Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1549/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X8” MMC-yə qarşı “müqavilələr üzrə öhdəliklərin icrası, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: müqavilələr üzrə öhdəliklərin icrası; mənzilin təhvil verilməsi; maddi ziyan; mənəvi zərər) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "X7" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “X8” MMC-yə qarşı “müqavilələr üzrə öhdəliklərin icrası, mənzilin təhvil verilməsi və maddi və mənəvi ziyan” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh arasında podrat müqavilə münasibətləri əsasında bağlanmış 28 fevral 2022-ci il tarixli Razılaşma müqaviləsinə əsasən İddiaçı cavabdeh "X7" MMC-i qarşısında ona məxsus sənəd üzrə ümumi sahəsi 62,50 kv.m, faktiki ümumi 86,67 kv.m tikili və 47,07 kv.m sahəsi olan, ünvan 4anov rayonu, Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzilinin sökülərək həmin ərazidə "X7" MMC tərəfindən inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi üçün cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürmüş, sonuncu isə qiyməti 154 294 min manat dəyərləndirilən, cəmi sahəsi 110,21 kv m.sahə üçün (86,67+47,07) iddiaçıya 154 294 manat hissəsinin və əlavə ayda 1 875 manat olmaqla, 24 ay ərzində cəmi 45 000 manat ödənişin əvəzinə Cavabdeh MMC-nin Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəli, cox mənzilli yaşayış binasından ümumi sahəsi 106,06 kv.m. 1(bir) ədəd üç otaqlı və ümumi sahəsi 94,77 kv.m olan 1(bir) ədəd 2 (iki) otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə X1 adına rəsmiləşdirib təhvil verməyi öz öhdəsinə götürmüşdür.
2. xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 4anov rayonu, Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzili iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş və sonuncu isə təhvil götürmüşdür.
3. Qeyd edilən bina cavabdeh MMC tərəfindən inşa edilsə də, iddiaçı tərəf müqavilə üzrə öhdəlikləri icra etməsini bildirərək mənzillərin MMC tərəfindən ona təhvil verilməməsini, təhvil verilməməklə bağlı cavabdehin müqavilə şərtlərini pozmasını mübahisələndirir.
4. Cavabdeh iddiaya etirazının əsası kimi iddiaçının müqavilənin şərtlərini yerinə yetirməməsinə, buna baxmayaraq "X7" MMC-nin müqavilənin 3-cü bəndində qeyd edilən və müqavilənin ümumi dəyəri kimi nəzərdə tutulan 154.294 manat məbləğində vəsaiti istənilən vaxt iddiaçıya ödəməyə hazır olmalarına istinad etmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı cavabdeh “X8” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "X8 MMC-yə birdəfəlik 45000 (qırx beş min) manat ödənişin əvəzində X8 MMC-nin Bakı şəhəri İ.Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəlı çoxmənzilli yaşayış binasında ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə onun adına rəsmiləşdirib təhvil verməyi həmin MMCnin öhdəsinə qoyulması və müqavilənin şərtinə uyğun olaraq razılaşmanı pozduğu üçün “X8" MMC tərəfindən ona 50000 (əlli min) manat təzminatın ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, 24 fevral 2024-cü il tarixdən “X8" MMC ilə aralarında bağlanmış müqavilədə göstərilən mənzillər ona təhvil veriləndən iki ay sonraya kimi kirayə haqqı olaraq ona hər ay üçün 700 (yeddi yüz) manat ödənilməsi vəzifəsi “X8" MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, onunla "X8" MMC arasında 28 fevral 2022-cı il tarixdə notarial qaydada təsdiq olunmaqla müqavilə bağlanaraq razılığa gəlinmişdir ki, onun tərəfindən ünvan 4anov rayonu Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzilində qeydiyyatda olan X4 ona məxsus, sənəd üzrə umumi sahəsi 62.5 kv.m. faktiki ümumi 86.67 kv.m. sahəsi və 47.07 kv.m. həyət sahəsi olan, Bakı şəhəri N.Nərimanov rayonu Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzilinin sökülərək həmin ərazidə ”X8" MMC tərəfindən inşa ediləcək yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "X8" MMC-yə təhvil verilir və təhvil verilən mənzilin dəyərinin tam 154294 manat hissəsinin və əlavə ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin əvəzinə "X8" MMC Bakı şəhəri İ.Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106.06kv.m. 1 ədəd 3 otaqlı və ümumi sahəs» 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə onun adına rəsmiləşdirib təhvil verməyi oz öhdəsinə götürür. Həmçinin razılaşdırılmışdır ki, Müqavilə imzalandıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50000 (əlli min) manat təzminat ödəməyi öhdəsinə götürür. Onun tərəfindən ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin əvəzində "X8' MMC tərəfindən sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı təmirsiz mənzilin ona verilməsi 106.06 kv.m. 1 ədəd 3 otaqlı mənzilin təmiri və 2 il müddətində 4 nəfərdən ibarət ailəsinin kirayə haqqının əvəzində nəzərdə tutulmuşdur. "X8” MMC-nin Bakı şəhəri İ.Hidayətzadə 130 ünvanda yeni binanın tikintisi 2023-cü ilin mart ayından başlanmışdır. MMC tərəfindən ona bildirilmişdir ki, mənzillərə dair müqavilələrin bağlanması və aylıq müvafiq ödənişin edilməsi vaxtını onların ona bildirəcəklər. Lakin bir müddət ona hər hansı bildiriş verilmədikdə 2023-cu ilin avqust ayında başlayaraq 1875 manat ödənişin icrası üçün bir neçə dəfə cəhd etməyimə baxmayaraq cavabdeh nə icranı nağd şəkildə qəbul etmiş, nə də ki, müvafiq bank hesabı təqdim etmişdir. Tərəfindən olan şifahi və yazılı müraciətlərə cavab verilməmişdir. Sentyabr 2023-cü il tarixdə müvafiq məsələ ilə əlaqədar “X8" MMC-yə müraciət etdikdə ona bildirilmişdir ki, ötən müddət ərzində ödəniş etmədiyi üçün razılaşmada nəzərdə tutulmuş sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzil ona verilməyəcək. Beləliklə, "X8" MMC onunla notarial qaydada bağladığı müqavilənin qeyd edilən mənzilə aid şərtindən birtərəfli qaydada imtina etmişdir. "X8" MMC ilə onun arasında notarial qaydada bağlanmış müqavilənin şərtlərinə əsasən Bakı şəhəri N.Nərimanov rayonu Mayakovski küçəsində yerləşməklə yaşadığı 9 saylı evin 6 saylı mənzilinin sökülməsi üçün həmin MMC-yə təhvil verməyi və ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin edilməsini öhdəmə götürməklə "X8" MMC, yəni kreditor qarşısında borclu şəklində çıxış etmişdir. "X8" MMC isə təhvil verdiyi 6 saylı mənzilin və 24 ay ərzində ödəyəcəyi 45000 manat vəsaitin əvəzində ona, yəni kreditora Bakı şəhəri İ.Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106.06kv.m. 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94 77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə təhvil verməyi öhdəsinə götürməklə borclu kimi çıxış etmişdir. Cavabdehlə aralarında bağlanmış müqavilə əvəzli müqavilə olmaqla qarşılıqlı surətdə hər birində öhdəlik və tələbetmək hüququ yaratmışdır. Cavabdehin qarşısında boclu olduğu halın, yəni ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin edilməməsi kreditorun, "X8" MMC-nin icranı üzürsüz səbəbdən qəbul etməməsi nəticəsində olmuşdur. Bunu əsaslandırmaq üçün bildirir ki, müqavilə bağlandığı tarixdən sonra dəfələrlə nağd ödənişin edilməsi və ya vəsait ödəmək üçün müvafiq bank hesabının verilməsinə görə yazılı və şifahi müraciətlər etməyinə baxmayaraq cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilməklə ödənişin icrası yubadılmış və qəbul edilməmişdir. Bununla da kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməmiş və ya mənim (borclunun) öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirməyərək icranı gecikdirmişdir. Heç bir əsas olmadan onla notariat qaydasında bağladığı müqavilənin yuxarıda göstərilən hissəsindən qanunsuz olaraq birtərəfli qaydada imtina etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri
8. Cavabdeh "X7" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddia ərizəsi tərəflər arasında bağlanmış və xx.xx.2022-ci il tarixli, notariusda təsdiq edilmiş “Razılaşma Müqaviləsinə” əsaslanıbdır. İddiaçı qeyd edilən müqavilənin məzmununu və eləcə də tərəflərin müqavilədə götürdükləri öhdəlikləri tamamilə təhrif edərək, cavabdehdən yaranmayan öhdəliklərə görə tələblər irəli sürübdür. Qeyd edilən müqavilənin 3-cü bəndində göstərilir ki, müqavilənin dəyəri 154.294 manat təşkil edir. İddiaçıya məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 9 saylı evin 6 saylı mənzilinin ümumi sahəsi, 86,67+47,07=110,21 kv.m. təşkil edir. Göstərilən sahə faktiki tikili və həyat sahə nəzərə alınmaqla müəyyən edilmişdir. Cavabdeh MMC qeyd edilən sahəyə 20% əlavə sahə verəcəyini öhdəsinə götürmüşdür. Müqavilənin real halları 110,21 kv.m. sahə və 154 294 min manat təşkil edir. Cavabdeh qeyd edilən sahəni iddiaçıya verməli və ya da onun göstərilən məbləğini iddiaçıya ödəməlidir. Müqavilənin 4cü bəndində göstərilir ki, “Təhvil verilən yuxarıda göstərilən mənzilin 154 294 manat hissəsinin və əlavə ayda 1 875 manat olmaqla, 24 ay ərzində cəmi 45 000 manat ödənişin əvəzinə Cavabdeh MMC Bakı şəhəri, İ. Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəli, cox mənzilli yaşayış binasından ümumi sahəsi 106,06 kv.m. 1(bir) ədəd üç otaqlı və ümumi sahəsi 94,77 kv.m olan 1(bir) ədəd 2 (iki) otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonar təmirsiz vəziyyətdə X1 adına rəsmiləşdirib təhvil verməyi öz öhdəsinə götürür”. Müqavilənin qeyd edilən bəndinin məzmununa görə, iddiaçı 94.77 kv.m. sahəsi olan iki otaqlı mənzili 24 ay müddətində, ayda 1875 manat ödədiyi halda əldə edə bilərdi. Lakin, iddiaçı, müqavilədə göstərilən qeyd edilən öhdəliyi ümumiyyətlə yerinə yetirməmişdir. İddiaçı müqavilə öhdəliyini nəinki qəsdən yerinə yetirməmişdir, eyni zamanda MMC ilə hər-hansı bir formada əlaqə saxlamamışdır və əlaqənin saxlanması üçün isə ünvan və digər əlaqə vasitəsini də bildirməmişdir. İddiaçı göstərilən müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək müqavilə öhdəliyini pozmuşdur. İddiaçı müqavilənin 5-ci bəndinin tələbini də pozmuşdur. Həmin bənddə göstərilir ki, X4 və ailə üzvləri üç ay müddətində qeydiyyatdan cıxmağı öhdələrinə götürürlər. Lakin, iddiaçı həmin müqavilə öhdəliyini də pozmaqla qeydiyyatdan çıxmamışdırlar. İddia ərizəsində də iddiacı həmin ünvanda qeydiyyatda olduğunu göstərir. Bundan başqa müqavilənin 6-cı bəndinin şərtinə görə iddiaçı 28 mart 2022-ci ilə qədər qeyd edilən mənzili boşaldaraq "X7" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, iddaçı müqavilənin həmin bəndinin də tələblərini pozaraq qeyd olunan müddətdə mənzilini boşaldaraq təhvil verməmişdir. Halbuki, müqavilənin 8-ci bəndinin şərtlərinə görə "X7" MMC-nin iddiaçı qarşısında öhdəliyi yalnız iddiaçı həmin mənzili cavabdehə təhvil verdiyi gündən yaranmağa başlamalayırdı. Göründüyü kimi müqavilənin bu bəndləri də iddiaçı tərəfindən açıq-aşkar pozulmuşdur. Bununla belə iddiaçının öz müqavilə öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq "X7" MMC müqavilənin 3-cü bəndində qeyd edilən və müqavilənin ümumi dəyəri kimi nəzərdə tutulan 154.294 manat məbləğində vəsaiti istənilən vaxt iddiaçıya ödəməyə hazırdır. Müqavilənin 9-cu bəndində göstərilir ki, hər hansı bir tərəf müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50.000 manat təzminat ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilə öhdəliklərini kobud qaydada pozmuşdur. Lakin buna baxmayaraq İddiaçının tamamilə əsassız olaraq qarşı tərəfdən 50.000 manat təzminat tələb etməsi müqavilə öhdəliyinə vicdansız yanaşmadır.
Məhkəmə iclasında verilən izahatlar
9. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh "X7" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları
12. İddiaçı ilə "X7" MMC-nin nümayəndəsi X3 bağlanmış və 12 saylı Notariat Ofisi tərəfindən notarial qaydada təsdiq edilmiş 28 fevral 2022-ci il tarixli Razılaşma müqaviləsinə aşağıdakı bəndlərinə əsasən
1. X4 ona məxsus sənəd üzrə ümumi sahəsi 62,50 kv.m, faktiki ümumi 86,67 kv.m tikili və 47,07 kv.m sahəsi olan ünvan 4anov rayonu Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzilinin sökülərək həmin ərazidə "X7" MMC tərəfindən inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi üçün "X7" MMC-yə təhvil verir.
2. tərəflər arasında hesablaşma aşağıdakı üsulla aparılır: 86,67+47,07/2=110,21 kv.m, 110,21+20%=132,25 kv.m.
3. Müqavilənin dəyəri -154294 manat nəzərdə tutulur.
4. Təhvil verilən yuxarıda qeyd olunmuş mənzilin dəyərinin tam 154294 manat hissəsinin və əlavə ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin əvəzinə "X7" MMC Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanında inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106,06 kv.m 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə X1 adına rəsmiləşdirilib təhvil verməyi öhdəsinə götürmüşdür.
5. X4 və ailə üzvləri 3 ay müddətinə qeydiyyatdan çıxmağı öhdələrinə götürürlər.
6. X4 mülkiyyətçisi olduğu ünvan 4anov rayonu Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzilini xx.xx.2022-ci il tarixinədək boşaldaraq "X7" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.
7. Gələcəkdə qeyd olunan mənzillə əlaqədar mülkiyyətçi X4, onun ailə üzvləri və digər aidiyyatı şəxslər tərəfindən irəli sürüləcək hər hansı bir iddiaya mülkiyyətçi X4 cavabdehdir.
8. Müqavilənin müddəti birinci tərəfin ona məxsus mənzili təhvil veridyi gündən başlayaraq, 2 il nəzərdə tutulur. Bu müddət fors-major hallarda tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər.
9. Müqavilə imzalandıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50000 (əlli min) manat təzminat ödəməyi öhdəsinə götürmüşdür. 10.Bu müqavilə üzrə və bu müqavilədə nəzərdə tutulmamış hər hansı müddəa üzrə yarana biləcək mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.
13. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "X7" MMC-nin əməkdaşı X3 və İddiaçı imzalarıyla təsdiq edirlər ki, İddiaçı ona məxsus ünvan 4anov rayonu Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzilini "X7" MMC-yə təhvil vermiş, "X7" MMC isə təhvil götürmüşdür. İşıq sayğacı-borc yoxdur. Su sayğacı borcu yoxdur. MİS borcu yoxdur.
14. 38 saylı MKİS-in 027025 nömrəli arayışından görünür ki, X4 ünvan 4anov rayonu Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzil kommunal xidməti və məişət tullantılarının daşınması üçün 38 saylı MKİS-ə borcu yoxdur.
15. "xxxx" ASC-nin AB 024410 nömrəli arayışdan görünür ki, ünvan 4anov rayonu Mayakovski küçəsi 9 saylı evin 6 saylı mənzil ünvanında yaşayan X2 ondan ötrü verilmişdir ki, onun xx.xx.2022-ci il tarixi üçün "xxxx" ASC-yə elektrik enerjisindən borcu yoxdur.
Mülki işə tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Məhkəmə həmçinin qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir.
18. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
19. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir.
20. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
21. Beləliklə, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
İşə baxan məhkəmənin mövqeyi:
22. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən əsasən müqavilənin 4-cü bəndi yerinə yetirilməməmişdir, yəni, o, hazırki vaxta kimi təhvil verdiyi mənzilə görə əldə edəcəyi ikinci mənzilin əlavə sahəsinə görə xx.xx.20202-ci il tarixdən başlayaraq 24 ay ərzində əlavə ayda 1 875 manat olmaqla, cəmi 45 000 manat ödənişi MMC-yə ödəməmişdir.
22. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən əsasən müqavilənin 4-cü bəndi yerinə yetirilməməmişdir, yəni, o, hazırki vaxta kimi təhvil verdiyi mənzilə görə əldə edəcəyi ikinci mənzilin əlavə sahəsinə görə xx.xx.20202-ci il tarixdən başlayaraq 24 ay ərzində əlavə ayda 1 875 manat olmaqla, cəmi 45 000 manat ödənişi MMC-yə ödəməmişdir.
23. İddiaçı bunu 2023-cu ilin avqust ayından başlayaraq 1875 manat ödənişin icrası üçün bir neçə dəfə cəhd etməyinə baxmayaraq cavabdehin nə icranı nağd şəkildə qəbul, nə də ki, müvafiq bank hesabı təqdim etməməsi ilə əsaslandırmışdır.
24. Cavabdeh tərəf müqavilənin 4-cü bəndinin iddiaçı tərəfindən yerinə yetirilməməsini təsdiq etməklə yanaşı iddiaçının ödəniş üçün MMC ilə heç bir formada əlaqə saxlamamasına istinad etmişdir.
25. Məhkəmə qeyd edir ki, işin mübahisəli hissəsi də məhz müqavilənin 4-cü bəndinin yerinə yetirilməməsi və bunun faktiki olaraq kimin təqsiri üzündən baş verməsi təşkil edir.
26. Belə ki, cavabdeh tərəfin dəlillərinə əsasən ödənişlər vaxtında ödənildiyi təqdirdə heç bir mübahisə olmazdı. Lakin nə qədər ki, ödənişlər olmayıb, onlar müqavilə üzrə mənzilləri deyil, təhvil verilmiş mənzilin müqavilədə göstərilmiş dəyərini iddiaçıya ödəməklə mübahisəni həll etməyə etiraz etmirlər.
27. Məhkəmə iddia və ona edilən etirazının əsası kimi istinad edilən dəlillər ilə bağlı qeyd edir ki, əvvəla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədədir və cavabdeh tərəf onun ləğv edilməsi ilə bağlı müvafiq iddia qaldırmamışdır. Başqa sözlə, müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək mükəlləfiyyətinin daşıyıcısı olaraq qalır.
28. Həmçinin də məhkəmə də qeyd edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin biri olan aylıq ödənişlərin ümumiyyətlə həyata keçirilməməsi faktı ilə bağlı cavabdeh tərəf iddiaçıdan müqavilənin 9-cu bəndinə uyğun təzminatla əlaqədar iddia belə qaldırmamış, ona qarşı hazırki iddia qaldırıldıqdan sonra isə məhz aylıq ödəniş etməməsinə istinad edərək müqavilədə nəzərdə tutulan mənzilləri vermək istəməyərək, təhvil verilmiş mənzilin müqavilədə göstərilən dəyərini ödəməyə hazır olduğu bildirmişdir.
29. Məhkəmə hesab edir ki, cavabdehin bu formada mübahisəni həl etmək istəyi həm müqavilə şərtlərinə, həm qanunvericiliyə, həm də iddiaçının mənafeyinə uyğun olmamaqla ziddir.
30. Belə ki, məhkəmənin qənaətinə görə əvvəla müqavilədə mənzilin dəyərinin tam 154294 manat hissəsinin və əlavə ayda 1875 manat olmaqla 24 ay ərzində cəmi 45000 manat ödənişin iddiaçı tərəfindən MMC-yə hansı qaydada, formada və hansı hesaba ödənilməsi qeyd edilməmişdir.
31. Bundan əlavə, MMC özü iddiaçı tərəfindən 2 və daha artıq müddətdə ödənişlərin həyata keçirilməməsi fonunda özü tərəfindən iddiaçı ilə müqavilənin 4 və 9-cu bəndləri ilə bağlı xəbərdarlıq etmək üçün hər hansı formada əlaqə saxlamağa cəhd etmələrinə dair heç bir sübut təqdim etməmişdir.
32. Müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri hazırki vaxta kimi həyata keçirmək niyyətindədir və bundan yayınmaq fikri olmamışdır. Sadəcə onun bu məbləğləri hara və hansı qaydada ödənilməsi barədə heç bir məlumatı olmamış, hazırda da yoxdur.
33. Göründüyü kimi, cavabdehin iddiaçının müqavilənin 4-cü bəndi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə bağlı irəli sürdüyü arqument faktiki təsdiq olunsa da, bu halın yaranması özü tərəfindən də yol verilmiş bir növ səhlənkarlıqla müşayiət olunmuşdur.
34. Halbuki, binanı inşa edən cavabdehin nümayəndəsinin izahatında göstərdiyi kimi tikinti işləri kredit alınması ilə həyata keçirildiyindən həmin vəsaitin ödənilməsində MMC-i iddiaçıdan daha çox maraqlı olmalı və iddiaçının bu öhdəliyini yerinə yetirməkdən qəsdən, bilərəkdən yayınması halını müəyyən etdiyi təqdirdə qanunvericiliylə müəyyən edilmiş hüquqi tədbirlərini görməli idi.
35. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 110.21 kv.m sahəsi olan mənzilə görə 20 % nəzərə alınmaqla 132.25 kv. m sahə verilməli olduğu halda, həmin sahəli mənzil layihədə olmadığı üçün tərəflər razılaşmışlar ki, ümumi sahəsi 106.06 kv.m. 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə X1 adına rəsmiləşdirib təhvil verilməlidir. Başqa sözlə, 132,25 kv.m sahədən əlavə verilən 68,58 kv.m sahə üçün iddiaçı cavabdehə 45000 manat ödəniş etməlidir.
36. Məhkəmənin qənaətinə görə iddiaçı 45000 manat ödənişi həyata keçirmədiyi halda cavabdeh müqavilə qiyməti olan 154294 manat məbləği verməklə hər iki mənzili ona verməkdən imtina etməkdə haqlı ola bilməzdi.
37. Ehtimal olaraq nəzərə alınsa ki, cavabdeh iddiaçıya verilməsi nəzərdə tutulan ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzili verməkdən imtina edə bilərdi, bu hal da iddiaçının mənafeyinə uyğun deyildir.
38. Belə ki, qeyd olunduğu kimi cavabdeh 110.21 kv.m sahəyə münasibətdə iddiaçıya 132.25 kv. m sahəli mənzil verə bilmədiyi üçün iki, yəni, ümumi sahəsi 106.06kv.m. 1 ədəd 3 otaqlı və ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzil təklifi məhz bununla əlaqədar olmuşdur. Başqa sözlə, ümumi sahəsi 94.77 kv.m. olan 1 ədəd 2 otaqlı mənzilin sahəsinə iddiaçının təhvil verdiyi mənzilə görə 20 % nəzərə alınmaqla verilən 132.25 kv. m sahə də daxildir.
39. Beləliklə də, müəyyən edilmişdir iddiaçının 4-cü bənd üzrə üzərinə götürdüyü müqavilə şərtlərini yerinə yetirməməsi qəsdən deyil, obyektiv səbəblərdən baş verdiyindən bu onun tərəfindən müqavilənin qeyd edilən şərtinin kobud pozuntusu kimi qiymətləndirilmir.
40. Lakin müqavilə üzrə iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş mənzilləri ona 4-cü bəndin tələbləri pozulmasına görə təhvil verməməsini məhkəmə qanunsuz sayır və hesab edir ki, cavabdehin bu hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, o mənzilləri iddiaçıya təhvil verməli idi.
41. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə cavabdeh mənzilləri iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, öz öhdəliklərini icra etməməklə iddiaçının hüquqlarını pozmuşdur.
43. Halbuki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir.
44. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olduğundan iddiaçı həmin öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.
45. Məhkəmə hesab edir ki, iddiaçının mənzillərlə bağlı irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslı olduğundan iddia həmin hissədə təmin edilməli, "X7" MMC Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanında inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə X1 adına rəsmiləşdirilib təhvil verilməsi öhdəliyi cavabdeh "X7" MMC -nin üzərinə öhdəlik olaraq qoyulmalıdır. Lakin bu öhdəlik 28 fevral 2022-ci il tarixli Razılaşma müqaviləsi əsasında X4 tərəfindən 45000 manat ödənişin edilməsi qarşılığında icra edilməlidir.
46. Məhkəmə iddia tələblərinin digər hissələri üzrə qeyd edir ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri).
47. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, iddianın 24 fevral 2024-cü il tarixdən “X8" MMC ilə aralarında bağlanmış müqavilədə göstərilən mənzillərin ona təhvil veriləndən iki ay sonraya kimi kirayə haqqı olaraq ona hər ay üçün 700 (yeddi yüz) manat ödənilməsi vəzifəsi “X8" MMC-nin üzərinə qoyulması hissəsi əsaslı olmadığı üçün təmin edilə bilməz.
48. Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqı verilməsi nəzərdə tutulmamışdır, həmçinin də iddiaçı tələbinin bu hissəsinin əsaslandırılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
49. Məhkəmə iddianın müqavilənin şərtinə uyğun olaraq razılaşmanı pozduğu üçün “X8" MMC tərəfindən ona 50000 (əlli min) manat təzminatın ödənilməsi hissəsinin də əsassız olduğu üçün təmin edilməməsi qənaətinə gəlir.
50. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh müqavilə şərtlərini pozması halını yuxarıda qeyd edildiyi kimi ilk növbədə iddiaçı tərəfindən aylıq ödənişləri etməməsi ilə əsaslandırmış və bu halın araşdırma zamanı iddiaçıdan asılı olmayan oybektiv səbəblərdən baş verməsi təsdiqini tapmışdır.
51. Məhkəmə qeyd edir ki, iddia bu hissədə iddiaçı tərəfindən müqavilənin bütün şərtləri tamamilə yerinə yetirildiyi və cavabdehin də müqavilə öhdəliklərinə riayət etməməsi halında əsaslı sayıla bilərdi. Lakin müəyyən edildiyi kimi cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirməməsi qanunsuz olsa da, bu həm də iddiaçının qarşılıqlı olaraq müqavilə şərtlərini tam yerinə yetirməməsi ilə də əlaqədar olmuşdur.
52. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 28 fevral 2022-ci il tarixli Razılaşma müqaviləsi əsasında X4 tərəfindən 45000 manat ödənişin edilməsi qarşılığında "X7" MMC Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanında inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə X1 adına rəsmiləşdirilib təhvil verilməsi öhdəliyi cavabdeh "X7" MMC-nin üzərinə öhdəlik olaraq qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 28 fevral 2022-ci il tarixli Razılaşma müqaviləsi əsasında İddiaçı tərəfindən 45000 manat ödənişin edilməsi əvəzinə Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanında inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 94,77 kv.m olan 1 ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirsiz vəziyyətdə İddiaçı adına rəsmiləşdirilib təhvil verilməsi öhdəliyi cavabdeh "X7" MMC-nin üzərinə qoyulsun. İddia qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə