmin maddəsinin tələblərinə uyğun olaraq, "Nərimanov36" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri kimi onunla bütün cəmiyyət iştirakçıları arasında cəmiyyətin nizamnaməsinin 2-ci bəndində göstərilmiş öhdəliklərin yerinə yetirə bilməsi üçün mülkiyyətlərində olan yaşayış və qeyri-yaşayış sahələrinin sahələrinə mütənasib olaraq mənzilin hər kvadrat metri üçün 20 qəpikdən hesablamaqla aylıq ödənişlər edilməsi barədə müqavilələr bağlanmışdır. Cəmiyyət iştirakçılarının əksəriyyəti ödənişlərlə əlaqədar öhdəliklərini yerinə yetirsə də, iddia ərizəsində adları qeyd olunan cavabdehlər 2023-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün və 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayı üçün müqavilə üzrə üzərlərinə götürdükləri qeyd olunan öhdəlikləri yerinə yetirməmişlər. Beləliklə cavabdehlərdən -Cavabdeh1 mülkiyyətində olan 04,05,07,08,və 09 saylı mənzillərə görə ümumi sahələri 494.34 kv.m. olmaqla 494.34 x 0.20 = 98.868 x20 (ay)=1977.36 manat- 64man ödəyib=1913.36 manat. Nuriyevə Ülviyyə mülkiyyətində olan ümumi sahəsi 86.85 kv m. olan 26 nömrəli mənzilə görə 86.85 x0.20 =17.37 x20 (ay)=347.40 manat, Hüseynov Əsmər mülkiyyətində olan ümumi sahəsi 100 kv m. olan 41 nömrəli mənzilə görə 100 x0.20 =20 x20 (ay)=400 manat, - Cavabdeh4 mülkiyyətində olan ümumi sahəsi 129 kv m. olan 75 nömrəli mənzilə görə 129 x0.20 =25.80 x20 (ay)=516 manat, Cavabdeh5 mülkiyyətində olan ümumi sahəsi 120 kv m. olan 52 nömrəli mənzilə görə 120 x0.20 =24 x20 (ay)=480 manat yaranmış ödənişlərin ödənilməsinə məhkəmədən kənar qaydada dəfələrlə iddiaçı tərəfindən tələb etsə də, bir nəticə olmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilən teleqramın surətlərindən də görünür ki, bütün cavabdehlər Cəmiyyətəm olan borclarının ödənilməsi üçün dəvət edilərək xəbərdarlıq edilmişdir, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də Cəmiyyətin haqlarının müdafiəsi üçün məhkəməyə müraciət edilmiş və hesab edilir ki, cavabdehlərdən Cəmiyyətə ödəmək barədə müqavilə üzrə öhdəlikləri olan yuxarıda qeyd olunan məbləğlər məhkəmə qaydasında tutularaq Cəmiyyətin hesabına köçürülməlidir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı “Nərimanov 36" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi. O izahatında bildirdi ki, Cavabdeh1 rəhmətə getməsi haqqında məlumatlı olsalar da, iddia tələbinə onu da adını əlavə edərək ailəsi tərəfindən ödənişin edilməsini məqsədi güdmüşlər. Eyni zamanda Cavabdeh3 borcunu məhkəmə prosesi gedişatında ödəmişdir. Məhkəməyə cavabdehlərin 2025-ci ilin aprel ayının 15-dək yaranmış borc məbləğləri barədə arayışı təqdim etmişdirlər. Qətnamə qəbul edilərəkən həmin arayışın nəzərə alınmasını xahiş edirlər. Mülki işin materialları - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnaməsinə əsasən, "xxxx"mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 05 may 2023-cü il tarixdə qeydiyyata alınaraq müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 4-6; Yeni qaydalarla; ünvan 2 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının "Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının "Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Cəmiyyətin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. - 10 may 2023-cü il tarixli "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yığıncağına dair tərtib edilmiş protokola əsasən,gündəlikdə duran məsələ mənzilin 1 kvadrat metrin 0.20 manat olması barədə olmuş,Rəhimov Natiq çıxış edərək bildirmişdir ki,mənzilin 1 kvadrat metrinin 0.20 manat olması təklif etmişdir. - 01 yanvar 2025-ci il tarixli "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yığıncağına dair tərtib edilmiş protokola əsasən, gündəlikdə duran məsələ mənzilin 1 kvadrat metrin 0.30 manat olması barədə olmuş, Rəhimov Natiq çıxış edərək bildirmişdir ki, mənzilin 1 kvadrat metrinin 0.30 manat olması təklif etmişdir. - xx.xx.2025-ci il tarixli borclu mənzillərin siyahısı Cavabdeh1 04№-li mənzil üzrə- 126,60 manat,05№-li mənzil üzrə 90,24 manat,07№-li mənzil üzrə 156 manat,08№-li mənzil üzrə85,20 manat,09№-li mənzil üzrə 131,40 manat,Cavabdeh2 26№-li mənzil üzrə 104,24 manat,Cavabdeh3 41№-li mənzil üzrə 120 manat,Mürsəlov Asim 52№-li mənzil üzrə 144 manat,Cavabdeh4 isə 75№-li mənzil üzrə 154,80 manat borc olaraq yekun 1112,48 manat borc yaranmışdır.2023-2024-cü illər üzrə isə yekun olaraq 4930,89 manat borc yaranmışdır.Cavabdeh1 04,05,07,08,09 mənzillər üzrə 2577,28 manat,Cavabdeh2 26 nömrəli mənzil üzrə 269,01 manat,Hüseynov Əsmər 41 nömrəli mənzil üzrə 140 manat,Mürsəlov Asim 52 nömrəli mənzil üzrə 648 manat.Cavabdeh4 75 nömrəli mənzil üzrə 696,60 manat olaraq yekun 4330,29 manat qalıq borc yaranmışdır. - 01 dekabr 2023-cü il tarixli, 24 nömrəli xidmət müqaviləsinə əsasən,podratçı”ASLİFT”MMC Bakı şəhəri,Nərimanov rayonu,M.Nağıyev küçəsi-4 ünvanda yerləşən 2 (iki) ədəd 630 kq-lıq, 2 (iki) ədəd 1000 kq-lıq sərnişin liftlərinin texniki xidmətini “sifarişçi” - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sifarişinə əsasən öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən bir liftin aylıq xidmət haqqı 100 manat təşkil etmişdir. - Ödəniş qəbzinin suərtindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 57 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.5-ci maddəsinə əsasən, tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək 121.1-ci maddəsinə əsasən, bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 122.3-cü maddəsinə görə Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. 142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[776] 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-cimaddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən, Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. AR Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, "R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1 -ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. İddiaçının tələb etdiyi məbləğ MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev 4-6 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın 1 kv.m sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəməsi öhdəliyi müəyyən olunmuşdur. Mütləq ödəniş ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərar hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, təkzib edilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir. Hazırda qüvvədədir. Yuxarıda qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehlərdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev 4-6 ünvanında ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 30 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə onu da qeyd edir ki, ümumi yığıncağın qərarı idarə heyəti üzvləri tərəfindən imzalansa da, Cavabdeh3 tərəfindən qərarla müəyyənləşdirilmiş kommunal xidmət haqqı borcunun tamamilə; Cavabdeh2 tərəfindən qismən ödənilməsindən; iddiaçının binaya kommunal xidmətlərinin göstərməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlər xidmətlərdən istifadə etmiş olduqalaı halda borclarını ödəməməklə əsassız varlanmış olurlar. Beləliklə, iddia tələbinin əsasının müqavilə münasibətləri, yığıncağın qərarından irəli gələn kommunal haqların ödənilməsi üzrə yaranmış öhdəlik münasibətləri və ya əsassız varlanma olmasından asılı omayaraq, həmin xidmətlərin əvəzi ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh MMMC arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə görə birbaşa müqavilə bağlanmasa da, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdeh, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmasa belə bu hallar onu, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisi çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə, kommunal xidmətlərə görə haqq ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavbdehlərin 2025-ci ilin aprel ayının 15dək olan borc məbləğləri barədə arayış təqdim edilərək qətnamə qəbul edilərkən həmin arayışın nəzərə alınması xahiş edilsə də, məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilməmiş, buna müvafiq olaraq dövlət rüsumu fərqi ödənilməmişdir. Belə olan təqdirdə məhkəmə qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, qətnamə iddia tələbi həcmində qəbul edilməli, iddiaçıya iddia ərizəsində əhatə edilməyən müddətdə yaranmış borcla bağlı yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, borc məbləğləri barədə arayış isə sübut kimi nəzərdən keçirilməlidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1501/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinə Cavabdeh1 aid hissədə xitam verilmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndəsi Cavabdeh3 tərəfindən iddia tələbinin tam həcmdə ödənilməsi barədə izahat vermişdir. Belə olan təqdirdə iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilə bilməz. Qanunvericiliyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı tərəfindən məhkəməyə cavabdehlərlə bağlanmaq üzrə hazırlanmış müqavilə formaları təqdim edilsə də, həmin müqavilələrdən yalnız Cavabdeh2 ilə olan müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Belə olan təqdirdə digər cavabdehlərlə iddiaçının hər hansı müqavilə münasibətlərinin olmadığı müəyyən edilir. Eyni zamanda mülki işin materialları ilə müəyyən edilir ki, MMMC 2023-cü ilin may ayını 5-də qeydiyyatdan keçmiş, həmin ilin may ayının 10-da mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarı qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, o cümlədən bina sakinlərinin böyük əksəriyyətinin, eyni zamanda məhkəmə icraatı gedişində Cavabdeh3 tərəfindən qərarla müəyyənləşdirilmiş kommunal xidmət haqqı borcunun tamamilə; Cavabdeh2 tərəfindən qismən ödənilməsindən; iddiaçının binaya kommunal xidmətlərinin göstərməsi müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun müəyyənləşdirdiyi hüquqi mövqeyə əsasən, binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 2023-cü ilin 9 ayı üçün 156,33, 2024cü il üçün 208,44 manat olmaqla, ümumilikdə, 364,77; Cavabdeh4 2023-cü ilin 9 ayı üçün 232,20 manat, 2024-cü il üçün 309,60 manat olmaqla, cəmi 541,80 manat qalıq borcu yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh2 borcunun 200 manatını ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, 2023-2024-cü illər ərzində yaranmış kommunal xidmətlər üzrə borc olaraq V.Fuaddan 541,80 manat; N.Ülviyyədən 164,77 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh5 münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən bütün sənədlərdə - həm sakinlərin borcu barədə arayışda, həm kommunal xidmətlərin göstərilməsi barədə müqavilədə 52 nömrəli mənzilin mülkiyyətçisi kimi Mürsəlov Asim qeyd edilmişdir. AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan mənzilin Cavabdeh5 xüsusi mülkiyyətində olduğu müəyyən edilsə də, mənzilin nə vaxtdan cavabdehin mülkiyyətinə keçməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya sübutların təqdim edilməsi üçün kifayət qədər şərait yaradılmasına baxmayaraq, iddiaçı bu imkandan istifadə etməmiş, iddia tələbini dəqiqləşdirməmiş, təsdiqedici sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbu bu hissədə təmin edilə bilməz. AR Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 2023-2024 cü illər üzrə kommunal xidmətlərin göstərilməsinə görə cavabdeh X1 164,77 manat; Cavabdeh4 516 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 56,76 manatın 19 manatı cavabdehlərdən müştərək qaydada İddiaçı MMMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2023-2024-cü illər üzrə kommunal xidmətlərin göstərilməsinə görə cavabdeh X2 164,77 (yüz altmış dörd manat 77 qəpik), Cavabdeh4 516 (beş yüz on altı) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 57 manatın dövlət rüsumunun 18 manatı cavabdehlər X1 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar