Məhkəmə qərarları › İş №2(005)-153/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-153/2021

20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-153/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı prosessual hüquqi varisi X13 iştirakı ilə, İddiaçı prosessual hüquqi varisi X13 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X9, X14 və X10 ilə birlikdə mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 7 saylı evin, 29 nömrəli mənzilin yaşayış sahəsindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş gəlini olmuş, belə ki, xx.xx.2003-cü ildə oğlu Anar Əzimzadə ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, xx.xx.2015-ci il tarixdə məhkəmə qaydasında nikahları pozulmuş və nikahın pozulması xx.xx.2016cı il tarixdə qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Nikah pozulduqdan sonra birgə nikahdan olan Mehriban, Rüqəyya və Əliyusuf adlı uşaqları cavabdehin yanında qalmış və onların saxlanması üçün oğlu Anar Əzimzadədən 351,0 manat məbləğində alimentin tutulması qət edilmişdir. Oğlu ilə cavabdeh ailə həyatı qurduqdan sonra yəni 2004-cü ildə cavabdeh Qarabağ küçəsi, 34 ünvanında yerləşən mülkiyyətimdə olan mənzilə qeydiyyata salınmış, nikahları pozulduqdan sonra, yəni 2017-ci ildə məhkəmə qaydasında həmin mənzildən qeydiyyatdan çıxarılmışdır. O, xx xxxxxx 2019-cu il tarixdə mübahisəli mənzili almış və mart ayında cavabdehi həmin mənzilə qeydiyyata salmışdır. Belə ki, qeydiyyata düşməyə yeri olmadığından müvəqqəti olaraq həmin mənzilə qeydiyyata salınmışdır. Lakin cavabdeh hazırda uşaqları ilə birlikdə Lənkəran şəhərində yaşayır uşaqları da Lənkəran şəhər 4 nömrəli məktəbdə təhsil alırlar. Cavabdeh Lənkəran şəhərində yaşadığından və yaşamağa yeri olduğundan dəfələrlə ona iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxması barədə xəbərdarlıq etsə də, bu günədək heç bir nəticəsi olmamışdır. Göründüyü kimi cavabdeh oğlu ilə rəsmi nikahda deyil, cavabdeh ona məxsus mənzilə 2019-cu ildə qeydiyyata düşmüş, onun həmin mənzildə hər hansı bir əmlakı yoxdur, cavabdeh onun ailə üzvü deyil və onun mənzildə qeydiyyatda qalmasına heç bir hüquqi əsası yoxdur. Hazırda cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması formal xarakter daşısa da, mülkiyyət hüquqlarının həyata keçirilməsinə, o cümlədən mülkiyyətinə dair sərəncam vermək hüququ məhdudlaşdırmışdır. Cavabdehlə aralarında eyni səpkidə məhkəmə çəkişməsi olmuş, 2(005)-3119/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli məhkəmə qərarına əsasən cavabdehin keçmiş mənzilində pasport qeydiyyatında olmağına baxmayaraq ümumiyyətlə yaşayış sahəsinə istifadə hüququnun yaranmadığı aşkarlanmış və buda öz növbəsində pasport qeydiyyatından çıxarılmasına əsas yaratmışdır. Məhkəmə gedişatında İddiaçı ölmüş, işə prosessual hüquqi varisi olaraq X18 cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı prosessual hüquqi varisi X18 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram vuraraq, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 7, 29 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 973 nömrəli reyestr kitabının 87236 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır; Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 251656 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X18 ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 321 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Əzimzadə soyadı verilmişdir; SSR Kirovskiy rayon ZAQS bölməsi tərəfindən xx.xx.1979-cu il tarixdə verilmiş Vİ-JQ seriyalı, 200429 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X18 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – Əzimov Arif, anası – İddiaçıdır; AR Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X9, X10, X18, Cavabdeh, X14 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 7, 29 saylı mənzilində qeydiyyatdadırlar; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3119/2017 nömrəli xx xxxx 2017-ci il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 34 saylı evin, 51 saylı mənzilindən istifadə hüquqlarının olmaması əsası ilə rədd edilmiş, bu qətnamə Cavabdeh (övladları X14, X9 və X10 ilə birlikdə) Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 34 saylı evin, 51 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsas olmuşdur; Azərbaycan Lənkəran LİHB-nın Gərmətün qəsəbə inzibati ərazi dairəsində nümayəndəliyi Lənkəran rayonu Gərmətün qəsəbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 088343 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə beyin insultu səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 28 nömrə ilə qeyd edilmişdir; 1 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin “Mən, 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X11 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-İddiaçı QİZİNİN vərəsəsi: BAKİ ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, ƏLİYAR ƏLİYEV KÜÇƏSİ, EV 7, MƏNZİL 29 ünvanında qeydiyyatda olan oğlu-X18 (AA0692324, xx.xx.2019 - Asan 1, FİN:0Z4PRJX, d/t:xx.xx.1979) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin DƏDRX-nin 1 saylı Bakı ŞƏİ tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı QİZİNA verilmiş **********58-05101-093012 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.6 kv.m. olan mənzildən ibarətdir” qeyd olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 7, 29 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi X13 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2020-ci il tarixli cavab məktubunda “Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 7, 29 saylı mənzilin ərizədə qeyd olunan Cavabdeh, X5 X7, X6 dövlət reyestrində istifadə hüquqlarının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir” qeyd olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2020-ci il tarixli cavab məktubunda “ünvan 2 ünvanı ilkin olaraq X4 adına xx.xx.1991-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.1999-cu il tarixdə həmin mənzil X2 mülkiyyətinə keçmişdir. Sözügedən mənzil xx.xx.2000-ci il tarixdə X8, xx.xx.2009-cu il tarixdə isə X12 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdən etibarən bəhs edilən Bakı səhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 7, mənzil 29 üzərində İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır və hazırda onun mülkiyyətindədir” qeyd olunmuşdur; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olubolmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi xx xxxx 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, “cavabdehin istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbi ilə bağlı mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları çıxış edir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi xx xxx 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MM-in 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiya-hüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 7 saylı evin, 29 nömrəli mənzilin mülkiyyətçisinin (əvvəlki və hazırkı) keçmiş ailə üzvləri kateqoriyasına da aid edilə bilməz. Qeyd olunmalıdır ki, hazırda həmin mənzil vərəsəlik yolu ilə iddiaçının oğlu, iş üzrə prosessual hüquqi varisi X13 adına dövlət qeydiyyatından keçmiş, hazırda onun mülkiyyətindədir. Belə ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqlarından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Məhkəmə araşdırması zamanı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 7 saylı evin, 29 nömrəli mənzildə istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı bir sübut mövcud olmamışdır. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdeh pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, ünvan 2 ünvanı xx.xx.2019-cu il tarixdən etibarən İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmış, sonradan iş üzrə cavabdeh X9 xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 7, 29 saylı mənzilində qeydiyyata alınmışdır. X18 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə nikah ləğv edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş, iddiaçının hüquqi varisi kimi X18 işə cəlb edilmişdir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 7, 29 nömrəli mənzil xüsusi mülkiyyət hüququ kimi X13 adına xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyata alınmışdır. Cavabdehin mübahisəli mənzilə istifadə hüququ barədə mənzilin mülkiyyətçisi arasında notariat qaydasında yazılı razılaşma mövcud deyildir. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Lakin cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçının gəlini, prosessual hüquqi varisin keçmiş arvadı olaraq Cavabdeh qanunvericiliyin tələblərinə əsasən iddiaçının ailə üzvü olmamışdır və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, Cavabdeh X13 ailə üzvü və ya digər qohumu hesab edilmir və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, X18 mülkiyyətçisi olduğu mənzilə cavabdehin istifadə hüquqları yaranmamışdır. Belə olduğu təqdirdə isə Cavabdeh X16 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 7 saylı evin, 29 nömrəli mənzilə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Mülki məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin tərəflərə və müvafıq dövlət orqanına izah edilməsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, qətnamə mənzildən cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X16 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 7 saylı evin, 29 nömrəli mənzilə istifadə hüququnun olmaması müəyyən edilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh, X9, X14 və X10 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 7 saylı evin, 29 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar