Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1503/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmağı barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 18.11.2021-ci il tarixli, K-1400 saylı əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsinə bərpa olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, 18 illik iş stajı yalnız pedoqoji fəaliyyətdən ibarət olmuşdur. Belə ki, 01.09.2003-cü il tarixdə Aşağı Ağcakənd qəsəbə orta məktəbinə ixtisası üzrə müəllim, 22.04.2010-cu il tarixdə Aşağı Ağcakənd qəsəbə tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 14.09.2012-ci il tarixdə Bayan kənd ümumi orta məktəbinə Biologiya müəllimi vəzifəsinə təyin edilmişdir. 01.02.2017-ci il tarixdə iddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsi müvvəqəti olaraq həvalə edilmişdir. Daha sonra iddiaçı Dövlət Ümumi Təhsil Müəssisəsinə direktor vəzifəsinə işə qəbul üçün test imtahanında iştirak etmiş, müvəffəqiyyət qazanmışdır. 20.12.2017-ci il tarixdə Təhsil Nazirliyinin əmri ilə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinə direktor təyin edilmişdir. 18 noyabr 2021-ci il tarixədək məktəb direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 noyabr 2021-ci il tarixli, K-1400 saylı əmri ilə iddiaçının əmək müqaviləsi Azərbaycan Resublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18 noyabr 2021-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 noyabr 2021-ci il tarixli, K-1400 saylı əmri əssasız olduğu üçün ləğv edilməli və aşağıda göstərilən səbəblərə görə məktəb direktoru vəzifəsinə işə bərpa edilməlidir. Belə ki, o direktor təyin edilməmişdən qabaq Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbdə jurnal üzrə cəmi 21 şagird təhsil almış, məktəbdə doğru-düzgün davamiyyət olmamışdır. Lakin iddiaçı direktor işlədiyi dövrdə artıq qayda-qanun yaranmış, bu səbəbdən şagird sayı ildən-ilə artmışdır. İşlədiyi müddət ərzində kollektivin nüfuzunu qazanmış, intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri qüsursuz yerinə yetirmiş, heç bir nöqsanı olmamış, rəhbərlik tərəfindən heç bir irad tutma, töhmət və ya xəbərdarlıq almamışdır. X1 üzvü olmuş, nümunəvi fəaliyyətinə görə X4 tərəfindən medalla da təltif olunmuşdur. 01 iyul 2021-ci il tarixdən əmək məzuniyyətdə olduğu müddətdə, 12 iyul 2021-ci il tarixdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən aparılmış 2 saatlıq yoxlamanın nəticəsi olaraq, tərtib olunmuş akt həmin gün deyil, başa bir vaxtda iddiaçı tərəfindən tələsik imzalanmışdır. Aktda göstərilmişdir ki, sonuncu verilmiş 3-4 əmr əmək kitabında yoxdur. Bununla əlaqədar həmin əmrlər hazır olmuş, əmr kitabının arasında olmuşdur. Sadəcə praktikada belə bir hal olur ki, əmrlər müəyyən texniki dəyişiklik ola biləcəyi ehtimalına görə kitaba bir neçə gün ərzində köçürülür. Sonra göstərilmişdir ki, pedoqoji şuranın protokol kitabına sonuncu 1 iclasın protokolu daxil edilməmişdir. Əslində həmin protokol da hazır olmuş, protokol kitabının arasında vərəqdə olmuş, sadəcə kitaba köçürülməmişdir. Daha sonra göstərilmişdir ki, dərs dinləmələr olmamışdır. Bununla əlaqədar ölkədə olan mövcud pandemiya şəraiti ilə əlaqədar ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunmuş, 08 fevral 2021-ci il tarixdən isə növbəli iş rejiminə keçirilmişdir. Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması çətinlik yaratdığından dərsdinləmələr olmamışdır. Çünki, pandemiya şəraiti olmuş, otaqlar böyük olmadığından hərkəsi biryerə yığmaq və eyni zamanda şagirdlər arasında sosial məsafə yaratmağa çalışmaq çətinlik törətmişdir. Həmçinin göstərilmişdir ki, texniki işçi X3 dərs vaxtı işdə olmamışdır. Bununla əlaqədar bildirirəm ki, texniki heyətə dair tələblər barədə Nazirlər Kabinetinin qərarında göstərilmişdir ki, texniki heyət üçün növbəli iş rejimi tətbiq olunur və onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra təşkili təmin edilməlidir. Təhsil nazirliyi əməkdaşları tərəfindən isə yoxlama cəmi 2 saat müddət ərzində keçirildiyindən, texniki işçinin işdə olması həmin vaxta təsadüf etməmişdir. Həmin əməkdaşlar özləri də şifahi şəkildə bildirdilər ki, pandemiya şəraiti olduğundan bu hal normaldır. Qeyd olunanlar tədrisin təşkilinin pozulmasına heç bir halda səbəb ola bilməz. Cavabdeh Əmək Məcəlləsinin bir sıra imperativ tələblərinə riayət etməmiş və həmin Məcəllə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili hər biri ayrıayrılıqda iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 12.07.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində aparılmış yoxlama nəticəsində aşkar olunmuş nöqsan və çatışmamazlıqlar qeyd olunmuş və səlahiyyətli şəxslər tərəfindən təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş 09-09-1507/10 nömrəli 29.10.2021-ci il tarixli Təhsil Nazirliyinin İnsan Resursları tərəfindən ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının sədri Səmayə Şabanovaya göndərilmiş təqdimatdan görünür ki, Mərkəzi İcra hakimiyyətləri orqanları rəhbərlərinin vətəndaşların qəbulu qrafikinə uyğun olaraq 25.06.2021-ci il tarixində X5 Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktorunun hüquqazidd əməllərə yol verməsi barədə şikayət xarakterli müraciətində qaldırılan məsələlərin yerində araşdırılması məqsədilə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən yoxlama keçirilmişdir. Yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmamazlıları nəzərə alaraq Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin məqsədəmüvafiq hesab edildiyini və bu barədə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının 02.11.2021-ci il tarixli 01 nömrəli iclas protokolundan edilmiş çıxarışdan görünür ki, Əhmədova Sədaqət Məmmədəli qızının sədrliyi ilə keçirilmiş iclasda Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə Azərbaycan Respublikasının 29.10.2021-ci il tarixli 09-09-1507/10 nömrəli məktubu nəzərə alınaraq Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqəsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş K-1400 nömrəli 18.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” əmrdən görünür ki, Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verildiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilələri üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18.11.2021-ci il tarixdə ləğv edilməsi əmr edilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Bundan sonra 12.07.2021-ci il tarixdə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində cavabdehin əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində nöqsan və çatışmamazlıqları müəyyən edilərək həmin tarixdə müvafiq akt tərtib edilmişdir. Bundan sonra cavabdeh tərəfindən Təhsil Nazirliyinin İnsan Resursları tərəfindən ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatına təqdimatla müraciət edilmiş və göstərilən nöqsan və çatışmamazlıqlara əsasən Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin məqsədəmüvafiq hesab edildiyini və bu barədə münasibət bildirilməsi xahiş olunmuşdur. ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının 02.11.2021-ci il tarixli 01 nömrəli iclasında Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə qərarar qəbul edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş K-1400 nömrəli 18.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” əmrlə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla razılaşmayan iddiaçı əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 80-cı Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalara dair maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madddənin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər; Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzrəində qurulmasını müəyyən etmişdir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblər uzlaşdırılması zamanı uyğunzuluqlar aşkar olunmuşdur. Belə ki, göründüyü kimi iddiaçının işlədiyi Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində yoxlama 12.07.2021-ci il tarixdə aparılmışdır. Daha sonra 29.10.2021-ci il tarixdə 09-09-1507/10 nömrəli təqdimatla Təhsil Nazirliyinin İnsan Resursları tərəfindən ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuşdur. Sonuncunun 02.11.2021-ci il tarixli 01 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş təqdimat üzrə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə hazırda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsanları və ya çatışmamazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrinin düzgün icra edib-etməməsinin müəyyən olunmasını zəruri hesab edir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. Qeyd olunan halların müəyyən edilməsi zamanı işə götürən tərəfindən yol verilən pozuntuları 12.07.2021-ci il tarixdə aşkar etməsinə baxmayaraq işçi barəsində müvafiq inzibati tənbeh 18.11.2021-ci il tarixdə icra olunmuşdur. Odur ki, hazırda işəgötürən tərəfindən qanunvericliyin imperativ normalarının pozulmaqla işçiyə inzibati tənbeh tətbiqinə yol verildiyi müəyyən olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Həmin Maddənin 2-ci hissəsi əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun; Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçıya tətbiq edilən intizam tənbehinin icrası cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olumnuşdur. Belə ki, iddiaçının vəzifə fəaliyyəti üzrə nöqsanlar 12.07.2021-ci il tarixdə aşkar olunmuşdur. Qeyd olunan hal üzrə qanunun tələbi işçi barədə nöqsan aşkar edildikdən sonra 1 ay müddətində işəgötürən tərəfindən intizam tənbeh tədbirinin tətbiqi həyata keçirilməsi göstərilmişdir. Belə olan halda 12.07.2021-ci il tarixdə aşkar edilmiş iddiaçının nöqsanları cavabdeh tərəfindən müvafiq əmələ görə intizam tənbehinin tətbiq edilməsi üçün son tarixi 12.08.2021-ci il olmalı olduğu halda təqdim edilmiş sübutlardan görünür ki, cavabdeh 18.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsini 12.07.2021-ci il tarixdə aşkar olunmuş nöqsanlara əsasən ləğv edilməsi barədə əmr vermişdir. Bununla da cavabdeh işçi və işəğötürən arasında münasibətləri tənzimləyən maddi hüquq normasını tələblərini pozmuşdur. Qeyd olunan maddi hüquq normasının imperativ tələblərinə əsasən iddiaçıya cavabdeh təfərindən tətbiq edilmiş intizam tənbehi qanunun pozulması ilə tətbiq edildiyindən öz qanuni əhəmiyyətini itirmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qəbul edilmiş 18 noyabr 2021-ci il tarixli, K- 1400 saylı əmri İddiaçı aid hissədə ləğv edilməli və İddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinə direktor vəzifəsinə bərpa olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddia tələb təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qəbul edilmiş 18 noyabr 2021-ci il tarixli, K- 1400 saylı əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinə direktor vəzifəsinə bərpa olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1503/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1503/2022
19.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver