Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1548/2022 20.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə 05.09.2017-ci il tarixdə aralarında bağlanmış müqavilənin ləğv edilməsini, Cavabdeh1, onun xaricdə təhsil almaq məqsədi ilə təhsil və digər xərclər üzrə ödədiyi 5400 (beş min dörd yüz) ABŞ dolları məbləğində borcu və əlavə olaraq ona və atası X3 vurduğu mənəvi ziyana görə cavabdehdən əlavə 3000 (üç min) manat təzminatın onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə 05.09.2017-ci il tarixdə aralarında bağlanmış müqavilənin ləğv edilməsini, cavabdeh "xxxx" MMC-dən, onun xaricdə təhsil almaq məqsədi ilə təhsil və digər xərclər üzrə ödədiyi 5400 (beş min dörd yüz) ABŞ dolları məbləğində borcu və əlavə olaraq ona və atası X3 vurduğu mənəvi ziyana görə cavabdehdən əlavə 3000 (üç min) manat təzminatın onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xaricdə təhsil almaq məqsədi ilə, 05 sentyabr 2017-ci il tarixdə “Bakı Biznes Treninq" MMC ilə aralarında Tibilisi Humanitar Universitetinin “hüquq fakültəsində” təhsil alması üçün müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, onun Tibilisi Humanitar Universitetinin “hüquq fakültəsində" təhsil alması üçün hər il "xxxx" MMC-yə 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində təhsil haqqı, dörd il ərzinə 10 000 (or min) ABŞ dolları vəsait ödəməli idi. İlkin olaraq, o, “Bakı Biznes Treninq" MMC-nin direktoru Cavabdeh1 təhsil haqqı üçün 1500 (bir min beş yüz) ABŞ dolları vəsaiti, sonra Tiflisə gedərək orada Cavabdeh1 təhsil haqqı 1000 (bir min) ABŞ dolları məbləğində pul ödənişi etmişdir. 2018-ci ilin avqust ayında cavabdeh ondan ikinci kursa təhsil haqqı üzrə 900 (doqquz yüz) ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Lakin, ümumilikdə aldığı pulla görə ona heç bir ödəniş qəbzi verməmişdir. Eyni zamanda onun Tibilisi Humanitar Universitetinin “hüquq fakültəsində" təhsil alması barədə onlara heç bir sənəd (tələbə bileti və zaçot kitabçası) təqdim etməmişdir. Bu barədə iddiaçı və atası X4, Cavabdeh1 müraciət etmələrinə baxmayaraq, cavabdeh onlara qısa müddət ərzində təhsil barəsində sənədləri ona təqdim edəcəyini söyləmişdir. 2017-2018-ci il ərzində o, atası X4 və Cavabdeh1 beş dəfə təhsilə görə Tiflisə getmişdirlər. Hər gediş vaxtı yol haqqı, yaşama haqqı və digər xərclər 500 (beş yüz) ABŞ dolları təşkil edirdi. Hər üçünə cəmi bu müddət ərzində 2500 (iki min beş yüz) ABŞ dolları pul xərcləmişdir. 2018-ci ilin sonlarında başa düşmüşdür ki, Cavabdeh1 onları aldatmışdır. Ondan təhsil haqqı 3400 (üç min dörd yüz) və ödədiyi digər xərclərin 2500 (iki min beş yüz) ABŞ dolları - cəmi 5900 (beş min doqquz yüz) ABŞ dolları pul vəsaitini tələb edəndə, o ona və atası X3 bütün pulun qaytarılmasına söz verdi. Pulu qaytarmadığına görə atası X4, Cavabdeh1 barəsində 20.06.2019-cu il tarixdə Yasamal RPl-nin 28-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Yasamal RPl-nin 28-ci Polis Bölməsinin atam X3 verdiyi 094-61770-3219 nömrəli, 17.09.2019-cu il tarixli cavab məktubunda aparılmış araşdırma nəticəsində müraciətinin mülki xarakterli olduğunu, mülki işlərə baxmaq səlahiyyəti isə məhkəmə orqanlarına aid olduğunu, bu barədə məhkəmə orqanına müraciət etməyi məqsədəmüvafiq olduğunu qeyd etmişlər. Polis bölməsinə edilmiş müraciətdən sonra, Cavabdeh1 ona 500 (beş yüz) ABŞ dolları pul vəsaitini qaytarmış və ona qalan pulun qaytarılmasına söz versə də, ödəməmiş və ödəməkdən yayınmışdır. O, da məcburiyyət qarşısında qalıb, məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən öncə o, 04.02.2022-ci il tarixdə, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh1 05.09.2017-ci il tarixdə aralarında bağlanmış müqavilənin ləğv edilməsini, bu barədə ona məlumat verilməsini, əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət etmək məcburiyyətində olacağı haqqında ünvanına xəbərnaməli ərizə göndərmişdir. Lakin, ərizədən artıq müddət keçməsinə baxmayaraq, ərizə cavabsız qalmışdır. Bundan əlavə olaraq, Cavabdeh1 bu müddət ərzində ona və atası X3 vurduğu mənəvi ziyana görə ondan əlavə 3000 (üç min) manat təzminat ödəməsini tələb edir. Həmçinin bildirmək istəyir ki, özü ikinci Qarabağ müharibəsi veteranıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, həmçinin iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-dən 5400 (beş min dörd yüz) ABŞ dolları maddi ziyana görə görə pulun iddiaçının xeyrinə ödənilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına razılığın olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC və İddiaçı ilə aralarında bağlanmış 05.09.2017-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Tibilisi Humanitar Universitetinin “hüquq fakültəsində” təhsil alması üçün müqavilə bağlanmış, yataqxana və qidalanma xidməti hər ay 120 ABŞ dollarının məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan 2 nömrəli əlavədən görünür ki, təhsil haqqının illik 2500 dollar xərci ilkin ödəniş 1300 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ərizədən görünür ki, İddiaçı ödədiyi pul vəsaitinin ona qaytarılmasını, əks halda məhkəməyə müraciət edəcəyi barədə məluma vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdeh "xxxx" MMC-dən İddiaçı vurulmuş 5400 (beş min dörd yüz) ABŞ dolları məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 5400 (beş min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1548/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1548/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver